Şah İsmayılın böyük qələbəsi və ölməzliyi

Şah İsmayıl Səfəvi. Tarixi-diplomatik sənədlər toplusu

«Şərq-qərb» Nəşriyyatı «Şah İsmayıl Səfəvi. Tarixi-dip­­lomatik sənədlər toplusu» adlı kitab buraxmışdır. Kit­abın elmi redaktoru və «Şah İsmayıl Xətainin siyasi irsi tarixi sə­nədlər işığında» mövzusunda ön sözün müəllifi akademik Ra­­miz Mehdiyev, elmi məsləhətçisi akademik Vasim Məm­­mədəliyevdir. Mətnləri fars və ərəb dillərindən Şahin Yah­yayev və Elmin Əliyev tərcümə etmişlər. Şərhlər və qeyd­lər  Emin Əliyev, Taleh Hacıyev, Eldar Əmirov və Sal­man Süleymanovundur. Tarixi arayışlar Eldar Əmirov tərə­findən yazılmışdır. Bir sıra miniatürlərlə yanaşı, ərəb əlif­ba­sı ilə mətnlərin orijinalı da ve­rilmişdir. Kitaba foto­su­rət­lər və Şah İsmayılın  diplo­ma­tik yazışmalarında adı çəkilən bir sıra tarixi şəxsiyyətlər haq­qında arayıvş da daxil edil­mişdir. Ümumilikdə kitabda 53 tarixi-diplomatik sənəd top­lanmışdır ki, onların da 3-ü hökmdar fərmanı, 1-i fətva, 49-u isə müxtəlif məzmunlu  məktublardır. Sənədlərin oriji­nal­ları fars, ərəb və Osmanlı-türk dillərindədir.

Kitab tariximizi öyrənmək üçün çox qiymət­li mən­bədir. Ona görə ki tariximizin böyük bir mərhələsində xal­qı­mızın mübarizəsini,  xalqımıza rəhbərlik edən insanların yüksək bəşəri keyfiyyətlərlə həqiqət yo­lunda olduqlarını, vətən torpağını böyük fədakar­lıq­la qoruduqlarını, amansız düşmənlə üz-üzə gələrkən öz təmkinlərini itirmədiklərini, Azərbaycanın müstəqilliyi uğ­run­da canlarından keçməyə hazır olduqlarını tarixi sənədlərin dili ilə öyrənmək üçün zəngin material verir. Şah İsmayılın cəsarəti, qüdrəti, böyük vətən sevgisi, insana məhəbbəti qürur do­ğurur.

Sənədlər tarixin qaranlıq səhifələrində toplanmış çox müxtəlif  hadisələr haqqında məlumat verir. Lakin bizi ilk növbədə  o maraqlandırır ki və əvvəlcə ondan başlamaq istəyirik ki, iki qardaşı – iki türk imperatorluğunu üz-üzə qo­yan, yüz minlərlə türkün qa­nına bais olan nədir, kimdir? Bu qırğını yönəldən Şah İs­ma­yıldır, yoxsa Sultan Səlimdir? Çünki bizim tarixi və həqiqəti bilməyən bir çox «ziya­lı­larımız» da günahı bəzən Şah İsmayılda görürlər. Hətta «Şah İsmayıl olan yerdə Sultan Səlimə nə yağı?» deyən şa­ir­ciklər də var və mən belələrini daim nifrətlə qarşıla­mı­şam. Bu cür fikirlər ya tarixi bisavadlıqdan, ya da yaltaq­lıq­dan qaynaqlanır, Azərbaycan tarixini, Azərbaycan xalqını sevməməkdən irəli gəlir. Mən tarixi tərəfkeşlikdən deyil, hə­qiqətdən çıxış edirəm. Sənədlər bü cür yarınmaq üslu­bunda olan çıxışlara birdəfəlik son qoymaq üçün təkzibedil­məz əsaslar verir.

Gəlin keçək mətləbə, faktlara diqqət yetirək.

Sultan Səlim 1512-ci ildə ordunun gücü ilə zorla ata­sı­­­nı taxtdan salmış, hakimiyyətə keçmiş və ölkəni 8 il idarə etmişdir. Şah İsmayıl isə böyük tarixi olan bir zadəgan nəs­linin nümayəndəsi kimi 13-14 yaş­la­rın­da hakimiyyətə gəl­miş, yeni bir sülalənin əsasını qoymuş, 24 il hakimiyyətdə ol­muşdur.

Münaqişənin səbəbləri Çaldıran döyüşü ərəfəsində Sultan Səlim ilə Şah İsmayılın yazışmalarında aydın şəkildə ifadə olunmuşdur.

Yaxşı olar ki, əvvəlcə Sultan Səlimdən əvvəl – Sultan Bayazid (1481 – 1512) dövründə Osmanlı imperatorluğu ilə Sə­fəvilər arasındakı münasibətlərə qısa nəzər salaq.

Doğrudur, II Bayazid dövründə Os­manlılar öz təmkinlərini saxlayıb, gənc Səfəvi dövlətinə müharibə elan etməyiblər. Lakin cəsarət və sürətlə böyü­yən və güclənən Azərbaycan dövləti onlarda daim qısqanclıqla qar­şı­lan­mışdır.  Sultan II Bayazidin Ağqoyunlu Əlvənd Mirzəyə mək­tubunda deyilir: «Zülmkar qızılbaş tayfasının, – Allah on­ları məhv etsin, – bədbəxtlik yağan qırmızı papağından dünyaya alov şölələri saçılır… Ümidvarıq ki… doğru yolda olan bütün firqələr ittifaqa girib səbr və hövsələ nümayiş et­dirməkdən  bezikəcək, nemətlər əta edən Allaha təvək­kül edə-edə o zalım tayfanı  məhv və zəlil etmək… iradəsi gös­tə­rəcəkdir. Fitnə baş qaldırmadan qoy beşiyindəcə boğul­sun». Hələlik bu iki dövlət (Ağqoyunlular və Səfəliər) üçün dua etdiklərini bildirən Bayazid «zərurət yaranarsa», on­ların (Osmanlıların) tərəfindən Səfəvilərə qarşı müharibəyə girmək üçün «süstlük olmayacağını da» bildirir. (27-28)

II Bayazidin Kürd Hacı Rüstəm adlı şəxsə mək­tu­bun­da da qızılbaşlara düşmən kimi baxılır, onların haq­qında dü­rüst məlumt öyrənilib göndərilməsi tapşırılır. (29) Kürd Hacı Rüstəmin II Bayazidə cavab məktubunda deyi­lir: «On­ların (qızılbaşların – Q.K.) zülmündən İranın vəziy­yə­ti pərişandır. Məmləkət və vilayətlərin əksəriyyəti onla­rın zülm və işgəncələri ilə viran olmuşdur. Allahın fəzilə­tin­dən ümidimiz budur ki,  …Allah yolunda döyüşənlərin miz­­raq və nizələri, müsəlman mücahid döyüşçülər və zə­ma­nənin şahənşahının qan fışqıran  oxları vasitəsilə  bu za­lım dəstənin kökü kəsilib məhv edilsin». Məktubdan aydın olur ki, qızılbaşların  «zalımlığı»  onların Əlvənd Mirzənin, Mu­rad Mirzənin, Pürnakların torpaqlarını vahid ölkə ərazi­sində birləşdirməsi, Misir çərkəzləri ilə müqavilə bağ­la­yıb, dədə-baba torpaqları Mərəş və Diyarbəkrə tərəf üz tutma­larıdır.  Uzun Həsənin nəvəsi Murad mirzə Əlvənd mirzə ilə əmi­oğu idi, xeyli qarşıdurmadan sonra müqavilə bağla­mış­dılar: İraq və fars bölgəsi Muradın, Azərbaycan və Di­yar­bəkr Əl­vəndin tabeçiliyiində idi. Pürnaklar da Ağqo­yun­lu soyla­rın­dan idilər. (27, 30)

Səfəvilər xalqın xeyirinə bir sıra tədbirlər həyata keçirməyə başlamışdılar. «Səfəvi  şeyxləri təbliğ edirdilər ki, şəriətin nəzərdə tutmadığı  vergi və mükəlləfiyyətlərin ləğv olunması üçün hakimiyyət başında dayanan  sünni hökmdarların ağalığına son qoymaq lazımdır». (Az T, 392-393) Xalqın xeyrinə olan bu tədbirlər də sünni hökm­dar­la­ra, xüsusilə Osmanlılara toxunurdu.

II Bayazidin Əlvənd Mirzəyə məktubunun tarixi yox­dur.  Kürd Hacı Rüstəmə məktubu  908 – 1502-ci ildə ya­zıl­mışdır. Beləliklə, məktubların XVI əsrin ilk illərində ya­zıl­dığı hiss olunur.  Deməli, Səfəvilər dövlətinin yarandığı ilk gündən Os­manlıların ona münasibəti pis olmuşdur, ürək­lə­rindən onu «beşiyində boğmaq» keçmişdir.  Şah İsmayılın II Baya­zidl­ə məktublaşması da var. II Bayazidə iki məktub yazmış, Bayazid hər ikisinə cavab göndərmişdir. Mək­tub­lar, təbii ki, 1501 – 1512-ci illər arasında yazılmışdır. Lakin heç birinin al­­tın­da tarixi yoxdur. Hiss olunur ki, artıq Səfəvilər güclü bir dövlətə çevrilmişdir. İsmayıl Şirvan üzərində qə­ləbədən (1500), Bakını tutduqdan (1501) sonra Əlvənd Mir­zə üzə­rin­də qələbə ilə (1501) Azərbaycana, Murad Mirzəni məğ­lub etməklə (1503) İrana və Əcəm İraqının xeyli hissə­si­nə sa­hib olmuşdu. 1508-ci ildə Xorasan istisna olmaqla bü­tün İranı, Ermənistanı və Ərəb İraqını tutmuşdu. (AzT, 398-404) 1510-cu ildə Şeybani üzərində qələbədən sonra  Amu-Dəryadan  Fərat çayına qədər geniş ərazi Şah İsma­yı­lın ha­ki­miyyəti altında birləşdirilmişdi. Səfəvilərin getdik­cə güc­lənməsindən narahat olmağa başlayan Osmanlı impe­ri­yası əsrin ilk illərindən Səfəvilər barədə məlumat topla­yır, Sə­fəvilərin düşməni olan Ağqoyunlu padşahlarına kö­mək edir­dilər.  «Lakin Türkiyə sultanı II Bayazid  (Bayazid İl­­dı­rım, 1481-1512) Şah İsmayıla qarşı mübarizəyə başla­ma­ğa  cə­sarət etməyərək 1504-cü ildə  Səfəvilər dövlətini tanı­ma­lı olmuşdu». (AzT, 405) Buna baxmayaraq, türk feo­dalları yenə də Azərbaycanı və ətraf əraziləri ələ keçirmək iddi­a­ları ilə yaşayırdılar.

II Bayazid Səfəvilərin düşmənlərinə yazdığı mək­tub­larda qızılbaşları lənətləsə, pisləsə də, Şah İsmayıla cavab mək­tublarında Şah İsmayılı ləyaqətlə qiymətləndirir. Birin­ci məktubu: «Mükəmməl səltənətin, zəngin hakimiyyətin, son­suz qüdrətin, həqiqi səadətin, əsl-nəsəbin ağası, səltə­nət, hakimiyyət, izzət və səadət yolunun  mübarizi Şah İs­ma­­yıl! Allah ədalətini və fəzilətini  qiyamətə qədər davam­lı etsin!…  məktubunuz sevinc və şadlığımıza səbəb olmuş­dur» (42) sözləri ilə başlamışdır. İkinci məktubun başlan­ğı­cı: «Böyük padşah, Əcəm məmləkətlərinin əzəmətli hökm­darı, Türk və Deyləm diyarlarının əmiri, dövrümüzün Cəm­şidi, zəmanənin Keyxosrovu, əzəmətli Allahın yardım et­di­yi Şah İsmayılın, – Allah dövlətinin  əsaslarını möh­kəm­­­ləndirsin, ömrünü uzatsın, ona uğurlar və qələbələr bəxş et­sin, – bəlağətli məktubu  gözəl ovqat və zamanda  əli­­­mizə gə­lib çatdı». (45)

Məktubların məzmunu da dostyanadır. Birinci mək­tub­da Şah İsmayıl göstərir ki, Osmanlı daxilində Şeyx ai­lə­sini (Səfəviləri) ziyarətə gəlmək istəyənlərə bəzən mane olur­lar. Belə hallarda müridlərə icazə verilməsini xahiş olunur. Sultan cavabında bildirir ki, səfəvi şeyxlərinin tə­rəf­darları bəzən işi, əkini-bi­çini atıb gedirlər, orduya da mən­fi təsir edir. Amma fər­man verildi ki, nizam ilə gedib-gəl­sinlər və onlara heç kim mane olmasın. Sultan yazır: «Si­­zin mübarək xəbərdarlığınızı al­dıqdan sonra fərman ver­dik ki,  bu təbəqə arasında kimsə Al­lah övliyalarını – Al­la­hın rəhməti onların üzərinə olsun, – ziyarət etmək niy­yətin­də olarsa, hər iki tərəfin istəyi və ar­zusu olan məhəb­bət yo­lu abad, möhkəm məhəbbət bağları sarsızlmaz olsun deyə geri dönüş istiqamətində kimsə on­lara mane olma­sın». (43) İkinci məktubda isə Şah İsmayıl düşmən üzərinə Os­manlı torpaqlarından  keçərkən kənd əha­lisinə zərər vur­ma­dıq­la­rını, zərər çəkənlərin zərərinin ödəndiyini, II Bayazid isə cavab məktubunda bunu razılıq­la qarşıladığını bildirir.

