Heydər Əliyevin dil doktrinası

Dil siyasi arenaya insanların ünsiyyət aktı, yəni nitq aktı ilə bağlı daxil olmuşdur. Məhz bu tələbdən irəli gələn özünəməxsus kommunikativ mənafelərin varlığı sayəsində dil siyasi fenomen ola bilir. Və eyni zamanda siyasi təsisat və təşkilatların daxili həyatı da dil vasitəsilə təşkil olunur və nizama salınır. Bununla bağlı siyasi fəaliyyətin ixtisaslaşmış dili formalaşır ki, ona da sahib olmaq siyasi həyat meydanına atılmağın və orada müvəffəqiyyətli fəaliyyət göstərməyin ilkin zəruri şərtlərindən biri kimi çıxış edir.

«Dil siyasəti dil inkişafının gedişində cəmiyyətin şüurlu müdaxiləsinin nəzəriyyəsi və təcrübəsidir» (1)

Başqa bir alimin nöqteyi-nəzərincə, dil siyasəti dedikdə bütün dövlət (bütün ölkə, bütün dil kollektivi) miqyasında və müəyyən ünsiyyət şəraitində mərkəzləşdirilmiş qaydada funksional vahid olan dilə şüurlu və məqsədyönlü təsir nəzərdə tutulur» (2: 34)

Dil siyasəti dilin istifadə olunma xarakterinə-müəyyən sərhəd dairəsində isə onun strukturuna dövlət, sinif, partiya və istənilən sosial təşkilatların həyata keçirdiyi və onların ümumi siyasətinin tərkib hissəsi olan və məqsədlərinə müvafiq gələn şüurlu təsir tədbirlərinin sistemi kimi müəyyənləşdirilə bilər.

Sovet dövləti dağılandan sonra vahid dil siyasətinin formalaşma prinsipləri çərçivəsində yeni dil situasiyası, yeni dil planlaşdırılması siyasəti prioritet istiqamətə çevrilir, yeni kontekstdə dil siyasəti milli dövlət siyasətinin tərkib hissəsi kimi çıxış edir.«Dil xalqın ürəyidir» antroposentrik yanaşma meydana çıxır və dil situasiyası bu yöndə araşdırılmağa başlanılır.

XXI yüzilliyin əvvəllərində «dil siyasəti» və «dil situasiyası» terminlərinin mahiyyətidə də dəyişir, yeni keyfiyyətlər qazanır.

Dövlətin xarici və daxili dil siyasəti formalaşır. Dil siyasətinə 3 sfera-sahə mühüm təsir göstərir: mədəniyyət, ideologiya və kommersiya. Bu sferalar unikal dil situasiyasını yaradır. İdeologiya özü mədəniyyət, dil və kommersiya üzərində formalaşır. Yeni dövrdə dil planlaşdırılmasının çoxkomponentli modelləri əmələ gəlir.

Bu zaman geniş dairədə yeni dövrlə bağlı dilin nəzəri və praktik məsələlələrin həlli yolları meydana çıxır. Məqsəd və vəzifə:

– dilin hüquqi və faktik statuslarını təyin etmək;

– dil planlaşdırılmasının status və korpus mahiyyətini və mərhələlərini müəyyənləşdirmək;

– şəxsiyyətin etnik və dil identifikasiyasını müəyyənləşdirmək;

– Respublikada əhalinin etnik qruplarını dəqiqləşdirmək;

– etnik, dil şüurunu və dərketməni müəyyən etmək;

– dil konfliktinin mümkün olub-olmamasına aydınlıq gətirmək;

– dövlətin dil siyasəti və planlaşdırılmasının mahiyyətini və tipologiyasını müəyyənləşdirmək;

– dil siyasəti və dil planlaşdırılmiasının gerçəklikləşmə (reallaşmasına) vasitələrini və effektiv tədbirləri meydana çıxarmaq;

– dövlət dilinin dinamik funksional inkişafını, dilin törəmə və vital (həyati) problemlərini müəyyənləşdirmək. Bu kimi problematik məsələlər sosiolinqvistika elminin qarşısında duran prioritet vəzifələrdəndir.

