FONETİKA

1. DANIŞIQ SƏSLƏRI VƏ ONLARIN ƏMƏLƏ GƏLMƏSI. Dil haqqında elmin “Fonetika” bölməsində danışıq səsləri öyrənilir.

Danışıq səslərinin əmələ gəlməsini, onların birbirinə münasibəti və fiziologiyasını, keyfiyyət və kəmiyyətini, nitq prosesindəki funksiyasını və s. bu kimi bir çox əlamətlərin qanunauyğunluqlarını öyrənən dilçilik şöbəsinə fonetika deyilir.

Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Danışıq səsləri danışıq üzvləri vasitəsilə əmələ gəlir. Danışıq üzvləri aşağıdakılardır: 1) ağ ciyərlər, 2) nəfəs borusu, 3) qırtlaq, 4) səs telləri, 5) ağız boşluğu, 6) dil, 7) dodaqlar, 8) dişlər, 9) burun boşluğu, 10) alt çənə, 11) üst çənə, 12) damaqlar.

Səslərin formalaşması prosesində iştirak edən mütəhərrik üzvlər dil, dodaqlar və alt çənədir. Damaqlar, dişlər və üst çənə isə hərəkətsiz üzvlər hesab olunur.

Danışıq səslərinin əmələ gəlməsində səs telləri, dil və dodaqlar daha fəal iştirak edir.

Sözün mə’nasını və formasını dəyişdirə bilən ən kiçik dil vahidi fonem adlanır. Azərbaycan dilindəki [n] və [m] səslərindən başqa, yerdə qalan bütün danışıq səslərinin tələffüzündə hava axını ağızdan çıxır. [N] və [m] səslərinin əmələ gəlməsində isə hava axını, əsasən burun boşluğundan çıxır. Ona görə də bu səslərə burun səsləri deyilir.

Səsləri hərflərlə, sözün yazılışını tələffüzü ilə qarışdırmamaq üçün böyük mö’tərizə [ ] işarəsindən istifadə olunur. Səs və sözün tələffüzünü göstərmək üçün böyük mötərizədən ([a], [ayilə]) bir işarə kimi istifadə olunduğu halda, hərf və sözün yazılışında (a, ayilə) bu işarəyə ehtiyac olmur.

2. SAIT VƏ SAMIT SƏSLƏR. Danışıq səsləri iki cür olur:

1) saitlər, 2) samitlər.

Tələffüz zamanı maneəyə rast gəlməyən, musiqili tona malik, çox aydın şəkildə səslənən, deyilərkən hava axını ağızdan sərbəst çıxan səslərə sait səslər deyilir. Dilimizdəki səslərin doqquzu saitdir: a, ə, e, ı, i, o, ö, u, ü.

Samitlərin tələffüzündə hava axını ağızda müxtəlif maneələrə rast gəlir. Bu səslər maneəli, küylü səslər adlanır. Müasir Azərbaycan dilində olan samit səslər aşağıdakılardır: b, p, v. f, g, k, z, s, j, ş, ğ, x, ç, c, q, (k’), d, t, y, (x’), l, r, m, n, h.

3. SAIT SƏSLƏRIN NÖVLƏRI. Yaranma yerinə və tələffüz üsuluna görə sait səslərin üç növü var:

1) Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfqi vəziyyətinə) görə. Bu vəziyyətə görə saitlər iki qrupa ayrılırlar:

a) qalın (dilarxası) saitlər: a,ı,o,u

b) incə (dilönü) saitlər: ə,e,i,ö,ü

2) Dilin üst damağa doğru qalxması və alt çənənin nisbətən aşağı enməsinə (dilin şaquli vəziyyətinə) görə. Bu vəziyyətə görə saitlər iki cür olur:

a) qapalı (dar) saitlər: ı,i,u,ü (bu saitlərdən ikisi qalın (ı, u), ikisi incədir (i, ü)).

b) açıq (geniş) saitlər: a,ə,e,o,ö (bu saitlərin ikisi qalın (a, o), üçü incədir (ə, e, ö)).

3) Dodaqların vəziyyətinə görə. Bu vəziyyətə görə saitlərin iki növü var:

a) dodaqlanan saitlər: o,ö,u,ü (bu saitlərdən ikisi qalın (o, u), ikisi incə (ö, ü); eyni zamanda ikisi qapalı (u, ü), ikisi açıqdır (o, ö)).

b) dodaqlanmayan saitlər: a,ə,e,ı,i (bu saitlərdən ikisi qalın (a, ı), üçü incə (ə, e, i); eyni zamanda üçü açıq (a, ə, e), ikisi isə qapalıdır (ı, i)).