R.Mehdiyev ön sözdə yazır: «Daha bir mühüm mə­qam ondan ibarətdir ki, bəzi müəlliflər Şah İsmmayılı aman­sız, qəddar bir hökmdar kimi göstərməyə çalışdıqları hal­da, II Bayazidi  «günahsız mələk», «qüsursuz» şəxsiyyət ki­mi təqdim etmək üçün  dəridən-qabıqdan çıxırlar. Bəli, II Bayazidin digər Osmanlı sultanları ilə  müqayisədə daha mü­­layim, sülhsevər və sufii ruhlu  olduğu danılmazdır. La­kin II Bayazidin gənclik illərində  uyuşdurucu maddələrə alu­­də olduğu  və yalnız atasının sərt müdaxiləsindən sonra  bu ziyanlı vərdişdən əl çəkdiyi  Osmanlı tarixi ilə maraq­la­nan­lara yaxşı məlumdur. II Bayazidin uyuşdurucu maddə­lə­rə  alışdığı yaşda I Şah İsmayıl artıq böyük imperiyanın ba­nisi, dövrünün isə ən  qüdrətli sərkərdələrindən biri kimi öz sözünü demişdi. Osmanlı qaynaqları ilə yaxından işləyən təd­­qiqatçılar yəqin II Bayazidin  hakimiyyətinin sonlarına doğru  ölkənin siyasi hərc-mərcliyə, məmur özbaşınalığına dü­çar  olduğunu bilməmiş deyillər». (17)

Beləliklə, faktik olaraq, II Bayazidin  Səfəviləri gör­mə­yə gözü olmasa da, Şah İsmayılın yaratdığı bu qüdrətli dövlətlə barışmalı olmuş, ehtiyatla davranmış və Səfəvilər üzərinə yerimək təşəbbüsü olmamışdır.

Bu cür münasibəti Sultan Səlim nə üçün davam etdir­mədi?

Kitabda Sultan Səlimin məktublarına qeydlərdə de­yi­lir: «Sultan Səlim taxta çıxdıqdan sonra  Şah İsmayıl ona eti­nasız yanaşdı. Səfəvilərin  Anadoluda öz məzhəbi inanc­larını yayması, Anadoluda səfəvilər ilə osmanlılar arasında  baş verən döyüşlər Səlimin Şah İsmayıl ilə  döyüşmək üçün şeyxülislamdan  fətva istəməsi ilə nəticələndi. Şeyxülislam da Səfəvi şiələrinin qanı, malı, arvad və uşaqlarının  halal olması haqqında fətva verdi». (87)

Burada müharibənin səbəbləri birtərəfli izah olunur. Səfəvilər dövləti Anadoluda döyüşlər aparmırdı. Sadəcə ola­raq, şiə təriqətinə mənsub olanlar şeyx nəslinə böyük rəğ­bət bəsləyir və onlarla sünnilər arasında toqquşmalar olurdu. Bəzən onlar özləri şiə təriqətinin demokratik prin­sipləri  əsasında üsyan edirdilər. Nəticədə də Sultan Səlim onlara qarşı böyük qırğın törətdi. O, bununla kifayətlənə bilərdi.  Lakin kifayətlənmədi, çünki məqsəd ayrı idi – məqsəd Azərbaycan torpaqlarını Osmanlı torpaq­la­rına qatmaq idi.  Şeyxülislama gəldikdə o, daim sultanların təzyiqi altında olub.

Beləliklə, əsas məqsəd işğalçılıqdır. Bu, Sul­tan Səlimin məktublarında aşkar şəkildə öz ifadəsini tap­mış­dır.

Çaldıran döyüşü ərəfəsində Sultan Səlim Şah İsma­yı­la onu müharibəyə təhrik edən üç məktub göndərmiş, Şah İsmayıl ona bir cavab məktubu yazmışdır. Sonra Sultan Sə­lim dördüncü məktubu yazaraq şahı daha təhqiramiz söz­lər­lə müharibəyə təhrik etmişdir. Çaldıran döyüşündən sonra Şah İsmayıl Sultan Səlimə məzəmmət məktubu gön­dər­miş­dir. Bu məktublar müharibənin səbəblərini aydınlaşdır­maq­la ya­na­şı, Sultan Səlimin və Şah İsmayılın hansı insani key­fiyyət­lə­rə malik olduqlarını da tam şəkildə üzə çıxarır.

Sultan Səlim ilk məktubunu bir növ adam kimi başlayır: «Əcəm hakimi, ən yüksək qoşun başçısı, böyük rəhbər, zəmanənin Zəhhaki – Zöhhakı, müharibəyə meyilli Dara, dövrün Əf­ra­siyabı əmir İsmayıla…»

Bu sözlərdə ziddiyyət də tapmaq olar. Tarixdə zalım hökmdar kimi tanınan Zöhhakla, Dara ilə böyük Turan hökm­darı Əfrasiyb yanaşı qoyulur.  «Əmir İsmayıl» sözlə­rin­də isə kinayə duymaq mümkündür.

Sultan Səlim Şah İsmayılı daha çox guya islam dininə müxalif olmaqda, islam dini qaydalarını pozmaqda  ittiham edir. Tədricən tonunu artırır: «…kimsə ilahi hökmləri icra et­məkdən üz çevirərsə, (ilahi) əmr və qadağalara tabe ol­maq­dan boyun qaçırarsa, din pərdəsini ləkələyərsə və möh­kəm şəriəti məhv etməyə qalxarsa…» «dinin ədalətli sul­tan­lar»ına «fitnə-fəsad yaradanların fəsadlarını aradan qal­dır­maq üçün əllərindən gələni etməsi vacibdir».

Açıq hücuma keçir: «Təcavüz etməklə Şərq ölkələrini ələ keçirdin. Əmrə tabe olduğun miskin bir guşədən əmr ve­rən əzəmətli saraya qədəm basdın. Müsəlmanların üzünə zülm və əziyyət qapılarını açdın. Dinsiz və kafirləri bir-biri ilə evləndirərək qarışdırdın. Fitnə və fəsadın aşkar olmasını özünə  şüar və hədəf  seçdin. Zülm bayraqlarını qaldırdın». İlk iki cümlədən sonrakılarla Sultan Səlim sözə basır, əsas­sız sözlər danışır. Zülm və zorakılığa qalsa, Sultan Səlim qə­dər zülmkar və amansız hakim olmayıb. İlk iki cümlədə isə o həm haqlı, həm də haqsızdır. Sultan Səlim Şah İsma­yıl­dan daha çox işğalçı idi. O qədər günahkar və dinsizdir ki, Məkkəni, Mədinəni işğal etmişdir. Şah İsmayıl isə Azər­baycanı, onun keçmiş torpaqlarını birləşdirmək istəyir­di. Şah İsmayılın «dinsizliyi» Şirvann sünni dövlətini Azər­bay­cana birləşdirməsi və sünnilərə təzyiqi ilə bağlı idi. «Əmrə tabe oldu­ğun mis­­kin bir guşədən əmr verən əzəmətli saraya qədəm bas­dın» dedikdə Şah İsmayılın Ərdəbil şahlığından irəliləyərək bütün Azər­­baycana hakim olmasına işarə edirdi. Şah İs­ma­yılın bu qüdrəti qardaş bir xalqın hakimi  kimi Sultan Səlimi sevindirmir, ona bir işğalçı gözü ilə baxır, gözü götürmür, qısqanır. Öz arvadının – Sultan Süleymanın anasının hansı məzhəbin sahibi olduğunu nəzərə almadan «Dinsiz və ka­firləri bir-biri ilə evləndirərək qarışdırdın» deyir.

Tədricən mətləb üstünə gələrək guya «dini güclən­dirmək», «məzlumlara yardım etmək» üçün «zireh və dəmir libas geyərək» Azərbaycana yeriməkdə olduğunu bildirir: «Səfər ayında dənizdən keçdik. Bu niyyətlə ki, əgər Allah-təala  yar­­dım etsə, güc və qüvvəmizdən  istifadə edərək  zülmkar əl-qolunu qoparıb, təşvişli başından qalib olmaq sevdasını çı­xaraq». Ortada aşkar təhqirə də keçir: «Meşədə aslanın nəriltisi yoxdursa, çaqqalın səsi hündürdən gələr». «Bəzi xarakterlərin pis olması təbiidir və düzələn deyil. Belə ki zəncini yumaqla ağarmaz. Xarakterin süstlüyü, şər işlərə adətkərdə olmaq şəhvətin hakim olmasından qaynaq­lanır».

Sultan Səlim, yəqin ki, bu simvollarda özünü gö­rür. Şah İsmayıl Sultan Səlimdən fərqli ola­raq, şəhvət düşkünü olmayıb. «Xarakter süstlüyü» ifadəsi də Şah İsmayıl üçün böh­tandır. Şeyx nəsli daim şər işlərə qar­şı qəti və kəskin mü­barizə aparıb. Bütün bu sözəbasmaların, daha çox Sultan Səlimin özünə aid olan xüsusiyyətlərin (insan özün­də olanı özgəsində görər) əsas məqsədini mək­tu­bun sonuna yaxın Sultan Sədlim açıq yazır: «Əgər… bü­tün hallarda Allah-təalanı  unutmasan, pis işlər, doğru olma­yan dav­ranışlar və çirkin adətlərdən peşman olsan, səmimi qəlb­dən tövbə və istiğfar etsən, ötən zamanda bizim qalib or­dunun dördayaqlılarının ayağı dəydiyi  qala və məkanları (indii isə sənin tabeçiliyində olan və onları işğal edərkən bi­zi) məzəmmət etdiyin həmin ərazilərin hər bir guşəsini  Os­­manlı məmləkətlərinin tabeçiliyinə verərək bizim əzə­mətli himayəmizdə olan bəndələrə tapşırsan  (kursiv bizim­dir – Q.K.) daha yaxşı olar. Bizim xidmətimizdə duranlar­dan yaxşılıq, nəvaziş, me­h­ribanlıq və xoşxasiyyətdən başqa bir şey görməzsən». Məktubun sonunda yenə təhqir və qor­xutma üsulu ilə da­nı­şır: «Bir müddətdir yelbeyinliyin şiddə­tindən sərdarlıq sev­dasına düşmüsən və lovğalığın çoxlu­ğun­dan cahangirlik və fa­tehlik iddiası dilində cari olur. Əgər mərdsənsə, mərdlə­rin meydanına çıx ki, taleyin hök­mü müəyyən olsun».

Mən neçə minillik  vətə­ni­min parçalanmış torpaq­la­rını birləşdirməyə, dağılmış yurdu birləş­dir­məyə  çalışım, sən də deyəsən ki, istiğfar elə, o torpaqları qat bi­zim imperiyanın tərkibinə. Deməli, din də, məz­lumlar mə­sə­ləsi də Sultan Səlim üçün bəhanədir. Şah İs­mayıl Osman­lı torpaqlarını deyil, Osmanlıların işğal etdiyi Azərbaycan torpaqlarını birləşdirmişdi. Şah İsmayılın mə­zəmmətinin də səbəbi o idi ki, qohum türk üzünü başqa əra­zilərə tutmaq əvəzinə, qardaş torpağına yönəlmişdir. Uzun Həsənin dədə yurdu Diyarbəkr, Qazi Bürhannəddinin yurdu və Şərqi Anadolu-Azərbaycan torpaqları səkkiz yerə bö­lü­nmüş qədim Azərbaycan torpaqlarından o vaxtlar ayrıl­mış­dır. Sultan Səlim işğalçıdır – bu, aydındır. Lakin nə qə­dər bədbəxt adamdır ki, səkkiz illik hakimiyyəti illərində ən ağır zərbələri qardaş Azərbaycan əhalisinə, müsəlman məm­­lüklərə vurmuşdur. Bizim bir sıra nadanlar da hələ bu aşkar cinayəti anlamaqda çətinlik çəkirlər.

İkinci məktub yenə dini moizə, Sultan Səlimin mədhi, Şah İsmayıla qarşı təhqiramiz sözlərlə başlayır: «Səmadan enmiş vəhy kimi bu zəfər tuğralı məktub… Süleyman kimi uca mərtəbəli, İskəndər kimi cahangir, Firudin kimi şərəfli, kafir qövmə qarşı vuruşan,  (Allah yanında) çox  möhtərəm və çox müti (mələkləri) qəbul edən, qoruyucu mücahid, mü­zəffər yardımçı, şir nəslindən olan (Leys bin əl-Əsəd bin əl-Qəzənfər), ədalət və yaxşılıq bayrağını genişləndirən, bizim əzəmətli ağamız Sultan Səlim şah ibn Sultan Bayazid ibn Sultan Murad xan tərəfindən»  «Əcəm məmləkətinin pa­dişahı, zülm və sitəm diyarının ağası, pislərin sevinci və rəhbəri, zəmanənin Darası, dövrün Zəhhakı, Qabilə bənzər əmir İsmayıla».

Öz aramızdır, Qabil dedikdə Sultan Səlim daha çox ya­­­da düşür. Atası Şeyx Heydərə, babası Cü­ney­də, qardaş­la­rı­na Şah İsmayılın məhəbbəti hamıya məlumdur. Atasını zorla taxtdan salıb zəhərləyən, qardaşlarını və onların öv­ladlarını boğdurub öldürən Səlim elə Qabil özüdür. Hə­mişə belə olub: oğru doğrunu da özü kimi oğru bilib. Dövrün Zöh­­hakı da elə Sultan Səlim olub. Budur, onun xarakterini tarixçi belə təsvir edir: «Amansız təbiəti, tətbiq etdiyi sərt üsuli-idarəsinə görə  Sə­lim öz sələflərinin hamısından fərq­lə­nirdi. Müasirlərinin  onun adının sonuna əlavə etdikləri  «Ya­­vuz» ifadəsi də məhz bundan qaynaqlanırdı və «qəd­dar», «sərt», «qor­xunc»  mənasına gəlirdi. Hərfi tərcümədə  «ya­vuz» kəlməsi «qu­duz köpək» mənasını verir. (Maraq­lı­dır ki, bu ləqəb 16-cı əsr rus çarı İvan Qroznının ləqəbinə uy­ğun gəlir).Tarixçi­lə­rin qeydlərinə əsasən Səlimin bu sərtliyi özünü təkcə ida­rə­çilik məsələlərində bü­ruzə ver­mirdi, gündəlik həyatında da sultan  ətrafındakı in­san­ları va­himəyə salacaq qədər  sərt və zalım idi. Türki­yəli tarix­çi İ.H.Uzunçarşılı yazır ki, qır­mı­zı üzü, çatma qaş­ları olan Sə­lim çox kəskin baxışları ilə  ha­mını dəhşətə gətirirdi, danı­şar­kən bəzən əsəbdən bir sözü dəfələrlə tək­rar­ladı­ğı­nın fərqinə belə varmırdı». (Səh.355-356; Həmçi­nin: Prof.­İ.H.­Uzun­çarşılı. «Böyük Osmanlı tari­hi», 2-ci cild, Ankara, 1988, s.302). Xüsusən vəzirlərinə qar­­şı son dərəcə amansız olmuşdur: «…onun hakimiyyəti dövründə  bir-birinə qarğış edən, pis aqibət diləyən insanlar be­lə deyərdilər: «Səni gö­rüm Sultan Səlimə vəzir olasan». Eldar Əmirovun yazdığı tarixi arayışda deyilir: «Görkəmli Avstriya şərqşünası Von Hammer «Böyük Osmanlı tari­xi»n­də yazır ki,  Sultan Səlim zamanında vəzirlərin hamısı öz ciblərində vəsiyyət­namə­lə­ri ilə birgə dolaşırdılar. Çünki vəzirlərin hansı anda Səli­min qəzəbinə gələcəklərini təx­min etmək qeyri-mümkün idi. Onlar hər dəfə sultanın qəbu­lundan sağ-salamat çıxdıq­ları zaman  özlərini yenidən dün­ya­ya gəlmiş kimi hiss edir­di­lər». (s.359) Səlimin sifətləri bunlar idi.

