Orfoqrafik böhran: “Orfoqrafiya lüğətinin çapından imtina edilsin”

Ölkə.Az saytının suallarını AMEA Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu cavablandırıb.

– Orfoqrafiya lüğətində xeyli sayda mənası anlaşılmayan sözlər var. Məsələn, “dəyişdirilməzlik”, “çayçörəkləmə”, “ikiəllialma”, “hürüfatölçən” və s. Bu nümunələr çoxdur və biz qəzetin hər sayında bu kimi çıxarışları yerləşdiririk. Siz dilə həssas yanaşan bir mütəxəssis kimi bu cür sözlərin orfoqrafiya lüğətində yer almasını necə qəbul edirsiniz? Yüzlərlə bu cür mənası anlaşılmayan sözün lüğətimizdə olması nə dərəcədə doğrudur?

– Orfoqrafiya bu gün sosial bir problemə çevrilmişdir. Bu anlamda hər bir ölkənin, o sıradan müstəqilliyini əldə etmiş Azərbaycanın sosial-mədəni yüksəlişində mükəmməlləşmiş “ideal” orfoqrafiyanın rolu ən aktual problem olaraq qalır.

Öz sadəliyi, asan və aydınlığı baxımından Azərbaycan dilinin orfoqrafiyası rus və Avropa dillərinin orfoqrafiyasından bir sıra üstünlükləri ilə fərqlənir.

Əlbəttə, indinin özündə orfoqrafiya məsələlərinin qızğın müzakirəsini, hər kiçik qüsurun da yazı sistemindən kənarlaşdırılması məsələsinin qoyuluşunu müdafiə etmək gərəkdir, alqışlamaq lazımdır.

Lüğətdə “dəyişdirilməzlik” sözü var, amma “çayçörəkləmə”yoxdur. Lüğətin 130-cu səhifəsinə nəzər yetirsək “çay-çörək”, “çay-çörəkli” sözləri dilimizin lüğət tərkibində mövcud olan qoşa sözlərdir, biri isimdir, digəri isə -lı4şəkilçisi vasitəsilə düzəlmiş sözdür. -lı4şəkilçisi sözdüzəldicilikdən çox, aid olduğu sözə təsdiq və inkar məna verən kateqorial şəkilçidir. Lakin biz ənənəni pozmayaraq, bunları sifət düzəldən şəkilçi kimi qəbul edirik. Həm qrammatik, həm də leksik uyğunluq mövcuddur, ədəbi dildə də işlək olan sözlərdir.

Lüğətdə “dəyişdirilməzlik” tipli, morfoloji yolla yaranan və terminoloji yük daşıyan bəzi sözlərin işlədilməsində qeyri-sabitliyə yol verilmişdir.

