Elektron hökumət – Elektron Azərbaycan – Şəffaf dövlət

Bir vaxt desələrdi, bir hərf ilə dünya dəyişəcək, mən şəxsən bunu gülüşlə qarşılayardım. Zaman göstərdi ki, sadəcə bir “E” hərfi ilə dünya yeni üfüqlərə ayaq açmağa başladı. Artıq həyatımızın ən mühüm sahələrinin əvvəlinə bir “E” hərfi artırmaqla, yeni nəsilə qədəm qoyuruq. E-hökumət, e-səhiyyə, e-təhsil, e-turizm, e-notariat, e-məhkəmə, e-nəsil, e-demoktariya, e-seçki, e-ticarət və sairə. Məsələyə birbaşa yanaşsaq, zamanın tələbləri bizə onu sübut edir ki, ölkəmizin də əvvəlinə “E” hərfini artırmalıyıq və “E-Azərbaycan” olaraq irəliyə baxmalıyıq.

Dövlət rəsmiləri dəfələrlə bildirib ki, bu gün Azərbaycanda insan bütün inkişafın həm məqsədi, həm də hərəkətverici qüvvəsidir. Bu istiqamətdə, Azərbaycanda hazırda internet istifadəçilərinin sayı təqribən hər 100 nəfərə 65 nəfər olmaqla orta dünya göstəricisini təxminən iki dəfə üstələyir. Hökumətin fəaliyyətində hesabatlılıq və şəffaflığın təmin olunmasında, həmçinin vətəndaşların idarəetmə proseslərinə cəlb edilməsi işində internetə azad çıxışın rolu böyükdür.

İlk başlarda e-hökumətə belə bir tərif verilirdi: “”Elektron hökumət” hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir.” Sürətli inkişaf indiki zamanımızda bu tərifin e-hökumətə nə qədər məhdud gəldiyini sübut edir. İndi bu haqda sadəcə bu fikri demək kifayətdir ki, e-hökumətin nələrə qadir olduğunu sübut edək – elektron hökumətin qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsini təmin edəcək.

“E-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmışdır və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaratmalıdır.

Tarixdən də gördüyünüz kimi düz 10 ildir ki, bu məsələ ilə bağlı müəyyən işlər aparılır. Bu müddət ərzində Azərbaycan “elektronlaşa” bildimi, konkret hansı sahələrdə boşluqlar mövcuddur, nəyi-necə etməliyik kimi məsələləri bu bloq yazısında təhlil etməyə çalışacam.

Gəlin ilk öndə dünya təcrübəsindən faydalanıb məsələyə planlı şəkildə yanaşaq. Çünki artıq inkişaf etmiş ölkələrdə bu təcrübə formalaşıb və mövcuddur, bizim bir çox şeyləri yenidən ixtira etməyimizə, zaman xərcləməyimizə də ehtiyac qalmır. Bizə düşən bu təcrübədən faydalanmaq, tətbiq və inkişaf etmək olacaq. “Elektron Azərbaycan” qurmaq, işlətmək, tətbiq və inkişaf etdirmək üçün bizim qarşımızda duran əsas məsələlər bunlardır:

  • Siyasi iradə;
  • İKT infrastrukturunun yaradılması, beynəlxalq təcrübədən yararlanmaq və bu məsələlərin tətbiqi;
  • Maarifləndirmə;
  • Kadr hazırlığı;
  • İstehsalat.

Bu işlər ardıcıl, bəzən paralel şəkildə həyata keçirildikdə nəticə əldə etmək mümkün olacaq, heç bir itkiyə (vaxt, maliyyə) yol verilməyəcək.

10 illik bir Dövlət Proqramının həyata keçirilməsinə baxmayaraq ölkəmiz hal-hazırda bu prosesin 1-ci mərhələsini tamamlamamışdır. Təbii olaraq hər bir prosesdə müəyyən işlər görülmüşdür, amma ciddi boşluqlar hələ də qalmaqdadır.

Bizə məlumdur ki, elektron xidmətlərin geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulması, şəffaflığın təmin olunması və informasiya tələbatının dolğun ödənilməsi kimi ciddi məsələlər asanlıqla həllini tapacaq. Yəni qarşıda duran məsələ bizə tam aydındır.

