Cahid İsmayıloğlu: “Facebook özlərini müxalifət adlandıran siyasi partiyaların yeni sosial dayağıdır”.

«Müxalifət partiyaları və maddi imkanları məhdud olan gənclər təşkilatları öz məqsədlərini həyata keçirmək üçün bu şəbəkədən daha çox istifadə edirlər»

“Facebook” dünyanın ən iri sosial şəbəkələrindən biridir. Son məlumatlara görə, hazırda “Facebook” istifadəçilərinin sayı 200 milyon nəfərdir. QayNar.info-nun məlumatına görə, bu barədə məlumat “Facebook” şəbəkəsinin rəsmi bloqunda yer alıb. Azərbaycanda da bu şəbəkədən geniş və həm də müxtəlif məqsədlər üçün istifadə edirlər.

İnformasiya texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlu Qaynar.info-ya bildirib ki, indi partiyalar və onlara bağlı olan gənclər təşkilatları “Facebook”da böyük təşkilatlanma işləri həyata keçirirlər. “Bir şəbəkə kimi “Facebook”un çox müsbət cəhətləri var: bilgi alış-verişi, təşkilatlanma, gənclərin virtual rejimdə toplaşaraq fikirlərini bölüşməsi çox gözəl haldır. Buna baxmayaraq, bəzən xoşagəlməz hallara da rast gəlinir. İnformasiya təxribatlarının aparılması, şayiə xarakterli məlumatların yayılması, müxtəlif şəxslərin adlarından istifadə edərək onlara aid olmayan fikirlərin yazılması heç də müsbət hal kimi qiymətləndirilə bilməz. Onu da qeyd edim ki, müxalifət partiyaları və maddi imkanları məhdud olan gənclər təşkilatları öz məqsədlərini həyata keçirmək üçün bu şəbəkədən daha çox istifadə edirlər”.

“Əsas odur ki, bu şəbəkəyə vahid bir nəzarət və senzura yoxdur, hər kəs istədiyini yazır. Bəzən təhqirlərə də yol verilir. Hələ ki, “Facebook” bir çoxlarının diqqətindən kənardadır” – Cahid İsmayıloğlu vurğulayıb.

//QayNar

Site Footer