İkiəlli, ikiəllialan, ikiəllialma, ikiəlligörüşən, ikiəlligörüşmə, ikiəllitutan, ikiəllitutma (s. 315). Bu sıraya gələndə demək lazımdır ki, həmin mürəkkəb sözlər lüğətdə düzgün olaraq işlədilmişdir. Bu sözlər kommunikasiya prosesində də fəaldır, istifadə edilir. Mətbuat işçiləri inciməsinlər, onlar dildə gedən mütəmadi proseslərin bir çoxundan xəbərsizdir. Onlar dilin daim inkişafda olduğunu və tədricən dəyişməsini anlamaqda da çətinlik çəkirlər. Gərək dilçi olasan ki, həssas dilçi olasan ki, bu proseslərdən baş çıxara biləsən. Mütəxəssislərin də qeyd etdiyi kimi, bu cür hallar və ümumən “mürəkkəb söz” meyarının dəqiq müəyyənləşdirilməməsi lüğətə baxışda mübahisələrə səbəb ola bilir. Belə ki, onlar söz birləşmələrinin mürəkkəb sözlər üçün baza rolunu oynaması, yəni mürəkkəb sözlərin söz birləşmələrinin bir sıra struktur modelləri əsasında formalaşdığını dərk edə bilməmək ücbatından yuxarıdakı tipli mürəkkəb sözlər onların qulağında qəribə səslənir. Həmin sözlər dilimizin öz daxili qanunları əsasında yaradılmışdır. Bu qanunlardan biri söz birləşməsinin tədricən mürəkkəb sözə çevrilməsi prosesidir. Bu tipli mürəkkəb sözlərlə ayrı-ayrı kəmiyyət və keyfiyyətlərdən yeni keyfiyyət formalaşdırılır. Ayrı-ayrı məzmunlardan yeni məzmun yaradılır. Məs.: dünyanı ikiəlli tutan, pulu ikiəlli alan və s. Bu sözlərin hər birində ifadə olunan anlayış tamamilə fərqli bir varlıq kimi qavranılır. Mən indi sizə “ağzıbütövlük”, “günüqaralıq”, “başıpozuqluq” sözlərini misal çəksəm, yəqin ki, yad və qəribə səslənməyəcək. Hər birimiz, hər gün bu sözləri məqamında çox yaxşı da işlədirik. Başqa bir misal çəksək, dilimizdə “topaldıqaç”, “əlüzyuyan”, “qara-çörəkotu” kimi üçsözlü mürəkkəb isimlərə də təsadüf edilir. Ən maraqlısı da var; dilimizdə cümlə şəklində formalaşmış “dabanvurdu” (oyun), “qaloğluqal”, “vurçatlasın”,“alışdımyandım”, “qaçatbasdı” və s. kimi mürəkkəb isimlər də işlənməkdədir. İndi mən bu sözləri lüğətdə axtardım, “qaloğluqal”sözünü çıxmaq şərtilə hamısını tapdım.

Hüruf-hürüfat-hürufatçı-hürüfatölçən. Bu tipli sözlərin mənası bilinməlidir. Görək, sonuncu söz Azərbaycan dilinin izahlı lüğətində hansı mənada işlənmişdir. Bəlli olur ki, “hürufat” ərəbcə, hüruf söz, cəmi) hərflər, əlifba. O, hürufat ilə ki, biz yazırıq, onu oxumaq çox çətindir (C.Məmmədquluzadə). Doğrudur, sonuncu iki söz izahlı lüğətdə yer almasa da, “hürufatölçən” mürəkkəb sözünün orfoqrafiya lüğətində işlənmə hüququ, statusu vardır. Bu, hərf ölçən, əlifba ölçən bir alətin adıdır, mənası da başa düşülür. Qeyd edim ki, indi bu sözü İKT, internet, kompüter terminologiyasında uğurla işlətmək olar.

– Orfoqrafiya lüğəti sözlərin düzgün yazılış formasını özündə əks etdirir. Amma görürük ki, lüğətdə bir sözün 3-4 düzgün yazılış forması verilib. Bu amil lüğətdən istifadə edən insanları çaşdırmazmı?

– İkinci sual düzgün qoyulmayıb. Yəni orfoqrafiya lüğətində bir sözün 3-4 düzgün yazılış forması verilə bilməz. İstisna hallar vardır ki, məsələn, “kompüter” tipli beynəlxalq terminlərin yazılışında bu hal özünü göstərə bilər. Amma yenə deyirəm, lüğətdə bu yazılış formalarının yalnız biri əks olunar. Mətbuatda həmin tipli söz və terminlərin müxtəlif cür yazılışı sosial etiraza səbəb olur. Çünki orfoqrafiya dilin quruluşundan asılıdır. Orfoqrafiya nitqi yazıda əks etdirmək, sözlərin deyilişi və yazılışı arasında olan sərhədi aradan qaldırmaq üçün müəyyənləşdirilir. Qrammatik quruluş dilin müəyyənliyi üçün ən vacib qat hesab edilir. Bu, dilin quruluşunun ən müxtəlif tərəflərini əhatə edir.