Ölkəmizdə hal-hazırda bu istiqamətdə konkret köklü problemlər mövcuddur:

  • Bəzi məmurların məqsədli şəkildə elektron xidmətlərə keçidə maraq göstərməməsi, hətta bu prosesə əngəl törətməsi, bilərəkdən və ya bilməyərəkdən prosesi gecikdirməsi. Düşünürəm ki, elektron Azərbaycan qurulması prosesində bu düşüncəli məmurlardan qurtulmaq ilkin şərtdir.
  • Gənclər dövlər siyasətinin ən aparıcı qüvvəsidir. Artıq yeni nəsil texnologiyaların dövlət idarəçiliyindəki zəruriliyi onu sübut edir ki, idarəetmədə gənc nəsildən maksimum yararlanmaq, gənclərin idarəçiliyə cəlb olunması mütləqdir. Gəlin etiraf edək ki, yaşlanmış, yeni nəsil texnologiyalar ilə işləməyi bacarmayan məmurlar bu sahədə yetərsizdir, istəmədəndə olsa prosesə maniə olacaq.  
  • Əhali arasında elektron xidmətlər barədə maarifləndirmə zəif aparılır.
  • Ölkədə bu istiqamətdə kadr hazırlığı yetərsizdir, xaricdə təhsil alan tələbələrin bu sahədə ixtisaslaşması yox həddindədir. Fəaliyyətdə olan məhdud sayda kadrlar, həm başqa sahələrdən bu peşəyə gəlmiş, həm də öz iradəsi ilə bu sahəni öyrənmiş, bu peşəyə yiyələnmiş kadrlardır.

Mövcud İKT infrastrukturu və konkret iradlar:

  • Bələdiyyələrin internetdə, ümumiyyətlə, mövcud olmaması.
  • Əksər dövlər orqanlarının internet saytlarında ən sadə elektron xidmət növü olan “elektron müraciət”in yararsız halda olması  (Bakı Şəhər İcra Hakimiyyəti).
  • Bakı Şəhər İcra Hakimiyyətinin internet saytı yenisi ilə əvəz edilməsinə baxmayaraq, köhnə vebsaytın serverdən silinməməsi vətəndaşlar arasında çaşqınlıq yaradır. Nəzərə alsaq ki, axtarış saytlarından (Google.com) axtarış edən zaman ilk qarşımıza çıxan köhnə vebsayt olur.
  • Vətəndaşların elektron müraciət göndərməsi halında aylarla, illərlə müraciətin cavabsız qalması, ya müraciətin ünvanına çatmaması, ya da həmin dövlət orqanında bu işin təşkil edilməməsi səbəbindən xidmətin yararsız halda olması (Səhiyyə Nazirliyi).
  • Vergilər Nazirliyinin bütün elektron xidmətlərini bəyənirəm, yüksək qiymətləndirirəm. Sadəcə bu “taxes.gov.az” domainindən başqa “vergi.gov.az”ı da istifadə etsələr, həm Azərbaycan dilinə hörmət etmiş olarlar, həm də adətən yaşlı nəsil bu “taxes” sözünün tələffüsündə çəkdiyi çətinlikdən qurtular.
  • Azsayda dövlət orqanları sosial şəbəkələrdən yararlanmaqdadır. Qeyd edim ki, ölkəmizdə bir milyon facebook istifadəçisi var. Dövlət orqanları bir çox hallarda sosial şəbəkələrin də imkanlarından faydalanaraq vətəndaşlara xidmət göstərə və ya informasiya ilə təmin edə bilərlər. Bu sahədə də Vergilər Nazirliyi fərqlənir, rəsmi facebook səhifəsində 12.556 izləyicisi var.

Dövlət orqanlarının rəsmi internet resursları – qısa təhlil

Dövlət qarşısında duran əsas məsələlərdən biri də internet üzərindən əhaliyə xidmət, şəffaflığın təmin edilməsi, əlçatımlılıq, bir çox sosial problemlərin həllidir. Bu məqamda vebsaytların rolu ortaya çıxır.

Dövlət orqanlarının internet resurslarını təhlil etdikdə ümumi bir rəy vermək qeyri mümkündür. Çünki bir nazirlik ilə digərinin vebsaytı arasında dərin uçurum müşahidə olunur. Məsələn, Fövqaladə Hallar Nazirliyinin vebsaytı ilə Müdafiə Nazirliyinin vebsaytı arasında böyük bir uçurum var. Fövqaladə Hallar Nazirliyinin internet saytı yüksək standartlara cavab verən bir resurs olduğu halda, Müdafiə Nazirliyinin vebsaytı çox aşağı standartlarda, primitiv üsullarla hazırlanmış bir resursdur.

Vergilər Nazirliyində və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında qurulmuş intraktiv xidmətlər ilə digərləri arasında böyük uçurum var.

Ümumilikdə nazirliklərin hər birinin veb resursunda “elektron xidmətlər” bölməsi yer almaqdadır, informativ xidmətlər üstünlük təşkil edir, interaktiv xidmətlər isə əsasən elektron müraciətlərdən ibarətdir. İlk baxışdan aydın olur ki, bu elektron xidmətlər mürəkkəb, gözüyoran, zəif tərtibatlı, təhlükəsizliyi aşağı səviyyədə qurulmuşdur. Bir sözlə, bu resurslarda, eləcə də e-hökumət portalındakı xidmətlərin əksəriyyəti “interaktiv” deyil, “informativ”dir və ciddi texniki problemlər mövcuddur.

