Gənclərin elmə marağı artırılmalıdır

Bu yaxınlarda AMEA-nın prezidenti Mahmud Kərimov televiziya çıxışında bildirdi ki, son illər gənclərin elm sahəsinə marağı xeyli zəifləmişdir. Bu, həqiqətən belədir. Söz yox ki, bunun əsasında müəyyən obyektiv və subyektiv səbəblər dayanır. Ancaq bu o demək deyil ki, elmə gələnlər arasında gənclər yoxdur. Elə həmsöhbətim AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu da gəncdir, elm aləminə yeni qədəm basmışdır. Onun bu yaxınlarda müdafiə etdiyi dissertasiya Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunmuşdur.

Cahid İsmayıloğluna ilk sualım onu elmə gətirən səbəblərlə bağlı oldu. Bildirdi ki, hələ uşaqlıqda elm mühitində böyüyüb, bu mühitdə tərbiyə alıb. Yadımdadır, – deyir, orta məktəbdə oxuyanda atam məni pəncərənin qabağında oturdardı, deyərdi ki, şəhərə bax, nə görürsən yaz, səhv-düz. İnşa yazmağı belə öyrəndim. Bakı Dövlət Universitetində də oxuyanda hələ aşağı kursdan atam məni dərsdən sonra “Respublika” qəzetində çalışmağa göndərdi, orada da sağ olsunlar məni müxtəlif obyektlərə göndərir, reportajlar, xəbərlər hazırlamağı tapşırırdılar. Yazmağı belə öyrəndim. Yəni, tədqiqatçı biliklərə yiyələnməklə yanaşı, yazmağı, tədqiqat aparmağı da bacarmalıdır.

– Niyə məhz türkologiya sahəsini seçdiniz?

– Magistraturada oxuyanda türkoloji dilçilik ixtisasına yiyələndim. Aspiranturaya da həmin ixtisas üzrə daxil oldum. Mövzu seçimində hörmətli dilçilərimiz mənə Mahmud Kaşğarlı ilə bağlı tədqiqat aparmağı məsləhət bildilər. Konkret olaraq bu böyük türkoloqun “Divanü-lüğat-it-türk” əsərində onomastik vahidləri öyrənmək tapşırıldı. Toponimlər xalq təfəkkürünün məhsuludur, insanın maddi və mənəvi həyatını hərtərəfli nümayiş etdirir.
Məşhur toponimçi alim A.Popovun belə bir fikri var: “Toponimikanı daha müfəssəl aşağıdakı şəkildə müəyyənləşdirmək olar: o, coğrafi adların toplanması, onların mənşəyi, dəyişməsi, tarix səhnəsini tərk etməsi və digər yerli adlarla əvəz edilməsi ilə məşğul olur”. İndi də dəyişdirilmiş, tarix səhnəsini tərk etmiş neçə-neçə toponimlərimiz var. Bu proses isə hələ də davam etməkdədir. Bunun əsas səbəbi siyasi-ideoloji fikirlərlə bağlıdır. İndi toponimikada ictimai-siyasi proseslərlə əlaqədar dəyişmələr baş verir. Bir rayonun adı dəyişir, köhnə adı gətirilir. Məsələn, Dəvəçinin adı keçmiş adına (Şabran) qayıtdı. Şabran Azərbaycanın tarixdə mövcud olub, həyat səhnəsindən bir zaman çıxmış paytaxt şəhərlərindən biri, daha doğrusu, Şirvanşahlar dövlətinin ilk paytaxtı olmuşdur. Bu adı yenidən bərpa etməklə dövlətimizin gördüyü işləri qiymətləndirmək lazımdır.

– Sovet dövründə bir çox mövzular elə bil yaddan çıxmışdı. Siz də həmin mövzulardan birini tədqiq etmisiniz.

