Cahid İsmayıloğlu: “Gənclərimiz bir çox hallarda mövcud imkanlardan yetərincə yararlana bilmir.”

7 Nərimanov rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İslahatçı Gənclər” İctimai Birliyi “Vətən mənə oğul desə nə dərdim…” adlı Milli Qəhrəmanların təbliğinə həsr edilmiş www.qehremanim.az portalının təqdimatı və ictimai müzakirə keçirib. Tədbirdə çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı layihə haqqında geniş məlumat verib. O bildirib ki, Vətən uğrundan şəxsi igidlik nümunələri göstərmiş Milli Qəhrəmanlarımız hər bir Azərbaycan gənci üçün nümunədir. Fərid Şahbazlı vurğulayıb ki, layihə çərçivəsində maarifləndirici materiallar, internet saytı, video-roliklər hazırlanıb: “”Vətən mənə oğul desə nə dərdim” adlı layihə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin Milli Qəhrəmanların geniş şəkildə tanıdılması, onların keçdiyi şərəfli həyat yolunun təbliği vasitəsilə həyata keçirilməsini hədəfləyir”. Daha sonra çıxış edən Millət vəkili Qənirə Paşayeva, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Gənclər Fondunun nümayəndəsi Aişə Məhərrəmova, Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə, AMEA Dilçilik İnsititutu Gənc Alimlər Şurasının sədri Cahid İsmayıloğlu torpaqlarımızın 20 faizinin düşmən işğalında olduğu bir məqamda Azərbaycan gənclərinin üzərinə daha böyük məsuliyyətin düşdüyünü, gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyəsinin zəruriliyini qeyd ediblər. Natiqlər vurğulayıblar ki, Milli qəhrəmanların təbliğinə həsr edilmiş portal bu mənada mühüm əhəmiyyət kəsb edir.

Cahid İsmayıloğlu vurğulayıb ki, “hələ 10-15 il bundan öncə qarşıma bir məqsəd qoymuşdum – internetdə Azərbaycan mədəniyyətinin, tarixinin, ədəbiyyatının, dilinin, qəhrəmanlarının, aydınlarının, Qarabağ həqiqətlərinin təbliğini aparam. O zaman bu işlər çox çətin idi. Evdə internet bağlantısı bir qırağa, heç kompüterimiz yox idi. O vaxtkı nəsil bilir, IREX/IATP proqramı çərçivəsində vaxt məhdudiyyəti olmaqla havayı internet istifadə edə bilirdik. Hətta çox vaxt saxta yollara əl atırdıq ki, pulsuz internetdən daha çox yararlanaq, pulsuz domain, hostinq xidməti göstərən saytlara, forumlara daha çox məlumatlar yükləyək. Hələ bu məlumatları əldə etmək üçün nə qədər çətinliklərdən keçirdik – dövlət qurumlarının, kitabxanaların, nəşriyyatların qapısında ağac olurduq. Əksəriyyət bizə gülürdü, ciddi qəbul etmirdi, internetin lazımsız, ancaq əyləncə vasitəsi, təhlükəli bir şey olduğuna inanırdılar, ideyalarımıza dəstək vermirdilər. Şükürlər olsun ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu fəaliyyətdədir və gənclərə hər cür şərait yardılıb, ideyalara birbaşa dəstək verilir. Ancaq, indi də başqa bir problem görürəm – gənclərimiz bir çox hallarda bu imkanlardan yetərincə yararlana bilmirlər.”

Qeyd edək ki, tədbirin keçirilməsinə Nərimanov rayon Gənclər və İdman İdarəsi dəstək verib.

 

10 

 9 

 8

Join the discussion

“Kredo” qəzeti