Müstəqillik Şəraitində Azərbaycan Cəmiyyətinin Dil Həyatı Və Fərqli Sosiolinqvistik Şərtlərin Yaranması

The Language Life Of Azerbaijani Society And Emergence Of Different Sociolinguistic Conditions During Independence Period

Cahid İsmayıl oğlu Kazımov*

ÖZET

Kazimov Cahid İsmayil oğlu

Bağımsızlık ortamında Azerbaycan toplumunun dil hayatı ve farklı sosiolinqvistik şartların oluşması

Makalede sosyal hayattaki değişikliklerin dile etkisi incelenmiştir. Yeni ortamda dil politikasının içeriği ve temel yönleri ele alınmış, Azerbaycan’da dil situasiyasının farklı özellikleri gösterilmiştir. Bu gibi konuların öğrenilmesinin hayati önemi belli konular çerçevesinde esaslandırılmıştır.

Anahtar kelimeler: dil politikaları, dil situasiyası, sosyal-psikolojik nedenler, dil esaslar, ulusal diller.

 

SUMMARY

Jahid Ismayil Kazimov

The language life of Azerbaijani society and emergence of different sociolinguistic conditions during independence period

The article examines the changes in the social life and the influence of these changes on the language, clarifies contents and main directions of language policy in a new situation, denotes different characteristic features of language situation in Azerbaijan by strengthening the vital importance of studying such issues.

Keywords: Language Policy, Language situation, Social and Psychological Bases, Linguistic bases, National languages.

 

Başqa amillər kimi dil amili də cəmiyyətin həyatında önəmli rol oynayır; bu amil də cəmiyyətin elmi-mədəni, tarixi, iqtisadi-sosial tərəqqisini sürətləndirə və yaxud ləngidə bilər. Bu gün Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin bütün mərhələlərində dil amili də aparıcıdır; əlaqələri bu amil də saflaşdırır, möhkəmləndirir.

Cəmiyyətin dil həyatı da mürəkkəb hadisə olmaqla çox elementlərin toplusundan ibarətdir. Bu həm də bütün cəmiyyətin və ayrı-ayrılıqda hər bir adamın mənəvi tələbatını ödəmək üçün mənəvi dəyərlərin yaranması prosesidir.

Dil sferası təkcə ictimai-kütləvi və ya fərdi şüurun təzahürünə müncər edilmir və edilə də bilməz. Məsələnin qoyuluşu yeni quruluşun meydana gətirdiyi yeni dil siyasəti ilə bağlanır.

Dil siyasəti dövlət və hökumət içində dilin öz vəzifəsini yerinə yerirməsinə və inkişafına təsir göstərən sosial amillərdən biridir. Həmin siyasət dillərin və dil yarımsistemlərinin funkstonal təsnifinə öz təsirini göstərir. Bu siyasət sistem və yarımsistemlərin bir çoxunun ən yüksək səviyyəyə qalxmasına, digərlərinin isə yayılmasına, lokal dairədə istifadəsinə səbəb ola bilər, həm sistemin inkişafına təkan verə bilər, həm də inkişafın qarşısına kəsə bilər.

Dil siyasətinin əhatəli sosial fəaliyyət mahiyyəti cəmiyyətin dil həyatının inkişafı proseslərinə şüurlu, məqsədyönlü təsir göstərməyin yalnız elə cəhətlərini əhatə edir ki, onlar dövlət fəaliyyəti ilə birbaşa bağlıdır və qanun qüvvəsinə malikdir, ona görə ki, siyasət idarəçilikdə, hakimiyyətdə, qanunçuluqda və b.k.çıxış edir.

Dil siyasətinin tipləri adətən aşağıdakı əlamətləri ilə tətbiq olunur: 1) retrospektivlik (dil situasiyasının mövcud olmasının saxlanma oriyentasiyası); 2) perspektivlik (dil situasiyasının dəyişmə oriyentasiyası); 3) demokratiklik (ölkədə müxtəlif təbəqədən olan əhalinin marağı); 4) qeyri-demokratiklik ( elit təbəqənin yaxud demoqrafik və ya sosial, əsas etnosun marağı).

Dil siyasəti dövlətin, sosiyumun dilin problemləri haqqında ideoloji prinsiplərin və praktik tədbirlərin məcmusudur.

Dil siyasəti sayəsində görülən tədbirlər bir sistem xarakterlidir və qanunvericilik aktıdır. Bu akt dilin sosial məqsədini güdür. Əvvəlki ədəbi dil normalarının saxlanmasını yaxud dəyişdirilməsini aydınlaşdırır.

Azərbaycan dövlətinin dil siyasəti bu gün sosial-iqtisadi inkişafa, elmi-mədəni tərəqqiyə xidmət edərək cəmiyyətin dil həyatına müxtəlif vasiələrlə, yollarla öz təsirini göstərə bilir.

Dilin özünün, onun varlıq formalarının, müəyyən ünsiyyət məqsədi üçün dil vahidlərinin məqsədəuyğun seçimi dil siyasətinin bu gün də əsas və prioritet probmlərinə çevrilmişdir.