Sultan Səlim məktubda yeni iftiralara əl atır, guya Şah İsmayılın məscidləri xarab edib bütxanalar dü­zəltdi­yi­ni, minbərləri zalımcasına dağıtdığını, Quranı keçmiş xalq­ların əfsanəsi hesab etdiyini, yeni adət-ənənələr yaymağa ça­lışdığını və s. qeyd edərək əsl mətləbə keçir: «Din nəsi­hət­dir» – (düşüncəsindən) çıxış edərək əgər kişilərin üz tut­du­ğu yer olan bizim yurdun mələklərinin arzu Kəbəsi və bəxt qibləsinə üz tutsan, zülm altında inləyən təbəələrini in­­­cit­məkdən əl çəksən və özünü «günahdan tövbə edən gü­nahı heç olmayan kimidir» cərgəsində qərar versən, Mə­həm­mədin, – salam olsun ona, pak ailəsinə və  hidayət edən sa­ha­bələrinə  və Allah onların hamısından razı olsun,  «sa­ha­bələrim ulduzlar kimidir, hər hansı birini nümunə götür­sə­niz, hidayət olarsınız» (deyə buyurmuşdu), – pak və doğ­ru sün­ni  təriqətinin ardıcılı olan millət və məzhəbdən ol­san, həmin ölkələri və onlardan asılı olanları Osmanlı əra­zilə­rindən hesab etsən, padşahlıq və şahlıq lütfümüz sə­­nə də şa­mil olacaqdır». (80-81)

Səlimi mədh edən misralar da acı və ədəbdən uzaq­dır, insani deyil: «Mən o şəxsəm ki, qılıncımı sıyırdıqda Yer üzündə qi­yamət qopararam», «Pəhləvanların qanından sübh vaxtı şə­rab içərəm», «Qılıncımdan Günəşin ürəyi tit­rəyər» və s. Amma onu da düz deyir ki, «Əgər döyüşə gəl­mişəmsə, (deməli), sən (məni) saymamısan».

Sultan Səlimin məktubundan aydın olur ki, o, mühari­bə­yə gə­lir və barışıq fikrində deyil. Şübhəsiz, Şah İsmayıl kimi vüqarlı dövlət başçısı və qüdrətli sərkərdə onun dediklərini  – təkliflərini yalnız kinayə ilə qarşılayardı. Lakin hətta Şah İsmayıl əvəzinə bir başqası bu cür təklifləri qəbul etmiş ol­saydı belə, Səlim müharibəyə gəlirdi. Müharibənin bütün ta­rixi məsuliyyəti, bütün tökülən qanlar Osmanlı padşahının boy­nundadır və burada Şah İsmayılın bir misqal da günahı yox­dur. Barışmaq istəyən adam Qurandan ayələr gətirib, ba­rışığa çağırıb, sonra da deməz ki: «Qaralmış qəlbə moizə oxu­mağın faydası olmaz. Allahın köməyi və  ən gözəl yar­dım­ları ilə başında hər tac olanın tacını odlayaram və ge­niş yer üzünü o insanlardan təmizlərəm».

Sultan  Səlim başqalarına məktublarında da Şah İs­ma­yılı saymır, onun haqqında ədəbsiz sözlər söyləyir, onu uy­durduğu böhtanlarla suçlamağa çalışır və ümumən Azər­bay­canda belə bir cəsur hökmdarın meydana çıxmasını qıs­qanclıqla qarşılayır. Onun Ubeyd xan Özbəyə məktubunda de­yilir: «…bir müddətdir ki, Şərq məmləkətlərinin əhalisi na­pak, xəbis, yalançı, günahkar, qantökən cani olan sufi kör­­pənin əlindən cana gəlibdir». (62) Şah İsmayıl həmişə söz­lərində qəti olub. Xəbislik, qantökənlik Şah İsmayıldan yaş­­ca bir rüb böyük olan Sultan Səlimin sifətləridir. Şiələr napak olsa, sünnilər də napak sayıla bilər. «Hətta ən aşağı sə­viyyəli fərmana itaət edənlərin cərgəsindən ən yüksək sə­viy­yəli fərman verənlərin  cərgəsinə yüksəlib» (62) – söz­ləri ilə Şah İsmayılın şah nəs­lindən çıxmadığına işarə edir. Bu cür görüşünə görə, Şah İsmayıl öz fəaliyyəti və dün­yagörüşünün yüksəkliyi ilə Sultan Sə­lim­dən müqayi­sə­edilməz dərəcədə ucada durur. Bu məktubda Sultan Səlim ağlına gələn bütün şər işləri Şah İs­mayılın boynuna yük­lə­məyə çalışaraq onunla müharibəyə get­mək qərarına gəldi­yini bildirir: «…fəal ağılın ilhamla­rı­na istinad edərək  özlə­rini kamandan çıxan oxlar kimi, düş­mən və üsyan əhlinin qanını tökərək qırmızı rəngə boyan­mış qılınclar timsalında, yaşıl dağlar bənzəri çoxlu sayda or­­du və əzəmətli dəstə­lər­lə həmin özbaşına olan fasid və inad­kar kafirin  kökünü kəs­mək üçün hərəkət etmək qəra­rı­na gəldik». Lakin bu sözlər və Sultan Səlimin bu hərəkəti heç də «fəal ağlın» nə­ticəsi deyil. Sultan Səlimi təlaşa salan Şah İsmayılın dön­məzliyi və qüdrətidir. Cəhd etdiyi isə işğal altında saxladığı bütün məmləkətlərin kişi əhalisini silahlandırıb ya­­şıl meşə­lər bənzəri ordu ilə gənc və qüdrətli Azərbaycan hökm­da­rının üzərinə yeriməsidir, babalarından qalma mülk­­lərinə Azərbaycanı da qatmaq istəyidir.

Özbək xanı  Übeydin Sultan Səlimə cavab mək­tu­bu da göstərir ki, onları qorxuya salan «ildırıma bənzər bir zalımın» meydan çıxmasıdır: «Xüsusilə kafirlərin ən bö­­yü­yü dinsiz qızılbaş,- Allah onları məhv etsin,- bir neçə kim­sə­siz dostla  yeni ortaya çıxdıqdan sonra  qələbə və ha­ki­miy­yətə nail olan kimi, zülm və sitəm etməyə başladı… Səl­­­tənət sevdasının xam xəyallarına qapılıb ağıl kasasında bişirdi (səltənət xəyalına düşdü). Zəmanənin sultanları ilə söz güləşdirib qol gücü sınamağa başladı. Bu tayfanın  ara­dan qaldırılaraq məhv edilməsini hər kəsin icra etməkdə mü­­­kəlləf olduğu vacib əməl hesab edirəm». (69) Şeyba­ni­nin tökdüyü qanları nəzərə almayan Übeyd xan Şeybani yan­­­ğısı ilə danışır, Sultan S­əlimlə tam həmrəy olduğunu bil­­dirir. Übeyd xan öz məktubunda axmaq-axmaq dediklə­rini nəzərə almır:

«O əxlaqsızdan bir heyf almaq üçün

Yüz minə yaxın (insan) öldürdük».

Übeyd xan «yolunu azaraq zəlalətə düçar olmuş tay­fanı» (Şah İsmayılın dövlətini) məhv etmək üçün qurultay çağırmaq və bir qərara gəlmək fikrində olduqlarını bildirir. (71)

Sultan Səlimin Ağqoyunlu Məhəmməd bəyə məktu­bunda da (hicri 920) əsas məqsəd Ağqoyunluları Səfəvilərə qarşı qaldırmaq idi. Sultan Səlim «əsas fitrəti əhli-sünnət» olan bu cama­atın Şah İsmayılın tabeçiliyində olmasının «ça­rə­sizlik­dən»­ olduğunu, ona görə də onlara xələl gətirmə­di­yini qeyd edir: «O kafir və dinsiz tayfaya bu qədər bağlı ol­ma­ğınızdan sizin din və inancınıza heç bir zərər dəymə­yə­cəkdir. Böyük sə­habələrin Allaha şərik qoşanlar və giriftar olması  (si­zin) bu  (çarəsizlik üzündən baş verən) giriftar­çı­lıq və bağlılı­ğı­nı­za bəraət qazandırır». (92)  Odur ki «o tor­paqları fəth edə­rək dinsiz kafirlərin zülmündən qurtarmaq və o dinsiz-kafir millətin  yolunu azmış başçısı  və rəhbə­ri­ni yer üzündən sil­mək üçün» yola düşdüklərini yazır və «Cə­nabınızın bu bö­yük dövlətimizə  birləşməsi və qovu­ş­ması  nizamlanmış və mü­əyyən olmuşdur» deyə məktubunu tamamlayır. Bütün bun­lar göstərir ki, Azərbaycanın müstə­qil­liyi naminə bu cür dəh­şətli irticanın qabağında tarix Şah İsmayılı yetirməkdə düz etmişdir.

Sultan Səlimin Luristan hakimi Şah Rüstəmə mək­tu­bun­da da Şah İsmayıl haqqında təhqiramiz sözlər işlənir: «mə­lunların rəhbəri, şeytan ordusunun qoşun başçısı və din­siz İsmayıl». «O kafirin və əxlaqsızın (təhrikçinin)  ara­dan qal­dırılaraq sıradan çıxarılması». (99) Tapşırıq verir: «Siz də azuqələrinə mane olmaq, (İsmayılın) adamlarının yo­lunu kəsmək, öldürmək və pərən-pərən salmaq üçün (ix­tiya­rı­nız­da olan) imkan və sərvətdən istifadə etməli­siniz». (100)

Bu faktları Osmanlı türkləri nə cür qəbul edir, o, on­ların öz işləridir. Çünki Səlim onların babasıdır. Mən «Şah İsmayıl duran yerdə Sultan Səlimə nə yağı?» deyən bizim bəd­bəxt vətəndaşları başa salmaq istəyirəm. Belələrindən so­­ruşduqda ki, sən kimin övladısan, sənin baban kimdir?, iki­üzlülüklə ca­vab verirlər ki, həm Şah İsmayıl, həm də Sul­tan Səlim onların babasıdır. Mən belələrini Səlimin tö­rə­məsi hesab edi­rəm və onların Şah İsmayıl ruhuna düşmən olduqları qəna­ətindəyəm.  Bir belə tarixi cinayətlə türklər yenə Səlimi müdafiə edir­lər və onların efir və ekranlarında «Şah İsmayılı doğ­du­ğuna peşman edən Sultan Səlim» kimi yaramaz ifadələr   işlədilir.

Üçüncü məktubu yenə İsmayılın islama müxalifliyi id­diası ilə başlayır, həm də kinayəli «qoçaq İsmayıl» ifa­də­si ilə: «Qoçaq İsmayıl… islama qarşı hörmətsizlik və məx­lu­qa­tın ağasının, – salam olsun ona, – şəriətini məhv etməyə cid­­di-cəhdlə çalışmağın (haqqında) yetərincə məlumat al­mışıq». «Alimlər və din rəhbərləri  yekdilliklə fətva verib  əsasən Məhəmmədin (s.) dini qanunlarını  dirçəltmək və Əh­­mədin  (s.) şəriət hökmlərini bərpa etmək üçün  düşmən şikarına susamış çoxsaylı ordu ilə səni (məğlub etmək) məq­­sədi ilə Şərqə doğru yönəldim». Məqsədini də ilk cüm­lələrdən bildirir: «Fitnə-fəsad dairəsinin mərkəzi olan zə­rər­li vücudunu ruzigarın səhnəsindən iti qılınc və xəncər ilə silmək» üçün. Lakin əsl məqsəd bu sonrakıdır: «Bu sə­fə­rim­lə sənin hökmranlıq etdiyin  və tabeçiliyində olan torpaq və ərazilər fəth bayrağımın dalğalanması şərəfinə  na­il ola­caqdır».

Dini bəhanələrlə şiələrin üzərinə yerimək və Azər­baycan torpaqlarını fəth etmək üçün Sultan Səlim şeyxül­islamdan fətva almışdı: «Şeyxülislam da  Səfəvi şiələrinin qa­nı, malı, arvad və uşaqlarının  halal olması haqqında fət­va verdi». (87)

Məktubun qalan hissəsi hədə və təhqirlərdən iba­rət­dir: «Hazırda Azərbaycanda olan dağ və təpələrdə qalib or­dunun dördayaqlılarının  dırnaq izi aypara ilə dolu səmaya dönmüşkən, hələ ki nə səndən bir səs-soraq var, nə də gözə də­­yirsən. Elə yox olmusan ki, varlığınla yoxluğun arasında  fərq yoxdur». «Təhlükəsiz yerdə pərdə arxasında gizlə­nən­ləri ər adlandırmaq xətadır». «Ölümə doğru getməkdən kim­sə qaçırsa, zorla dartıb (ölümə doğrü) yerindən tərpə­dərlər». «Əgər səndə az da olsa qeyrət və cəsarət varsa, gə­lib şanlı və qalib əsgərlərimlə qarşılaşarsan» və s.

