Soyuq ölkənin isti insanları… Avropa, Baltik dənizinin şərq sahilləri… Litva…

Eyni taleyi yaşamağımıza baxmayaraq, biz bu ölkədən çox şeylər öyrənməliyik…

Son illərdə tez-tez səyahətə çıxıram. Gözəl yerlər görürəm, yeni insanlar tanıyıram, yadda qalan xatirələr həkk olunur yaddaşımda. Hərdəfəsində səfər təəssuratlarımı qələmə almaq istəmişəm, amma bunu gerçəkləşdirə bilməmişəm. Ya vaxt tapmamışam, ya o qədərdə təsirli səfər olmayıb, ya da keçən zaman içində o isti təəssuratlardan kənarlaşmışam. Bəlkə də bunların heç biri deyil, sadəcə son zamanlar yaşadığım hər şeyi qələmə almaq ehtiyacı duyuram.

Bu dəfə səfərim Litvanın paytaxtı Vilnüs şəhərinədir. Burada 5-8 oktyabr tarixlərində “Şərqi Avropa ölkələrində demokratiyanın inkişafı” mövzusunda forum keçirildi. “Beynəlxalq Gənc Liderlər Akademiyası” tərəfindən təşkil olunan foruma Azərbaycan, Moldova, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan və s. ölkələrdən aparıcı gənclər dəvət edilmişdi. Forumun keçirilməsində əsas məqsəd Şərqi Avropa ölkələrində demokratik dəyərlər sisteminin yaradılmasında gənclərin iştirakının artırılması idi. Forumda liderlik bacarıqlarının inkişafı – natiqlik, debatlar, danışıqlar və aktiv vətəndaşlıq, demokratiya quruculuğu təcrübəsi kimi maraqlı müzakirələr təşkil edildi. Həmçinin müxtəlif ölkələrdə gənclərin azad təşəbbüsləri, azad düşüncənin gücləndirilməsi üçün mövcud olan gənclər siyasəti və təcrübələri, müxtəlif metodlar və üsullar mövzularında müzakirələr aparıldı. Azərbaycanı bu forumda dostum, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov və mən təmsil etdik. Vüqar “Azərbaycan-demokratiyanın inkişafında gənclərin rolu”, mən isə “Azərbaycanda azad internet, demokratiyanın inkişafında internetin, xüsusilə sosial şəbəkələrin rolu” mövzusunda çıxış və təqdimat etdik. Bir sözlə Azərbaycanı ermənilərin də iştirak etdiyi forumda layiqincə təmsil etdik, hətta bu erməniləri qıcıqlandırdı, narahat etdi və bunlara baxmayaraq biz Avropada idik, orada hərşey fərqlidir.

Vilnüsda Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri, səmimi insan Həsən Məmmədzadə ilə görüşümüz də oldu. Həsən müəllimlə Litvada Azərbaycan naminə görülən işlər haqqında çox səmimi söhbətimiz oldu. Mənə aydın oldu ki, hörmətli səfirimiz, kimliyindən asılı olmayaraq, Litvaya gələn hər bir azərbaycanlıya, orada yaratdığı kiçik Azərbaycanda qəribçiliyi hiss etdirmir.

Vilnüsun mərkəzində, əzəmətli səfirlik binasında dalğalanan bayrağımız məni çox qürurlandırdı. Hətta Həsən müəllim təbəssümlə qeyd etdi ki, Litvanın Xarici İşlər Nazirliyi bizim səfirliyin yaxınlığında yerləşir, litvalı diplomatlar hər səhər bayrağımızın altından keçib işə gedirlər.

Uşaqlığımda xəyallarımda bir şəhər canlandırırdım – hasarları olmayan, damları eyni rəngdə, alçaq, sadə, rəngarəng fasadlı evləri, yaşıllıqların qucağında olan bir şəhər.

Vilnüsa təyyarəmiz gecə saatlarında endi. Pasport yoxlanışında bir-iki sual-cavabdan sonra “Vilnüsa xoş gəlmisiniz” deyən gömrük məmurəsinin səmimi üz ifadəsindən etibarən, bizi qarşılayan pozitiv, gülərüzlü iki litvalı qızcığazın mehriban, qayğıkeş münasibəti, tranzit olaraq gəldiyimiz Moskva şəhərinin qaraqabaq, kobud, hürkək insanlarının ağır yükünü üzərimdən atmışdı. Müsbət enerjilər alırdım. Bütün bunlar, yol yorğunluğumu xeyli azaltmışdı.

Səhər artıq şəhər aydınlandı, uşaqlığımda xəyallarımda canlandırdığım o, hasarları olmayan, damları eyni rəngdə, alçaq, sadə, rəngarəng fasadlı evlər, yaşıllıqların qucağında olan şəhər gözlərimin önündə idi. Hava soyuq idi, aradabir günəş buludların arasındakı boşluqlardan boylanıb, zəif istisi ilə məni isitməyə çalışırdı. Mən üşümürdüm! İsti münasibət, gülərüz insanlar, səliqəli, hüzurlu məkan üşüməyimə imkan vermirdi. Yağış hər fürsətdə, bilərəkdən bu yaşıllıqları billur damlaları ilə bəsləyirdi.

Litva haqqında bildiyim çox şey var. Bu ölkə Azərbaycan ilə eyni taleyi yaşamış bir ölkədir.

1940-cı ildə SSRi Litvanı birdəfəlik zəbt etmişdi. 1944-53-cü illərdə Stalinin əmri ilə məcburən 300 mindən çox insan Sibirə sürgün edildi.

1990-cı ildə Litva Respublikasının Ali Soveti Litvanın müstəqilliyinin bərpası haqqında akt qəbul etdi.

Hal-hazırda Litvanın maliyyə vəziyyəti o qədərdə yaxşı deyil. Bütün bunlara baxmayaq yüksək mədəni, sosial-siyasi inkişafın şahidi oldum. Litvada sağlam gənclik, sağlan gələcək yetişir. Təbiət qorunur, tarix mühafizə edilir. Düşünürəm ki, eyni taleyi yaşamağımıza baxmayaraq, biz bu ölkədən çox şeylər öyrənməliyik.

 

Cahid.info

Site Footer