Cahid İsmayıloğlu: “Ana dilimizin həllini gözləyən xeyli problemi var”

Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Beynəlxalq Ana Dili Gününə həsr olunan konfrans keçirilib.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkil etdiyi tədbirdə 21 fevral – Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğu bildirilib.

İnstitutun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərini vurğulayıb. O, Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” müvafiq Sərəncamının əhəmiyyətini qeyd edib, ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Dilçilik İnstitutunda dilimizin inkişafı və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən söz açan M.Nağısoylu ana dilinin saflığını qorumağın, ədəbi dil normalarının gözlənilməsinə nəzarət etməyin, həmçinin dili yad ünsürlərdən təmizləməyin hazırda bu elm müəssisəsinin başlıca vəzifəsi olduğunu diqqətə çatdırıb.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov yeni nəsildə ana dilinə sevgini körpə yaşlarından aşılamağın önəminə toxunub. Akademik bu günədək fars, ərəb və Avropa dillərinin Azərbaycan dilinə güclü təsir etdiyini, rus dilindən istifadəyə isə məişət səviyyəsində rast gəlindiyini vurğulayıb.

Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov Azərbaycan dilinin ölkəmizdə yaşayan digər xalqları birləşdirdiyini, onların öz ana dillərində azad danışmalarına heç bir maneə törətmədiyini söyləyib.

Ana dilimizin inkişaf mərhələləri ilə bağlı fikirlərini bölüşən alimlər dilimizin saflığının daim qorunmasının və təbliğinin vacibliyini vurğulayıblar.

Konfransda filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlünün “Ana dili mənəvi varlığımızdır”, filologiya üzrə fəlsəfə doktoru Aysel Qəriblinin “Azərbaycan dili anlayışının tarixi”, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlunun “Virtual məkanda Azərbaycan dili” mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.

Dilçi-alim Cahid İsmayıloğlu məruzəsində Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən, Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının əhəmiyyətindən, ana dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanmasının vacibliyindən danışdı, o cümlədən, Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv resursların yaradılması istiqamətində təkliflərini irəli sürdü.

C.İsmayıloğlu Azərbaycan dili və dilçiliyinin gələcək inkişafının milli dil və nitq korpusundan asılı olduğunu diqqətə çatdırıb. Virtual məkanda mövcud milli kontentin zəif olması bu problemin həllinə əngəl törətdiyini deyib və qeyd edib ki, müasir dövrdə korpusu olmayan bir dil vaxtilə əlifbası, yazısı olmayan bir dilə bənzəyir.

Dilçi-alim milli transliterasiya standartlarının olmamasının dildə yol açdığı problemlərdən və bunun kimi ana dilimizin həllini gözləyən xeyli məsələlərinin həllində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin yeganə çıxış yolu oldunu söyləyib.

Site Footer