4. BƏ’ZI SAITLƏRIN UZUN TƏLƏFFÜZÜ. Dilimizdə elə sözlər var ki, onlarda bə’zi saitlər uzun tələffüz olunur. Sözlərdə ə, e və ö saitlərinin uzun tələffüz edildiyini bildirmək üçün yazıda bə’zən həmin saitlərdən sonra apostrof [‘] işarəsi qoyulur. Məsələn: tə’mir, e’lan, şö’bə və s.

Uzun saitli sözlərin tələffüz şəklini göstərərkən həmin saitlərdən sonra iki nöqtə (:) qoyulur. Məs: me:mar, nümu:nə, ma:hur və s.

1) A saiti. Aşağıdakı məqam və şəraitdə uzun tələffüz olunur.

Ərəb və fars dillərindən alınma sözlərdə birinci, bə’zən də ikinci hecadan sonrakı hecada əgər incə saitlərdən, xüsusən ə,e,i saitlərindən biri gələrsə, ondan qabaqkı hecada olan “a” azacıq uzun tələffüz olunur. Məsələn: a:di, a:lim, a:ləm, ka:tib, sa:kit, qa:bil, sa:hil, ma:təm, ma:ne, bəra:bər, təra:nə, ləya:qət, müha:ribə, müda:fiə, müqa:vimət və s.

Ərəb və fars dillərindən alınma sözlərin bə’zisində əslinə uyğun olaraq birinci hecadakı “a” saiti azacıq uzun tələffüz olunur. Məsələn: a:gah, a:ram, qa:nun, qa:mus, ma:hur, na:mus və s.

ba, na ön şəkilçilərindəki “a” saiti uzun tələffüz olunur. Məsələn: ba:həm, ba:hava, na:dan, na:saz, na:gah, na:dinc, na:xələf və s.

Rus və Avropa dillərindən alınan bə’zi sözlərin birinci hecasında “a” saiti uzun tələffüz olunur. Məs: ba:za, fa:za, ka:bel və s.

Qoşa “a” saiti ilə işlənən sözlərdə: Məs: sa:t, ma:ş, cama:t, ma:rif, inşa:t və s.

2) O saiti. Aşağıdakı hallarda uzun tələfüz olunur:

“ov”, bə’zən də “on” fonetik tərkibi ilə bitən birinci örtülü hecadakı “v” və “n” samiti düşür və “o” saiti uzun tələffüz olunur. Məs: do:ğa (dovğa), lo:ğa (lovğa), do:şan (dovşan), ço:dar (çovdar), so:qat (sovqat), so:ra (sonra) və s.

Alınma terminlərin bir qismində, xüsusən “loq” hecası ilə bitən sözlərdə həmin hecadan əvvəl gələn vurğulu “o” saiti azacıq uzun tələffüz olunur. Məs: filo:loq, texno:loq, leksiko:loq (“logiya” morfemindəki “o” saiti vurğu qəbul edərək uzun tələffüz olunur. Məs: filolo:giya, fonolo:giya, morfolo:giya və s.)

3) U saiti. “U” saiti ərəb və fars dillərindən alınmış bə’zi sözlərdə incə saitlə formalaşan hecalardan əvvəlki hecada uzun tələffüz olunur. Məs: ümu:mi, xüsu:si, asu:də, nümu:nə, Füzu:li və s.

Bə’zi başqa sözlərdə. Məs: tu:fan, Tu:la, du:ma və s.

4) Ə saiti. Ərəb dilindən alınan bir sıra sözlərdə “ə” saiti uzun tələffüz olunur və ondan sonra apostrof işarəsi qoyulur. Məs: ə:la, bə:zən, zə:fəran, tə:lim, nə:rə, mə:dən, mə:lum, mə:na və s.

Təkhecalı sözlərdə apostroflu “ə” uzun deyil, adi halda, aydın məxrəcli və vurğulu tələffüz olunur. Məs: və’d, sə’y, lə’l və s.

5) E saiti. Ərəb dilindən alınan bə’zi sözlərdə “e” saiti uzun tələffüz olunur və ondan sonra apostrof qoyulur. Məs: e:lan, e:dam, e:tiraz, me:mar, iste:fa, me:yar, e:zam və s.

