Akademik Akif Əlizadə AMEA-da təhsil alan gənclərlə görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə 2 fevral – Gənclər Günü münasibətilə AMEA-nın magistrant və doktorantları ilə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademiyanın Mərkəzi Elmi Kitabxanasında təşkil olunan tədbirdə A.Əlizadə magistrantları və doktorantları, həmçinin gənc əməkdaşları əlamətdar gün münasibətilə təbrik edib. Prezident İlham Əliyevin hər zaman gənclərə diqqət və qayğı ilə yanaşdığını söyləyən akademik vurğulayıb ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı fevralın 2-si ölkəmizdə Gəncləri Günü elan edilib.

Diqqətə çatdırılıb ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. Ölkəmizdə gənclərin sağlam, təhsilli, bilikli və bacarıqlı yetişmələri, onların peşəkarlıqlarının artırılması, sosial problemlərinin həlli istiqamətində mühüm işlər görülür. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti ölkəmizdə gəncliyin inkişafına təkan verməkdədir.

AMEA-da gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, magistrantların və doktorantların elmi fəaliyyətlərinin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışan A.Əlizadə gələcəyin alimlərinə tövsiyələrini verib, uğurlar arzulayıb.

Tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, iqtisad elmləri doktoru, professor İsa Alıyev, Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Cahid İsmayıloğlu AMEA-da magistratura pilləsinin yaradılmasının əhəmiyyətindən danışıb, gənc alimlərə uğurlar arzulayıblar.

Gənc alimlər, magistrant və doktorantlar onlara yaradılan şəraitə görə AMEA-nın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbir bədii hissə ilə davam edib.

Bakı, 2 fevral, AZƏRTAC

Site Footer