“Nəsihətdən anlamadılar, cəzalandırmaqdan başqa yol qalmır”

blog_sputnik

Bu məmləkətdə heç kim bir-birinin dilindən anlamır və ya dilinə diqqət etməyənlər cəzalandırıla bilər.

BAKI, 25 okt — Sputnik. “Azərbaycanda ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsi tətbiq olunmalıdır”. Bir neçə gün öncə, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu belə təkliflə çıxış edib.

Məsələni Sputnik-ə şərh edən AMEA Dilçilik İnstitunun keçmiş direktoru, professor Qulu Məhərrəmli hesab edir ki, dilin düzgün işlədilməsi inzibati qaydalarla yox, sevgi ilə mümkündür: “Milli heysiyyata bağlı olan dil təəssübkeşliyi və içdən gələn sevgi olmasa, biz bu sahədə uğur qazana bilməyəcəyik. Üstəlik, yol hərəkəti sistemindən fərqli olaraq, biz hələlik dil normaları ilə bağlı qaydaları mükəmməl şəkilə salmamışıq”.

Professor onu da qeyd edib ki, əvvəllər də “dil polisi” yaratmaq, ədəbi normaları pozanları cərimə etmək barədə təşəbbüslər olub: “Amma yaxşı ki, bunlar müzakirə səviyyəsindən o yana getməyib”.

Filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu isə ədəbi dilin normalarını pozanların cərimələnməsi təklifinə müsbət yanaşır. “Dil normalarının pozulmasına qarşı Dilçilik İnstitutu müxtəlif tədbirlər həyata keçirib. Məsələn, İnstitut mediada, ticarət obyektlərində dil normalarını düzəltmək üçün, onlara tövsiyyə xarakterli məlumatlar göndərirdi. Amma bu tədbirlərlə, zaman keçsə də, heç bir nəticə əldə etmək mümkün olmadı. Artıq başqa variant qalmadı və ona görə bu təklif irəli sürüldü”, — o, Sputnik-ə açıqlamasında bildirib.

C. İsmayıloğlu onu da bildirib ki, bir çox kinoteatrlarda dil normativlərinə əməl olunmur: “Ölkəmizdə fəaliyyət göstərən kinoteatrlar Azərbaycan dilini saymır, dilə hörmətsizlik edirlər. Nümayiş etdirilən əksər filmlər əcnəbi dildə – adətən rus dilində, dublyajsız və ya altyazısız təqdim edilir, heç afişalar da dövlət dilinə tərcümə edilmir. Bu həm qanun pozuntusudur, həm də dilin daşıyıcısı olan xalqa hörmətsizlikdir. Düşünürəm ki, ədəbi dilin normalarını pozanlara qarşı cərimə tətbiq edilməsinə kinoteatrlardan başlamaq lazımdır.”

“Cərimələr cəmiyyətdə sınanmış vasitədir. Ona görə də hesab edirəm ki, cərimələr bəzi insanların qayda pozuntusundan çəkinmələrinə səbəb olar”, — dilçi alim vurğulayıb.

Onun sözlərinə görə, icra hakimiyyətlərinin tərkibində, ticarət obyektlərində ədəbi dil normalarının pozulması ilə mübarizə aparan xüsusi idarə var: “Amma onların fəaliyyəti effektsizdir. Çünki, həmin idarədə dil normalarına nəzarət ən axırıncı yerdə durur və ona görə də belə hallar tez- tez baş verir. Və bu da cərimələrin tətbiq edilməsini zəruri edir”.

sputnik.az

Join the discussion

“Kredo” qəzeti