Daha ucuz və sürətli internet alacağıq

RİTN 2015-ci ilədək problemlərin həll olunacağına vəd verir

Bu yaxınlarda mətbuata açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov Azərbaycanda internetin keyfiyyəti yaxın 3 ildə Avropa səviyyəsinə çatdırılacağını bildirmişdi. Onun sözlərinə görə, bu ildən ölkədə genişzolaqlı internet layihəsinin tətbiqinə başlanacaq. Layihə 2013-2015-ci illəri əhatə edəcək və buna ümumilikdə 350 milyon manat məbləğində investisiya tələb olunur. Bu layihə üçün Azərbaycan Dövlət Neft Fondundan 140 milyon vəsait ayrıldlğını deyən nazir üç ildən sonra genişzolaqlı internetin vəziyyəti inkişaf etmiş ölkələr səviyyəsinə çatacağını söyləyib.

Lakin hələlik internetin səviyyəsinin Avropa ölkələrinin səviyyəsində olmasından söhbət belə gedə bilməz…

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyevin ANS PRESS-ə açıqlamasında ölkədə internetin problemlərinə aydınlıq gətirib. Şöbə müdiri vəd olunan sürətin olmamasını ADSL xidmətlərin yüksək sürətli internetin alınmasına imkan verməməsində görür. “Əsas problem texnikanın yararsız olmasındadır. Bununla yüksək sürətli internet almaq mümkün deyil. Keyfiyyətli internet üçün gərək hər kəs optik kabellərdən istifadə etsin ki, bu da baha başa gəlir. Əgər abonentin evi ATS-dən 2 km –dən artıq uzaq məsafədə yerləşirsə, bu zaman tələb olunan sürətin bu məsafədə təqdim olunmasında müəyyən problem yaradır”, – deyə İ. Əliyev bildirib.

İsfəndiyar Əliyev 2015-ci ildən ölkədə tam genişzolaqlı internetin verilməsindən sonra həm qiymətin aşağı düşəcəyini, həm də keyfiyyətin artacağını deyir.

İKT üzrə ekspert Cahid İsmayıloğlu da bu sahədə çoxlu boşluqların olduğunu bildirir: “Bakı kəndlərində və regionlarda internet provayderləri, şəbəkə operatorları işlərini tam şəkildə qura bilməyiblər, mobil internetin keyfiyyəti çox aşağıdır. Şəhərdən bir az kənarlaşanda 3G texnologiyasında çoxlu problemlər yaranır. Bir sözlə internet Bakı şəhərinin mərkəzi hissəsini əhatə edir”.

Sürətin zəif olmasına gəlincə, ekspert bunu internetin telefon xətlərinin üzərindən ötürülməsində görür. Bu telefon xətlərinin köhnə olması səbəbindən provayderlər öz müştərilərinə söz verdikləri sürəti ötürə bilmirlər.

Hal-hazırda digər bir problem isə ölkədə interneti bir şirkətin provayderlərə paylamasındadır. İsfəndiyar Əliyevin bildirdiyinə görə, Azərbaycanda internet tənzimlənmir. İnternet fəaliyyəti üçün provayderlərdən lisenziya tələb olunmadığına görə, onlar da sərbəst fəaliyyət göstərirlər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yeni provayderlər üçün lisenziya nəzərdə tutulmayıb. İ.Əliyevin sözlərinə görə, bu provayderlərin sayı çox olsa daha yaxşı olardı və rəqabət mühiti yaranardı.

İKT eksperti C.İsmayıloğlunun sözlərinə görə, “Delta Telekom” şirkəti ölkədə əsas provayder sayılır. Qiymətlər və keyfiyyət də bu provayderdən asılıdır. Son zamanlar provayderlər arasında rəqabət yarandığını deyən ekspert bildirib ki, onlar əhaliyə daha ucuz internet təklif etmək istəyirlər, amma bu göründüyü kimi əsas porovayderdən asılıdır. Bu cəhətdən tam sərbəst bir bazar yoxdur.

Sürətin, keyfiyyətin artırılması üçün nə təklif oluna bilər? Ekspert bu problemi həll etmək üçün iki çıxış yolu təklif edir:
“Azərbaycanın ilk süni peyki orbitə buraxıb, peyk vasitəsi ilə biz ölkəyə güclü və ucuz internet ötürə biləcəyik, amma internetin ölkədə paylanılması üçün mütləq internet infrastrukturu olmalıdır. Birinci amil peyk amili və paralel olaraq internet infrastrukturunun olmasıdır. İkinci amil isə internet resurslarımızı yerli serverlərə toplamaqla da bu problemi həll eləyə bilərik. Sadə dillə desək resurslarımızın yolunu qısaltmış oluruq, təbii olaraq daxili şəbəkədə daha tez, sərfəli internet meydana gələcək”.

ANS PRESS

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
13 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

13
0
Would love your thoughts, please comment.x
()
x