Burada iki məqam maraqlıdır. Səlimin «Alimlər və din rəhbərləri yekdilliklə fətva verib  əsasən Məhəm­mə­din (s.) dini qanunlarını dirçəltmək və Əh­mədin (s.) şəriət hökm­lərini bərpa etmək» cümləsindəki «əsasən» sözün­dən aydın olur ki, şeyxülislam da, Səlim də başa düşürlər ki, id­diaları düzgün deyildir.  Əgər sünnilik islamın bir təri­qə­ti­dir­sə, şiəlik də eyni hüquqlu digər bir təriqətidir. Əgər şiə­lik sünnilərin nəzərində islama bu qədər yaramaz bir tə­ri­qətdirsə, şiələrin də nəzərində sünnilik o qədər yara­maz­dır. Sənin gücün, yüksək texnika ilə silahlanmış nəhəng or­dun var və buna görə də şiəliyi bəhanə edib, ölkələri fəth et­mək, xalqların müstəqilliyini əlindən almaq istəyirsən, bu, başqa məsələdir, cahangirlikdir. Elə bizim bir sıra məz­lum «savadlıları» yaman günə qoyan, günahı Şah İsmayılda gö­rən avam və fərasətsiz adamların başa düşmədiyi bu­dur. Ba­şa düşmürlər ki, Şah İsmayılın babaları daha əvvəl­lər sünni olublar və onlar şiəliyi sonralar qəbul ediblər və on­lar hələ feodalizmin indiki qədər tüğyan etmədiyi bir dövr­də başa düşüblər ki, sünni-şiə məsələləri boş şeydir, la­kin fa­na­tizm əhalinin gözlərini o qədər bağlayıb ki, onun kö­məyi ilə ölkənin müstəqilliyini qorumaq olar. O dövr üçün belə bir ziddiyyət olmasa, Bayazid Azərbaycanı öz içərisində əri­­də bilərdi.

Bu, Şah İsmayılın böyük uzaqgörənliyidir. Kim bu cür düşünmürsə, Azərbaycanın öz müstəqimlliyindən məh­rum olaraq Osmanlı imperiyası tərkibində bir vilayətə çevrilməli olduğunu dəstəkləyir. Budur, illər keçdi, şiəlik  də, sünnilik də öz əhəmiyyətini itirdi. Azərbaycan öz müs­tə­qilliyini qo­ruyub saxladı. Bu, Şah İsmayılın tarixi uzaqgörənliyinin nə­ti­cəsidir və bunu heç kəs dana bilməz.

E.Əmirov kitabın «Tarixi arayış» bölməsində Sultan Sə­­limdən danışarkən yazır: «Doğrudur, I Səlim Çaldıran dö­­­yüşündə çətinliklə də olsa, müvəffəqiyyət əldə edə bildi, lakin Səfəvi torpaqlarını tamamilə fəth etmək və onu məhv etmək  Osmanlı sultanına müyəssər olmadı. Səfəvilər döv­ləti nəinki öz mövcudluğunu qorumağı bacardı, həm­çi­nin uzun onilliklər ərzində qüdrətli qonşusuna layiqli mü­qa­vi­mət göstərdi. Bu gün türk tarixçilərinin böyük qismi  hər vəchlə Çaldıran döyüşünün məsuliyyətini İsmayılın boy­nu­na yıxmağa çalışırlar. Lakin günümüzə qədər gəlib çatan dip­­­lomatik məktublardan aydın olur ki, hadisələr heç də türk tarixçilərinin dedikləri məcrada davam etməyib. Sözü­ge­dən məktublarda  Səfəviləri və şəxsən İsmayılı  açıq-aş­kar təhqir edən Səlim bütün mümkün vasitələrlə  onu mü­haribəyə sürükləmişdir. Səlimin qabalığı və təcavüzkar dav­­­­ra­nışları məsələləri sülh yolu ilə qaydaya salmaq im­kan­­larını bütünlüklə heçə endirmişdir». (361)

Tarixi belə anlamaq lazımdır!

İkinci məqam zorla döyüşə məcbur etməkdir: «Ölümə doğru getməkdən kim­sə qaçırsa, zorla dartıb (ölümə doğru) yerindən tərpə­dərlər». Sultan Səlim Şah İsmayılı zorla dö­yü­şə təhrik edib. Türkiyə tarixçiləri Çaldıran döyüşü ilə bağlı məsuliyyəti İsmayılın boynuna qoymağa çalışırlarsa, deməli, onlar tarix yox, nağıl yazırlar, öz zalım babalarını əsas­sız olaraq müdafiə edirlər. Türk sultanları uzun müddət Azərbaycana qarşı işğalçılıq siyasəti yeridiblər. Hələ Sultan Səlim şükürlüdür. O nə qə­dər zalım olsa da, dini bəhanə­lə­rə əl atıb, Azərbaycana – şi­ə­lərin üzərinə  yerimək üçün şey­xül­islamdan fətva alıb. Onun oğlu Sultan Süleymanın heç belə bəhanələri də olmayıb, az vaxt ərzində bir neçə də­fə (1535,1537, 1548 və s.) Azərbaycanı çapıb-talayıb. Bu cür aşkar işğalçılığı necə pərdələmək, ona necə haqq qazan­dırmaq olar? Bu cür sub­yektiv tarixçilərlə birlikdə necə müş­tərək Azərbaycan və türk tarixi yazmaq olar? Onlar öz qərəzlərini necə yumşalda bilərlər? Yaxud Azərbaycan ta­rixçiləri Sultan Səlimin Çal­dıranda törətdiyi fəlakətlərə, Sultan Süleymanın gənc Təh­masibin üzərinə hücumlarına necə sığal çəkə bilərlər? Lü­zumsuz iddiadır.

E.Əmirov doğru deyir. Səfəvilər Çaldıranda məğlub ol­salar da, Səfəvi dövləti məhv olmada. Bu, ilkin bir qə­lə­bə idi. Şah İsmayıl sağ idi və o, ölkəni hər vəchlə müda­fi­əyə ça­lışacaqdı. Sultan Səlim də bunu bilirdi. O, ölkəni fəth edə bilmədiyini başa düşürdü və ona görə də yenidən Azər­bay­cana hücum planı hazırlayırdı. Lakin müxtəlif bə­ha­nələrlə sonralar bundan yayınmalı oldu. Təbii ki, Şah İs­mayıl mü­rid­lərinin sərt üzü ona daha yaxşı məlum olmuşdu. Ətraf vilayətlərin hakimlərinə məktublar yazaraq, Şah İs­mayıl haq­qında məlumat vermələrini, imkan olduqda Səfə­vi­lərə ziyan vurmalarını məsləhət görürdü. Çaldırandan son­ra Təbrizə girdi və demək olar ki, əli boşa çıxdı.  6 gün Təb­riz­də qaldıqdan sonra ac-susz ordu ilə çıxıb getməli ol­du. Şah İsmayılın bu taktikası təxminən sonralar Kutuzov tə­rəfindən təkrar olunmuşdur. O da Moskvanı boşaldaraq Na­poleonun rus şaxtasında ac-susuz qırıla-qırıla çıxıb getmə­sinə səbəb olmuşdu.

Şah İsmayıl Çaldıranda sağ və sol cinahlardan hücum etməli ol­muşdu. Kaş bəxti gətirə idi, Uzun Həsənin babası Yoluq Osmanın 600 nəfərlik ordu ilə birbaşa Qazi Bür­ha­nəddinin 10 min nəfərlik ordusunun ortasından düz birbaşa Qazi Bürhanəddinin üzərinə yeridiyi kimi, birbaşa Səlimin üstünə yeriyib onun o qırmızı sifətini bədənindən ayıra idi.  Ağır toplar və saysız ordu ilə silahlanmış Səlim lovğalığın nə olduğunu bilə idi.

Sultan Səlimin dördüncü məktubu da hədə və təh­qir­lə başlayır: «Qoçaq İsmayıl… səni öldürmək məqsədi ilə say­sız-hesabsız ordu və qələbə rəmzi olan fəth bayra­ğımız­la uzaq məsafələri qət edib hakimiyyətin altında olan  məm­lə­kətə daxil olduq. Əmr sahibləri olan sultanların, pad­şahlıq qüdrətinə sahib olan xaqanların  inancına görə, ida­rə­çiliyi altında olan məmləkətlər onların namusu   (kəbinində olan qadınlar) kimidir. Kişilikdə pay sahibi, mərdlikdə bəh­­rəsi, heç olmasa, daxilində zərrə qədər özəyi  olan bir şəxs üçün  başqasının onun (namusuna)  hücum etməsinə döz­mək ehti­malı yoxdur. Elədirsə, neçə gündür ki, güclü və qalib əsgər­lərim məmləkətinə daxil olub səfa sürürlər, nə səndən bir səs-soraq var, nə də gözə dəyirsən. Elə yox ol­musan ki, var­lı­ğın ilə yoxluğun arasında bir fərq yoxdur». (85-86)  «…bu  zamana qədər  səndən mərdlik və igidliyin müşa­hi­də edildiyi bir iş görünməyib. Gördüyün işlər də bütünlüklə hiylə və fırıldağın səmərəsidir». «Əgər bundan sonra da  keç­mişdə olduğu kimi qorxu və dəhşətdən bir küncə sıxıl­san, (igid) adı sənə haramdır. Dəbilqə yerinə məhəccər, zi­reh yerinə çarşab ixtiyar edib rəhbərlik və or­du başçılığı sev­dasından vaz keçərsən». (86) Sultan Səlim, deyəsən, Şah İs­mayılı hətta uyuşdurucu ilə məşğul olan şəxs kimi qələ­mə verməyə çalışır: «Hələ mübtəla olduğun dərdin davası da məlumdur. O deyiləsi olmayan şeydən  is­tifadə etməklə qəl­bini gücləndirirmişsən». Bunlar Şah İs­ma­­yılı haldan elə­mək, döyüşə çıxarmaq üçün söylənilən if­tiralardır. Halbuki onun atası Bəyazid öz gəncliyində bir müd­dət uyuşdurucu aludəsi olmuşdur.

Bu dördüncü məktub əvvəlki üç məktubun müqabi­lində İsmayılın yazdığı bir cavab məktubundan sonra yazıl­mışdır və İsmayılın yüksək mədəniyyət nümayiş etdirən mək­tubunun Sultan Səlimə heç bir təsiri olmamışdır.

Sultan Səlim oğlu Süleymana yazdığı məktubda da Şah İsmayıla iftiralar yağdırır: «…Ərdəbil oğlu deyilən  (Şah İsmayıl)  fitnəkarlıqda, allahsızlıqda, kafirlikdə, fitnə-fəsadı şüar etməkdə, kafirlik və dinsizlik libası geyməkdə, bəndələrə əziyyət verməklə öyünməkdə  və məmləkətləri viran qoymaqda zəmanəsinin bəzəyi idi». Sonra da axmaq bir şərt qoyduğunu  yazır: «Əgər indiyə qədər etdiyin çirkin işlərə görə səmimi qəlbdən peşman olub «sünni»  (məz­həb)  müsəlman olsan, əvvəllər atımız ayaq basdıqları bölgələr və əraziləri Osmanlı himayəsində olan  məmləkətlərə qat­san (əlavə etsən), güclü dövlətimiz tərəfindən sevgi və mər­­həmətdən başqa bir şey görməzsən. Əgər xoşagəlməz əxlaqından əl çəkməyib çirkin əməllərinə israr etsən, Al­lahın yardımı ilə  qalib ordum məmləkətində düşərgə sala­caq­dır. Ərsənsə meydana çıx…  Səadət və xoşbəxtlik ilə  Azər­baycan diyarı  fəth bayrağımın dalğalanması  şərəfinə na­il olacaqdır». (96-97) Bir qədər sonra görəcəyimiz kimi, eyni  quduz fikirlər qərb ilə yanaşı, şərqdəki qoca yaramaz­da da olmuş, hər ikisi gənc Azərbaycan pöhrəsinin məhvinə çalışmışdır.

Əvvəldə qed etdiyimiz kimi, Sultan Səlim Şah İsma­yı­la üç məktub göndərmiş, Şah İsmayıl ona bir cavab məktubu yazmışdır. Sonra Sultan Sə­lim dördüncü məktubu yazaraq şahı daha təhqiramiz söz­lər­lə müharibəyə təhrik etmişdir. Çaldıran döyüşündən sonra Şah İsmayıl Sultan Səlimə məzəmmət məktubu gön­dər­miş­dir.

Şah İsmayılın birinci məktubu qısadır, lakin bütün etik qay­da­lara müvafiq və əhatəlidir – lazım olan bütün suallara ca­vab verir: «İlahi lütfü əldə edən, səltənəti ilə yamyaşıl is­lam bağının  himayəsində duran  (islamın himayədarı), döv­lət, səltənət, dünya və din yolunun mücahidi cənab Sultan Sə­lim şaha, – Allah dövlətinizi daimi, əbədi səadətinizi  isə tükənməz etsin, – sevgi və məhəbbət dolu salam və dua­la­rımı  göndərir və «görüşmək» arzusunda olduğumu bildiri­rəm». (83-84)

Etik normalara müvafiq olan bu xitab, əslində, adi vi­layət hakimlərinə göndərilə bilən məktubların müraciət his­səsindən o qədər də fərqlənmir. Burada Sultan Səlimə şişirt­mə-müna­sibət yoxdur. Lakin təhqir və təhdidedici bir şey də yoxdur. Görüşmək sözünün tərcüməçi tərəfindən dırnaq­da verilməsi o deməkdir ki, bu, adi görüş deyil, müharibə gö­rüşü məna­sındadır.

Əsas mətləbə keçərək yazır: «Mətləbə gəldikdə, bir-birinin ardınca  göndərdiyin mübarək məktubların  sayı üçə çatmış oldu». Şah İsmayıl çəkinmədən məktubların məz­mu­­nunu qısa şəkildə şərh edir: «Gəlib çatan məktubların  məz­mununda  ədavət, cürət və sərtliyin payı daha çox idi. La­kin onun mənşəyinin nə olduğunu bilmədik».

