Kinoteatrların dublyaj problemi həllini tapmır

Niyə Azərbaycan kinoteatrlarında əcnəbi filmlər ana dilimizdə təqdim olunmur?

BAKI, 27 okt — Sputnik. “Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar Azərbaycan dilini saymır, dilə hörmət etmir. Bu, həm qanun pozuntusu, həm də dilin daşıyıcısı olan xalqa hörmətsizlikdir”.

Bunu Sputnik-ə açıqlamasında, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu demişdi. O, kinoteatrlarda dil normativlərinə əməl olunmamasının qəbuledilməz olduğunu bildirmişdi.

Bəs, bu problem milli qanunvericiliyimizdə necə tənzimlənir? Hüquqşunas Səməd Vəkilov Sputnik-ə şərhində deyib ki, Azərbaycan Respublikasının “Dövlət dili haqqında” Qanunda xüsusi bir norma yoxdur: “Kinoteatrlar haqqında xüsusi qanun yoxdur. Ona görə kinoteatrlarda xarici dildə filmin nümayişinə qadağa qoyula bilməz. Amma dövlətin apardığı dil siyasətinə uyğun olaraq balans qorunmalıdır, Azərbaycan dilində filmlər daha çox nümayiş olunmalıdır və xarici filmlərin altyazılarla nümayiş olunması mütləqdir”.

Qanunvericiliyin kinoteatrlara qazandırdığı imkan bəlli olur. Amma, bir də ədalət tərəfi var. Kinoteatrların doğma dilimizə qarşı bu cür münasibəti nə dərəcədə ədalətlidir?

“Nizami” kinoteatrının mətbuat xidmətinin rəhbəri Arzu Əhədova Sputnik əməkdaşı ilə söhbətində bildirib ki, onlar ilk dəfə, əcnəbi filmlərin tam dublyaj olmasa da, Azərbaycan dilində subtitrla (altyazı) nümayişini təşkil ediblər: “Mədəniyyət və Tuizm Nazirliyinin son qərarlarından biri də odur ki, kinolar kinoteatrlarda, ən azı subtitrlarla verilməlidir. “Nizami” kinoteatrında da xarici filmlərin 80 faizi altyazılarla tamaşaçılara təqdim olunur. Nadir hallarda bizdən asılı olmayaraq, elə filmlər olur ki, onları altyazısız təqdim etmək məcburiyyətində qalırıq”.

“Gələcəkdə filmlərin dublyaj olunması nəzərdə tutulur. Dublyaj baha başa gəlir və kinoteatrların da dublyaj studiyaları olmadığından, hələ ki dublyaj etmək mümkün deyil. Amma gələcəkdə bu məsələ reallaşa bilər”, — kinoteatr sözçüsü bildirib.

karikatira

A. Əhədova onu da qeyd edib ki, Avropa istehsalı olan filmləri Ukraynadan rəsmi dillerdən alırlar: “Biz bir neçə dillerlə müqavilə imzalamışıq. Müqaviləyə əsasən, filmlərin altyazılı versiyasını bizə təqdim edirlər və bizim filmlərə hər hansı müdaxilə etmək hüququmuz yoxdur. Azərbaycanda da kino bazarının həcmi böyük olmadığından, dillerlər filmləri dublyaj edib göndərməkdə maraqlı deyil”.

Onun sözlərinə görə, əslində kinoteatrların özləri Azərbaycan dilində filmlərin nümayiş etdirilməsində maraqlıdır: “Əhalimizin böyük əksəriyyəti Azərbaycan dilində danışır. Bu baxımdan, biz də istəyərik ki, filmləri öz dilimizdə nümayiş edək. Amma kino mətbəxində bacardığımız, hələ ki altyazılı filmlərin nümayişidir”.

“Cinema Plus” LLC-nin PR meneceri Nara Həsənova da Sputnik-ə açıqlamasında, dublyaj məsələsinin onlardan asılı olmadığını deyib: “Filmlərin altyazılarla verilməsi çətin iş deyil. Biz əcnəbi filmləri subtitrlarla alırıq. Çünki, bu, istehsalçının üzərinə düşən öhdəlikdir”.

N. Həsənova, həmçinin əlavə edib ki, xarici filmlərin çəkildiyi dildə təqdim olunmasının əsas səbəblərindən biri də ölkəmizə gələn əcnəbi turistlərin sayının artması ilə əlaqədardır.

Site Footer