.Az domeninin çox problemləri

“Brendlərə məxsus adların adi vətəndaşlar tərəfindən ucuz qiymətə alınması yolverilməzdir”.az domeni almaq istədim, 3 gün ərzində 20-30 dəfə eyni adı whois.az-da yoxladım. Amma üç gün sonra həmin adın “zanit” olduğunu  gördüm.
.az domeni almaq istədim, amma hələ də müraciətimə cavab verməyiblər.
.az domeni almaq istədim, amma dedilər ki, elektron olmaz, şəxsən müraciət etməlisiniz.

“*.az” domeninin fəaliyyətə başlamasından 20 il keçir.

Bu dövr ərzində “*.az” domen zonasında 20 min domen qeydiyyatdan keçib, onların 39% (7760 domen) müxtəlif təşkilatlar, qalan hissəsi isə fərdi şəxslər tərəfindən qeydiyyata alınıb.  Son on il ərzində milli domenlərin sayı 5 dəfəyədək artsa da, bu sahədə problemlər hələ də qalmaqdadır. Səbəblər müxtəlifdir. Hazırda ölkədə milli domenin satışı ilə yalnız İNTRANS şirkəti  məşğul olur. Bu da özü ilə müxtəlif problemlər yaradır. İnsanlar istədikləri domeni ala bilmirlər. Bundan başqa, bölgələrdə qalan şəxslər domen almaq üçün mütləq paytaxta gəlməlidirlər.

Bu cür problemlər isə insanları milli domendən imtina etmələrinə səbəb olur. Bloqçu Etibar Salmanlı deyir milli domen almaq bir tərəfə ondan istifadə başqa bir problemdir: “Milli domenlə bağlı əsas məhdudiyyətlər qeydiyyatla bağlıdır. Bu iş hələ də onlayn formada qurulmayıb. Üz-göz təması istənilir. Həm də istədiyin domeni satmırlar, gözə görünməz senzura tətbiq edilir. Ən əsası bu domenlərin təhlükəsizliyinə olan inamsızlıqla bağlıdır”.

İKT üzrə ekspert Cahid İsmayıloğlunun sözlərinə görə, domen adları hələ də  kustar yolla  qeydiyyata alınması həm vətəndaşların rahatlığına ciddi şəkildə ziyan vurub, həm də qeydiyyatın qeyri-şəffaf aparılmasına səbəb olub. “Bu zamana kimi əhəmiyyətli hesab edilən domen adları kimlərinsə əlində cəmləşib və həmin şəxslər indi o domenləri satışa çıxarıblar. Bir zamanlar sistemdə boş görsənən bu cür əhəmiyyətli domenləri almaq üçün müraciət edən vətəndaşlara müxtəlif bəhanələrlə domenin alınması gecikdirilir və 1 günün içərisində başqasının adına qeydiyyata alınır. Başqa bir tərəfdən domenlərin alınması bürokratik əngəllər qoyulur. Məsələn, mən diaspor.az domen adın almaqla ölkəmizin təbliği ilə məşğul olan bir portal hazırlamaq planlaşdırırdım. Təəssüf ki, məndən dövlət qurumlarından məktub gətirməyim tələbini qoymaqla onu qeydiyyata almağıma əngəl oldular”.
İKT ekspertinin sözlərinə görə, bu gün ölkədə “E-hökumət” yaradılması, inkişaf etdirilməsi yolunda ciddi addımlar atılır. Lakin milli .az domeni baxımından yaradılan maneələr bu siyasətə uyğun gəlmir:

