“Ermənilər işğal altında olmayan ərazilərimizə belə erməni adları qoyurlar” – Bu, “Google”un işi deyil”

“”Google maps”də Azərbaycan ərazilərinin erməni adlarının verilməsi “Google” şirkətinin işi deyil”.
Bunu “Sherg.az”a adıçəkilən tətbiqi proqramda Azərbaycanın işğal olunmuş ərazilərinin erməni adları ilə verilməsindən danışarkən İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu deyib.
Onun sözlərinə görə, şirkət o bölgədə yaşayan insanlara imkan yaradır ki, texniki imkanlarla ərazilərə ad versinlər:
“Bunu internet istifadəçiləri, “Google maps”də qeydiyyatdan keçən şəxslər edə bilər. Ermənilər bu platformada aktiv iştirak etdikləri üçün informasiya müharibəsində irəliləyiş əldə edirlər. Təəssüf ki, biz bu təxribatlara cavab verə bilmirik. Hətta bəzi hallarda ermənilər cəhd edib, Azərbaycanın işğal altında olmayan ərazilərinə belə erməni adları qoyurlar. Azərbaycanın paytaxtı Bakının, Şəmkir şəhərinin və s. adının dəyişdirilməsinə cəhdlər olunub. Bununla bağlı beynəlxalq hüquq sistemində addım atmaq əvəzinə, internet istifadəçilərinin potensialından yararlanmaq olar. Sözügedən tətbiqdə qeydiyyatdan keçməklə erməni mənşəli adları Azərbaycan adları ilə əvəz edə bilərik.
Qeyd etməliyəm ki, ərazilərin xəritədə göstərilməsinə internetdə yayılan mövcud informasiyanın, açar sözlərin də təsiri var. Belə ki, hansı ifadələr, yer adları ilə bağlı axtarışlar, Vikipediada məlumatlar çoxdursa, virtual xəritə də o adı seçir”.
Bu problemlə əlaqədar dövlətin ata biləcəyi addımlara gəlincə, C.İsmayıloğlu deyib ki, ermənilərin Azərbaycan adlarını saxtalaşdırması xarici ölkələrdən idarə olunur:
“Xüsusilə, Amerikada konkret mərkəzlər fəaliyyət göstərir və sırf bu cür informasiya müharibəsi ilə məşğul olurlar. Burada kadr potensialı da rol oynayır. Amerikada İT sahəsi üzrə təhsil alan ermənilər diaspora təşkilatlarından da dəstək alaraq, iş aparırlar. Biz də xarici ölkələrdə belə formada effektiv informasiya müharibəsi qura bilərik.
Ermənilərin çalışdığı xüsusi kontent mərkəzləri də qeyd etmək istəyirəm. Bu təsisatlar sırf ermənilərin əleyhinə olan informasiyaları sıradan çıxarmaqla, dövlətin lehinə informasiyaların oxucu kütləsini artırmaqla məşğul olur. Təəssüf ki, Azərbaycanın təbliği, əleyhimizə yayılan informasiyaların qarşısının alınması internet məkanında effektiv aparılmır.
Bəzi kitablar, materiallar dərc edilir, amma bunların beynəlxalq virtual aləmə çıxışı məhdud olur. Bütün bunlar mərkəzləşdirilmiş formada həyata keçirilsə, nəticə əldə edə bilərik, Xüsusi mərkəzlər yaradılmalı, Azərbaycanın lehinə olan informasiyaların kontentinin artırılması, əleyhimizə olan məlumatların silinməsi, təkzib edilməsi ilə məşğul olmalıdır”.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu “Google” axtarış sisteminin növbəti dəfə təxribata yol verməsinə münasibət bildirib. Məşhur axtarış sistemi “Google maps”də Dağlıq Qarabağın və Azərbaycanın işğal olunmuş digər ərazilərinin adlarının erməni dilində göstərilməsini tənqid edən U, Rəhimoğlu bu kimi təxribatların ciddi narahatlıq doğurduğunu vurğulayıb. Onun sözlərinə görə, xəritədə Azərbaycana qarşı bu cür təxribat xarakterli dəyişikliklərin edilməsi beynəlxalq konvensiyalara ziddir”.
Aysel Aslan

Site Footer