Bu gün dilin cəmiyyətdə funksiyaları genişlənib. Dünya ölkələrində «linqvistik dönüş» adlanan hadisələr baş verir, dil fenomeninə nəzəri və kütləvi marağın yeni dalğası qalxmaqdadır. Sanki cəmiyyət dili öz nəzarəti altına almış, onun ictimai yerlərdə və idarələrdə korlanmasına icazə vermir. Yəni həmişə olduğu kimi, bu gün də fəal fikir və düşüncə prosesində insan aktivliyinin ən əsas və ayrılmaz amili kimi məhz dil çıxış edir.

Cəmiyyət bu gün dildə gedən proseslərə biganə qalmır, həmin proseslərin (məsələn, işğal olunmuş ərazilərdə ermənilərin yer adlarımızı dəyişdirməsi, həmçinin də öz ərazimizdə bədi etik-mədəni şəraitə uyğun olmayan adların yeniləşdirilməsi, məsələn, Şabran, Oğuz və s. adların gətirilməsi) gedişatı ilə maraqlanır və mətbuatda öz fikirlərini bölüşürlər.

Müasir dövrdə Azərbaycan dilinin inkişaf qanunauyğunluqları sözügedən dilin sosial funksiyalarının genişlənməsi, lüğət tərkibinin inkişafı, qohum və xarici dillər arasındakı qarşılıqlı əlaqələrlə, dialekt əlamətlərinin aradan çıxması ilə, birdilliyin inkişaf etdirilməsi ilə, nəhayət bu dilin inkişafında cəmiyyətin şüurlu müdaxiləsinin kəskinliyi ilə xarakterizə olunur.

Bu gün cəmiyyətin sosial dəyişməsi ilə bağlı olaraq dildə də sosial yeniliklər baş verir. Cəmiyyətin köklü biçimdə dəyişməsi dil proseslərini də sürətləndirir. İstər-istəməz dil öz sosial funksiyalarını – birləşdirici, ayırıcı və təmərküzləşdirici funksiyalarının əhatə dairəsini genişləndirir.

Bizcə, dil siyasətində uğur əldə etmək üçün müəyyən məsələlərə təkcə dilçilik baxımdan yanaşmaq düzgün sayıla bilməz, bu prosesdə həm dilin ümumi inkişaf meyillərini nəzərə almaq, həm də sosioloji amilləri nəzər almaq lazım gəlir. Bəllidir ki, bu siyasədə xeyli sayda «qazanılmış» uğursuzluqların səbəbi (yeni normalar yaratmaq cəhdi, yeni ədəbi dillər üçün dialekt əsası yaratmaq, yeni sözlər, terminoloji ifadələr və s. formalaşdırmaq meyilli və s.) sosioloji və dil proqnozlaşdırılmasında yaranmış nöqsanlarla müşaiyət olunmuşdur.

Dil siyasəti-dövlətin dildə var olan funksional bölgüsünü dəyişmək və ya olduğu kimi saxlamaq barədə gördüyü tədbirlərin toplusudur. Bu gün Azərbaycan dövləti ana dilimizdə olan mövcud normaları (orfoqrafik, qrammatik, leksik, üslubi normalar və s.) ya qoruyur, ya da yeni normaları qəbul edir.

Ayrı-ayrı türk ədəbi dillərinin leksikonuna, danışıq sintaksisinə, diskurs və mətn səviyyələrinə bu gün yaxın və ən yaxın qohum dillərin, qohum olmayan xarici dillərin və ümumiyyətlə inkişaf edən və dəyişən sosiolinqvistik amillərin ciddi təsiri özünü göstərir. Həmin təsir bu dillərdə müxtəlif leksik və qrammatik yeniliklər, bəzən də qələti-məşhur xarakterli dəyişmələr olaraq da müşahidə edilməkdədir. Əslində müasir türk dillərində özünü göstərən həmin gəlişmə və dəyişmələr, hər şeydən əvvəl, müxtəlif sosiolinqvistik və ekstralinqvistik təsirlərin nəticəsində gerçəkləşən yeni ədəbi dil normaları və normalaşmalarından başqa bir şey deyildir.

Bu normaların gerçəkləşməsi danışıq alışqanlığı yaxud vərdişi, ayrıca olaraq da dil-nitq yeniləşməsi nəticəsində getdikcə normalaşan dil-nitq variantlarının işlənilmə sıxlıqları ilə müşahidə olunur. Həmin sıxlıqlar, hər şeydən əvvəl, dəyişməz və ya uzun müddətli dönəmlərdə dəyişən dil normalarının variantları kimi işlənir. Dil variantlarının funksional işlənilmə sahələrinin və ya məzmun və ifadə özəlliklərinin müəyyənləşdirilməsi işi isə «diskurs-mətn yaradıcılığına, bu yaradıcılığın və ya prosesin» gerçəkləşdiyi gündəlik danışılan dilə və kütləvi informasiya vasitələrinə və variantların konseptual-koqnitiv olaraq dərk olunmasına və sosiolinqvistik ortamına əsasən aparılmalıdır.