Bə’zi alınma sözlərdə vurğu “e” saitinin üzərinə düşdüyündən bir qədər uzun tələffüz olunur. Məs: e:ra, e:tika, e:pos, este:tika və s.

6) İ saiti. Aşağıdakı hallarda “i” saiti bir qədər uzun tələffuz olunur:

bi ön şəkilçisi ilə düzələn sözlərdə şəkilçinin “i” saiti uzun tələffüz olunur. Məs: bi:tərəf, bi:savad, bi:çarə, bi:şərəf, bi:huş və s.

Bir sıra alınma sözlərin ilk və orta hecasında “i” saiti uzun tələffüz olunur. Məs: şi:və, ni:zə, əqi:də, qəsi:də, si:ma və s.

Bə’zi köməkçi sözlərin başında işlənən “i” saiti uzun tələffüz olunur. Məs: i:di, i:miş, i:kən, i:sə, i:lə və s.

7) Ö saiti. Aşağıdakı hallarda “ö” saiti bir qədər uzun tələffüz olunur:

Ərəb dilindən dilimizə keçən bə’zi sözlərdə “ö” saiti uzun tələffüz olunur və bu zaman həmin saitdən sonra apostrof işarəsi qoyulur. Məs: şö:bə, şö:lə, mö:təbər, mö:cüzə, rö:ya, mö:tərizə və s.

Müasir Azərbaycan dilində birinci hecası “öv” səsləri ilə bitən, ikinci hecası isə incə saitlərdən biri, xüsusən “ə” saiti ilə formalaşan alınma sözlərin ilk hecasındakı “v” samiti tələffüz zamanı düşür və “ö” saiti uzun tələffüz olunur. Məs: tö:bə (tövbə), nö:bə (növbə), kö:sər (kövsər) və s. Azərbaycan dilində “öv” səsləri ilə bitən bir neçə söz var ki, bunları tələffüz edərkən “v” samiti düşür və “ö” saiti bir qədər uzun tələffüz olunur. Məs: bülö:y (bülov), kosö:y (kosöv) və s.

8) “I” və “ü” saitləri isə tə’kidlə sadalanan sözlərdə və sual cümlələrində bir qədər uzun tələffüz olunur. Məs: sarı:, O bir şey yazı:r?, ölçü:, Sənin gözün görü:r? və s.

5. SAMIT SƏSLƏRIN NÖVLƏRI. Samit səslərin iki növü var: kar samitlər, cingiltili samitlər.

Kar samitlər təkcə küydən əmələ gəlir. Dilimizdəki kar samitlər aşağıdakılardır: p, f, (k’), t, ç, s, x, k, (x’), ş, h

cingiltili samitlərin əmələ gəlməsində isə səs telləri də iştirak edir. Buna görə onlar küydən və səsdən ibarət olur. cingiltili samitlər bunlardır: b, v, q, d, c, z, ğ, g, y, j, r, l, m, n

Dilimizdəki kar və cingiltili samitlərin çoxu cütlük təşkil edir:

b, v, q, d, c, z, ğ, g, y, j, r, l, m, n

p, f, (k’), t, ç, s, x, k, (x’), ş,     h

Qeyd: Əslində Azərbaycan dilində 25 (iyirmi beş) samit səs vardır. Bunların 23nün hərfi işarəsi olduğundan, biz qrammatika kitablarında onların sayını adətən 23 kimi qəbul edirik.

R, l, m, n cingiltili samitlərinin kar qarşılığı, h kar samitinin isə cingiltili qarşılığı yoxdur.

6. AHƏNG QANUNU. Sözdə qalın və ya incə saitlərin birbirini izləməsinə ahəng qanunu deyilir. Bu qanuna görə incə saitli heca ilə başlanan sözlərin sonrakı hecaları da incə saitli, qalın saitlə başlanan sözlərin sonrakı hecaları isə qalın saitli olur. Məs: qarşılaşmaq, durnaların (qalın); kəpənək, meşəçilik (incə) və s. Ahəng qanunu dilimizin əsas fonetik qanunu sayılsa da, eyni zamanda dilin morfoloji quruluşunu da səciyyələndirir. Bu xüsusiyyətə görə dilçilik elmində ahəng qanununu morfonoloji (yə’ni həm morfologiyanı, həm də fonetikanı birləşdirən) hadisə sayırlar. Morfonologiya morfologiya və fonetika sözlərinin hissələrindən təşkil olunub.