Bəzən lüğətdə söz axtaranlar ayrı mənaya malik olan sözlərdən birinin mənasını bilmədiklərində üstünlüyü öz bildiyi sözə verir, digər sözün yazılışının səhv olduğunu iddia edir. Məsələn, lüğətdə “kampaniya” (s. 339) və “kompaniya” (s. 362) sözlərini bir çoxları eyniləşdirir, “kompaniya” sözünün yazılışının səhv olduğunu, siz deyən kimi, iki yazılış formasının olduğunu düşünür. İzahlı lüğətə nəzər yetirsək, “kampaniya” sözü müəyyən məqsədlə təşkil olunmuş tədbirlər silsiləsi kimi, “kompaniya” isə səhmdarların ticari və ya sənaye birliyi, şirkət (inşaat kompaniyası); vaxtlarını bir yerdə keçirən kiçik qrup, bir yerə yığışmış dostlar kimi izah edilir.

Terminlər hansı prinsip əsasında orfoqrafiya lüğətlərində əks olunmalıdır?

Orfoqrafiya lüğətində terminlərin hansı prinsipə əsasən yerləşməsi qeyri-müəyyəndir. Məsələn, işlək olan və məşhur terminlər lüğətdə olmadığı halda, heç vaxt ağlagəlməyən, bizə ən uzaq olan sahəyə aid terminlər lüğətdə çoxluq təşkil edir. Terminlərin bu cür yerləşməsi ilə nə dərəcədə razısınız?

– Dilin balıca leksik vahidi, hədsiz məna dərinliyi olan termindir. Əvvəla, elmi və sahə terminlərin əhatə olunduğu yer “terminoloji lüğətlər”dir. Amma bəzi kütləvi terminlərinin orfoqrafiya lüğətində verilməsi düzgündür. “Lüğətin quruluşu” hissəsində göstərilib ki, lüğətə müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibinə daxil olan sözlər salınmışdır ki, bunlardan birini də dilimizin lüğət tərkibinin ayrılmaz hissəsini təşkil edən xüsusi terminlərdir (minimum həcmdə).

Orfoqrafiya lüğətlərində bəzi elm sahələrinə aid olan terminlər daxil edilmişdir: terminlər elmi cəhətdən düzgün formalaşdırılmış və leksik-qrammatik xüsusiyyətlərinə görə yerləşdirilmişdir. Lüğətə, əlbəttə, işləklik, ahəngdarlıq, dilə yatımlıq baxımından uğurlu sayılan terminlər daxil edilməlidir. Lakin sözün morfoloji göstəricilərlə yüklənmiş bir sıra variantlarının qeyd olunan mövqedə işlədilməsinə heç bir ehtiyac yoxdur.

“Lüğətdəki şərti işarələr” hissəsində elmlərin adları göstərilmiş və lüğətdə öz əksini tapa bilmiş terminlərin önündə onların hansı elm sahəsinə aid olduğu göstərilmişdir: abatment (tib.), abiogenez (biol.), ablativ (dilç.), adverbial (dilç.), ampir (memar.), aseton (kim.) və s.

Burada prinsipsizlik də özünü göstərir. Hər hansı bir elm sahəsinə aid beş-on termini burada verməmək də olardı, belə vahidləri mütəxəssislər onsuz da həmin sahə ilə bağlı terminoloji lüğətlərdən axtarıb tapırlar. Bizə ən uzaq sahəyə aid terminlərin lüğətdəki əksi, sadəcə onların yazılışını nəzərə çatdırmaqdır.

Avropa, əsasən də rus ədəbiyyatında elə yazıçılar olub ki, onların ayrıca bədii lüğət sistemi hazırlanıb. Azərbaycanda hansı yazıçı-şairlərin bədii dilinin lüğətinin hazırlanması vacibdir?

