Azərbaycanda dil situasiyasına təsir edən amillər

Müasir çoxmillətli bir cəmiyyətdə dilin vəziyyətini araşdırmaq həm çətin, həm də əhəmiyyətlidir. Dil siyasəti və situasiyasının başlıca meyillərini üzə çıxarmaq, onun təsir etdiyi amilləri müəyyənləşdirmək tədqiqatçıdan güclü bilik və maraq kəsb edir. Hazırda Azərbaycanda dil situasiyasını və buna müvafiq elmi-nəzəri baxımdan əsaslandırılmış dil siyasətini obyektiv olaraq formalaşdırmaqdan ötrü gələcəyə istiqamətlənən bir konsepsiya hazırlanmalıdır. Həmin konsepsiya həm linqvistika elminin, dilin tədrisinin çağdaş səviyyəsini, sosial faktorları, bununla yanaşı dövlətin strateji maraqlarını nəzərdə tutmalıdır, bu günün tələbləri ilə səsləşsin. Bu konsepsiya yaxın və uzaq gələcəyi də diqqətdə saxlamalı, dilimizin və dilçiliyimizin inkişafı haqqında müstəqillik illərində dövlətin qanun, sərəncam və proqramlarında əks olunan əsas tezisləri ehtiva etməlidir.

Ölkəmiz dil siyasətinə xüsusi diqqət yetirir. Milli kimlik və hər bir azərbaycanlının təbiəti Azərbaycançılığa, milli xarakter və dünyagörüşü ilə əlaqəli formalaşmışdır. Bu amil də dil siyasətinə əsaslanır. «Hər kəs ünsiyyət, tərbiyə, təhsil və yaradıcılıq dilini sərbəst doğma ana dilində istifadə etmək hüqüquna malikdir» Bu dil hüquqları dil situasiyası şəratində ölkəmizdə həyata keçirilir. Dil siyasətinin prinsipləri imkan verir ki, dillərin sərbəst və bərabər inkişafı təmin olunsun. Dilin qorunması və inkişafı haqqında ünvanlı proqramlar həyata keçirilsin. Belə bir inkişaf dilimizin fəaliyyətini təmin etsin. Bu baxımdan dil siyasəti forması bərabər imkanlar prinsipləri, dili və kommunikativ enerji resurslarının potensialını təşkil edən bütün komponentlərin həyata keçirilməsi üçün müəyyən şərait yaradır.

Hazırda Azərbaycan respublikasında bir sıra balanslaşdırılmış dil situasiyasının yaradılması sahəsində irəliləyiş əldə edilib. Azərbaycanda dil xəritəsi yaradılmalıdır. Bu, qloballaşma şəraitində çox vacib məsələlərdəndir. Azərbaycana yaxın olan Şimali Qafqaz və Dağıstan müxtəlif dil zənginliyi və etnik dil müxtəlifliyi ilə fərqlənir. Mədəni-ticari əlaqələr orada yaşayan xalqlarla azərbaycanlılar arasında geniş yayılıb. Etnik dilin zənginliyi ilə seçilən Qax, Zaqatala, Balakən və s. rayonların sakinlərinin də danışıq mədəniyyətinə bunlar təsirsiz ötüşmür. Etno-sosial sorğuların nəticələrində göstərildiyi kimi, Azərbaycanın bu bölgələrində qarışıq bir dil hakimdir (danışıq dil). Etno-linqvistik vəziyyət, demək olar ki, Azərbaycan dilində danışanların nitqini «pis vəziyyətə qoyub». Bununla belə, burada yaşayan xalqlar öz dilini də qorumağa can atır və bu milli dilin etno-siyasi inkişafının gələcəyini və öz xalqının yaşayış ərazisindəki statusunun təmin olunmasına çalışır. Bu bölgələrdə aparılan dil siyasəti isə bir qədər kortəbii xarakter daşıyır. Dil haqqında proqramların tələblərində demokratikləşmə yolunda (məsələn, lak xalqı) onların istəkləri, milli və bəşəri dəyərlərin qoruması kimi dəstək və konsolidasiya vardır. Dağıstan ərazisində hər bir xalqın dil suverenliyinin təmin edilməsi, milli dilin tətbiqi dil siyasətinin siyasiləşdirilməsi və milliləşdirilməsi mühüm element kimi görünməkdədir. Ona görə də bu azlıqda yaşayan dillərin reytinqi xeyli azalmaq üzrədir. Bunun səbəbləri çoxdur (milli dildə dərsliklərin və digər tədris vəsaitlərinin olmaması, məktəblərin zəif resurs bazarı və s.). Bu səbəbdən də həmin ərazilərdə insanlar öz doğma ana dilini mənimsənilməsində heç bir maraq nümayiş etdirmir. Öz növbəsində, etnik və konservasiya parametrləri də doğma ana dilinin qorunması ilə bağlı formalaşır. Son illərdə dilin vəziyyətində əmələ gələn dəyişikliklər təhsil sisteminə, milli kimliyə və ana dilinin tanınmasına öz mənfi təsirini göstərir.