Türk mənşəli (iltisaqi dillər) dillərdə, xüsusilə Azərbaycan dilində bir qayda olaraq ahəng qanunu pozulmur. Dilimizdə öz dilimizə mənsub bir sıra sözlər (işıq, ilan, ildırım, iraq, ilxı, inan və s.) istisna olmaqla ahəng qanunu pozulmuş olan sözlər başqa dillərdən, ən çox flektiv dillərdən dilimizə keçmişdir. Məs: kitab, fərasət, fizika, qrammatika, trolleybus, təyyarə və s.

Başqa dillərdən dilimizə keçən leksik şəkilçilər ahəng qanununa tabe olmadığından bir cür yazılır. Belə şəkilçilər əsil Azərbaycan sözlərinə qoşulduqda da sözlərdə ahəng qanunu pozula bilir. Məs: anamgil, vətəndaş, çörəkxana və s.

7. ƏLIFBA. Şifahi dildə sözlər səslərlə, yazılı dildə isə hərflərlə ifadə olunur. Hərf danışıq səsinin yazıdakı şərti işarəsidir.

Hərflərin çap və əlyazması, böyük və kiçik şəkli olur. Bütün hərflərin müəyyən sıra ilə düzülüşü əlifba adlanır. Dilimizin əlifbasında 32 hərf vardır. Hərflərin 9u sait, 23ü samit səsləri bildirir.

Hərfi işarələr əsasında formalaşan əlifbaların, demək olar ki, hamısında hərflərin sıralanması çox oxşardır. A və B belə əlifbalarda ilk hərfləri təşkil edir. Bu isə qədim dövrlərlə, ilk hərfi yazıların yaranması dövrü ilə əlaqədar olaraq ən’ənəvi hal kimi sabitləşmişdir. Buna görə də ilk hərflərin adı ilə bağlı olaraq alfa, betta birləşməsindən əlifba sözü (rusca alfavit, ingiliscə alrhabet və s.) düzəldilmişdir.

Əlifba sözü ərəb dilində alfa əvəzinə əlif, betta əvəzinə ba birləşməsindən düzəlmiş, Azərbaycan dilinə də ərəb dilindən keçmişdir.

Lüğətlərdə, müxtəlif siyahı və mə’lumat kitiblarında sözlər, adətən, əlifba sırası ilə düzüldüyündən, əlifba sırasını əzbər bilmək hər bir savadlı şəxs üçün vacibdir.

Biz səsləri tələffüz edir və eşidirik. Hərfləri isə yazır və görürük. Hərfləri onların əlifbadakı adları ilə göstərmək lazımdır. Məs: «qapı» sözü dörd hərfdən ibarətdir: “qe”, “a”,“pe”, “ı”.

Əlifbadakı dörd hərf  cingiltili, kar qarşılığı olmayan və bə’zən də sonor samitlər adlandırılan m (“em”), n (“en”), l (“el”) və r (“er”) samitlərindən başqa, yerdə qalan bütün samitlər hərfin arxasına “e” saiti qoşulmaqla deyilir. Məs: b (“be”), d (“de”), x (“xe”), t (“te”), v (“ve”) və s. “K” hərfinin isə iki adı var: “ke”, “ka”. Sait səslərin, hərflərin adı isə yazıldığı şəkildə adlandırılır. Məs: a (“a”), ə (“ə”), u (“u”) və s.

8. (K) SƏSININ YAZIDA IFADƏSI

«Ke» hərfi iki əsas səsi ifadə edir: 1) (g) samitinin kar qarşılığını – k (“ke”) səsini. Məs: tə(k), şə(k)il, k(örpü) və s; 2) (q) samitinin kar qarşılığını – k («ka») səsini. Məs: mar(k)a, (k)apitan, maya(k) və s.

Qeyd: «Ke» hərfi digər hallarda (y) samitinin kar qarşılığı kimi səslənir və bu səs yazıda şərti olaraq (x’) kimi işarə olunur və (y) kimi tələffüz olunur. Məs: məktəb – mə(x’)təb – mə(y)təb, ürək – ürə(x’) – ürə(y) və s.

Əlifbamızda «Ke» hərfinin iki adı var: “ke” və «ka». Miqdarca çox az olan bəzi sözlərdə “q” hərfi də (k) səsini ifadə edir; Məs: nöqsan – nö(k)san, rəqs – rə(k)s, toqqa – to(k)qa, çaqqal – ça(k)qal və s.

