Çağdaş dövrün dil situasiyası (Azərbaycan şəraitində)

Dil hər hansı insanın bünövrəsinə daş qoyub tikdiyi şəhərə bənzəyir (R.V.Emerson); İki insanı bir-birinə cəlb edən sözlər deyil. Onları bir-birinə cəlb edən hər ikisinin anladığı dil və daxili dünyalarıdır (Rumi); Müdrik şəxs kimi düşün, amma sadə insanların anlayacağı dildə danış (L.Villym)

Məqsəd müasir Azərbaycan Respublikasında olan dil situasiyasına aydınlıq gətirməkdir. Hər hansı bir ölkədə dil prosesi başqa sosial proseslərlə bağlı olub, dəyişmələrlə, əvəzlənmələrlə səciyyələnir. Proses cəmiyyətin özündə, içində formalaşır. Proses dəyişən və dinamikdir.

«İnsanla cəmiyyətin «görüşdüyü yer» olan dil (1, s.233) deyildiyi kimi, çox mühüm sosial hadisə kimi, heç zaman siyasətdən, onun müdaxilələrindən kənarda qala bilməz və tarixin təcrübəsi göstərir ki, dünyada gedən gərgin ictimai-siyasi proseslər, olaylar həmişə az və ya çox dərəcədə dünya dillərinin taleyinə öz müsbət, yaxud mənfi təsirini göstərmişdir.

Dil siyasəti – əslində, kifayət qədər mürəkkəb struktura malik hadisədir; hər şeydən əvvəl, ona görə ki, burada dilin təbii imkanları, tarixi situasiya və subyektiv maraqlar, yaxud iddialar bir-biri ilə qarşılaşır. Yəni bu və ya digər dil siyasəti konkret bir dilin mövqeyindən mövcud beynəlxalq, sosial-siyasi şərait nəzərə alınmaqla aparılır.

Dil situasiyası – bu, konkret tip dillərin, müxtəlif növ formaların mövcudluğu və cəmiyyət həyatında hər bir xalqın tarixi inkişaf mərhələsində bir-birinə təsiridir.

Bəllidir ki, dil cəmiyyəti səciyyələndirən kommunikativ funksiyanı yerinə yetirir. Dil de-yure rəsmi status daşıyır, de-fakto isə cəmiyyətin qayda-qanunlarını xarakterizə edir. Ölkənin dil haqqındakı qanun və sərəncamlarında Azərbaycan dili rəsmi dövlət dili kimi xarakterizə edilir. Azərbaycanda da mütəmadi olaraq dil siyasəti konsepsiyası hazırlanır, dövlətin ən optimal (əlverişli) dil məkanı yaradılır və inkişaf etdirilir.

Dil situasiyası – bu kontekst dilin cəmiyyətdə istifadəsi reallığıdır. O, tarixən müxtəlif şəraitdə formalaşır, meydana gəlir, sosial, siyasi, iqtisadi, psixoloji, tarixi-mədəni və s. faktorlarla şərtlənir.

Dil situasiyasının bir sıra aspektləri mövcuddur. Bu haqda informasiya aşağıdakılardan ibarətdir:

  • Azərbaycan Respublikasının əhalisinə sahib olan, malik olan dövlət dilinin dərəcəsi;
  • Əhalinin qanunvericilik bazası ilə tanışlıq dərəcəsi;
  • Respubulikada dil siyasətinin reqlamentləşdirilməsi (nizama, qaydaya salınması);
  • Azərbaycan cəmiyyətinin sosial-kommunikativ sistemində dövlət və başqa dillərin yeri;
  • Yaşlı əhalinin üstün tutulmuş dilinin sosial xarakteri;
  • Müxtəlif həyat sferində üstün tutulmuş dillərin istifadə münasibəti, səviyyə və xarakteri;
  • Əhalinin dövlət dilində təhsil almasının sosial aktivliyi və passivliyi.

Dil situasiyasının aktual bir məsələ olduğunu nəzərə alsaq, əksər ölkələrdə bu məsələ ilə bağlı beynəlxalq konfranslar, sipoziumlar keçirilmişdir. Məsələn, 2002-ci ilin oktyabrında Rusiyada keçirlən beynəlxalq konfrans belə adlanırdı: Международной конференции «Языковая ситуация в Росии начала 21 века (Кемерова, октябрь 2002)

Azərbaycanda da belə bir konfrans multkultualizmlə birgə, əlaqəli keçirildi (…)

Azərbaycan şəraitində dil situasiyasını dərk etmək, kütlələrə və elmi ictimaiyyətə aşılamaq üçün dünya təcrübəsindən biz də yararlanmışıq. Həmin təcrübəni öyrənmişik və öz ölkəmizdəki dil situasiyasına tətbiq etmişik.