Görkəmli dilçi-alim F.Veysəllinin bu işlərin görülməsi üçün irəli sürdüyü fikirləri əsaslı şəkildə biz də qəbul edirik. «Bunun üçün ilk növbədə ölkəmizdə dil situasiyası dərindən təhlil olunmalı, onun real mənzərəsi bütün incəliklərilə ortaya qoyulmalı və yalnız bundan sonra dil siyasətilə bağlı konkret sənəd hazırlanmalıdır»

F.Veysəlli bu gün müstəqil Azərbaycan Respublikasındakı dil situasiyasını belə ümumiləşdirir:

-sabitləşmiş dil situasiyasından (ikidillilik şəraiti, rus dili) üz çevirib yenisinə alışmaq nə qədər enerji və vaxt tələb edir. Elə bu səbəbdəndir ki, Respublikamızın paytaxtı əhalisinin xeyli hissəsi bu gün də rus dilində oxuyur, düşünür və bunu da özlərinə şərəf bilirlər. İmperiya dağıldıqca da, onun güclü varisi öz ədası və ambisiyaları ilə qalmaqdadır. Bütün bunlar Azərbaycanda rus dillilərin hələ də dil situasiyasının formalaşmasında rol oynamalarını təsdiqləyən amillərdəndir.

-qlobal şəraitdə olduğu kimi, dil situasiyasında da amerikan-ingilis düşüncə tərzi və ingilis dili kommunikativ cəhətdən aktuallıq kəsb etməyə başlayır.

-dil situasiyasının müstəqilliyin ilk dönəmində istiqaməti türk dili oldu. Bu meyil həmin dillə Azərbaycan dilini qovuşdurdu. Yüzdən çox türk sözü indi Azərbaycan dilində, xüsusən də mətbuat dilində işlənməyə başladı (olay, yetərsay və s.).

-dil situasiyasının bir istiqaməti də ərəb dilidir. İmperiya dövründə əlimizdən alınmış vicdan azadlığı özümüzə qayıdandan sonra islam dininin əsas daşıyıcısı olan ərəb dili həyatımıza daha geniş miqyasda və əhatədə olmağa başladı. Ərəb dili bu gün xeyli sayda gənclərin təhsil dili oldu, ərəb ölkələrində təhsil alan gənclər Azərbaycanda dil situasiyasına güclü təsir edən qaynaqlardan birinə çevrildi.

-Azərbaycanda dil situasiyasına təsir edən başqa bir amil İran İslam Respublikası və onun dövlət dili olan fars dilidir. Bəllidir ki, İranda bizim 30 milyondan çox dil bir qardaşlarımız yaşayırlar. Onlarla ünsiyyətin önəmi böyükdür. Bununla belə bu ölkədə dil situasiyası pozulmuş, ana dilindən (Azərbaycan dilindən) istifadə xeyli dərəcədə məhdudlaşdırılmışdır.

-bütün bu sadalananlardan kənarda qalan dil mühiti doğma Azərbaycan türkcəsidir. Bu gün Kütləvi İnformasiya Vasitələrində, parlamentdə səslənən dil müasir Azərbaycan dilidir. Öz əlvanlığı, şirinliyi, zəngin qrammatik quruluşa, ifadə vasitələrinə malik olan dil-Azərbaycan dilidir.Onun bir dövlət dili kimi qorunmasında Azərbaycan hökuməti əlindən gələni əsirgəmir.

F.Veysəllinin dil situasiyası haqqında fikirlərini bəzi dəyişmələrlə burada əks etdirdik. O, ölkəmizdə dil siyasəti deyəndə Azərbaycan dilinin milli etniklərin dillərinə və xarici dillərə münasibətinin qanun şəklində nizamlanmasını nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması ayrıca maddə ilə təsbit olunmuşdur. Amma bu gün respublikamızda kargüzarlıq, təhsil, qanunvericilik, ticari-mədəni və s. fəaliyyətlərimiz yad dillərdə də (rus, ingilis və s.) aparılır.