Şair və yazıçı xalq dilini cilalayan, onu təkmilləşdirən və yeni söz, ifadə, frazeoloji birləşmə yaradan yaradıcı şəxslərdir. Qaldırılan məsələ çox vacibdir. Bizdə – AMEA-nın Dilçilik İnstitutunda ilk təşəbbüs kimi, “Lüğətçilik” şöbəsi görkəmli Azərbaycan şairi S.Vurğunun bədii lüğətini hazırlayaraq bu günlərdə çap etdirmişlər, hətta əsərin təqdimatı da keçirilmişdir. Fikrimizcə, bəddi sözü güclü olan Mirzə İbrahimovun, S.Rəhimovun, Elçinin, Anarın, M.Arazın və başqa görkəmli söz sənətkarlarının bədii lüğəti hazırlanmalıdır. Bu, çox mühüm leksikoqrafik bir işdir. Qeyd edim ki, Dilçilik İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü M.Nağısoylunun bu işi genişləndirmək təşəbbüsü də təqdirəlayiqdir.

“Orfoqrafiya lüğəti”nin sonuncu -2013-cü ildə nəşr olunan VI buraxılışında 110 mindən çox söz var. Yəni, lüğətdə 2004-cü ildə işıq üzü görən V buraxılışdan 30 min söz çoxdur. bu haqda nə deyə bilərsiniz: 9 ilə dilimizə doğrudanmı 30 min yeni söz gəlib?

Dilin leksik tərkibində ciddi dəyişmələr baş verir. Yeni dövr, dünyaya inteqrasiya, Azərbaycanda müxtəlif elmi-mədəni, iqtisadi-siyasi və s. sahələrin meydana gəlməsi həmin sahələrlə əlaqədar xeyli sayda əcnəbi söz və termini dilə gətirir. Hələ də “orfoqrafiya lüğəti”ndə öz əksini tapa bilməmiş, kənarda qalmış sözlər də var. Fikrimcə, əvvəlki illərdə olduğu kimi, indi də dildə vətəndaşlıq hüququ statusu qazanmış sözlərin lüğətdə özünə yer etməsi vacibdir. 9-10 il ərzində müasir Azərbaycan dilində gedən proseslər, yeniləşmə 30 min nədir, mübaliğəsiz demək olar ki, daha artıq sözü dilə daxil edə bilər. Burada təəccüblü heç nə yoxdur. Burada heyrət etmək lazımdır ki, dilimizin lüğət fondu genişlənir, çoxalır və zənginləşir; bir tərəfdən öz sözlərimiz, digər tərəfdən də yad dillərin sayəsində. Başqa bir tərəfdən xalqın ictimai həyatında böyük oyanış olduğu zaman sözlərin dirilişi, (C.İ.) türkizmlərin dilimizə kütləvi qayıdışı (C.İ.) prosesləri də lüğət fondumuzu xeyli sayda artırı, zənginləşdirir. Mən bu prosesləri bir dilçi kimi çox maraqla izləyirəm və bunun qeydiyyatın da aparıram. Proses çox sürətlə gedir. Diqqətinizi “diriliş” sözünə cəlb etmək istərdim. Bu söz lüğətin nə 2004-cü, nə də 2013-cü il nəşrində var. İndi siz necə deyə bilərsiniz ki, bu söz lüğətdə olmamalıdır. Hətta bu sözə mən gələcəkdə termin statusu da qazandıra bilərəm.

– Lüğətdə fars və ərəb sözləri milli sözlərə nisbətən üstünlük təşkil edir. Bu fərqin qədərindən çox olmasını nə ilə əlaqələndirmək olar?

Mənə elə gəlir ki, heç vaxt – tarix boyu fars və ərəb sözləri orfoqrafiya lüğətində üstünlük təşkil etməyib. Hələ anadilli ədəbiyyatımızın meydana gəldiyi XIII yüzildə, ərəb və fars dilinin hakim olduğu bir zamanda statitstika 58-42 % təşkil etmişdir. Yəni, milli sözlər İ.Həsənoğlunun lüğətində (qəzəlində) 58% olmuşdur. Bu fikrin qəti əleyhinəyəm. Elə fars və ərəb sözləri də vardır ki, həmin lüğəvi vahidlər tamam azərbaycanlaşdırılmışdır, onların alınma sayılması da düzgün deyil.