Dünyada dil situasiyası öncə ümumi şəkildə müəyyənləşdirilmişdir. Alimlər hər hansı bir ölkədə dil situasiyasının aydınlığı üçün 3 mühüm istiqaməti göstərir:

  • dilin funksionallaşmasında sosial şərait;
  • dilin işlənmə sferləri və vasitələri;
  • dilin mövcudluq (varlıq) forması.

Qeyd edək ki, bizim ölkəmizdə də qloballaşma şəraitində Azərbaycan dilinin funksionallıq kəsb etməsi üçün münbit ictimai mühit yaradılmış, bu dilin işlənmə sferləri və vasitələri hərtərəfli müəyyənləşdirilmiş, dilin varlıq forması hər bir sahədə qorunub saxlanmış və qorunmaqdadır.

Azərbaycan xalqı əhalinin sayına görə 9 ml.666 mindir, bunlardan 40%-i kənd əhalisi, 60%-i isə şəhər əhalisidir. Etnik özünəməxsusluq ölkəmizdə də özünü göstərir.

Azərbaycan çoxmillətli respublikadır. Respublikada əhalinin əsas etnik tərkibi – azərbaycanlılardır, digər xalqlarla birlik şəraitində yaşayırlar. Respublikada etnik müxtəliflik qorunub saxlanılır. Respublikada dil situasiyası mühüm strateji resurslardandır, bu sahədə geniş sosial-iqtisadi və mədəni əlaqələr mövcuddur.

Dil situasiyası sosial linqvistikanın obyekti olaraq bir sıra diferensial əlamətlərə malikdir. Bu əlamətlər aşağıdakılardır:

  • ölkədə birdilli situasiyanın balanslaşdırılması (tarazlaşdırılması);
  • ölkədə ikidilli situasiyanın balanslaşdırılması (tarazlaşdırılması);
  • ölkədə çoxdilli situasiyanın balanslaşdırılması (tarazlaşdırılması)

Sosiolinqvistikada əsas anlayışlardan olan dil situasiyası – dövlətdə dilin vəziyyəti, onun məzmun və mahiyyətinin təsviri; birdillilik, ikidillilik və çoxdillilik şəraiti – onların sosial-ərazi münasibətlərinin əlverişli şəkildə müəyyənləşdirilməsidir. Birdilli dil situasiyası – dilçilərin qeyd etdiyi kimi, dünyanın heç bir ölkəsində yoxdur. Yalnız İslandiya birdilliliyə yaxın olan ölkədir. (ona görə ki, bu ölkənin əhalisini təkcə islandlar təşkil edir). Yaponiyada isə 125 ml. insan yapon dilində ünsiyyət qururlar.

Dünyanın böyük əksəriyyət ölkələri birdillilik situasiyasında deyil, dillər arasında iyerarxik münasibət onun başlıca xüsusiyyəti kimi diqqəti çəkir. Elə dünya ölkələri vardır ki, bir sıra dilçilər oradakı dil situasiyasını nümunə göstərirlər. Şvetsariyada belə bir dil situasiyasının mürəkkəb tarixi var. Bu ölkədə əhalinin sayı 7, 1 ml, federasiyanın 23 kantonu var. (administrativ vilayət), bunlardan 17 alman, 4 fransız, 1 italyan.

Beləliklə, Şvetsariyada əhali alman, fransız, italyan və retoroman dillərində danışırlar (3, с.7-7)

A.A.Demyanoviçin məqaləsində (2, с.320-326) dil situasiyası adı altında linqvocoğrafi vahid olan idiom başa düşülür.

Dil situasiyasının bir çox növləri vardır:

1) ancaq müəyyən bir yerdə (ölkədə, ərazidə) yayılmış dil (endoqlasnıy dil). Dil situasiyasının bu tipi birmillətli dövlətlərdə cəmləşmişdir, burada ədəbi dil forması dialektlərə qarşı qoyulmuşdur. Buraya tipik nümunə kimi Koreya Demokratik Respublikasını göstərmək olar. Koreya ədəbi dilinin şimal-cənub, şimal-şərq və mərkəzi dialektləri fərqləndirilir. Birdilli çoxkomponentli situasiya Yaponiya və Daniyada da mövcuddur;

2) çoxdilli, çoxkomponentli dil situasiyasıdır. (ekzoqlasnıy). Qeyd edək ki, dünyanın əksəriyyət dil situasiyası həmin tipə aiddir. Bir sıra dünya dilləri vardır ki, şifahi və yazılı dil arasında fərq mövcuddur; dialekt ərazilərinə və dilin başqa variasiya (variantlılıq) tiplərinə əsasən fərqlənir. Asiya və Afrika ölkələrindəki mürəkkəb dil situasiyası bu tiplidir.