9. QOŞASAITLI SÖZLƏRIN YAZILIŞI VƏ TƏLƏFFÜZÜ. İki sait hərfin yanaşı işləndiyi sözlər qoşasaitli sözlər adlanır. Məs: saat, təəccüb, təbii, dairə, zəif və s. Belə sözlər heç də yazıldığı kimi deyilmir. Eynicinsli qoşa saitli sözlər tələffüz olunarkən qoşa saitlər bir uzun sait kimi tələffüz olunur. Məs: camaat – cam(a:)t, maaş – m(a:)ş, mətbəə – mətb(ə:), təbii – təb(i:) və s.

Müxtəlifcinsli qoşasaitli sözlərdəki qoşa saitlərin arasına, adətən bitişdirici samitlərdən birini (n, y, s) artırmaqla tələffüz etmək tələb olunur. Məs: ailə – (ayi)lə, zəif – z(əyi)f, radio – rad(iyo) və s.

Qeyd: Hərfin yanında qoyulan qoşa nöqtə (:) həmin saitin uzun tələffüz olunduğunu bildirir. Bəzi hallarda müxtəlifcinsli qoşa saitli sözlərdə də saitlərdən biri düşüb o biri uzun tələffüz oluna bilər. Məs: müəllim – m(ə:)llim, müəyyən – m(ə:)yyən, müalicə – m(a:)licə, səadət – s(a:)dət, fəaliyyət – f  (a:)liyyət və s.

10. QOŞASAMITLI SÖZLƏRIN YAZILIŞI VƏ TƏLƏFFÜZÜ. Eynicinsli qoşasamitli sözlərdən bə’zilərinin yazılışı ilə tələffüzü fərqlənir.

Qoşa tt, kk, pp hərfləri ilə yazılan sözlərdə kar samitlərdən ikincisi cingiltili samit kimi tələffüz olunur. Məs: hətta – hət(d)a, səkkiz – sək(g)iz, hoppanmaq – hop(b)anmaq və s.

Qoşa qq hərfləri ilə yazılan sözlərdə cingiltili samitlərdən əvvəlincisi kar samit kimi tələffüz olunur. Məs: toqqa – to(k)qa, diqqət – di(k)qət, doqquz – do(k)quz, rəqqasə – rə(k)qasə və s.

Qoşa yy hərfləri ilə yazılan sözlərin çoxu bir “y” ilə tələffüz olunur. Məs: xasiyyət – (xasiyət), vəziyyət – (vəziyət), ədəbiyyat – (ədəbiyat) və s.

Digər eynicinsli qoşasaitli sözlər isə yazıldığı kimi tələffüz olunur. Məs: rəssam – rə(ss)am, addım – a(dd)ım, təəssüf – t(ə:) (ss)üf və s.

11. SONU EYNICINSLI QOŞA SAMITLƏ BITƏN SÖZ KÖKLƏRININ YAZILIŞI. Dilimizdə elə təkhecalı sözlər var ki, onların sonu eynicinsli qoşa samitlə bitir. Belə sözlərə samitlə başlanan şəkilçi qoşulduqda həmin samitlərdən ancaq biri yazılır. Məs: xətt – xətdə, sirr – sirli, həzz – həzdən və s.

Bu qayda təkcə hiss və küll sözlərinə aid deyil, çünki həmin sözlər bir “s” və ya “l” ilə yazıldıqda başqa mə’na, his, tüstü və kül, torpaq mə’nası verir.

Bu cür sözlərə saitlə başlanan şəkilçi qoşulduqda söz kökündəki saitlər yerində qalır. Məs: xəttxəttin, sirrsirrimiz və s.

Qoşa samitlə bitən sözlər bir qayda olaraq təkhecalı olur. Məs: dörd, türk, qənd, kənd və s.

12. SÖZLƏRIN SONUNDA CINGILTILI SAMITLƏRIN YAZILIŞI VƏ TƏLƏFFÜZÜ. Sözün sonundakı samitin kar, yaxud cingiltili olduğunu (t, yoxsa d; ç, yoxsa c; p, yoxsa b və s.) həmin sözə saitlə başlanan şəkilçi artırmaqla müəyyən etmək olar. Məs: polad – poladın, kərpic – kərpicə, corab – corabı, kitab – kitaba və s.