Sosiolinqvistik məsələlər-dilin vital (həyatilik) və canlanma, yenidən doğulma, yüksəliş məsələləri, dildən istifadədə kateqoriyallaşma və s.bu sahədə ən aktual problemlərə çevrilmişdir.

Bizim tədqiqatdan əsas məqsəd zəngin emprik təcrübə əsasında, dil situasiyasının öyrənilməsi şəraitində, tədqiqi çərçivəsində müasir Azərbaycan dilinin bir dövlət dili kimi vital (həyati) xüsusiyyətlərini meydana çıxarmaqdır.

Azərbaycan Respublikasında yeni dil siyasəti Azərbaycan Respublikasının Konstituasiyasında, Dövlətin, Ölkə Prezidentinin dil haqqında verdiyi sərəncamlarda və digər sənədlərdə həyata keçirilir, uğurla yerinə yetirilir. Həmin sənədlərdə dil münasibətlərdə düzgün istiqamətdə requlyarlaşdırılır, nizama salınır.

«Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı»nda oxuyuruq: «Xalqımızın böyük oğlu Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı ilk vaxtlardan Azərbaycan ədəbi dilinə ayrıca diqqət yetirmiş, ana dilimizin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdu. Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan dil siyasətinin nəticəsidir ki, 1970-ci illərdə Azərbaycan dilinin tarixi intensiv şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır.(3:1)

Qeyd edək ki, 1995-ci ildə Azərbaycan dilinə tam dövlət dili statusu verilmiş, ana dilimiz cəmiyyət həyatının bütün sahələrində, o cümlədən xüsusən dövlət idarəçiliyində özünün həqiqətən də layiqli yerini tutmuşdur. Bu, Azərbaycan dilinin inkişafı, dövlət dili statusu alması uğrunda Heydər Əliyevin çoxillik və gərgin fəaliyyətinin ən yüksək zirvəsidir.

Heydər Əliyevin dil siyasətində sosiolinqvistik məsələlər əsas yerlərdən birini tutur. Buraya ana dili, dilçilik problemləri, dil və mədəniyyət, dil və millət, dil və tarix, dil və ədəbiyyat, dil quruculuğu kimi ən önəmli məsələlər daxildir.

Dil hər bir xalqın inkişafında, tərəqqisində əsas yerlərdən birini təşkil edir. Dil amili yaşam amilidir, mövcudluq amilidir. Odur ki, dahi rəhbərin dil doktrinasında dil amili öz xalqının, millətinin varlığı üçün digər amillərdən üstün tutulmuş və yüksəkdə dayanmışdır.

Heydər Əliyevin dil siyasəti haqqında respublikamızın tanınmış dilçi alimləri ona layiq olan fikirləri demişlər və bu haqda məqalələr, kitablar, dissertasiyalar yazılmışdır. A.Axundov, Y.Seyidov, N.Cəfərov, M.Yusifov, N.Xudiyev və başqaları.

Akademik A.Axundov yazır ki, dil və siyasət problemi bizim dövrümüzdə-milli azadlıq və müstəqillik uğrunda mübarizənin kəskinləşdiyi indiki zamanda xüsusilə diqqət mərkəzində olan problemlərdəndir. Müstəqil dövlətin dil siyasəti onun varlığı və inkişafı, gələcəyi məsələsidir. Təsadüfi deyil ki, yaşadığımız yüzillikdə, xüsusən ikinci yarıməsrdə Azərbaycanda dil siyasətinə xüsusi diqqət yetirilmişdir. Bu yeni dil siyasəti ilk növbədə Heydər Əliyevin adı ilə bağlıdır (4:19)

Nizami Cəfərov Heydər Əliyevə həsr etdiyi məqalələrdən biri «Azərbaycan dili və Heydər Əliyevin dil siyasəti» adlanır. O, bu məqalədə Azərbaycan dilinin müxtəlif səviyyələrdəki ifadə formalarını göstərir. Həmin təzahür formalarından biri «elmi-intellektual, yaxud beynəlxalq dil səviyyəsi»dir. Bu yöndə H.Əliyevin gördüyü işləri yüksək qiymətləndirən alim yazır ki, bu zaman dilin fəaliyyət miqyası milli hüdudları aşır, funksional üslubların inteqrasiyası özünü göstərir-elmilik, publisistlik, bədiilik, rəsmilik və s. çox zaman birlikdə, qarşılıqlı əlaqədə təzahür edir…Və elmi-intellektual, yaxud beynəlxalq dil ümumən dünya təfəkkürünün ifadəçisi kimi çıxış etmək iddiasında olur, çünki bu dildə müxtəlif xalqların düşüncə enerjisi ehtiva olunu… (5:337).