Dilimizdə bir çox proseslər də gedir ki, əcnəbi sözlərin hesabına lüğətimiz zənginləşir. Məsələn, milli ilə əcnəbinin qrammatik reaksiyaya girməsi ilə milli söz yaranıb: qəmər (farsca)+yüz (türkcə)=qəməryüz türkcə mürəkkəb söz; dua (ərəbcə) +çı (türkcə, şəkilçi) = duaçı – türkcə düzəltmə söz. İndi bu türk sözləri yazılı və şifahi (folklor) ədəbi dildə işlənmiş və həmin qəliblər üzrə alınma sözlər türkcəmizin sintaktik və morfoloji yolla söz yaradıcılığında da iştirak etmişdir. İndi siz bu sözlərə də əcnəbi sözlər deyirsiniz..? Hələ mən ərəb-fars sözlərinin Azərbaycan dilində vətəndaşlaşmasından danışmadım…

Lüğətdə süni sözlər və söz birləşmələrindən düzəldilən qurama sözlər çoxdur. İcazənizlə onlardan nümunələr gətirim: “ehsandemə”, “elçiolma”, “dodağıdolğunluq”, “dilənçipayıalma” və s. Sizcə, lüğətdə bu cür sözlərin yer almasına nə dərəcədə ehtiyac var?

Bunlar süni-qondarma sözlər deyil. Bayaq qeyd etdiyim kimi, sözlərin birləşərək bir vurğu altında deyilərək yeni, müstəqil mənalar yaratması faktlarıdır. Mənim düşüncəmə görə, biz hələ belə sözləri işlətməyə alışmamışıq, vərdiş etməmişik, məqamı gələndə “qulağımızı deşən” belə sözləri işlədəcəyik. Məsələn, belə çıxır ki, ehsandeyən demək olar, ehsandemə işlətmək olmaz. (s. 205), “dilənçipayıalma”, “elçiolma” sözlərinin də lüğətdə işlənməsi etiraz doğurmamalıdır.

Bir faktı da yada salım ki, vaxtilə “bildiriş, çıxarış, veriliş, vurğu, durğu” sözləri uydurma – “purizm” hesab edilsə də, indi dilimizdə işlədilir və tam təbii hesab edilir.

Ümumiyyətlə, indiki zamanda elmi problemlərin köklü həlli çox asan və əlverişli hal alıb. İnformasiya texnologiyaları, kompüter proqram təminatları bizə bu imkanları hədsiz verir. Elə buradan çıxış edərək, mən, təklif edirəm ki, orfoqrafiya lüğətinin çap variantından müvəqqəti olaraq imtina edilsin, yalnız elektron formada, Azərbaycan dilinin elektron söz bazası qurulsun, bir müddət həm lokal, həm virtual məkanda təkmilləşmə dövrü keçsin, lazım olan məqamlar həm virtual məkanda ictimai, həm də elmi platformalarda müzakirəyə çıxarılsın, ciddi mübahisə doğuran məsələlər dərhal, tam həllini tapdıqdan sonra lüğətin çapı həyata keçirilsin.

Bütün əlaqədar təşkilatlar, gəlin, birgə çalışaq, bu sahədəki çətinlikləri, mürəkkəblikləri dəf edək, düzgün olmayan, sözün geniş mənasında bütün vasitə və yolların cəmi və yekunu olan orfoqrafiya qaydalarını dürüstləşdirmək üçün istifadə olunan prinsipləri – fonetik, morfoloji, diferensial, etimoloji, tarixi-ənənəvi, şərti prinsiplərə riayət edərək “ideal” orfoqrafiya lüğəti yaradaq. Bu elmi prinsiplər daim düzgün yazının inkişafına xidmət göstərsin.

Ölkə.Az

Site Footer