Qeyd: Sonu «d» samiti ilə bitən sözlərə samitlə başlanan şəkilçi artırıldıqda və ya samitlə başlanan söz qoşulduqda «d» samiti «t» kimi, saitlə qoşulan söz və ya şəkilçi qoşulduqda isə “d” kimi tələffüz olunur. Məs: palıdpalı(t)da, palıd qozası – palı(t) qozası, palıd – palıdın, palıd ağacı – palı(d) ağacı. Bu qayda ilə “b” samiti “p” və “b” kimi, “z” samiti “s” və “z” kimi, “c” samiti “ç” və “c” kimi tələffüz olunur.

Kitab mağazası – kita(p) mağazası; kitab oxumaq – kita(p) oxumaq; kərpic zavodu – kərpi(ç) zavodu, kərpic ovuntusu – kərpi(c) ovuntusu; almaz – alma(s), almazda  alma(s)da, almazın  alma(z)ın və s.

13. SONU Q VƏ G ILƏ BITƏN ÇOX HECALI SÖZLƏRIN YAZILIŞI VƏ TƏLƏFFÜZÜ. Son səsi (x) və ya (ğ) kimi tələffüz olunan çoxhecalı sözlər “q” ilə yazılır. Həmin sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda “q” samiti “ğ” samitinə keçir. Məs: yataq – yata(ğ)ın, uzaq – uza(ğ)a, otaq – otağ ın, otağa və s.

Son səsi (y) və ya y samitinin kar qarşılığı (x’) kimi tələffüz olunan çoxhecalı sözlər “k” ilə yazılır. Belə sözlərə saitlə başlanan şəkilçi qoşulduqda “k” samiti “y” samitinə keçir. Məs: göyçək – göyçə(y)in, çiçək – çiçə(y)in, çiçə(y)ə və s.

14. HECA. SÖZÜN SƏTIRDƏN  SƏTRƏ KEÇIRILMƏSI QAYDALARI. Tələffüz zamanı sözlərin asanlıqla bölünə bilən hissələrinə heca deyilir. Sözlərdəki hecaların sayı onda işlənən saitlərin sayı qədər olur. Məs: qəhrəmanlıq, Azərbaycan, iyirmi və s. Azərbaycan dilində hecaların əsas tipləri aşağıdakılardır:

1) Saf heca. Saf heca bir sait səsdən ibarət olur. Məs: ata, oğul, əziz və s. Saf hecalar saförtsüz hecalar da adlanır.

2) Örtüsüz qapalı heca. Bu cür hecalar saitlə başlanır, samitlə bitir. Məs: al, ot, iç, un, alt, üst və s.

3) Örtülüaçıq heca. Bu tip hecalar samitlə başlanıb saitlə bitir. Məs: bu, nənə, bala, yeni, boru və s.

4) Örtülüqapalı heca. Bu cür hecalar samitlə başlanır və samitlə də bitir. Məs: gəl, bir, can, qan və s.

Bə’zi sözlərdə samitlərdən sonra apostrof işarəsinin qoyulması onlarda heca bölümünü bildirir. Məs: sür’ət, sün’i, Kən’an, ən’ənə, məs’ul və s.

Sait səslərdən sonra apostorf işarəsinin işlənməsi saitin uzun tələffüzünü göstərməklə yanaşı heca bölümünü də bildirir. Məs: me’ – mar, mö’ – tə – ri – zə və s.

Sözlər sətirdən sətrə hecalarla keçirilir. Lakin bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz. Məs: inək, sün’i və s.

Qoşasamitli sözlər sətirdən  sətrə keçirilərkən samitlərdən biri sətirdə saxlanılır, digəri isə yeni sətrə keçirilir. Məs: addım, güllə, əlli, hətta, səkkiz, toqqa və s.

15. VURĞU. Sözdə hecalardan birinin o birinə və ya o birilərinə nisbətən qüvvətli deyilməsinə vurğu deyilir. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır.

Bizim dilimizdə vurğu çox zaman sözün axırıncı hecasının üzərinə düşür. Lakin əvvəlinci hecalarında vurğusu olan sözlər də az deyil. Əsil Azərbaycan sözlərində demək olar ki, vurğu həmişə sözün sonunda olur. Məs: ata, çiçək, çiçəklik, söylə, yazı və s.

