Cəbhəyanı bölgələrdə Ermənistanın Azərbaycana qarşı “azad wi-fi ilə kəşfiyyat-təxribat planı”…

“Düşmən tərəfinin buraxdığı wi-fi şəbəkəsinə qoşulanda, bu zaman o şəbəkəyə qoşulmuş avadanlığa düşmən tərəfi birbaşa müdaxilə edə bilər”

Cahid İsmayıloğlu: “Bu öz əlində olan informasiyaların düşmən tərəfinə təhvil verilməsi deməkdir”

“Araşdırmalar göstərir ki, düşmən Azərbaycanın efir məkanında, həmçinin, sosial şəbəkələrdə məlumat toplanılmasına xüsusi önəm verir”. Bunu Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən “Vətəni müdafiəyə daim hazırıq” adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, general-mayor İlqar Musayev deyib.
DTX-nın rəis müavini tövsiyə edib ki, əhali açıq wi-fi efirinə qoşulmasın: “Ümumiyyətlə, hər bir vətəndaş, xüsusilə təmas xəttinə yaxın yaşayış məntəqələrinin hər bir sakini bu məsələnin məsuliyyətini ciddi şəkildə dərk etməli və dövlət təhlükəsizliyinə zərər vura biləcək hər hansı məlumatların yayılmasından çəkinməlidir. Araşdırmalar göstərir ki, düşmən Azərbaycanın efir məkanında, həmçinin, sosial şəbəkələrdə məlumat toplanılmasına xüsusi önəm verir. Bu səbəbdən vətəndaşların ayıq-sayıq olmaları, cəbhəyanı ərazilərdə yaşayan sakinlərin və xidmətdə olan hərbçilərimizin internet şəbəkələrindən, mobil texnologiyalardan diqqətlə və ehtiyatla istifadə etmələri, xüsusilə düşmən tərəfindən tətbiq edilə biləcək naməlum və açıq wi-fi efirinə qoşulmamaları tövsiyə olunur. Biz müharibə şəraitində yaşadığımızı unutmamalıyıq”.
Ümumilikdə, ermənilər hansı məqsədlə sözügedən bölgədə naməlum və açıq wi-fi efiri tətbiq edirlər? Vətəndaşların belə naməlum və açıq wi-fi efirinə qoşulmaları texnoloji baxımdan onlara hansı formada zərər verə bilər? Ekspertlərin bununla bağlı fikirləri nədən ibarətdir?
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən İKT üzrə ekspert Cahid İsmayıloğlu bununla bağlı bir sıra məqamlara toxundu: “Düşmən tərəfinin buraxdığı wi-fi şəbəkəsinə qoşulanda bu zaman o şəbəkəyə qoşulmuş avadanlığa düşmən tərəfi birbaşa müdaxilə edə bilər. Bu nəyə gətirib çıxara bilər? Həmin avadanlığın içərisində olan informasiyalar – fotoşəkil, video və başqa informasiyaların düşmən tərəfinin əlinə keçməsi risqi böyükdür. Ona görə də cəbhəyanı zonada yaşayan əhali düşmən tərəfindən buraxılan təsadüfi wi-filərə daxil olmamalıdır. Yəni bu tələ də ola bilər. Ona görə bunu tövsiyə edirlər ki, cəbhəyanı zonada yaşayan əhalinin smartfon telefonlarından o ərazinin coğrafi quruluşu, hansısa strateji obyektin şəkli, videosu çəkilə bilər. Yaxud da hər hansı bir məsələ ilə bağlı aralarında telefon danışığı ola bilər. Nəzərə alsaq ki, bu funksiyaların hamısı cəbhəyanı ərazilərdə yaşayan vətəndaşların smartfonlarında var, o zaman naməlum wi-fiyə qoşulmaq təhlükəlidir. Bu öz əlində olan informasiyaların düşmən tərəfinə təhvil verilməsi deməkdir. Ona görə də belə məsələlərdə diqqətli olmaq lazımdır”.

Vidadi ORDAHALLI
baki-xeber.com

Site Footer