Çox cavan idi. Çaldıran ərəfəsində 26-27 yaşlarında idi. Lakin ona mən məhəbbətlə «Şah baba» deyirəm. Özü­mü onun yerinə qoyuram. Dəfələrlə artıq qoşunla,  işini-gücünü buraxıb bütün varlığı ilə ağır toplarla qonşu türkün qanını tökməyə gələn bir adama nə cavab vermək olar?  Şah İsmayıl demək istəyir və aydın şəkildə deyir ki, bütün «dəlillərin» boş sözlərdən ibarətdir. Müharibə üçün heç bir əsasın yoxdur. Səni müharibəyə vadar edən nədir, bilin­mir. Atasını – Bayazidi xatırladır: «Cənnətməkan atanızın za­ma­nında, – Allah qəbrini nurla doldursun, –  bizim uğurlu yürü­şü­müz Əlaüddövlə Zülqədərin dikbaşlığına görə Rum sər­hədlərinə gəlib çıxsa da, hər iki tərəfdən dostluq və həm­rəy­likdən başqa, heç nə müşahidə edilmədi. Cənabınız da Trabzon valisi olan zaman  həmrəylik nümayiş etdir­di­niz. Hazırki kin-küdurətin səbəbi isə məlum deyil». (84)

Məktubda böyük təmkin var, o qədər təhqirlərin və çıl­­ğınlığın qarşısında Şah İsmayıl özünü həqiqi şah kimi apa­rır, çılğınlığa qoşulmur. Təmkinlə keçmişi xatırladır. Hə­­qi­qətdə də Bayazid dövründə hər iki imperiya əmin-amanlıq şəraitində yaşamışdır: «II Bayazidin hakimiyyət dövrü Azər­baycan Səfəvilər dövlətinin yarandığı illərə tə­sadüf et­diyindən bu şəxsiyyət diplomatiya tariximiz baxı­mın­dan da kifayət qədər maraqlı fiqurdur… II Bayazidin si­yasi müd­rik­lik nümayiş etdirərək zaman-zaman hədsiz də­rəcədə gər­ginləşən münaqişələri müharibə həddinə çatdır­madığı danılmaz həqiqətdir». (355) Lakin Sultan Səlim, ata­sın­dan fərqli olaraq, bir fəlakət ustası kimi, ilk növbədə üzü­­nü Şər­qə çevirir: «Maraqlıdır ki, Avropa ölkələri ilə mü­na­sibətlər Sultan Səlim dövründə kifayət qədər sabit idi. Qərb isti­qa­mə­tində hər hansı ciddi irimiqyaslı hərbi təşəb­büs­lə­rin mü­şa­hidə olunmadığı həmin dövrdə Osmanlı im­pe­­riyası  bütün diqqətini Yaxın Şərq regionundakı mövqe­lə­rinin möh­­kəm­lən­dirilməsinə yönəltmişdi desək, yanıl­ma­rıq». (360) O dövr­də alman səfiri yazırdı ki, «bizimlə ölüm ara­sın­da Şah İs­mayıl durur». Bu o demək idi ki, Sultan Sə­lim gü­cünü Şər­­qə – Şah İsmayıla yönəldib, o hesaba Avro­pa türk iş­ğa­lı təhlükəsindən azaddır. Tarixçinin fikri səlis­dir, lakin «Yaxın Şərq regionundakı mövqe­lə­rinin möh­­kəm­lən­dirilməsinə» sözləri yumşaqdır, «Yaxın Şərq regionunun işğalına» demək daha düzgün olardı.

Şah İsmayılın məktubunda bir hadisə xatırlanır: «Cən­nətməkan atanızın za­manında… bizim uğurlu yü­rü­şümüz Əlaüddövlə Zülqədərin dikbaşlığına görə Rum sər­hədlərinə gəlib çıxsa da». Cümlənin bu hissəsində Şah İs­ma­yıl həm qı­zılbaş ordusunun şücaətini, həm də sərkərdə Zülqədərin türk torpaqlarına irəlilədiyini xatırladır. Bu hə­rə­kətin səbə­bini müəyyən dərəcə Zülqədərin dikbaşlığı, sözə baxmadan Rum sərhədlərənə müdaxiləsi ilə əlaqələndirir, həm də cə­sa­rətlə o hərəkətin səbəbini aydınlaşdırır: «Bi­zim həmin böl­gəni görməzlikdən gəlməyimizin səbəbi iki şey­dir:  bi­rin­cisi budur ki, o diyarın əksər sakinləri  bizim əsil-nəca­bətli əcdadlarımızın, – bağışlayan və qüdrətli Allah öz mər­həmətini onlardan əsirgəməsin, – müridləridir. (İkin­ci­si isə bizim uğrunda vuruşan) o ailəyə olan məhəb­bə­ti­mi­zin (ta­rixi) qədimdir».

Aydın olur ki, Qızılbaş atlıları Rum sərhədlərinə çat­maqla kifayətlənməyib, hətta ölkə daxilində bir sıra bölgə­lə­rə daxil olublar. Bu yerlər, yəqin ki, Diyarbəkr, Sivas və ümu­mən şərqi Anadolu əraziləri – qədim Azərbaycan tor­paqları olmuşdur – dəqiq bilmirik. Ona görə də Şah İsmayıl o yerlərin əhalisinin qızılbaş-şiə müridlə­rin­dən ibarət oldu­ğunu, Azərbaycan hakimiyyətinin onları qorumalı olduğunu bildirir. Şah İsmayıl, hə­min hadisəyə baxmayaraq, bu mə­qam­da II Bayazidlə «dostluq və həm­rəylikdən başqa, heç nə müşahidə edilmədiyini» xatır­ladır və çox böyük cəsa­rət­lə, Sultan Səlimin azğın təklif və dav­ranışları müqabilində çox böyük ustalıqla Teymur tərə­fin­dən IBayazidin məğlub edilib əsir götürüldüyünü Sultan Sə­limə xatırladaraq yaz­mış­dır: Zülqədərin  o yerlərə hərə­kəti ilə  «Teymurilər döv­ründə  o diyara edilən yürüşü (tək­rar etmək) istəmirdik və hə­lə də istəmirik. Bu olanlara görə incimirik, niyə də inci­məliyik ki?!»

Nə qədər böyük qüdrət və inam sahibidir! «Hələ də istəmirik!» sözlərinə diqqət yetirin. Şah İsmayıl bu sözləri ya­zarkən bilməmiş deyildi ki, Teymurun yada salınması və o yer­lərin işğalını «hələ də istəmirik» sözləri Sultan Səlimi özün­dən çıxara bilər. Ona görə belə deyir ki, artıq Sultan Sə­lim cızığından çıxmışdı və təhdidlərində qəti idi. Şah İs­mayıl bi­lir ki, «Sultanlar arası ədavət qədim ənənələr­dən­dir» və bilir ki, «Söz dava-dalaşı o həddə çatdırar ki, köhnə dost­luq­ları viran edər».

Yenə etika dairəsindən kənara çıxmır, özündən 17 yaş böyük olan bu adamı başa salmağa çalışır, başa salır ki, yaz­dığın söyüş və təhqirlər bir sultan işi deyil, bunu tiryaki adam­lar yaza bilər: «(Sultanlara) yaraşmayan ifadələrə gə­rək yoxdur. Şübhəsiz ki, həmin dinsiz ifadə və fikirlər  ka­tib­­lərinin və tiryək çəkməkdən  beyinləri qurumuş mirzə­lə­ri­nin yazdığı uydurmalardır».

Nə qədər yüksəkdə durur! Qızılbaşları dinsizlikdə it­ti­ham edənin özünün dinsiz olduğunu sübut edir.

Şah İsmayıl artıq işin işdən keçdiyini nəzərə alaraq Sul­­­tan Səlimi dolamaq üçün yazır: «Bu qədər ləngimənin də bir zərurəti olduğunu düşünürəm. Buna görə də möhü­rü­müzlə möhürlənmiş xüsusi keyfiyyətli qızıl ilə dolu bir müc­­­rünü  ən yaxın və etimad etdiyimiz  Şahqulu ağa ilə bir­lik­də göndərdim ki, əgər lazım olarsa, istifadə edərsən». Və nəhayət, bu işlərin sonunu bir daha ətraflı fikirləşməyi töv­siyə edir: «Amma kiminsə sözünə əhəmiyyət vermədən cid­­di şəkildə düşün ki, sonrakı peşmançılıq fayda verməz».

Şah İsmayıl olmasın, mən olum, biz olaq, siz olun. Nə etməli idi? Özünü düşmənə çevirmiş türk qardaş 100 min­lik ordu ilə, top-tüfənglə sənin üstünə gəlir. Tələbi budur ki: öl­kəndəki bütün şiələr dinsiz və kafirdir. İslah olunmalıdır. Sən isə qədim tarixi olan (11-ci əsrdən mövcud olan Os­man­­lı tarixindən azı iki min, üç min il əvvəl tarixi olan) döv­­lətinin açarlarını ver bir dəliyə, çıx get vilayətlərdən bi­rində Osmanlı köləsi kimi yaşa!

Yeganə yol döyüşdür! Ya ölmək, məhv olmaq, ya da Və­­­təni qorumaq! İsmayıl o böyüklükdə ordunun qarşısında həm mənəvi, həm  də fiziki cəhətdjən qalib gəlir. Nə qədər mü­­­rid qırılırsa, o qədər də Səlimin ordusundan qırılır. «Pi­rim, Mürşüdüm, Sultanım! Sadağa olduğum!» deyə ölümə ge­dən müridlər qı­rıldıqları qədər də qırırlar. Səlim özü oğlu Süleymana yazdığı məktubda da bunu etiraf edir: «(Tərəflər arasında) son dərəcə ştiddətli döyüuş və  qətllər başladı. Uzun müddət tərəflərin (bir-biri ilə)  mübarizəsi (nəticə­sin­də)  hər iki tərəfdən çoxlu sayda  bəylərdən (ölən oldu), ki­misi yaralandı və kimisi də öldürüldü». (96)  Tarixdə öz dü­şüncəsiz hərəkəti ilə itirən yenə Sultan Səlim olur. Türk dün­yasına ziyan vurur. İsmayıl sadəcə olaraq geri çə­kilir, təs­lim olmur və həqiqətdə də yaratdığı Qızılbaş-Sə­fəvi döv­­lətini qoruyub saxlaya bilir. Bununla da böyük qələbə qazanır. Öz ağlı, kamalı ilə 500 illik dövlətin başçısından üstün görünür. Üzünü tutmalı ol­duğu yerləri qoyub, sünni bayrağı altında qardaş kəllələrin­dən pi­ramida düzəldən (yəqin ki, özününküləri də qatıb ora) Sə­limə elə bir zərbə vurur ki, Səlim çox istəsə də, bir daha bu yerlərə dönə bilmir.

Çaldıran döyüşündən sonra Şah İsmayıl Sultan Sə­li­mə iki məktub yazmışdır. Birinci məktubun mətni əldə yox­dur. İkinci məktubdan aydın olur ki, onu Sultan Səlimə əmir Si­racəddin Əbdülvahhab aparmışdır. Sultan Səlim qə­zəblən­miş, Əbdülvahhabı zindana saldırmışdır. Əmir Siracəddin 7 il zindan­da qaldıqdan sonra Sultan Süleyman tərəfindən azad edil­miş­dir. Lakin 7 illik zindan həyatından sonra əmir Sira­cəd­din elə İstanbulda  vəfat etmiş, orada Əbu Əyyub əl-Ən­sari mə­zarlığında dəfn edilmişdir. (91)

Türk tarixçilərinin uydurmasına görə, itmiş məktubda Şah İsmayıl «ərazisinin bir hissəsini vermək şərti ilə  Taclı xanımın azad olması şərtini irəli sürmüşdür». Bu, ağlabatan deyil. Heç Taclı bəyimin əsir düşüb-düşmədiyi də dəqiq mə­­lum deyil. Və keçmiş türk hakim babalar, indikindən fərq­­­li olaraq, torpaq verib hakimiyyət və ya arvad almaz­dı­lar.

Məsələ burasındadır ki, bir döyüşdə məğlubiyyəti Şah İsmayıl tam məğlubiyyət və ölkənin fəthi kimi qəbul et­­məmişdir  və faktik olaraq öz ölkəsinin sərhədlərini qoru­muş, Səfəvi dövləti öz varlığını tam şəkildə davam etdir­miş­dir. R.Mehdiyev doğru yazır: «Hər halda, Şərq tarixində ağır hərbi məğlubiyyətə düçar olduqdan sonra taxtda qal­mağı bacaran  çox az sərkərdə ol­muş­dur. Bu isə yalnız xal­qın və ordunun sonsuz  inamı, bö­yük dəstəyi sayəsində hə­ya­ta keçmişdir». (20)

Səfəvilər öz varlıqlarını qoruyub saxladıqları üçün düş­­mən­çilik də qalırdı. Sultan Səlimin yenidən ordu ilə gə­ləcəyi və ölkəni tam təslim edəcəyi, işi sona çatdıracağı barədə söz-söhbət gedirdi. Xeyrəvan hakiminin Sultan Sə­limə ca­vab məktubunda deyilirdi: «Buyurmuşsunuz ki, Təb­riz sul­tanlığını şərəfləndirdikdən (tutduqdan) sonra o məm­ləkətin ərzaq və azuqədən  boş olduğunu görüb ərzağa ehti­yac ola­ca­ğını ehtimal etdiyiniz üçün qorunan Rum məm­lə­kət­lə­rinin ətəklərinə doğru, – Allah fəlakətlərdən və pis niy­­­yət­lərdən qorusun, – geri dönmüsünüz. Gələn il yenidən yola çı­xaraq pərakəndə düşmüş düşmənə qulaqburması ver­mək, məğlub və qolları qırılmış topluluğu cəzalan­dırma­ğı ta­­mam­lamaq qərarına gəldiyiniz məlum oldu». (109) Eyni fik­ri Sultan Səlim Misir hakimi Qansu Qiruya məktubunda da təkrar etmişdir: «…geri döndük və  gələn il Şərq məm­lə­­kət­lərini  idarəçilik altına almaq və rəfizi (dindən dön­müş)  qı­zılbaşların,- Allah onların kökünü kəsib məhv etsin, – geri qalan qılınclarının (təhlükələrinin) qarşısını almaq qərarına gəldik». Sultan Səlimin məqsədi aydındır. Din söh­bət­ləri  ta­mamilə bəhanədir. Məqsədi Şərq ölkə­lə­ri­ni Osmanlı torpaqlarına qatmaqdır. Bunları başa düşmədən Sul­tan Səlimi babası hesab edən azərbaycanlı adlananlar fak­tik olaraq Azərbaycanın tarixi müstəqilliyi əleyhinə olan adamlardır.

