Elmi jurnalistika inkişaf etdirilməlidir

Ekspertlər hesab edir ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil
Elmi jurnalistika yazılarında başlıq, giriş, əsas məzmun və nəticənin formalaşmasının dünya təcrübəsində qəbul edilmiş qaydaları var. Bu qaydaların elmi jurnalistika yazarı tərəfindən doğru mənimsənilməsi onun sonrakı bütün yaradıcılığına faydalı xidmət edir. Mediada yayımlanmış elmi məqalə kütlə tərəfindən oxunub anlaşılmırsa, demək faydasızdır.
Çünki elmi məqalə bir növ oxucuya yeni informasiya siqnalı verir. Bu informasiya olduqca aydın və mövzuya görə doğru məntiqi ardıcıllıqla sıralanmış olmalı, obrazlılığa və bədiiliyə çox yer verilməməlidir. Peşəkar elmi məhsulu ərsəyə gətirmək üçün onu yaradan mexanizmləri mənimsəmək lazımdır. Bu format təcrübəyə görə həm jurnalistə elmi məqalənin strukturunu hazırlamaq imkanı verir, həm də oxucuya məqaləni doğru izləyib anlamaq üçün bələdçilik edir. Əvvəlcədən müəyyən edilmiş format bir növ elmi məqalənin uniformasıdır.
Çünki elmi məqalə müəyyən formada əlaqələndirilmiş ayrı-ayrı faktlardan formalaşır. Təcrübəyə əsaslanmış formata görə, hansı elmi faktın incələndiyindən məqalənin giriş hissəsində bəhs olunur. Sonra elmi faktın necə xırdalandığı, izahlar, gəlinmiş nəticələr və müzakirələr məqalədə ardıcıllıqla sistemləşdirilir. Jurnalist ustalığı ilə hazırlanmış bir giriş oxucunun, məqaləni öz maraq dairəsində saxlaması, onu bütünlüklə oxumağa qərar verməsinə imkan yaradır. Bu gün elmi jurnalların çoxu elmi jurnalistika yazılarını qısa başlıqlarla yayımlamağa üstünlük verir.
 Bir şeyi unutmaq olmaz ki, başlıq məqalənin etiketidir. O, ən yaxşı ifadə ediləcək tərzdə qısa, maraq doğuran və texniki terminlərdən uzaq olmalıdır. Məqalənin mətninə gəldikdə isə bu, oxucu üçün sıxıcı olmamalıdır. Mətnin ilk paraqrafındakı cümlə oxucuya tam fikri ifadə etməli, açıq və məntiqi bir əsasa sahib olmalıdır. Mətndə məqalənin ana xəttindən uzaqlaşacaq qədər çox informasiya verilməməlidir. Məqalədə rəsm, foto, yaxud qrafiklər mətnə uyğun olaraq doğru seçilməli, izahlı alt yazı ilə birgə verilməlidir. Mətnin elmi əsaslara söykənməsi onun obyektivliyi deməkdir. Subyektiv ifadələrdən ibarət mətn məqalənin elmiliyinə kölgə salır. Elmi məqalələrdə elmi dəlillərə və obyektiv mülahizələrə üstünlük vermək baxımından alim və jurnalist arasında hər zaman təbii gərginlik olur. Onların istifadə etdikləri yazı stili çox fərqlənir.
Alim elmi proseslərə daha çox üstünlük verir, jurnalist isə üstünlüyü daha çox elmi nəticələrə verir. Statistik analizi bəyənən alimlər, məqalələrində bol jurnal istinadlarına, jurnalistlər isə bununla yanaşı, yumor, sitatlar və real həyatdan nümunələrə daha çox müraciət edir. Alimlər çox vaxt tədqiqatlarının jurnalistlər tərəfindən təhrif ediləcəyindən ehtiyat edirlər. Bu məqsədlə elmi nəticələri sadələşdirərkən jurnalist böyük məsuliyyət daşımalıdır. Nəzərə almalıdır ki, alimlərin illərlə vaxtını sərf etdiyi elmi nəticəni müqayisədə çox qısa bir vaxtda məqalə şəklinə gətirir. Dünyanın öndə gedən populyar elm jurnallarına baxdıqda, ən uğurlu elmi məqalələrin, alimlər tərəfindən deyil, məhz elmi jurnalistlər tərəfindən yazıldığını görmək olur.
