Cavan qələm sahibimiz haqqında bir neçə kəlmə söz

Cahid İsmayıloğlunun elmi, publisistik və bədii əsərlərindən ibarət olan toplunun əlyazması yazı stolumun üstündədir. «Divan» sözü olduqca spesifik bir sahəyə aid edilməsəydi, bu sözdən də istifadə etmək olardı.

Cavan sözünü bir kəsin barəsində işlədəndə müxtəlif sətiriçi və sətiraltı assosiasiyalar adamın ağlına gəlir: təcrübəsizlik, qayğısızlıq, hətta qeyri-müəyyənlik…

Cahid o cavanlardan deyil. O, bitməz-tükənməz əməksevərliyi hesabına özündən yaşlı, təcrübəli, ictimai iyerarxiyada tutduğu yerə görə daha üstün olan şəxslərlə ünsiyyət qurmaq səviyyəsinə çatmışdır. Cahid onlardan öyrənə-öyrənə onların intellektual aləminə daxil ola bilmiş, onların elmimiz, mədəniyyətimizə gətirdikləri yeni ab-hava barəsində layiqincə olan təsəvvürlər əldə edilmiş və yeri düşdükcə bu barədə öz fikirlərini, mülahizələrini söyləməyə cəsarət etmişdir.

Topluda getmiş mövzulara fikir verək: Azərbaycan mühitində dil situasiyasının tipologiyası; Müasir türk dillərində söz-cümlə və vokativ cümlələr; Türk dillərində qoşulma sintaqm; Mahmud Kaşğarinin «Divani-lüğat-it-türk» əsərində şəhər adları, feillər; Müasir şeir kitablarının təhlili; «Xudafərin» qəzetinin dili və üslubu.

«Xudafərin» adı həm qəzetin özü, həm də onun dilinin tədqiqatçısından ötrü təsadüfi olaraq seçilməyib. Biz çox vaxt yerin, ərazinin, bölgənin adının müvafiq mətbuat orqanının adına çevrildiyinin şahidi oluruq. Burada isə «Qarabağın qapısı» olan Cəbrayıl adının əvəzinə, təyinsiz-filansız təkcə «Xudafərin» sözü işlənir. Əslində burada təyinə ehtiyac da yoxdur. Xudafərin Azərbaycan miqyaslı, müəyyən taleyə işarə edən abidədir. Onun adı gələn yerdə başqa ad iş verməz…

Bu adın müəllifdən ötrü bir əhəmiyyəti də onunla bağlıdır ki, onun özü bu torpaqda dünyaya göz açıb. «Cəbrayıl rayonu: on yeddi il əvvəl, on yeddi il sonra» məqaləsi müəllifin bu torpağa, bu məkana bağlılıq dərəcəsini tamamlayır. Yeri gəlmişkən deyim ki, bu adamın doğulduğu kəndin yetirməsi olan Hilal Verdiyev keçən əsrin 50-ci illərində mənim kimya müəllimim olub.

Cahid ixtisasına görə dil tarixçisidir. Amma onun əl atdığı, qələmə aldığı mövzular bu ixtisasın çərçivələrindən xeyli kənara çıxır. O asanlıqla ədəbi dilimizin tarixindən də, müasir dildə qrammatik norma və normalaşmadan da yaza bilir.

Cahid «böyük bir məktəb» adlandırdığı alimə verilən rəsmi qiymətilə razılaşmır və özünü haqlı bilir. O, gənclərin adından danışmağı xoşlayır, bunu da onun təkcə şəxsi münasibəti kimi yox, özünün də mənsub olduğu nəslin, zümrənin rəyi, münasibəti kimi qiymətləndirmək olar. Maraqlıdır ki, Cahidin yazılarında onun təmsil etdiyi mövqe dönə-dönə öz əksini tapmışdır («Gənc alimlərə işıq tutan elm»). Onun milli mənsubiyyəti də belə bir səciyyələndirici rol oynayır («Etnik tariximizə və dilimizə yeni baxış»).