– Elədir, Mahmud Kaşğarlı kimi nəhəng türkoloqun irsini hərtərəfli öyrənmək sovet dövründə yasaqlanmışdı. Dil tarixçilərimiz də danışırlar ki, bu “Divan”ı sovet dövründə Azərbaycan dilinə tərcümə edənlər olub, amma bir müddətdən sonra tərcümələr yoxa çıxıb. Bilən yoxdur, niyə? Dahi türk dilçisi və ensiklopedisti Mahmud Kaşğarlının “Divanü lüğat-it-türk” əsəri dünya dilçilik elminin ən qədim və möhtəşəm örnəklərindən biridir. Türk dünyasının və türkologiya elminin ən parlaq, ən əhəmiyyətli əsəri olan “Divan” yalnız türk dili və ədəbiyyatının deyil, eləcə də türk tarixinin, türk mədəniyyətinin və psixologiyasının tədqiqi üçün misilsiz mənbə, bitməz-tükənməz qaynaqdır. Bu şah əsər haqlı olaraq min il bundan əvvəlki türk dünyasının ensiklopediyası, türklüyün aynası, Mahmud Kaşğarlı isə türkçülüyün və türkologiyanın banisi sayılır.
Bu mövzu ürəyimcə oldu, çünki 1000 il öncə formalaşmış tarixi adlarımızı öyrənməliydim. İnstitutumuzun direktoru, akademik Ağamusa Axundovun dəstəyi ilə Türkiyəyə ezam olundum, orada Mahmud Kaşğarlı irsi ilə məşğul olan tanınmış alimlərlə – Şükrü Haluk Akal, Ahmed Ercilas, Yavuz Akpınar, Fikrət Türkmən və digərləri ilə tanış oldum, onlar mənə lazım olan mənbələri əldə etməkdə çox kömək oldular. Türkiyədə Mahmud Kaşğarlı haqqında maraqlı araşdırmalar aparılmışdır. Bəsim Atalay bu “Divan”ı türk dilinə çevirmişdir.
Bu böyük alimin min illik yubileyi ilə əlaqədar Türkiyədə, Orta Asiya respublikalarında, Çində və başqa ölkələrdə Mahmud Kaşğarlıya həsr edilmiş simpoziumlar, konfranslar keçirildi. Çünki bu yubiley YUNESKO- nun qərarı ilə keçirilirdi. İnstitutun türk dilləri şöbəsinin əməkdaşları ilə birgə mən də Türkiyədə olan tədbirlərdə iştirak etdim. Elmi rəhbərim, filologiya elmləri doktoru Məhəbbət xanım Mirzəliyeva Çindəki tədbirdə iştirak etdi. Türkiyənin Rizə şəhərindəki tədbirdə də şöbə əməkdaşlarından iştirakçılar oldu.

– Azərbaycanda necə, Mahmud Kaşğarlı irsi ilə bağlı tədqiqatlar qənaətbəxşdirmi?

– Azərbaycanda Arif Rəhimov bu “Divan”ın leksikasını Azərbaycan dili ilə müqayisəli öyrənib. Az bir müddət ərzində Ramiz Əsgər “Divan”ı Azərbaycan dilinə tərcümə etdi. Sonra bu əsərin morfoloji quruluşundan doktorluq işi müdafiə etdi. Yaqut Quliyeva “Mahmud Kaşğarlının oğuz dünyası” adlı sanballı bir monoqrafiya yazdı. İndi gənc tədqiqatçılarımıza Mahmud Kaşğarlıdan dissertasiya mövzuları verilib.

– Bu gün Azərbaycanda “Divan”dakı toponimlərin izlərinə rast gəlmək olurmu?

– Tarixi toponimlərin taleyi qəribədir. Onların bir hissəsi tarixi inkişafın gedişində itib-batır, bəziləri isə zəmanəmizə qədər gəlib çıxır. Mahmud Kaşğarlının lüğətindəki toponimləri bizdən on əsr ayırır. Lakin buna baxmayaraq, bu toponimlər öz izlərini (Kayı-Qayalı, Xalac-Xələc, Beqdili-Bəydili, Oğuz-Oğuzqışlaq, Çepni-Çəpni, Kanglı-Kəngərli, Turug-Turu gədiyi və s.) Azərbaycan ərazisində də qoruyub saxlamışdır.

– Bu barədə işlədiyiniz institutda tədqiqatlar aparılırmı?