N.Cəfərov böyük rəhbərin dil siyasətinin əsasında aşağıdakı xüsusiyyətlərin durduğunu vurğulamışdır ki, bu fikirlərə biz də şərikik. 1) dilə milli mütəşəkkilliyin mühüm amili olaraq baxılması; 2) onun siyasi nüfuzunun gücləndirilməsi; 3) bütün bunların gerçəkləşdirilməsi üçün şəxsi təşəbbüslərə meydan verilməsi.

N.Cəfərovun fikrincə, H.Əliyevin dil siyasətinin əsas prinsipləri millilikdən, müasirlikdən, gerçəklikdən və ya praktiklikdən ibarətdir.(5:339)

H.Əliyevin ana dili sferasında qətiləşmiş mövqeyi dilin xalqın, millətin mövcudluğunda və həyatında həlledici amilə çevrilməsidir, bununla yanaşı ulu öndərin ana dilinə, onun zənginliyinə sonsuz sevgisidir: «Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. Bəlkə də bu dildə danışdığımıza görə öz dilimizin zənginliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu həqiqətdir (6: 4)

H.Əliyevin dil siyasətinin əsasını aşağıdakı cəhətlər də təşkil edir:

1.Təklif edilmiş adlardan imtğina və «Azərbaycan dili» kəlməsinin işləkliyi;

2.Azərbaycanın rəsmi dövlət dilindən milli müstəqilliyin göstəricisi kimi istifadə etmək; bu, Azərbaycan Respublikası rəsmi dövlət dinin inkişafını təmin edir;

3.Respublikada yaşayan azsaylı xalqlar, etnoslar öz etnik dillərindən müstəqil istifadə edə bilərlər və dövlət bu dil zənginliyini cəmiyyətin mədəni sərvəti kimi qoruub saxlayır, onun inkişafı üçün şərait yaradır. Lakin Azərbaycan dili dövlətin rəsmi kommunikasiya dilidir.

Beləliklə, Heydər Əliyevin dil siyasətinin əsas prinsipləri xəlqilik (demokratiklik-hər bir məsələnin həllində xalqın, o cüslədən geniş ziyalı kütləsinin rəyinin nəzərə alınması zəmnində); dəqiqlik, uzaqgörənlik (qlobal məqsədlərin əsas götürülməsi və hər hansı bir məsələnin həllində onun bütün cəhətlərini, keçmişini, bugününü və gələcəyini nəzərə almaq); dillə əlaqədar bütün məsələlərə münasibətdə obyektivlik (təmkinlə və ən vacibi, qanuna tam uyğun şəkildə həll etmək) xüsusiyyətləri ilə bağlıdır. Sözügedən siyasətin yöntəmləri (istiqamətləri) isə milli dil siyasətinə və digər dillərə münasibətdə meydana çıxır. Bu istiqamətlər bir-birilə sıx əlaqədə inkişaf edir.

Ədəbiyyat

  1. Григорьев В.П.Культура языка и языковая политика.\\ «Вопросы културы речи», вып.4, М.: 1963.
  1. Катагошина Н.А.Языковая политика и процесс кодификации норм письменно-литературных языков. – «Доклады советских ученых на VIII Всемирном социологическом конгрессе», М.: 1974.
  1. «Respublika» qəzeti, 24 may 2012-ci il.
  1. Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili. Bakı, Elm, 1998
  1. Cəfərov Nizami. Seçilmiş əsərləri. Beş cilddə, birinci cild, Bakı, «Elm», 2007.
  1. «Azərbaycan» qəzeti, 31 avqust 1997-ci il.

 

Cahid İsmayıloğlu Kazımov

AMEA Nəsimi adına Dilçilik İnstitutunun
elmlər doktoru hazırlığı üzrə doktorantı, filologiya üzrə fəlsəfə doktoru

 

Site Footer