Azərbaycan milli siyasəti, milli istiqaməti kompleks şəkildə reallaşdıran ölkədir. Dil siyasəti və dil situasiyası Azərbaycan dövlətinin milli maraqlarına tam uyğundur. Azərbaycan dövlətinin konstituasiyasında Dövlət dili kimi Azərbaycan dili təsbit olunmuşdur. Amma elə türk dilləri də (məsələn, çuvaş dili) vardır ki, onlar bilinqvizm şəraitində hələ də inkişaf edirlər, onların dövlət dili həm rus, həm də çuvaş dilləridir.

Azərbaycan Respublikasının dentifikasiyasında ana dili mühüm məsələ kimi götürülür. Ana dili və onun sferalarının öyrənilməsi etnosun taleyini öyrənmə deməkdir. Dil sadəcə olaraq etnosun birləşdirici, əlaqələndirici elementi kimi deyil, həm də mühüm etnik marker, xalqın keçmişi, indisi və gələcəyi arasında əlaqə yaradan vasitə kimi tədqiq və tədris edilir. Etnosun sonu dillərin itirilməsi, ölməsi ilə nəticələnir.

Müşahidələr göstərir ki, Azərbaycan şəraitində bir çox hallarda dil əlaqələri dil situasiyasına mənfi təsir göstərir. Respublikanın Qax, Zaqatala, Qusar, Xaçmaz və s. bölgələrində bəzi insanlar interferensiya şəraitində ünsiyyət qururlar. Yəni dövlət dili ilə milli azlıqların dili bir-birinə qarışır. Dil normaları pozulur. Elə ona görə də bu problemə – dil situasiyası və interferensiya probleminə dil əlaqələri çərçivəsində baxılmalıdır. İnterferensiya dedikdə də «əlaqəyə girən iki dil nisbətinin norma və qaydalarının pozulması – bilinqv başa düşülür. İntenferensiya dedikdə «əhalinin birdən çox dil bilmələri, yəni dil kontaktı nəticəsində ikidillilərin danışığında baş verən hər hansı dil normalarından kənaraçıxma hadisələri» dərk edilir. İnsanın dil şüurunda həmin ölkədə işlənən azsaylı xalqların dilinin ayrı-ayrı xüsusiyyətləri yanlış olaraq, doğma (və ya əsas) dilin quruluşuna bənzəyir. İki, üç dil sisteminin (talış, tat, ləzgi dilləri) interferensiyası, yəni bənzətmə və qarışdırma baş verir, bu da danışıqdakı səhvlərə gətirib çıxarır. Bizcə, ikidilli fərdin şüurunda və nitqində dil sistemlərinin interferensiyası dillərin qarışdırılması prosesinin psixolinqvistik ümumiliyidir.

Beləliklə, Azərbaycanda dil situasiyası və dil interferensiyası hadisələrinin mexanizmləri kontakt yaradan dil ünsürlərinin və vəzifələrinin eyniləşdirilməsi və birindən digərinə daşınmasıdır. Bu situasiyada interferensiyanın ümumi səbəbləri – destruktiv interferensiya üçün əlaqəyə girən dil ünsürlərinin və funksiyalarının həddindən atıq yaxud eyniləşdirilməsi konstruktiv interferensiya üçün isə oxşar hadisələrin və vəzifələrin normal, düzgün eyniləşdirilməsidir. İntenferensiyanın linqvistik səbəbləri isə kontakt yaradan dillərin sistemlərindəki fərqli və ümumi cəhətlərdir.

Azərbaycanda aktiv etnosiyasi hadisələr 1989-cu illdən sonrakı etnik əlamətlərlə səciyyələnir. Bu da birbaşa dil situasiyasına öz təsirini göstərmişdir. Bu təsirlər dərindən öyrənilməlidir.

Beləliklə, tədqiqat və qazanılmış təcrübə göstərir ki, müstəqillik şəraitində Azərbaycan Respublikasında dövlətin yeni dil siyasəti və dil situasiyası köklü şəkildə, elmi təməllər üzərində qurulmuş və get-gedə möhkəmlənmiş, sarsılmaz gücə, yenilməz qüdrətə sahib olmuşdur.

Müstəqillik dövründə ölkəmizin dil siyasəti və dil situasiyasının müəyyənləşməsi və möhkəmləndirilməsində Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev və onun layiqli varisi, davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna rolu və böyük tarixi xidmətləri olmuşdur.

Ədəbiyyat:

  1. İmanov. Fəlsəfənin əsasları. Bakı, Turan evi, 2007, s.233
  2. Демьянович А.А. Языковая ситуация в современном Белоруссии: русско-Белорусское двуязычие.- Языковая политика и языковые конфликты в современном мире.- М.: 2014, с.320-326
  3. Тихонова Р.И. Языковая ситуация и языковая политика как понятия социолингвистики.- Самара: СГПУ, 2007, с.7-7

Cahid Kazımov İsmayıl oğlu
cahid@ismayiloglu.com
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
elmlər doktoru hazırlığı üzrə doktorantı, filologiya üzrə fəlsəfə doktoru

Site Footer