Sultan Səlim yenidən Azərbaycana gələ bilmədi və bizim fikrimizcə, gələ də bilməzdi. Çünki bu dəfə müridlər onun imperiyasını məhv edə bilərdi, özü məhv ola bilərdi. Tarixçinin qeyd etdiyi kimi, yenidən Azərbay­ca­na hücum edərsə, «asanlıqla Qansu Qiru ilə Şah İsmayılın qoşunları arasında  mühasirəyə düşə bi­lər­di». (120)

Ona görə də bir növ düz fikirləşdi, hələlik tam şəkil­də özünə gələ bilməmiş Səfəvilərin müttəfiqi Qansu Qiru­nun üzərinə yeriməli oldu. Çaldıran döyüşü tipində yeni qır­ğın törətdi, böyük bir dövlətə son qoydu. R.Mehdiyev yazır: «I Şah İsmayılı  qardaş qanı tökməkdə ittiham edənlər  yə­qin unu­dur­lar ki, onların ideallaşdırmaq istədikləri I  Səlim Çal­dı­ran döyüşündən iki il sonra, 1516-cı ildə Misir Məm­lük döv­­ləti ilə toqquşaraq, yeni, daha dəhşətli qırğına rəvac ver­mişdi. Həmin il Mərci-Dabik döyüşündə məzhəb baxı­mın­­dan sünnü, etnik cəhətdən isə türk olan məmlükləri məğ­­lubiyyətə uğradan Səlim bu dövlətin varlığına son qoy­muş, onun torpaqlarını Osmanlıya qatmış, sonuncu hökm­da­rı  Qansunu öldürmüş, ən nəhayət, özünü xəlifə elan etmiş­dir». (18)

Qansu Qiru şah İsmayıla rəğbət bəsləyirdi. Ona görə də Sultan Səlimə məktubunda onun yenidən Şah İsmayılın üzərinə yeriməsini məsləhət görmürdü. Sultan Səlimi do­layı yollarla başa salmağa çalışır ki, bu dəfə o. məğlub və məhv ola bilər: «…bu diyarlardan şərafətli iki hərəmə (Mək­kə və Mədinəyə – Q.K.) gələnlərin çoxundan eşit­mi­şik ki, məğ­lub İsmayıl sizinlə müharibə meydanından  qaç­dıq­dan sonra öz zəlil nəfsi ilə  sizinlə qəti şəkildə qarşılaş­ma­mağı  (qəra­ra almış və)  Uzun Həsənin Əbu Səid Qor­qa­na etdiyi kimi, yollara, çöllərə və dağlara parçalar şəklində yayılaraq mü­ba­rizə aparmaq qərarına gəlibdir… Elə isə xalqa zərəri ol­mayan hiylələri  dəf etmək üçün  hərəkətə keçməyinizin bir faydası yoxdur». (119)  (Qansu Qirunun Şah İsmayıl ilə bağla xoşa gəlməz sözləri Sultan Səlimi al­dat­maq üçündür). Uzun Həsənin Əbu Səidə qələ­bəsi ilə mü­qayisə çox kəskindir. Uzun Həsən Teymur nəvə­si Əbu Səidi tam şəkildə məhv etmişdir. Şah İs­mayıl Çal­dırandan əvvəl bir sıra sərkərdələrin sözünə bax­masa da, müridlərin cəsarətinə inanıb birbaşa Sultan Səlimin üzərinə yerisə də, yəqin ki, sonralar başa düşür ki, bu qədər ordunu Azər­bay­ca­na yeridən Sultan Səlimi yalnız dərə-təpədə yaxalayıb məhv etmək olar. Sonralar onun oğlu Şah Təhmasib yalnız bu üsulla Sultan Süleymanın ordusuna böyük təlafatlar ver­mişdir.

Şah İsmayılın Sultan Səlimə ikinci mək­tubundan ay­dın olur ki, sərhəd ərazilərdə o tərəfin və bu tə­rəfin əmir­ləri basqınlar edirlər, məhəlli savaşları davam et­dirirlər. Əv­vəlki məktuba cavab olmadığını, münasibətlərin düzəl­mə­si istiqamətində Səlim tərəfin bir təşəbbüs göstər­mə­diyini görən İsmayıl məktubda yazırdı: «Ağlımızdan be­lə bir fikir keçdi ki, bu əsnada hər iki tərəfin  şüursuz və ağıl­sız bəzi əmirlərinin  hər iki tərəfin sərhədlərinə  hücum edib bəzi hərəkət etmələri  həmin alicənabın yanlış anlaşıl­masına (anlamasına olardı – Q.K.)  və nəticə etibarilə  sizin onu ləngitməyinizə və saxlamağınıza səbəb olmuşdur». (90)

Sultan Səlimin məktublarındakı söyüş və hədələrdən    fərqli olaraq,  keçmiş ənənələrə uyğun şəkildə hörmət və tə­­riflə başlanan məktubda Şah İsmayıl mədəni şəkildə Sul­tan Səlimi məzəmmət edir, atası II Bayazidin daha ağıllı yol tutduğunu – qonşu ölkə ilə sülh və barışıq əsasında ömür sür­­düyünü bildirir: «Nurlu daxilimdən gələn mə­həb­bətin nuru bundan ibarətdir ki, mərdlik və igidlik əlaqəsinin və­ziy­yətini tamamlayan və ata-oğul  münasibətlərinin tə­sir­lərinin tələbindən doğan məhəbbət və səmimiyyətin da­vam­lılığı, dostluq və sevgi qaydalarının möhkəmliyi keç­miş za­manlarda ən mükəmməl (surətdə idi) və cənnətməkan atan, – Allah onun günahlarını bağışlasın, – tərəfindən doğru şəkildə həyata keçirilməsi o dərəcədə qorunur və icra olu­nur­du ki,  hər zaman dünya sultanlarının  həsəd aparmasına və  ölkələrin xalqlarının qibtə etməsinə səbəb olurdu. Bu dost uca təbiəti və  əsalətli (əsaslı, möhkəm) fitrətinin tələ­bi­­nə uyğun olaraq, şübhə əhli və düşmənlərlə  mübarizə edə­­rək onları  geri oturdar, üsyan edənlər və zalımların  kö­kü­nü kəsmək və məhv etməklə məşğul olardı». (88) Və ye­nə: «…sultanlar nəslinin izzətli övladları arasındakı yəqin üzə­rinə qurulmuş qədimi dostluq bayraqlarını ucaltmaq  cən­­­­nət­məkan xilafət məqamlı həzrətin (II Bayazidin) bu dos­­ta (Şah İsmayıla) münasibətində özünü göstərirdi».

Yəni qısa desək, deyir ki, atanız Səfəvi qonşusu ilə sül­h­lə dolanır, ən çox daxilindəki müxalif qüvvələrlə, üs­yan­çılarla məşğul olurdu. Onu da deyim ki, Sultan Səlimin Azərbaycandan tez getməsinin bir səbəbi də yeniçərilərin öl­kə daxilində üsyanı idi.

Məktubdan o da aydın olur ki, dostluq və qon­şuluq, qardaşlıq qaydalarına müvafiq olaraq, Şah İs­ma­yıl son məqama qədər fitnə-fəsadlara uyaraq, Sultan Sə­limin Azərbaycana yeriyəcəyinə inanmamışdır. Atasını mi­sal gə­tirərək, «ataların dostluğu övladların yaxınlığına sə­bəb olur»  kəlamına müvafiq düşüncələrlə Sultan Səlim­dən belə bir qəti hərəkət gözləməmişdir, çünki «…dostlara qar­şı düşmənçilik və başqalarının işinə müdaxilə  etmə  dü­şün­cə­si, təəssüb və mübarizə təsəvvür etmək qəribədir». (89)  Həm də çox qəribədir ki, Sultan Səlimin açıq qərəzinə bax­ma­yaraq, onun Azərbaycana yürüşünü Şah İsmayıl onun fit­nə-fəsada uyması, qərəzli uydurmaların onun «düşüncə ay­nasını ləkələməsi» ilə əlaqələndirmişdir: «…ixtilafın sə­bə­bi fitnə-fəsad əhlinin fitnəkarlığından, kin-küdurət və düş­mənçilik hissi bəsləyənlərin təhrikindən  başqa bir şey de­yil­dir. Yalan danışanların batil sözləri, qorxusuz və qə­rəz­­li fay­dasızların  uydurmaları qeybi nurların saçdığı eyib­siz dü­şüncə aynanızı ləkələmişdir». (89) Şahın məktubunda Sul­tan Səlimin zəifliyinin səbəbi açıq deyilir: «Miras qal­mış və möhkəmlənmiş saflıq və vəfalı olmaq  düşüncə­si­nin məna­sı­nı özündə əks etdirən parlaq şəxsiyyətinizə bax­mayaraq, kəramətli təbiətiniz(dən) və qədimi dostluqdan tə­əccüb do­ğuracaq  şəkildə tam üz döndərdiniz.  …tənzim­lən­miş qüv­vət­li ayaqlar üzərinə qurulmuş qanunlara bax­ma­yaraq,  (uy­durulmuş) sözlərin təsirinə düşmək və düşüncə­lə­rin dəyiş­mə­si mümkün imiş».

Heç şübhəsiz, bu uydurma və təhriklərdə Avropa ca­suslarının da böyük rolu olmuşdur. Çünki onlar Sultan Səli­mi şərqə yönəltməklə həm öz canlarını xilas etmiş, həm də bu yolla iki türk im­pe­riyasını gücdən salmışlar. İnanmadığı üçün Şah İsmayıl ciddi hazırlıq görmədiyini də bildirir. Sul­tan Səlim öz ordusu ilə Təbriz yaxınlığında düşərgə salmış ol­duğu halda, o, cavab məktubun İsfahan torpaqlarında ov edər­kən yazdığını bildirir. Və Çaldırandan sonrakı mək­tu­bunda inanmadığını və ona görə də lazımi hazırlıq gör­mə­diklərini etiraf edir: «…haqqınızda bu məmləkətdə nə qə­dər dostluğa zidd xəbərlər eşidilsə də, qəti şəkildə eti­mad edilmirdi… Bu sözün doğru olduğunun nümunəsi bu­dur ki, si­zin də eşitdiyiniz kimi, o vaxt ətraf bölgələrdən  əs­­gərlər top­lanmadı, (aldığımız) o xəbərlərin həqiqət oldu­ğunu anla­dıqdan sonra  bir dəstə süvari əsgər və Di­yar­bə­kir ətrafın­dan  toplanan az sayda  insanla təcili qarşılaş­maq üçün yola çıx­dıq».

Məsələ məlumdur. Şah İsmayıl kəskin və təhqiramiz məktublara uzun müddət cavab vermir. Ağır və kəskin, təh­qiramiz məktublar yazmır. Sultan Səlim ordu ilə gəlib öl­kənin mərkəzində məskən saldığı halda, xeyli müddət reak­siya vermir. Bütün ölkəni səfərbər etməyə çalışmır. Belə olan surətdə bəs məqsəd nədir? Ölkəni işğal altındamı qoy­maq istəyir?

Xeyr, bütün bunlar o deməkdir ki, Şah İsmayıl gənc ol­masına baxmayaraq, son dərəcə böyük və müdrik adam­dır, misli görünməmiş tarixi şəxsiyyət, hüdudsuz vətən­pər­vərdir, tarixin gedişini, gələcəyin mühakiməsini düşünən sərkərdədir. O, bütün bu işlərlə tarixi günahı Sultan Səli­min boynunda qoymuş olur. Kim kimin qapısına mühari­bə­yə gəlib? Nə üçün gəlib? Məqsədi nədir? Bu qədir ordunu top­layıb Azərbaycana gətirməsini nə ilə əsaslandırıb? Döyüşü qəsdən ləngidir ki, tarix kimin günahkar olduğunun şahidi olsun.

«Dindən çıxmısan». Qızılbaşlar hansı dindən çıxıblar? Peyğəmbər özü deyir ki, «Mən dinin özüyəmsə, Əli dinin qapısıdır». Əliyə pərəstiş din xadimi üçün hansı günahları doğura bilir? Əksər dini ayinlər Əlinin və Fatimənin ailəsi ilə bağlı törəməyibmi? Həm də bir halda ki, peyğəmbər heç vaxt unudulmur və Allahın həqiqi elçisi kimi daim ön plan­dadır.

Şiəlik islamın altı əsas qolundan (sünnilik, şiəlik, xa­ri­­­cilik, mötəzililər, sufilik, mürciə) biridir. Bu təriqət daha çox sünniliyə qarşı durur. Əslində, bunların çox ciddi fərq­lə­­­ri yoxdur. Sünnilərin fikrincə, din sahəsində hər hansı av­toritet şəxs imam adlana bilər. Lakin şiələr bu cür düşün­mür, imam dedikdə Əlini, Əli  nəslini düşünürlər. «O (Əli) Pey­ğəmbərə bərabər, bəzən hətta ondan da üstün olan mi­fik bir obraz kimi qavranılır». (Cabbar Məm­mədov. «Sünni və şiə təriqətləri arasında başlıca fərq­lər». «http://az.­wiki­ource.org/w/index.php?) Səfəvilər ta­ri­xinin görkəmli təd­qiqatçısı Oqtay Əfəndiyev V.F.Mi­nor­skiyə əsaslanaraq ya­zır: «Xətainin divanında əks olunmuş qızılbaş doktrinasına uyğun olaraq, xəlifə Əli  allah sayılır və kim buna qail de­yil­­­sə, dinsiz hesab olunur; Məhəmməd – yalnız peyğəm­bər­dir. Eyni zamanda Əli məzhər-i həqdir. İsmayıl özünün Əli və Fatimə «mənşəyi»  ilə fəxr edir». (O.Gfendiev. Azer­bay­djanskoe qosu­darstvo sefevidov, Baku, 1981) Nə ol­sun? Bundan ötrü bu cür düşünənləri qırmaq lazımdırmı? Belə olsa, Yer üzündəki xristianların yarısı qırılmalıdır. Çün­­ki xristianlıqda da bu hal var: təriqətin birində İsanı al­lah və peyğəmbər, digərində yalnız pey­ğəm­bər sayırlar. Şi­ə­lərin əqidəsinə görə imamlıq statusuna Əli və onun nəs­lin­dən olanlar layiq ola bilər. İmam adı o dövrdə o şəxslərə ve­rilib ki, onlar şiəliyin yayılması üçün öz qı­lınc­ları və ya qələmləri ilə vuruşublar.

