I Türkoloji Qurultayın dil quruculuğuna təsiri

Xalqımızın tarixində XX yüzilin 20-ci illəri milli özünüdərkin, milli ləyaqətin keyfiyyət etibarı ilə yeni mərhələsini təşkil edir. Məhz bu mərhələdə ədəbi dilin funksional üslublarının da imkanları genişlənir.
“Dil hər bir millətin ən ümdə atributudur: millət varını, dövlətini, hətta ərazisini itirə bilər və bununla belə yenə də yaşayar, lakin millət dilini itirəsi olsa, onun izi-tozu qalmaz” (F.Köçərli)
Keçən əsrin 20-ci illəri (1920-ci illər) Azərbaycan ədəbi dilinin intensiv inkişafı, yeni formada milli dilə transformasiyası dövrü kimi kimi səciyyələnir.
I Türkoloji Qurultay türk xalqlarının, həmçinin Azərbaycan xalqının həyatında mühüm sosial-siyasi və mədəni bir hadisə kimi yadda qalmışdır. Qurultay dolayısı ilə türk xalqlarının qısa zaman kəsiyində Avropa mədəniyyətinə və elminə inteqrasiyasına, həmçinin də mütərəqqi Avropa xalqlarının ümumtürk mədəniyyəti və elmi ilə yaxından tanış olmasına zəmin yaratdı.
I Türkoloji Qurultaydan (1926) sonra dil quruculuğu sahəsində yeni addımlar atılır. 1929-cu ildə I Orfoqrafiya konfransı keçirilir və burada orfoqrafiya qaydaları müzakirə obyektinə çevrilir. Həmin ildə latın əlifbası ilə 20 min sözü əhatə edən «İmla lüğəti» nəşr edilir. 20-ci illərin polemik ab-havası bu lüğətdə də əksini tapır; ələlxüsus da alınma sözlərə münasibətdə ikilik nəzəri cəlb edir – sözlər lüğətlərdə iki formada əks olunur.
Qurultaydan sonrakı dövrlərdə ərəb əlifbasından yavaş-yavaş imtina edilməsi ahəng qanununun qrafik cəhətdən faktlaşmasına yardım etdi, ələlxüsus da saitlərin konkret olaraq göstərilməsinə şərait yaradılmaqla sözün vokao əsasının olduğu kimi təzahür olunmasına imkan yarandı. Həmin dövrdə Azərbaycan ədəbi dilinə dialektlərin təsiri saitlərlə əlaqədar bir çox fonetik dəyişmələrlə səciyyələnir. Məs.: işıq-ışıq, irmaq- irmaq, ov-av, sovurmaq-savırmaq və s.
Qurultaydan sonra ədəbi dilin başqa məsələləri ilə nisbətdə əlifba məsələsinin müzakirəsinə çox yer ayrılır. Bu, əlbəttə, təbiidir, ona görə ki, bu məsələ həll olunmadıqca, ədəbi dilin başqa məsələlərini düzgün həll etmək, eləcə də dil quruculuğu sahəsində tədris-metodiki işləri nizamlamaq çətin olar.
1929-cu il yanvarın 1-dən Azərbaycan dili yazısından ərəb əlifbası çıxarılır və latın əlifbası əsasında tərtib edilmiş yeni əlifba qəbul edilir, “Şərqdə mədəni inqilab” baş verir.
“Yeni yol” qəzeti yazırdı ki, I Bakı Türkoloji Qurultayı öz meyvələrini verdi, bunun ardınca dil quruculuğu sahəsində yeni-yeni işlər, tədbirlər görüldü. Latınçıların bu sahədə apardığı işlər diqqətdə idi.
I Bakı Türkoloji qurultaydan sonra 1927-ci ildə Krımda, 1928-ci ildə Səmərqənddə, 1930-cu ildə Almatıda imla konfransları, 1932-ci ildən başlayaraq keçirilən Türk Dil Konqresləri, 1976-cı ildə Almatıda, 1980-cı ildə Daşkənddə, 1988-ci ildə Aşqabadda keçirilən sovet türkoloji konqresləri I Bakı Türkoloji Qurultayının təsiri ilə keçirilmiş mühüm elmi tədbirlərdir.
Sovet hökumətinin dil quruculuğu sahəsindəki işlərinin elmi müzakirəsində və türk dilləri ilə əlaqədar konkretləşdirilməsində I Türkoloji Qurultayın böyük tarixi önəmi oldu.

Cahid İsmayıloğlu
filologiya üzrə fəlsəfə doktoru

“Müasir dilçiliyin aktual problemləri” (Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunur) mövzusunda Beynəlxalq elmi konfrans (24-25 noyabr 2016-cı il)

Site Footer