– Əlbəttə, Toponimika komissiyasının üzvü, professor, tanınmış toponimçi alim Qara Məşədiyevin rəhbərliyi altında Onomastika şöbəsi bu deyilən prosesləri vaxtaşırı izləyir, rayonlara, bölgələrə ezam olunur, Bakı şəhərindəki dəyişdirilməli olan küçə, prospekt adlarını, bu sahədə ümumi prinsipləri müəyyənləşdirirlər.

– Dövrün problemlərindən biri də elmin kompyuterləşməsidir. Azərbaycan elmində bu sahədə hansı boşluqlar var?

– Hörmətli Prezidentimiz İlham Əliyev ölkəmizi informasiya cəmiyyətinə qovuşdurmaq üçün əhəmiyyətli tədbirlər həyata keçirir. Bu sahədə məxsusi dövlət proqramları qəbul olunmuşdur. Qaldı elmin kompyuterləşməsi məsələsinə, burada da nailiyyətlər var. Bu texnologiyaların təsir dairəsi elm sahələrini də əhatə etməkdədir. İnformasiya texnologiyalarının yeni bir sahəsi internetdir. İnternet vasitəsilə ayrı-ayrı elm sahələrinə aid informasiyalar yayılır. Azərbaycan elmində belə bir boşluq vardır ki, hələ də elmi tədqiqat əsərlərinin, dissertasiyaların yayılmasında informasiya texnologiyalarından yetərincə yararlanmaq olmur.
Xarici təcrübədə internet məkanında elektron universitetlər, tədqiqat mərkəzləri fəaliyyət göstərdiyi halda, bizdə hələ də mövcud olan bu qurumlar internetə çıxa bilməmişlər. Fikrimcə, ayrı-ayrı elm sahələrində də qlobal informasiya mühiti yaradılmalıdır. Belə bir mühitin yaradılması, zənnimcə, həm sosial-iqtisadi, həm də humanitar sahələrinin yeni formalarının yaradılmasına, təhsil sisteminin də təkmilləşdirilməsinə, beynəlxalq, regional və milli səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişləndirilməsinə gətirib çıxara bilər.

– Bu problemlər elmin hansı sahələrində daha çox nəzərə çarpır?

– Məsələn, elə mənim məşğul olduğum toponimika elmini götürək. Toponimika bir elm kimi xalqın tarixi, indisi ilə çox yaxından bağlıdır. Akademik A.Axundov da deyir ki, toponimikanın həyatla birbaşa əlaqəsi var. Bu gün insanların xüsusi adların tarixinə marağı, həmin adların mənşəyini, mənasını, dəyişməyə məruz qalmasını öyrənmək istəyi bir daha sübut edir ki, bu sahədə qlobal informasiya mühiti yaradılmalıdır. Elmi tədqiqatlardan bəhrələnmənin yeni formaları tapılmalıdır. Elm sahələrində bilik bazarı yaradılmalı və inkişaf etdirilməlidir. Bu zaman ümumi elm və mədəniyyət səviyyəsi yüksələ bilər. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi alimlərin intellektual və elmi potensialının inkişafının başlıca göstəricisi kimi diqqəti cəlb edir. İndi Azərbaycanda da aparılan elmi tədqiqatlar sahəsində informasiya resursları formalaşmaqdadır. Elmi ictimaiyyətə internet vasitəsilə geniş bilgilər ötürülür. Bu məqsədlə internetdə məlumatların ötürülmə şəbəkələri də yaradılmışdır.

– Vebsaytda toponimlərin hansı əlamətləri əks oluna bilər?

– Vebsaytda qədim toponimlərin, xüsusən də Mahmud Kaşğarlının “Divan”ındakı toponimlərin interpretasiyası verilə, biblioqrafik bazası yaradıla bilər. Bazanın strukturu tarixi toponimlərin bir sıra xarakterik xüsusiyyətlərini özündə birləşdirir. Buraya toponimin qrammatik əlamətləri, semantik komponentləri, obyektin fiziki-coğrafi cəhətləri, toponimin tarixi formaları, toponim haqqında xalq etimologiyası, onun motivləşməsi və s. daxil ola bilər. Müasir ümumi informasiya şəbəkələrində toponimin rolu, mənası, coğrafi obyektin identifikatoru, yəni, məkan və oriyentasiyası təqdim oluna bilər.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

19 May 2010, Çərşənbə

Site Footer