““E-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanıb, “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bunlara baxmayaraq, Azərbaycanda .az domen adının qeydiyyatının hələ də kustar yolla aparılması, www.az domen adını yazdığımız zaman rus dilində, Azərbaycanla əlaqəsi olmayan informasiyaların çıxması, 3 simvoldan az olan domen adlarının istifadə edilməsinə icazə verilmir.  Lakin www.fa.az domen adının “Intrans” şirkətinin başçısı, Azərbaycan İnternet qeydiyyatı strukturunun həmtəsisçisi Faiq Fərmanovun adına qeydiyyatdadır.
Qlobal domenlərdə (.com, .net, .org və s.) ölkəmiz üçün əhəmiyyətli olan domen adlarının vaxtında alınıb saxlanılmaması, bu səbəbdən düşmənlərin əlində cəmləşməsi mövcud olan ciddi boşluqlardır”.
.az domenin qeydiyyatında insanları ən çox narahat edən məqamlardan biri də məhz bu işin onlayn formada təşkil edilməməsidir. Bizdən fərqli olaraq xarici ölkələrdə bu iş daha sadə formada təşkil edilir.  C.İsmayıloğlu beynəlxalq təcrübədə domen anları müxtəlif qeydiyyatçı şirkətlər vasitəsi ilə on-layn şəkildə həyata keçirildiyini bildirdi:
“Mükəmməl şəkildə qurulmuş qeydiyyat sistemləri və müştərinin həm rahatlığın, həm də hüquqların tam təmin edən idarə panelləri ilə tənzimlənir. Domen adlarının qeydiyyatı zamanı müştərilərə müxtəlif texniki imkanlar, rəngarəng kampaniyalar təklif olunur. Ən əsası bütün bu xidmətlər onlayn şəkildə 7 gün, 24 saat fasiləsiz həyata keçirilir. Alınan hər bir domen sizin mülkiyyətiniz olur və beynəlxalq  normalara uyğun şəkildə qorunur. Bu cür qeydiyyatçı şirkətlərin təklif etdiyi domenlər arasında təəssüf ki .az domeni yoxdur. Hətta Ermənistanın .am domen adı bu qeydiyyatçı şirkətlərdə mövcuddur. Yaxşı olar ki, .az domen adının qeydiyyat hüquqları bu cür beynəlxalq qeydiyyat sistemlərə verilsin, ya da ölkədə belə domen qeydiyyat sistemləri yaradılsın”.

Bir çox halda brendlərə məxsus adların adi vətəndaşlar tərəfindən ucuz qiymətə alınması, sonra isə həmin şirkətlərə dəfələrlə yüksək qiymətə satılması, yaxud həmin addan başqa məqsədlər üçün istifadə edilməsi müşahidə edilir. Ekspert brend adlara məxsus domen adları ilə bağlı qoyulun məhdudiyyətlərə də aydınlıq gətirdi:“Beynəlxalq təcrübədə də bu cür məhdudiyyət mövcuddur. Hətta qlobal domen adlarının qeydiyyatında da bu cür məhdudiyyət var. hp.az domenin fiziki şəxs tərəfindən alınmasına baxmayaraq HP brendi həmən şəxsi beynəlxalq məhkəməyə verməklə domen həmən şəxsdən aldı. Bu məhdudiyyət yalnız brend adına malik markalar üçündür.
Ölkəmizdə MMC kimi qeydiyyatdan keçmir şirkətlərə eyni zamanda, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış hüquqi adlara da belə məhdudiyyət qoyulur. Yəni bir adı siz hüquqi olaraq qeydiyyata almısınızsa o adın domain adınında hüququ sizə məxsusdur.

Əslində belə mübahisəli vəziyyətlərdə hər kəs dərhal global domain adlarına (.com, .net vəs.) müraciət edirlər. Bu məsələlər beynəlxalq normalarla tənzimlənməlidir. Yəni brend hüququ almış adlara bu şamil edilməlidir. Ölkə daxilində bu məsələlər tam oturuşmayıb”.

Xatırladaq ki, bloqçu Bəxtiyar Hacıyev yap.az adlı domen qeydiyyatdan  keçirmək sitədiyini deyir. Halbuki, bu , hakim pariyanı baş hərflərindən  yaranmış siyasi brenddir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 mart tarixli Sərəncamı ilə təsdiq edilib. Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında “.az domenindən istifadənin genişləndirilməsi, qeydiyyat prosesinin təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi” də var.  Amma hələ də bu sərəncamda göstərilən təkmilləşdirilmə işlərinin nəticələri görünmür.

20 il ərzində həll edilməyən problemlərlə bağlı .az domeninin satışı ilə məşğul olan İNTRANS şirkəti ilə əlaqə saxladıq. Ekspertlər və vətəndaşların qarşılaşdıqları problemləri şirkətin baş direktoru Faiq Fərmanova ünvanladıq. O isə vaxtının olmadığını əsas gətirərək, sualları cavablandırmaqdan imtina etdi. Maraqlıdır ki, F.Fərmanovun  onun rəhbərlik etdiyi şirkətlə bağlı bu qədər problemlər qarşısında danışmaqdansa susmağı üstün tutdu. Susmağın razılıq əlaməti, yaxud hansı məqsədli olduğunu deyə bilmərik. Baxmayaraq ki, bir gün əvvəl Bəxtiyar Hacıyevin .az domeni ilə bağlı yazdığı statusa F.Fərmanov əlaqə nömrələrini yazaraq bu barədə bütün sualları cavablandıra biləcəyini bildirmişdi. Amma nə sualları cavablandırdı, nə də şirkətdə başqa bir məsul şəxsin cavablandırmasına razılıq verdi.

Gülxar 
Publika.az

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

7 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

7
0
Would love your thoughts, please comment.x
()
x