Gəncədə “Sosial Media Məktəbi” layihəsinə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Gəncədə şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi, İslahatçı Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Sosial Media Məktəbi” layihəsinə start verilib.

Gəncə şəhərində 13-14 fevral tarixlərində baş tutmuş təlimlərə 400-ə yaxın gənc qatılıb. İki gündə 4 təlimin keçirildiyi media layihəsinin məqsədi gənclərə yeni media bilikləri aşılamaq, onun bütün üstünlükləri barədə onlara bilik və bacarıqlar, sosial mediadan effektiv istifadə qaydaları öyrətmək, bununla yanaşı gənclərin sosial media sahəsində inkişafına töhfə verməkdir.

Təlimlər İKT mütəxəssisi Cahid İsmayıloğlu, “Tribuna” İnformasiya Agentliyinin rəhbəri Əlişir Əhəd, politoloq Əhməd Şahidov və Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə tərəfindən aparılıb.

Bildirilib ki, Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanaraq, həm öz inkişafını təmin etməsi, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə etməsi üçün ciddi iradə ilə çalışmaqdır. Müasir dövrdə sosial medianın önəmi günü-gündən artmaqdadır. Xüsusilə, Xocalı soyqırımının tanıdılmasında, Dağlıq Qarabağ həqiqətlərinin işıqlandırılmasında gənclərin fəallığı çox vacibdir. Bizi istəməyən bəzi qüvvələr özlərinin media orqanlarında Azərbaycana qarşı haqsız yazılar, yalan məlumatlar dərc edirlər. Xocalı soyqırımının, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün gənclər xüsusi fəallıq nümayiş etdirməlidirlər. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli hər birimizin başlıca məqsədi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri sosial şəbəkələrdə daha geniş təbliğ etməliyik.

Mövzu əsasında gəncləri maraqlandıran suallar cavablandırılıb və təlim diskussiya şəklində davam edib.

Təlimlər 2 gün davam edib və sonda iştirakçılara sertifikatlar təqdim olunub.

yenigence.com

Site Footer