Qeyd olunduğu kimi, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və həmin dövlətin ərazisində bu dil ünsiyyət dilidir. Xaricdən qonaq gələnlər də məhz bu dili başa düşüb az olsa danışmalıdırlar.

Bu dil həm də davranış dilidir. Etnik qruplar, sərhəd bölgəsində yaşayan xalqlar Azərbaycan dilindən davranış dili kimi də istifadə edə bilərlər. Gürcüstanın Borçalı mahalında yaşayan azərbaycanlıların dövlət dili gürcü dilidir, orada Azərbaycan dili onların ana dili olsa da, ünsiyyətdə bu dil onlar üçün davranış dili kimi müəyyənləşdirilə bilr. Azərbaycan ərazisində yaşayan bütün etnik qruplar üçün Azərbaycan dili həm dövlət dilidir, həm də müxtəlif azlıqların nümayəndələri öz aralarında Azərbaycan dilindən davranış dili kimi istifadə edirlər.

Qloballaşma prosesi tarixə daha yeni bir eranın başlanması kimi daxil olub, univrsal səciyyə və məzmun qazanan ümumi qanunauyğunluqların və qanunların ifadəsini təbiiləşdirmişdir. Bu prosesdə inteqrasiya bir çox hallarda artan və genişlənən xətlə baş vermişdir.Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir ki, həyatın, varlığın forması olan dil situasiyası, dil siyasəti Azərbaycanda yeni inkişaf pilləsinə qədəm qoymuşdur. Dil situsiyası indi dəyişkən xarakter daşıyır.

İndi dil situasiyası bir sıra sosial problemlərlə üz-üzədir. Qloballaşma hadisəsi birbaşa dilə öz təsirini göstərməkdədir. İndi qərbin təsiri ilə ingilis alınmaları türkcələrdə daha çox görünür.

Dünyada gedən inteqrasiya proseslərini nəzərə alsaq, Azərbaycanda gənc nəslə dilin aşılanması, bu işin təkmilləşməsinə güclü ehtiyac yaranmışdır.

Azərbaycanda yeni dil siyasətinin təkmilləşdirilməsi sahəsində xeyli işlər görünür.Dövlət tərəfindən dilə qayğı böyükdür. Amma bəzən Azərbaycan dili etnik şəraitdə böyük təhlükə ilə üzləşir. İndi bu dilin daha çox qayğıya və müdafiəyə ehtiyacı vardır.

İndi dilimizdə ənənə və yenilik özünü göstərməkdədir. Biz çalışmalıyıq ki, dilimizdə insan ölçüsü, insan amili qorunsun. Dili xarici təsirlərdən qorumağı bacarmalıyıq. Rus dilindən istifadə nisbətən atmaq üzrədir.

İnternet resursları və Azərbaycan dili xüsusi qanun və qaydalar ilə fəaliyyət göstərir. E-maillərin dili təkmilləşir. Mədəniyyətlər mühüm dil məkanında inkişaf edir. Dilin zəruri şərtləri və mədəni cəmiyyətin, milli kimliyin əsasları formalaşır. Amma bəzi narahatedici amillər özünü göstərir. Milli dildə yayımlaın ümumi məbləti artıb. Milli yayım kanalları öz fəaliyyətini uğurla davam etdirir. Dövlət dəstəyi normal durumdadır. Hiss olunur ki, qəzetləri oxuyanlar azalıb. Odur ki, qəzetlərin tirajları da azalır.

Azərbaycanda həqiqətən də dil vəziyyəti, dil situasiyasıv unikaldır. Dildən istifadə də genetik müxtəliflik mövcuddur. Azərbaycanın bölgələrində ləzgi, talış, qismən də tat dillərindən ailə-məişət dairəsində istifadə normaldır. Bəzən, həmin bölgələrdə xüsusən də Dağıstan ətrafı ərazilərdə, Xaçmaz da, Xudatda statistik hesablamalara görə rus dilindən istifadə çoxalır. Amma Azərbaycan dili mənəvi fəaliyyət sahəsində təhsil dilinə çevrilib. İş yerlərində istifadə olunan əsas dil Azərbaycan dilidir. Azərbaycan dilinin üstünlüyü ziyalı nəslinin əhəmiyyətli qatının yetişməsinə gətirib çıxarmışdır. Azərbaycan dili ilə öz xalqının milli mədəniyyətinə maraq genişlənmişdir. Sosial proseslərin inkişafı, yerlərdə etnik dillərdən istifadə milli-optimal və ahəngdar inkişafa yönəlmiş yeni bir dil siyasətinin formalaşdırılması zərurətinə gətirib çıxarmışdır. Bu sahədə qanunlar tənzimlənir.Dilin inkişafı Dövlət Proqramının mərkəzində dayanır. Bu qanuna uyğun olaraq yanlış dil siyasəti bəzən problemlər doğurur, dil fəaliyyəti, sosial funksiyaların inkişafı dildə iyerarxik sisem yaradır.