Elmi məqalənin kütləvi maraq doğuran olması və populyar elmi yazıya çevrilməsi üçün, yazı xüsusi yaradıcı yanaşma tələb edir ki, nəticədə insanlar zamanını sərf edəcəyi digər əyləncə əvəzinə, o yazını oxumağı seçir. ABŞ və İngiltərənin qabaqcıl elmi jurnalistika təşkilatları internetdə hər kəs üçün açıq olan təlimat xarakterli proqramlar yerləşdirirlər. Materiallarda elmi jurnalistikaya yeni başlayan müxbirlər üçün dəyərli məsləhətlər yer alır. Həmin proqramlarda elmi jurnalistikanın qaydaları barədə yazılanları bir neçə abzasla ifadə etmək, mümkün deyil. Amma qısaca onu demək olar ki, elmi jurnalistika materialları alimlərin çap olunmuş elmi məqalələrindəki faktlar əsasında hazırlanır. Hər hansı mövzu bir alimin yox, planetin fərqli yerlərində eyni istiqamətdə tədqiqatlar aparan bir neçə mütəxəssisin məlumatları üzərində araşdırılır və yazılır. Elmi jurnalistikada alim müsahibəsinə əsaslanan materiallar yayıma yararlı hesab olunmur. Mövzunun bir mütəxəssis üzərində özəlləşdirilməsinə yol verilmir.
Yazılı elmi mənbələrdən götürülmüş faktların doğru anlaşıldığına əmin olmaq üçün mətnin nəşrdən qabaq alimə göstərilməsi tövsiyə olunur. Məqalə və sənədli filmlər informativ, yəni bol məlumatlı olmalıdır ki, bu da həm oxucunun intellektini artırır, həm də eyni istiqamətdə tədqiqatlar aparan alimləri biri-birinin elmi nəticələri ilə tanış edir və onlar arasında əlaqə yaradır. Bir çox hallarda alimlər bu tip materialların sayəsində dünyanın müxtəlif yerlərində həmkarları ilə əməkdaşlıq əlaqələri qurur və birgə tədqiqatlar aparır. Bununla jurnalist elmin inkişafına öz töhfəsini vermiş olur. Ümumiyyətlə, Amerika və Avropada elmi-publisistik məqalələrin oxucuları təəssüratlarını müəlliflə bölüşməyə meyillidirlər. Alim, müəllim, həkim, tələbə və digər ziyalılardan bu cür təəssüratlar məni jurnalistikanın bu sahəsinə daha da həvəsləndirib. Amerika və Avropa ölkələrində alimlər arasında da elmi jurnalistlər formalaşır. Elmi nəticə barədə məqaləni məhz alimin özü daha dəqiq və dolğun məlumatla yaza bilir. Lakin əksər alimləri bu işdən çəkindirən onların elmi-publisistik üslubda qələmlərinin olmamasıdır.
Məsələ ilə bağlı “Şərq”ə danışan Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu deyib ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Amma bu o demək deyil ki, elmimizdə nailiyyət yoxdur, yaxud tarixi-elmi, publisistik, təhlili məqalələr yazılmır:
“Problemin əsas səbəbi bizim cəmiyyətimizdə oxumaq vərdişinin olmamasıdır. Bu da təhsil ilə bağlıdır. Məktəbdə, universitetdə gənclərin mütaliəsi çox pisdir. Son zamanlar internetin, informasiya bolluğunun yaranması insanlarda daha tez, qısa yazılara vərdiş yaradıb. Uzun yazılar insanlara yorucu gəlir. Kütlə bu cür yazılardan qaçır. Bu səbəbdən içiboş, əhəmiyyətsiz, xırda informasiya xarakterli yazıların oxunma sayına baxanda 100 minləri keçir. Lakin ciddi, dərin yazılmış bir elmi, publisistik, tarixi məqalənin oxunma sayı heç yüzə yaxınlaşmır. Biz gənclərə məktəbdən oxuma vərdişini aşılamalıyıq”.
Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə də bildirib ki, təəssüf ki, Azərbaycanda elm adamları mətbuatla əməkdaşlığa bir o qədər də maraq göstərmirlər:
“Bunun müxtəlif səbəbləri var. Əsas səbəb odur ki, dövri mətbuatda yazılarının çap olunması elm adamlarına heç bir dividend gətirmir. Alimlərimizdən öz əsərlərini elmi jurnallarda çap etdirmək tələb olunur. Buna görə də onlar elmi jurnallarda çap olunmağa can atırlar. Həmin jurnallar isə konkret elm sahəsindən bəhs edir, auditoriyası məhduddur. Nəticədə elm adamları ilə geniş oxucu kütləsi arasında rabitə itir. Bizim ölkəmizdə elm adamlarının bir o qədər də yaxşı tanınmamasının bir səbəbi də onların kütləvi fəaliyyətdən uzaq qalmalarıdır. Bu üzdən biz alimlərimizin yazdıqları dəyərli əsərlərdən bəzən çox gec xəbər tuturuq. Hesab edirəm ki, alimlərimiz, xüsusilə humanitar sahədə çalışan elm adamlarımız mətbuatla əməkdaşlığa daha həssas yanaşmalıdırlar”.