Bütün bunlara baxmayaraq, Daxili İşlər Nazirliyinin internet saytı bütün standartlara tam cavab verir. Bu nazirliklə bağlı ən çox tələb olan elektron xidmət – cərimələr və cərimə balları barədə məlumatlar, cərimələrin onlayn ödənilməsi, onlayn müraciət forması tam şəkildə testdən keçirdim və heç bir problem ilə qarşılaşmadım. Bundan başqa nazirlik haqqında demək olar ki, bütün informasiya və xəbər xarakterli məlumatları saytdan rahat şəkildə əldə etmək mümkündür. Tək iradım nazirliyin sosial şəbəkələrdə mövcudluğunun olmamasıdır. Qeyd edim ki, sosial şəbəkələr vasitəsi ilə bir çox maarifləndirmə işləri daha effektiv aparıla bilər.

Azərbaycan interneti və Elektron Azərbaycan

Azərbaycanda internet istifadəçilərinin sayı günü gündən artmaqdadır. Eyni zamanda internetdə Azərbaycan dilli məzmunun da kütləsi günü gündən artmaqdadır.

Bu sahədə diqqətdən kənarda qalmış, qısa iradlarımı qeyd edim:

  • Azərbaycan ədəbi dilinin normalarına riayət edilməməsi.
  • Xəbər saytlarının çoxluğundan və qeyri-dəqiq informasiyaların həddən artıq çox olması səbəbindən böyük axtarış sistemlərində Azərbaycan dilində, Azərbaycan haqqında axtarılan informasiyaların qeyri-dəqiq olması.
  • .az domain adının qeydiyyatının hələ də kustar yolla aparılması.
  • www.az domain adını yazdığımız zaman rus dilində, Azərbaycanla əlaqəsi olmayan informasiyaların çıxması.
  • 3 simvoldan az olan domain adlarının istifadə edilməsinə icazə verilmədiyi halda www.fa.az domain adının “Intrans” şirkətinin başçısı, Azərbaycan İnternet qeydiyyatı strukturunun həmtəsisçisi Faiq Fərmanovun adına qeydiyyatda olması.
  • Qlobal domainlərdə (.com, .net, .org və s.) ölkəmiz üçün əhəmiyyətli olan domain adlarının vaxtında alının saxlanılmaması, bu səbəbdən düşmənlərin əlində cəmləşməsi.

İnternet infrastrukturu və Elektron Azərbaycan

Azərbaycanda əhalinin, əsasən də gənclərin internetə çox böyük marağı var. Bilməyənlər də bu sahəni öyrənmək, istifadə etmək istəyir. Bu səbəbdən indi hər kəsin evində kompüteri, internet bağlantısı, demək olar ki, vardır. Eyni zamanda əhali mobil internetdən də kütləvi şəkildə istifadə edir. Bir sözlə güclü tələb var.

İndi gəlin, görək şəbəkə operatorlari, internet provayderləri, mobil operatorlar bu tələbi tam şəkildə qarşılaya bilirlərmi?

Bu sahədə də köklü problemlər qalmaqdadır.

İnternet coğrafi baxımdan ölkəmizdə eyin səviyyədə yayılmayıb. Bakı şəhərində olan internetlə regionlardakı internet (internet infrastrukturu) arasında böyük uçurum var. Bakı kəndlərində və regionlarda internet provayderləri, şəbəkə operatorları işlərini tam şəkildə qura bilməyiblər, mobil internetin keyfiyyəti aşağı səviyyədədir.

Şəhərdən bir az kənarlaşanda 3G texnologiyasında çoxlu problemlər meydana çıxır. Bir sözlə, internet yalnız, demək olar ki, Bakı şəhərinin mərkəzi hissəsini əhatə edir.

Amma bu ildən geniş zolaqlı internet layihəsinin tətbiqinə başlanılıb. Güman edirəm ki, bu regionları da içinə alaraq bütün ölkəni əhatə edəcək.

Sürətli, keyfiyyətli internet üçün iki yolu təklif edərdim: Birincisi, ölkəmizdə internet infrastrukturunun yaradılması və yenilənməsi internetin sürətinin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdıracaqdır. Çünki artıq  bilirik ki, Azərbaycan ilk süni peykini orbitə buraxıb, peyk vasitəsi ilə biz ölkəyə güclü və ucuz internet ötürə biləcəyik, amma internetin ölkədə paylanılması üçün dediyim kimi, mütləq internet infrastrukturu olmalıdır.

Birinci amil peyk amili və paralel olaraq internet infrastrukturunun olmasıdır.  İkinci amil isə internet resurslarımızı yerli serverlərə toplamaqla da bu problemi həll edə bilərik. Sadə dillə desək, resurslarımızın yolunu qısaltmış oluruq, təbii olaraq bu zaman daxili şəbəkədə daha tez, sərfəli internet meydana gələcək.

Azərbaycanda e-hökumətin tam tətbiq olunduğu təqdirdə “rüşvət”, “korrupsiya” və “bürokratiya”nın qarşısını ala biləcəyinə inanıram, ümid edirəm.

Cahid İsmayıloğlu
Cahid.info

Site Footer