Türk Şurasının nəzdində diasporla iş üzrə Təmas Qrupunun görüşü keçirilib

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ – Türk Şurası) nəzdində fəaliyyət göstərən diasporla iş üzrə Təmas Qrupunun 5-ci iclası keçirilib.
TDƏŞ baş katibinin müavini Ömer Kocamanın sədrliyi ilə keçirilən toplantıda Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB) sədr müavini Abdulhadi Turus, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Qazaxıstanın İctimai İnkişaf Nazirliyinin İctimai Saziş Komitəsinin Etnoslararası Razılıq və Diasporlarla Qarşılıqlı Əlaqələr İdarəsinin rəisi Meiram İmanbayev və Qırğızıstan Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Jarkinay Galieva iştirak edib.
İclasda Türk Şurasına üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumları və təşkilat rəhbərlərinin 3-cü iclasında imzalanan “2018-2019-cu illər üzrə türkdilli diasporların birgə fəaliyyət planı”nda nəzərdə tutulmuş məsələlər müzakirə olunub.
Belə ki, TDƏŞ-ə üzv dövlətlərin diaspor qurumları arasında təcrübə mübadiləsi proqramının səmərəliliyini artırmaq, YTB-nin dəstəyilə Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən türkdilli diasporlar və vətəndaş cəmiyyətlərinin nümayəndələri üçün təlimlər keçirmək, Novruz bayramının türkdilli diasporlarla və TÜRKSOY ilə birgə qeyd etmək barədə razılıq əldə edilib.
Bununla yanaşı, may və ya iyun ayında ABŞ-da Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə türkdilli diasporların potensialının artırılması üzrə təlimlərin keçirilməsi, eyni zamanda, Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin qeyd olunması və iyul-avqust aylarında Qazaxıstanın Zərəndi şəhərində türkdilli diaspor gənclərinin 4-cü Beynəlxalq Düşərgəsinin təşkil olunması ilə bağlı müzakirələr aparılıb.

Dövlət Komitəsinin əməkdaşı Cahid Kazımov Türkiyə, Qazaxıstan və Qırğızıstanın müvafiq qurumlarının təmsilçilərini Diasporla İş üzrə Dövlət Komitəsinin informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq həyata keçirdiyi layihələr və qarşıya qoyulan hədəflər barədə məlumatlandırdı.

“3 Oktyabr – Türkdilli Dövlətlər Günü”nün diplomatik heyətin və türkdilli dövlətlərin diaspor üzvlərinin iştirakı ilə qeyd olunması, Qazaxıstanın Türküstan şəhərində Türk Şurasına üzv ölkələrin diaspor məsələlərinə məsul nazirlik və təşkilat rəhbərlərinin 4-cü toplantısının 2019-cu ilin avqust və ya sentyabr ayında keçirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Sonda 2019-cu ilin noyabrında Türkiyədə Türk Şurasının 2-ci Diaspor Forumunun keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Müzakirlər zamanı Türkiyə tərəfi Forumun 20 nəfər xaricdən, 80 nəfər isə TDƏŞ-ə üzv dövlətlərin Türkiyədəki diasporunun üzvlərindən olmaqla hər bir ölkədən ümumilikdə 100 nəfərin iştirakı ilə keçirilməsini təklif edib. Təklif yekdilliklə qəbul olunub və bu istiqamətdə hazırlıqlara başlanılacağı qeyd edilib.
Bununla da, Türk Şurası nəzdində fəaliyyət göstərən diasporla iş üzrə Təmas Qrupunun 5-ci iclası işini yekunlaşdırıb.

Site Footer