 JAM sədri bildirib ki, elm adamlarının mətbuatda az görünməsinin digər səbəbi isə müasir qəzetlərin və xəbər portallarının irihəcmli məqalələrə maraq göstərməməsi ilə bağlıdır:
“Biz informasiya əsrində yaşayırıq. Adından da göründüyü kimi, xəbər portalının vəzifəsi oxucunu operativ informasiya ilə təmin etməkdir. Oxucu saytda 500 səhifəlik monoqrafiya oxumaz. Elmi əsərləri oxumaq istəyənlər kitabxanalara üz tuturlar. Üstəlik, qəzetlərin həmin əsərləri çap eləmək imkanı da yoxdur. Başqa bir səbəb isə KİV-lərin maddi-texniki bazasının zəif olmasıdır. Hazırda redaksiyaların elm adamlarına qonorar ödəməyə maddi imkanı yoxdur. Qəzet, sayt kommersiya qurumudur. KİV rəhbəri çalışır ki, ona oxucu gətirən materialları yaysın. Elmi məqalələr isə bu kateqoriyaya aid deyil. Yuxarıda da qeyd etdiyim kimi, nəticədə alimlə oxucu arasında rabitə itir. Amma bu, o demək deyil ki, mətbuat, ümumiyyətlə, elm adamlarımızdan yazmır. Biz alimlərimizin elmi nailiyyətlərinin mətbuatda işıqlandırılmasının tez-tez şahidi oluruq”.
“Axar.az” saytının baş redaktoru Anar Niftəliyev deyib ki, problemin həlli istiqamətində ciddi addımı AMEA atıb:
“Bir neçə ay öncə AMEA əməkdaşlarının internet mediada dərc olunan məqalələrinin də elmi işlərində nəzərə alınması barədə qərar verildi. Bu, alimlərin ictimaiyyətə açılmasına yönəlik əhəmiyyətli addımdır və son aylar redaksiyalara alimlərin göndərdiyi məqalələrin sayı həddən artıq çoxalıb. Bəs, bu məqalələr niyə yerləşdirilmir və son aylar alimlərin elmi məqalələrinin tirajlanmasında müsbət tendensiya müşahidə olunmur? Səbəb çox sadədir: təəssüf ki, alimlərimizin böyük əksəriyyəti sovet sistemindən qalma “akademik üslub” deyilən formadan istifadə edirlər və belə məqalələr dil ağırlığı ilə seçilir. Ona görə də belə məqalələri redaksiyalar dərc etməkdə maraqlı olmurlar. Çünki çoxsaylı terminlərlə, ibarəli-dəbdəbəli cümlələrlə həcmcə şişirdilən və ağırlaşdırılan məqalələri oxucu qəbul etmir. Arzulayardıq ki, alimlərimizin çox az qisminə xas üslub bütövlükdə elm adamlarına da sirayət etsin. Xarici ölkə alimlərində olduğu kimi. Başqa səbəblər də var, qısaca qeyd etdik”.
Araşdırmaçı-jurnalist Dilqəm Əhməd bildirib ki, bir neçə agentlikdə və portalda elmi m
əqalələr ildə bir-iki dəfə yayımlanır. Həmin məqalələr isə insanları maraqlandıran gündəlik xəbərlərin içində itib-batır:
“Üstəlik, elmi məqalələrin həcmi çox olduğu üçün və mövzunun söykəndiyi nəzəriyyə əsasında yazıldığı üçün gündəlik saytlarda oxunmaması normaldır. Nəzərə alaq ki, indi xəbər saytları daha çox telefon və tabletlər vasitəsilə oxunulur. Bu baxımdan telefonla kiminsə elmi məqalə oxuması çox nadirən mümkündür. Mən də elmi məqalə oxuyarkən çap mediada oxuyuram. Digər tərəfdən elmi məqalələr daha çox beynəlxalq indeksli tanınmış dərgilərdə çap olunmalıdır. Yəni elmi məqalənin çap olunduğu mətbuat orqanı çox mühümdür.
Çünki ciddi elmi jurnallarda məqalə bir neçə mütəxəssisin kontrolundan keçir, ondan sonra qərar verilir ki, yayımlansın, ya yox. Mən özüm işlədiyim portalda bir neçə dəfə tarixçilərin elmi məqalələrini verdim, amma gördüm ki, həm oxunmur, həm də elmi yazıları sayta yerləşdirmək texniki baxımdan da problemlidir. Məsələn, hər sətirin sonunda dipnotların qoyulması, cədvəllərin və s. yerləşdirilməsi saytın texniki imkanlarından da kənarda qala bilir. Hər sayt üçün keçərli deyil bu, amma bu da bir problemdir”.

Şərq qəzeti

Site Footer