İsmayıloğlu: “Ölkədə mobil tətbiq bazarı inkişaf etmir, bu istiqamətdi ciddi kadr çatışmazlığı mövcudur”

Gündəmin sosial mövzuları ilə “Sosium” yenidən efirdədir. Son günlər sosial şəbəkədə müzakirə olunan və paylaşılan mövzulardan biri “GetContact” adlı mobil tətbiqin istifadəçilərə təqdim etdiyi xidmətdir. Bu proqram vasitəsilə hər hansı bir şəxs istənilən abonentin nömrəsinin digər kontaktlarda necə qeyd edildiyini öyrənə bilir. Bəs bu proqramın istifadəsi yol veriləndirmi? İnformasiya təhlükəsizliyimiz necə qorunur? APA TV-nin “Sosium” layihəsinin növbəti buraxılışında bu məsələyə aydınlıq gətirilib.

İnformasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Cahid İsmayıloğlu deyib ki, mobil tətbiqləri tam şəkildə təhlükəsiz hesab etmək düzgün deyil: “Bizim insanlar smartfonlarında antovirus və təhlükəsizlik proqramlarından qətiyyən istifadə etmirlər. Müəyyən bir ödəniş olduğu üçün lüzum duymurlar. Amma vətəndaş öz telefonunda vacib olan məlumatları – bank hesabından tutmuş ən məxfi hesab edilən elektron məlumatlara kimi mobil telefonunda saxlayır, heç kompüterində də saxlamır”. Ekspertin sözlərinə görə mobil tətbiq proqramlarının əsas marağı heç də şəxsi maraqların əldə edilməsi deyil, biznes xidmətlərlə bağlıdır.

Ekspert deyib ki, proqramı hazırlayan şəxs əgər proqramın kodunda düzəliş edirsə, bu zaman sözügedən proqramın telefondakı şəxsi məlumatları əldə etməsi mümkündür: “Tutaq ki, telefonunuzda olan fotonun ötürülməsi əmrini kodla verəcək. Çünki proqram təminatı smartfonun yaddaşında mövcuddur”.

C.İsmayıloğlu hesab edir ki, mobil tətbiqlərin yenilənməsinə diqqət yetirmək lazımdır: “Çünki yenilənəndə proqram təminatının imkanları daha da genişlənir və genişlənəndə sizin şəxsi məlumatlarınıza əlçatanlıq daha da yaxınlaşır”. Ekspert bu cür proqramlardan kütləvi istifadəni məsləhət görmür.

Cahid İsmayıloğlunun sözlərinə görə turizmin inkişafı üçün hər rayon üzrə mobil tətbiqin hazırlanmasına ehtiyac var. Ekspert eyni zamanda Azərbaycanda mobil tətbiqlərin hazırlanması ilə bağlı kadr çatışmazlığının mövcud olduğunu qeyd edib.

“Sosium” layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

Site Footer