İmamların sayı Azərbaycanda və İranda, yəni şiəliyin yayıldığı ərazilərdə (islam dininə qail olanların 11 faizi şi­ələr hesab olunur) 12-dir. 12 rəqəmi xristianlıqda 12 hə­va­ri­yə, yəhudilərdə 12 qövmə bölünməyə uyğundur. Lakin is­lam dininin yayıldığı başqa ərazilərdə imamların sayı  hər yerdə 12 deyil. C.Məmmədov araşdırmalar apararaq yazır: «Məlum olduğu kimi, Hz. Əlinin  (ə.s.) 8 (və ya 9) arvadı olub ki,  onlardan da  14 (yaxud 18) oğlu, 19 (yaxud 17) qızı dünyaya gəlib. İmam Həsən və imam Hüseyn  onun Pey­ğəm­­bər s-in qızı Fatimədən dünyaya gələn övladla­rıdır. Şi­əli­yin Azərbaycanda və İranda yayılan imamilik qolu  Hz. Əlinin (ə.s.) kiçik oğlu imam Hüseynin nəslindən olan şəxs­ləri imam hesab edir. İmam Həsənin və Hz.Əlinin  (ə.s.) di­­gər övladlarının nəvə-nəticələri imamlığa münasib bilin­mir (baxmayaraq ki, imam Həsənin  100-dən artıq arvadı və on­lardan xeyli övladı olub). Əksinə, şiəliyin digər ölkələrdə ya­yılan qolları Hz. Əlinin (ə.s.) digər övladlarının nəslin­dən olan şəxsləri də imam hesab edirlər.  O cümlədən şiəliyin  əsa­sən Şimali Afrikada yayılan  İdrisilər məzhəbi  İmam Hə­sənin nəslindən olan şəxsləri, Qeysanilər məzhəbi Hz. Əli­nin (ə.s.) 3-cü oğlu  Məhəmməd ibn Hənəfiyyənin nəslin­dən olanları imam hesab edir». («http://az.wik­iıo­urce. org­/w/index.php?) Beləliklə, imam Hüseynin nəslindən olan şəxslərin (bunlar 10 minlərlədir) hamısı yox, yalnız 12 nə­fəri imam hesab olunur.Yəmən, Pakistan, Səudiyyə Ərəbis­ta­nı bunlardan ilk 6-sını imam hesab edir və s. Fanatizmdər, kim nəyə inanırsa, onu da qəbul edir. Bundan ötrü insanları qırmaq olmaz ki.

Sünnilər yalnız əhli-beytin, yəni peyğəmbərin dilin­dən səslənən hədislərə inanırlar. Şiələr isə bununla yanaşı, hz. Əlinin hədislərini də təbliğ edirlər.

Şiələr yalnız Hz. Əlinin qanuni xəlifə olduğunu qəbul edir­lər. Sün­ni­lər isə Hz. Əbubəkr, Hz.Ömər, Hz.Osman və  Həm­zənin islam tarixində rolunun ondan az olmadığını bil­dirirlər. Şiə­lərin fikrincə, Hz.Əli (ə.s.) həmişə peyğəm­bər­lə birlikdə olub, ona daha yaxın olub. Peyğəmbər özündən son­ra onu xəlifə görürdü və bir neçə dəfə də bu fikrini eh­tiyatla bəyan etsə də, üstündə çox durmamış, Əbubəkrin, Ömərin, Osma­nın müxalifətə keçməsindən ehtiyat etmişdir. Şiələr Əbu­bək­ri mahir oyunbaz hesab edirdilər. Şiələrin fikrinə görə, onun (Əbubəkrin) öz 9 yaşlı qızı Ayişəni pey­ğəm­bərə tez ərə verməsi gələcək hakimiyyət,  Ayişənin va­si­tə­silə peyğəmbərə təsir etmək istəyi ilə bağlı idi. Pey­ğəm­­bər vəfat edərkən yalnız Ayişənin ata­sının – Əbubəkrin adını çəkməsi barədə Ayişənin söhbətləri də buna xidmət etmişdir. Şiələrin düşüncəsinə görə, hətta Ayi­şə tədricən pey­­ğəmbəri zəhərləməklə atasının hakimiy­yə­tini yaxınlaş­dırmışdır. Ona görə də Hz.Əlinin Ayişədən zəh­ləsi gedər­miş. Şiələrin Hz.Əlini fetişləşdirməsi də bun­larla bağlıdır. Sünnilər bunları əfsanə hesab edirlər.

Hakimiyyət məsələsində  də sünnilərlə şiələr fərqlə­nir­­lər. Sünnilər demokratik seçki, şiələr avtoritar sülalə prin­­­sipini müdafiə edirlər. Yəni şiələ­rin əqidəsinə görə, ha­kimiyyətə istisnasız olaraq Məhəm­mədin nəslindən olan­lar keçməlidir.

Sünnilərlə şiələr «siğə» məsələsinə də fərqli baxı­m­dan yanaşırlar. Bütpə­rəst­lik­dən gələn bu adət barədə Qu­ran­­da bir şey deyilmədiyi göstərilir. («http://az. wikiıource. org/w/in dex.­php?) Hz. Ömər siğəni bütpərəst adəti kimi qa­­dağan etsə də, şiələr Öməri qanuni xəlifə hesab etmə­dik­ləri üçün onun verdiyi bu qanunu nəzərə almırlar.

Heç bir təriqətə bölünməyib, Quranı heç bir təfsirdə deyil, məhz Peyğəmbər s.-ın öz təfsirində qəbul edənlər sün­nilər hesab olunublar və buna görə də bu təriqətin heç bir ba­nisi yoxdur. («http://az.wikiıource. org/w/in dex.­php?)

C.Məmmədov yazır: «Qeyd olunmalıdır ki, şiəlik is­lama çox böyük dinamiklik gətirən bir təriqət oldu, belə ki, digər təriqətlər məhz onun sayəsində bir nöqtədə dayan­maq­dan çıxıb, daim daxildən öz-özünü təkmilləşdirən bir siste­mə çevrildilər və bu gün xarici ölkələrdə əhalinin kütləvi su­rətdə islamı qəbul etməsində İranın güclü ideoloji rolu danıl­mazdır». («http://az.wiki­ıource.org/w/ index. php?)

Son söz: «Vacib olanı Allahın ətəyindən tutmaqdır, han­sı tərəfdən və necə tutmağın məsələyə heç bir aidiyyatı yoxdur. Bütün təriqətlər Qurana əsaslanır və hamısı da, Al­lahı daha yaxşı dərk etmək məqsədi daşıyır. Peyğəmbər ailəsinin faciəsi isə bütövlükdə İslamın tarixinə aid bir mə­sə­lədir və təriqətindən asılı olmayaraq bütün müsəlman­la­rı ağrıdan bir hadisədir» («http://az.wiki­ıource.org/w/ in­dex. php?)

Mahiyyət bunlardan ibarət olduqda, sünni Sultan Sə­limin şiələri dinin düşməni adlandırıb,  bu bəhanə ilə qızıl­baş­lar üzərinə hücum edib o qədər qardaş qanı tökməsi tam ağılsızlıqdır. Sultan Səlim sünniləri müqəddəs saysa idi, Mi­sir məmlük sünni türklərini qırmız və orada ikinci Çaldı­ran ya­ratmazdı.

Mənim böyük pərəstiş etdiyim və Yer üzərindəki bü­tün diktatorlardan fərqli olaraq, öz diktaturasını xalqın xey­rinə quran, bir qrup soyğunçuların, zəlilərin və onların ha­vadarlavrının məhvinə çalışan İ. V. Stalin ya­zırdı: «Mənim üz­ərimə çoxlu zibil tökməyə çalışacaqlar, la­kin tarixin kü­ləyi onların hamısını süpürüb aparacaqdır». Şah İsmayıl da müəyyən mənada belədir. İndi türk tarix­çi­ləri onun  üzərinə nə qədər böhtanlar atsalar da, fəaliyyəti, əməli hərəkətləri, Sultan Səlimin yazdığı nalayiq mək­tub­lardan fərqli yüksək ağıl və düşüncə ilə qurulmuş məktub­ları  onun tam haqlı olduğunu daim mühafizə edəcəkdir. Onun üzərinə tullanan zibillərdə bizim alim kimilərin də payı var. Dünya kitab­xa­nalarını bəzəyən əlyazmalarını nə­zərə almadan «Şah İsma­yılın bir misra da şeri yoxdur», «Şah İsmayıl elə Çaldıranda ölmüşdü» deyən  və dövlətin himayə etdiyi adamlar  kimə və nəyə xidmət etdiklərini an­la­mayan və ya anlayırsa, vətə­nə, onun tarixinə xəyanət edən adamlardır. «Şah İsmayıl kim­dir, Babək kimdir, Ca­vanşir kimdir?» deyənlər də bu sil­silədəndir.

Məktubda əvvəlki (mətni itirilmiş) məktubun məq­sə­di də aydın qeyd edilib: «İki qardaşdan sülhə nail olmaq üçün önə keçən, cənnətə daxil olmaqda da önə keçər», «sülh daha xeyirlidir», «əgər möminlərdən iki dəstə  bir-bi­ri ilə vuruşsa, onları dərhal barışdırın», «fitnə-fəsad törə­dən­­­lərin yolu ilə getmə» ayələri əsasında  «ağalıq və dinin nuru olan  əmir Əbdülvəhhabı» onların yanına göndərdiyi, «la­­kin dostluqdan bir əsər görünmədiyi» qeyd olunmuşdur. Ona görə də İsmayıl sülh və barışıq üçün yeni nüma­yən­də­lər yola sal­dığını bildirirr: «..etimad edilən uca əmir və yük­sək zən­ginlik sahibi  Kəmaləddin Hüseyn bəyə və görkəmli in­san­la­rın dirəyi Bayram ağaya fürsət düşdükcə (baş verən­ləri) diqqətinizə çatdırmaq həvalə olundu». «Baş verənlər» de­dik­də, bir qədər əvvəl qeyd etdiyimiz kimi, sərhəd böl­gə­­lər­də hər iki tərəfin bir sıra əmirlərinin atışmaları nəzər­də tutulur. Beləliklə, ilkin döyüşdə müəyyən mənada məğ­lub ol­muş, lakin ölkəsinin istiqlalını qorumuş Şah İsmayıl mü­haribəni davam etdirməmək, yenidən insan qırğınına yol ver­məmək üçün sülh danışıqlarını əsas götürür. Bu danı­şıq­lar baş tutmasa da, Səfəvilər öz müstəqilliyini qoruyur və Sul­tan Səlimin qəfil ölümündən sonra Sultan Süleyman dir­çələnə qədər türk-Azərbaycan münaqişəsi səngimiş  olur.

Çətinliklərin çox olmasına baxmayaraq, qüdrətli dövlət başçısı Şah İsmayıl heç vaxt vüqarını itirmir. Onun sülh təklifi acizlik­dən deyil, dünyanı daha yaxşı başa düşməsindən və yırtı­cı­nın başını sığallamaq məqsədindən irəli gəlirdi. Təbii ki, Sultan Sə­li­min ordusu güclü idi, işğal etdiyi ərazilərin əha­lisini əsgərə çevirmişdi və daha böyük fəlakətlərə səbəb ola bilərdi. Şah İsmayıl onu qızışdırmaq əvəzinə, sakitləş­dir­məyə çalışmış­dır: «Elçilər göndərmək, məktublar yaz­maq, yazışma və müzakirələri artırmaqda  həqiqi niyyə­ti­miz bütün canlıların və bütün rəiyyətlərin  təhlükəsizliyini düşünməkdən başqa bir şey olmayıb və olmayacaqdır da». (91) Tam müasir səviyyəli düşüncədir.

Təbii ki, Şah İsmayılı dini qaydalara əməl etməmək­­də, şəriət qaydalarını pozmaqda təqsirləndirənlər onun əsas­­landığı şiəliyi nəzərdə tuturlar. Dediyimiz kimi, şiəlik­də islama ciddi şəkildə müxalif olan bir şey yrxdur və şiəlik iki geniş yayılmış təriqətdən biridir. Şah İsmayıl özü Hü­seyn Bayqaraya məktubunda yazırdı: «Həqiqət budur ki,  bi­zim pak şəriətin və hidayət imamlarının haqq məzhəbinin  qanunlarının icrasından, Mustafa və Murtəzanın  parlaq tə­ri­qətini yaymaqdan başqa, (hər hansı) bir niyyətimiz yox­dur». (36) Yenə: «Allah bilir ki, fani dünyanın  işlərinə bel bağ­lamaqdan və zahiri (maddi aləmlə bağlı olan)  qanunları ic­ra etməkdən əsas məqsəd və ümumi hədəfimiz mübarək şi­əliyin hökmlərini  yaymaqdan və nicat əhli olan fir­qə­nin təsirlərini genişləndirməkdən başqa bir şey deyildir». (37) Bütün bunlarla yanaşı, bunu da yazır ki: «Allah qoru­sun, əgər bu məzhəb barəsində  xoşagəlməz bir şübhə ağ­lı­nıza gəl­miş olsa, etibar etdiyiniz alim və fəzilətli elm sahib­lərini təyin edib göndərin. Əqli və nəqli dəlillərlə onlara id­di­a­mızı razı qalacaqları şəkildə isbat edəcəyik». (37)

Sultan Sə­lim onu məscidləri dağıtmaqda günahlan­dırırdı. Şah İsmayıl məktubda məscidlər tikilməsi və köhnə məscidlərin abadlaşdırılması üçün Hüseyn Bayqaraya da kö­­mək edəcəyini, ustalar göndərəcəyini bildirir. Şah İsma­yıl məscidlər haqqında «o günəşin ucalığına bənzər tikili­lər» ifa­dəsini işlədir.