O, təkcə özündən yaşlıların, vəzifə və ictimai mövqe sahiblərinin əmək və fəaliyyətinə qiymət vermir. Özü yaşda, özü kimi cavan, təpərli, qeyrət sahiblərinin də həyat əzmi, seçdiyi yol onda səmimi sevinc, ruh yüksəkliyi, iftixar hissi oyadır (Addımlar… şəxsi üstünlüklər).

Bu qeyd olunanlar Cahidin qələm işlətdiyi bütün mövzuları əhatə etmir. Onun xasiyyətində belə bir cəhət çox tez nəzərə çarpır. O, zənninə gələn, beynində işləyib-hazırladığı fikirləri mütləq kiminsə nəzərinə çatdırmağa can atır. Ünsiyyətdə olmaq, başqaları ilə fikir mübadiləsi etmək ondan ötrü daxili bir ehtiyac, tələbatdır. Təsadüfi deyil ki, müxtəlif beynəlxalq təbdirlərdə Cahid ölkəmizi, xalqımızı ləyaqətlə və layiqincə təmsil etmişdir.

«Yazıçının obrazlı dili» məqaləsində gənc yazıçının öz mövzusunun mənbəyinin – yaradıcı şəxsiyyətin-ziyarətinin nə qədər çətin olduğunu görürük. Əsərdə hərbi-siyasi oyunlar nəticəsində əlimizdən çıxmış ərazi ilə bağlı olan maddi və mənəvi sərvətlərin (memarlıq abidələri, ədəbiyyat, dil, etiqadlar, inamlar və s.) daşıyıcısı olub, sağlığında artıq keçmişə çevrilən bir şəxsin zəhmətinin məhsulları ilə tanış oluruq.

Cahid cürbəcür xoş və naxoş tədbirlər, maraqlar içərisində imkan eləyib, bədii yaradıcılığa da vaxt tapır. Özü də bunları iki dildə, yerinə yetirir: doğma Azərbaycan dilində və yenə də doğma, türk ədəbi dilində.

Azərbaycan ədəbiyyatının yaxın və uzaq tarixində bir neçə dildə yazmaq sənət eşqinin xaricə çıxmasının mühüm yollarından olmuşdur. Tariximizin bu dövründə bizim ədiblər yalnız doğma dillərində və qismən də türk dilində az-çox bədii dəyəri olan əsərlər yarada bilərlər.

Bir neçə dildə, özü də həm elmi, həm də sənət sahələrində baş və qələm işlətmək xəstəliyinə az-çox hamımız mübtəlayıq. Mətbuat, nəşriyyat orqanları gündə yüzlərlə janrı müəyyən olmayan məhsulu bizim qabağımıza atır. Burada yeganə düzgün yol, məncə, bundan ibarət ola bilər. Həmin yaradıcılıq həvəsi, sənət ehtirası ekzotika kimi nəzərdə tutulmamalı, müxtəlif ictimai-mədəni birliklərin mənəvi ehtiyacına uyğun gəlməlidir.

Bütün bu deyilənlərdən sonra qeyd etməliyik ki, Cahid İsmayıloğlunun özü də – öz işi ilə bizim çoxsahəli elmşünaslığın mövzularından birinə çevrilmişdir. Onun elmi çalışmalarının bir çox nümunələri milli və qeyri-milli mütəxəssislərin diqqətini cəlb etmiş, onların yüksək qiymətini almışdır. Onlar hələ saçına və saqqalına dən düşməmiş bu qabiliyyətli cavanı doğma adamları kimi qarşılamış, həvəslə öz ailələrinə qəbul etmişlər.

Belə başa düşürəm ki, Cahid payına düşən təriflərdən düzgün nəticə çıxaracaq, doğru yoldan sapmayacaq.

Biz öz cavan həmkarımızın uğurlarına sevinməklə yanaşı, ona həmişə yeni ideyalarla dopdolu olmaq xöşbəxtliyi, can sağlığı, sağlam mühit, hədəfə çatan söz, yerinə düşmüş məşğuliyyət arzu edirik.

 

Qüdrət Cəfərov

Filologiya üzrə fəlsəfə doktoru

6.VI.2013.

Cahid İsmayıloğlu – 30. Bakı: Elm, 2013, – 488 s.

Join the discussion

“Kredo” qəzeti