XX əsrin son qərinəsindən etibarən dünyada yeni siyasi, iqtisadi, etnoqrafik, demoqrafik və mədəni bir qlobal düzən reallaşmağa başlamışdır. Bu cür bir düzənin reallaşması dünyada özü ilə yanaşı yeni bir dil-ünsiyyət ortamı və fərqli sosiolinqvistik şərtlər də gətirmişdir. Bir sıra dil; rəsmi dövlət dili statusu və ya müəyyən bir miqyasda isə yeni işlənilmə, tərcümə oluna və ya çevrilmə sferaları əldə etmişdir. Ortaq ünsiyyət vasitəsi olan dillərin, xüsusən də ingilis, ispan, çin dillərinin və latın əsaslı əlifbaların işlənilmə funksionallığı və sahələri genişlənmişdir. Dünyada danışılan bir çox dil artıq sadəcə kütləvi informasiya və təlim-tərbiyə vasitələri ya diplomatik əlaqələr vasitəsilə yayılmır. Həmin dillərin funksionallığının genişlənməsi həm də daşıyıcılarının dünyanın iqtisadi olaraq inkişaf etmiş və etməkdə olan və üçüncü dünya ölkələrində yayılması ilə özünü göstərir. Bunun nəticəsində də yeni dil-işlənilimə və tərcümə-çevrimə bölgələrinin təşəkkül tapması ilə fərqli sosiolinqvistik şərtlərin yaranmasına yol açır. Bir-birinə ən yaxın qohum dillər olan Avrasiya türkcələri arasında olan əlaqələr də yeni bir ədəbi və danışıq dili işlənilməsi və çevrilməsi müstəvisində inkişaf etməyə başlamışdır.

Çox vaxt cəmiyətin dil həyatında dəyişmələr onların bilavasitə təsiri ilə yox, dolayısı təsiri altında xüsusi ünsiyyət funksiyaların genişlənməsi yaxud lokallaşması ilə bağlı baş verir. Bununla yanaşı, cəmiyyətin dil sisteminə sərbəst təsir etmə imkanları da mövcuddur və bu imkanları müəyyənləşdirmək lazımdır. Yuxarıda qeyd olunan kimi yeni vahidlərin yaranması, yeni dil normalarının formalaşması (xüsusən də ana dili əsasında) və bunun tətbiqi fərqli sosiolinqvistik şərtlərin nəticəsidir. Bu xüsusda yeni vahidlər əcnəbi mənşəli yeni vahidlərin də yerinə işlənir, onları əvəz edir. Yeni şəraitdə yeni vahidlər Türkiyə türkcəsindən gəlmə və dilin nitq sferasını dəyişənlərdir. Həm də bu sahədə ərəb və fars dillərindən tarixən keçmiş sözlərin türk mənşəlilərlə əvəzlənməsi milliləşmə baxımından önəm kəsb edir.

İndi Azərbaycan mühitində şüurlu biçimdə leksik səviyyədə dəyişmələr ciddi və əsaslı nəcitələrə gətirib çıxarır. Deməli, dil siyasətinin təsiri ilə dil sistemi «don»unu dəyişir. Amma bu da həqiqətdir ki, cəmiyyətin dil modelinə təsiri təkcə müəyyən sərhəd çərçivəsində mümkün olan şey deyildir.

Beləliklə, sovet dövləti dağılandan sonra dil siyasəti Azərbaycanda da vahid prinsiplər çərçivəsində formalaşır, meydana çıxan yeni situasiyalar dil siyasətinin yeni və prioritet istiqamətlərini və yeni dil planlaşmasını təyin edir. Bu yeni kontekstdə dövlətin requlyar dil siyasəti və dil situasiyası milli özül üzərində qurulur, bərqərar olur. Müasir Azərbaycanda dil planlaşmasının yeni sosial əsasları yaranır, milli-dil səviyyəsi yüksəlməyə başlayır, suverenlik, müstəqillik şəraitində dildə kateqoriyallaşma meydana gəlir, «həmin məsələ vital (həyati) məsələ» (1) kimi gündəmdə dayanır.

Ədəbiyyat

  1. ШЕЛЕСТЮК Е.В., 2014,  Национальная и языковая политика в истории России \\ Язык и коммуникация в современном поликультурном социуме: сборник научных трудов. М.: Транс Арт, 382 с. (с.204-273).
  2. HACIYEV Tofiq, 2013, Türklər Üçün Ortaq Ünsiyyət Dili. Bakı, Təhsil,
  3. RƏCƏBLI Əbülfəz¸ 2003, Nəzəri Dilçilik. Bakı, Nurlan

 

 

* Flologiya üzrə fəlsəfə doktoru (Ph.D.); AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktorantı, cahid@ismayiloglu.com.

 

Site Footer