Deyə bilərlər ki, Şah İsmayıl hərəkatı qərbi də (Os­manlı imperiyasını), şərqi də (özbək xanı Şeybanini) düşün­dü­rür, qorxudurdu. Şah İsmayılın Osmanlı torpaqlarını id­diasına dair heç bir sənəddə bir işarə yoxdur. Çingiz nəslindən olan Şeybaninin məhvində isə günah Şeybaninin özündədir. Tez-tez Xo­rasan torpaqlarını talayır və Şah İsmayılın ordusu yaxın­laş­dıqda qaçıb gedirdi. Tarixçinin qeyd etdiyi kimi, «Ar­dıcıl əl­də edilən qələbələr Şeybanini çox məğrur etmişdi. Mək­tublaşmalarından da göründüyü kimi, o, özündən yaşca çox ki­çik olan  və təcrübəsiz hesab etdiyi  Şah İsmayıla qar­şı ədəb qaydalarını gözləməmiş və kəskin ifadələrdən isti­fa­də etmişdir. Şah İsmayılın həmin ərəfədə  22 yaşı olsa da, öz məktublarında Şeybani xana qarşı ədəb qaydalarını göz­ləmiş, ancaq eyni zamanda, sərt və qətiyyətli cavablar ver­miş­­dir». (52)

Məktublardan aydın olur ki, Şeybani Səfəvi  haki­­miy­yətini əsaslı hakimiyyət saymamışdır. «Qəhrəmanlıq və fəth zərbxanasında şücaət sikkəsi  bizim müvəffəqiyyət lə­qəb­lərimizlə bəzənmişdir.  Qeybdən xilafət nidası  və ima­mət (rəhbərlik) sədası (müjdəsi) bizə verilmişdir». (49)  Sə­fəvi hakimiyyətini Günəş çıxanda yox olan ulduza, özlərini Günəşə bənzədir: «…zülmət gecədə ulduzlar sayrışan za­man Süheyl (Kanopus) ulduzunun çıxdığı yerdən təqribən bir nizə irəliləyər  (özünü günəş şüası hesab edər)  və rən­gi­­ni saraldaraq günəşin çıxması qorxusundan bir müddət tit­rə­yər. Ancaq həqiqi səhər açılan kimi, çıxdığı yerə qayıdar. O halda bizim şərqdə, onun (Şah İsmayılın) isə qərbdə  çıx­ması Süheyl ulduzu ilə Günəşin doğmasına bənzəyir». Bu­na qane olmayan Şeybani Səfəviləri təhqir edəcək azğın əmr­lərə keçir: «Deyəcəyim odur ki, əzəmətli Məkkəni, – Al­lah şərəf və izzətini artırsın, – ziyarət etmək islamın  əsas­larından biridir və bütün müsəlmanlara vacib olduğu üçün  qalib ordum  ziyarətə müşərrəf olsun deyə, əzəmətli Kə­bəyə gedən bütün yolları bərpa etməlisən. Sursat və peş­kəş çatdırmalısan. Zərbxanalarda bizim adımıza sikkə vur­durmalısan. Hər cümə məscidlərdə bizim fatehliyimizin şə­rə­finə xütbə oxunmalıdır. Özün isə əmrə müntəzir olma­lı­san». Bunlarla yanaşı, Şeybani neçə dəfə məğlub olsalar da, əl çəkməyəcəyini, Səfəvilər üzərinə yeni ordular göndə­rə­cəyini bildirir.

Şah İsmayıl Misrin Burci məmlüklər sülaləsinin son hökmdarı Qansu Qiruya məktubunda Şeybani haqqında yazır: «…Çingiz xanın küfr ağacının  bir budağı (Çingiz xa­nın kafir nəslindən) olan Şeybək Şeybani  Mavərənnəhr  məm­ləkətləri və bütün Xorasanda ağalıq əldə etmiş,  təkəb­bür, qürur və lovğalıq küləyi onun lovğalanmasına səbəb ol­muş və doğru yoldan azaraq müqəddəs torpaqlara hücum edib, hər yeri qarət və talan etmişdi». (56)

Şah İsmayılın müasiri və Moğol imperyasının banisi Zəhirəddin Məhəmməd Babur da Şeybaninin yaramaz hə­rəkətlərini pisləmişdir: «Şeybani xan Heratı alınca bu pad­şahların ailələri ilə  pis rəftar etməyə başladı.  Yalnız onlara qar­şı deyil, bütün xalqa da eyni şəkildə pis davrandı. Bu qaba, görməmiş adam  beş günlük fani dünyada belə yaman ad qazandı». («Baburnamə», Bakı, 2011, s.225) Babur bu söz­lərin ardınca Şeybaninin yaramaz əməllərini sadalamış­dır.

İsmayıl Şeybaninin lov­ğa, təhqiramiz məktublarına görə təm­kinini itirmir. Ona ordu ilə cavab vermək üçün öz növbəsində o da İmam Rza məqbərəsini zi­yarət etmək, Məş­­hədə doğru hərəkət etmək fikrində ol­duğunu bildirir. La­kin  Şeybani Məkkə yoluna çıxmağa cə­sa­rət etmir. Şah İs­mayıl Xorasana doğru irəliləyir. Şey­­bani Mərv qala­sında gizlənsə də, Şah ismayıl onu yük­sək taktika ilə ora­dan çı­xarır və məhv edir.

Bura qədər qeyd etdiklərimiz Çaldıranda yüz minlərlə insan qanı tökülməsinin səbəbkarının bilavasitə Sultan Sə­lim ol­duğuna şübhə yeri qoymadı. Bu sənədlər tariximizin mü­­əy­yən mərhələsinin düzgün başa düşülməsi, Şah İs­ma­yıla atılan iftiraların qərəzli olduğunu üzə çıxardı. «Şah İs­mayıl Səfəvi (tarixi-diplomatik sənədlər toplusu)»na mü­qəd­­dimə­də R.Mehdiyev yazır: «XX əsrin sonlarında dövlət müstə­qil­liyinə qovuşan Azərbaycan nəinki siyasi taleyini  müs­təqil şə­kildə təyin etmək  hüququnu qazandı, həmçinin keçmi­şi­ni, minilliklərlə ölçülən tarixi irsini sərbəst, obyek­tiv şə­kil­də qiymətləndirmək fürsətini əldə etdi. Həmin ana qədər qa­palı olan bir çox arxivlərin Azərbaycan tədqiqat­çı­larının üzünə açılması, dünya kitabxanalarına çıxışın əldə edilməsi xalqımızın təxminən iki əsr müddətində durmadan təhrif edil­miş, məqsədli şəkildə unutdurulmuş, saxtalaş­dırıl­mış ta­ri­xinin yenidən öyrənilməsi üçün geniş imkanlar ya­ratmış oldu». (5) Qeyd etməliyik ki, bu sahədə görülməli iş­lər həd­din­dən artıq çoxdur. Azərbaycanın qədim dövr tarixi baş­dan-başa saxtalaşdırılmışdır. Saxta tarix, adəti üzrə, aka­de­mik imzası ilə nəşr olunmuş, xalqını sevən fədakar tarixçi və dilçilərin əsərləri bir kənara qoyulmuşdur. Şah İsmayıla olan bu qayğı ilə yanaşı, bütün keçmiş tariximizin bu şəkil­də düzgün öyrənilməsi üçün dövlət qayğısı lazımdır. Əks təq­dirdə xarici alimlərin yazdıqlarından bir addım irəli gedə bilməyən tarixçilərin saxta əsərləri yenə də xarici ensik­lo­pediyalara yol açacaq və vətən torpaqları kimi özgələrə sa­tıl­mış olacaqdır. Müqəddimədə bir sıra çox mühüm məsə­lələr düzgün qiymətləndirilmişdir. Harpağın xəyanəti nəti­cə­sin­də öz müstəqilliyini itirmiş Azərbaycan torpaqlarının 2 min il sonra birləşdirilməsində həqiqətən Şah İsmayılın misilsiz ro­lu olmuşdur:  «Azərbaycanın tarixi torpaqlarını  ilk dəfə va­hid mərkəzdə birləşdirməyə nail olan Səfəvi­lə­rin istər döv­lət­çiliyimizin, istərsə də mədəniyyətimizin in­kişafındakı ro­lu həqiqətən də müstəsnadır». (8) Müəllif düz­gün qeyd edir: «…ötən zaman kəsiyində Səfəviləri Azər­baycan ta­rixindən qoparmaq, onları sırf fars tarixinin bir parçası kimi qələmə verməyə çalışan qüvvələr də boş da­yanmamış, əsas etibarı ilə təhrif və uydurmalara söykə­nən xeyli sayda mə­qalə və kitablar ərsəyə gətirmişlər». (8) Odur ki müəllifin qənaəti tam doğrudur: «Dövlətçiliik, ədə­biyyat və mədəniyyət tari­xi­miz aşkar olunmuş yeni ta­­rixi qaynaqlar əsasında yenidən, bizim özümüz tərəfindən yazılmalıdır…» (13)

R.Mehdiyev «I Şah İsmayıla qarşı hələ də  irəli sürül­məyə davam edən  bir çox ittihamın saxta olduğunu sənəd­lərin dili ilə sübuta yetirmək üçün» bir sıra ciddi araş­dır­ma­lar aparmış və həmin ittihamlara düzgün və kəskin cavablar vermişdir.  Məsələn, müəllif çox mühüm bir məsələyə to­xu­naraq, «Səfəvi səltənətinin etnik amil nöqteyi-nəzərin­dən  İran yox, məhz Azərbaycan  dövləti olduğunu» sənəd­lə­­rin dili ilə bir daha konkret şəkildə əsaslandırmışdır.

R.Mehdiyev başqa bir mühüm məsələyə toxunaraq ya­­zır: Tarixi sənədlərin konkret şəkildə aydınlaşdırdığı  di­gər mü­hüm məqam isə  Şah İsmayılın Osmanlı dövləti ilə mü­­na­si­bətlərdə rəhbər tutduğu  xəttin həqiqi mahiyyəti ilə əla­qə­dardır.  Məlum olduğu kimi, bir çox yerli və əcnəbi təd­­qi­qatçılar əsaslı dəlillər gətirmədən I İsmayılı Osmanlı döv­­ləti ilə məqsədyönlü şəkildə  müharibəyə başlamaqda itti­ham edirlər. Sanki, I Şah İsmayıl  Osmanlı dövlətini hər vəch­lə müharibəyə təhrik edən addımlar atmış, türklər isə sülh, səmimiyyət istəklərinə baxmayaraq, hərb yoluna əl at­mağa məhz  Səfəvilər tərəfindən məcbur edilmişlər. Əf­sus­lar ki, bu yanlış  və təhrif olunmuş təsəvvürlər   illərdir in­san­­lar arasında  kök salmağa davam edir. Hərçənd ki, tarixi sənədlərdə, diplomatik yazışmalarda  əksini tapmış faktlar ta­mam başqa həqiqətlərdən xəbər verir».(16) Bizim bu ya­zını bir qədər geniş şəkildə yazmaqda əsas məqsədimiz də elə həmin yanlış fikirlərin kökündən yanlış olduğunu üzə çı­xar­maq idi. Müharibənin səbəbi qonşu Azərbaycan türk­lə­rində güclü dövlətin meydana çıxmasını Osmanlı padşah­la­rının gözü götürməməsi və onların işğalçılıq siyasəti, Azər­­bay­ca­nın əzəli torpaqlarını Osmanlı torpaqlarına qat­maq istəyi  ol­muşdur. Şükürlər olsun ki, Sultan Səlim bir qə­lə­bəsinə bax­mayaraq, buna nail ola bilməmiş, Şah İs­mayıl öz qılın­cı­nın gücü və çox yüksək dövlətçilik qüdrət, qabiliyyət və tə­fək­kürü ilə Azərbaycanın müstəqilliyini qo­ruyub saxlamış­dır. Sultan Səlim Təbrizin əhalisinə müra­ci­ətlə onları öz tə­rə­finə çəkməyə çalışmışdır. «Ancaq tarixi proseslər göstərir ki, Azərbaycan xalqı sona qədər öz hökm­darına, milli döv­lət­­çiliyinə sadiq qalmış, Osmanlı diq­təsinə əyilməmiş və Sə­limin tərəfinə keçməmişdir. Məhz bunun nəticəsində qa­lib gəlməsinə baxmayaraq, Səlim Azər­baycanda duruş gə­tirə bilməyərək, qısa müddətdən son­ra  Səfəvi ərazisini  tərk etmək məcburiyyəti ilə barış­mış­dır». (20)

R.Mehdiyev sənədlərin ədəbi-bədii və elmi dəyərini də yüksək qiymətləndirərək yazmışdır: «Sir deyil ki, hər han­sı görkəmli dövlət xadimi tərəfindən qələmə alınmış mək­tubların  siyasi əhəmiyyəti ilə yanaşı, ədəbi dəyəri də var­­dır. Xüsusi ilə I Şah İsmayılın istedadlı şair, mili ədə­biy­­yatımızın  parlaq nümayəndəsi olduğunu göz önünə gə­tir­sək, onun məktublarının ana dilimizdə  işıq üzü gör­mə­si­ni ədəbiyyatşünaslar üçün də böyük hədiyyə, qiymətli mən­bə adlandırmaq olar. Əvəzsiz tarixi və siyasi dəyəri olan hə­min sənədlər I İsmayılın  bədii istedadını  növbəti də­fə hər kə­sə  əyani şəkildə sübut etməklə bərabər, o döv­rün  diplo­ma­tik yazı tərzini, leksikasını öyrənmək üçün də kifayət qədər faydalıdır. Məktublar eyni dərəcədə  Səfəvi hökm­darının ideoloji-dini baxışlarını öyrənənlər üçün də  əvəz­siz qaynaq rolunu oynaya bilər». (21)

Onu da qeyd edək ki, qatı dini dünyagörüşə bax­ma­ya­raq, məktublar həqiqətən çox yüksək elmi səviyyədə yazıl­mışdır. Ən incə mətləblərin yüksək səviyyədə dialektik  ifa­dəsi bəzən heyrət do­­ğurur. Məsələn, «Alnımıza yazılan başımıza gəldi» fikri Şahın məktubunda belə ifadə olun­muş­dur: «Qəza və qə­də­rə əsasən  qeybi səhifələr üzərinə ya­zılmış olanlar maddi aləm səhnələrində həyata keçmiş oldu». (89) Bu sözlər «Şah İsmayılın bir misra da şeri yox­dur», «Şah İsmayıl elə Çaldıranda ölmüşdü» deyən, kimə xidmət etdiyini bilmə­yən yazı-pozu sahiblərinə  tutarlı ca­vab­dır.

Məktublar çap olunarkən hicri tarixlər miladiyə çev­rilməli idi. Məktub yazan və ya məktub göndərilən tarixi şəx­siyyətlərin bir qismi deyil, hamısı haqqında kitabda mə­lumat vermək lazım idi. Təəccüb doğuran bir cəhət də hə­lə­lik Şah İsmayılın ana dilində yazdığı bir məktuba, bir sənə­də təsadüf edilməməsidir.

Mən bu yazını Şah İsmayıla məhəbbətdən yazdım və mənim üçün hədsiz dərəcədə xoşdur ki, bu müqəddəs şəxs haqqında  düşüncələrim sənədlərin dili ilə bir daha təsdiq olundu. Şah İsmayılda Astiaqın Turan imperiya quruculuğu, Cavanşirin qorxmazlıq və diplomatiyası, Babəkin mübariz­lik və dönməzlik ruhu birləşmişdir.

Qəzənfər KAZIMOV

Filologiya elmləri doktoru, professor

14.07.2014

Site Footer