Etnik dillərdən istifadə hüququ var. Hər kəs ünsiyyət prosesində öz dilindən ailə-məişətdə istifadə edə bilər.

Müasir dil siyasətinin bir xüsusiyyəti müasir cəmiyyəti yeni reallıqlara uyğunlaşdırmaq üçün etnik dil və mədəniyyətləri də qorumağa imkan və şərait yaratmasıdır. Dünyada gedən inteqrasiya prosesləri bu baxımdan nəzərə alınmalıdır.

Müxtəlif lüğətlərin elektron versiyasının hazırlanması qloballaşma şəraitində Azərbaycan dilinin yad təsirlərə müqavimət göstərməsində həlledici qaynaq kimi dəyərləndirilə bilər.

Beləliklə, Azərbaycanda dil situasiyasını təhlil edib öyrəndikdən sonra dil siyasətini də müəyyənləşdirmək mümkündür.

Dil siyasəti layihəsi hazırlanarkən bu deyilən fikirlər də nəzərə alınmalıdır.

Beləliklə, müstəqillik illərində Azərbaycan respublikasında dil situasiyası xeyli dərəcədə dəyişmələri ilə xarakterizə olunur. Sosial inkişaf, zamanın dəyişdirilməsinə uyğun olaraq ictimai-siyasi dəyişikliklər həmin vəziyyətə də öz təsirini göstərir.

Dilin vəziyyətini qorumaq üçün görülən tədbirlər kimi müəyyən edilir ki, dil siyasəti səlahiyyətləri daxilində müxtəlif kommunikativ məqsədlər həyata keçirilir. Çoxmillətli cəmiyyətdə yalnız dil siyasətinin xeyrinə işlər görülür. Müasir dil siyasətinin əsas xüsusiyyətlərindən biri müasir cəmiyyətin yeni reallıqlarına uyğunlaşmaqdır. Etnik dil və mədəniyyətləri qorumaq da qarşıda duran məsələlərdəndir. Bu baxımdan dünyada gedən inteqrasiya prosesləri nəzərə alınır, ölkədə gənc nəslin dil tədrisinin təkmilləşdirilməsi üçün ehtiyac olan işlər görülür.

Dilimizin hüquqi, sosial-iqtisadi və mədəni statusu genişləndikcə o, ictimai funksiyaları da uğurla həyata keçirir, ana dilinin təhsili üçün bütün şərait yaradılır (iş, media, təhsi, mədəniyyət və s. sahələrdə istifadə)

Avropa ölkələrində dilin vəziyyəti nəzərə alınsa, bizdə dil müxtəlifliyi mürəkkəb bir şəraitdədir. Bu gün qloballaşan dünyada təhsil kontekstində dominant (əlavə) dl müəyyən olunur. Dil seçiminə təsir edən mühüm amil ölkədə milli azlıqların dillərinin regional səviyyədə hüquqi status alması məsələsidir ki, bu da Azərbaycan Konstitusiyasında öz həllini tapa bilmişdir. Burada müəyyən bir sosial-iqtisadi və demoqrafik disbalans inkişaf etdirilmişdir.

Beləliklə, Azərbaycanda dil hüquqlarının müdafiəsi və qorunmasını lazımi mədəni irsin bir hissəsi kimi qiymətləndirmək olar. Hökumət və qeyri-hökumət təşkilatlarının konstruktiv və ardıcıl işləri müasir dilimiz üçün bir şüurlu münasibətin formalaşmasını təmin etmişdir.

Beləliklə, müstəqillik şəraitində öz xalqının milli mədəniyyətinə maraq, sosial proseslərin inkişafı Azərbaycanda da optimal və ahəngdar inkişafa yönəlmiş yeni bir dil siyasətinin formalaşdırılması zərurətinə gətirib çıxarmışdır. Bunun reallığı görünməkdədir.

Ədəbiyyat

  1. Veysəlli Fəxrəddin. Seçilmiş əsərlər. 3, Bakı-Mütərcim-2016, s.181-185

 

 

Cahid İsmayıloğlu
filologiya üzrə fəlsəfə doktoru

(I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda Beynəlxalq Konfrans)

Site Footer