Vurğusu son hecaya düşən sözlər müasir dilimizin lüğət tərkibindəki sözlərin təxminən 90%ni təşkil edir. Belə sözləri, əsasən, aşağıdakı şəkildə qruplaşdırmaq olar.

1) Azərbaycan dilinin öz sözləri: baba, nənə, qardaş, budaq, ürək, bulaq, qaya, yarpaq, barmaq və s.

2) Müxtəlif dillərdən müxtəlif yollarla Azərbaycan dilinə keçib çoxdan işlənən və Azərbaycan dilinin fonetik normalarına azçox uyğunlaşmış sözlər. Məs: əməl, ləhcə, şiddət, məktəb, tələffüz, şərait, tələbə, saat, lampa, suxarı, çaynik, pambıq, bəkməz, dəstək və s.

3) Vurğusu son hecada olan alınma sözlər. Məs: hava, bəxtəvər, dərya, çəmən, zəmin, asiman, azad, küçə, kağız, vaqon, fayton, aqronom, aktiv, proqressiv, monolit, vulkan, avtomat, institut, telefon, partizan, proqram, problem, qəzet, aptek və s.

Vurğusu son hecaya düşməyən sözlər dilimizdə azlıq təşkil edirlər. Bu sözlərin demək olar ki, hamısı alınma sözlərdir. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar.

1) Bə’zi coğrafi adlar. Məs: Avropa, Asiya, Amerika, Avstraliya, Afrika, Rusiya, Türkiyə, Hollandiya, Fransa, Almaniya, İngiltərə, London, Praqa və s.

2) Rus və Avropa dillərindən alınma terminlər. Məs: poema, komediya, morfologiya, delta, diktatura, texnika və s.

3) Ərəb və fars dilindən keçmiş bə’zi zərf, bağlayıcı və ədatlar. Məs: xüsusən, məsələn, həqiqətən, bə’zi, bə’zən, bəlkə, amma, həmişə, lakin və s.

Qeyd: Məqam və şəraitdən asılı olaraq bə’zi Azərbaycan sözlərində vurğu ilk hecada ola bilər. Məs: ancaq, yalnız, yenə, dünən və s.

Azərbaycan dilindəki şəkilçilərin çoxu vurğu qəbul edən şəkilçilərdir. Vurğu qəbul edən şəkilçilər sözə bitişdirildikdə, sözdəki vurğu şəkilçilərin üzərinə keçir. Məs: söyləsöyləyir, oxutoxutmaq, çiçəkçiçəklik və s.

Müasir dilimizdə elə şəkilçilər vardır ki, onlar vurğu qəbul etmir. Bu şəkilçilər sözə artırıldıqda vurğu həmin şəkilçilərin üzərinə keçmir. Bu şəkilçilər, əsasən, aşağıdakılardır:

1) İnkar şəkilçiləri m, ma2. Məs: silmə, çalışmır, oxutdurma və s.

2) Sual şəkilçiləri –mı4. Məs: alacaqmı, gördünmü, gəlirmi və s.

3) Birgəlik bildirən –la2 şəkilçiləri. Məs: atamla, güllə, bacımla və s.

4) Zaman şəkilçilərindən sonra gələn –sa2 (isə hissəciyinin şəkilçiləşmiş forması) şəkilçiləri. Məs: almışsa, görürsə, qalarsa, alacaqsa və s.

5) Zərf əmələ gətirən –ca2 şəkilçisi. Məs: məzmunca, ağılca, məncə, sizcə və s.

6) Tərkibində inkar şəkilçisi olan fe’li bağlama şəkilçiləri –madan2, mamış2. Məs: oxumadan, bilmədən, salamlaşmamış, görməmiş və s.

7) Fe’li bağlama düzəldən – kən şəkilçisi. Məs: olarkən, gedərkən, bilmişkən və s.

8) İndiki və gələcək zaman şəkilçilərindən sonra –dı4 (idi hissəciyinin qısaldılmış forması) şəkilçisi. Məs: oxuyardı, gələcəkdi, görürdü və s.

9) İndiki və gələcək zamandan sonra işlənən şəxs sonluqları. Məs: görürəm, alırsan, oxuyursunuz, oxuyurlar, gələcəklər və s.

10) Xəbər şəkilçiləri –dır4. Məs:görübdür, almışdır və s.

11) Zaman şəkilçilərindən sonra gələn –mış4 (imiş hissəciyinin qısaldılmış forması) şəkilçiləri. Məs: bilirmiş, alarmış və s.

12) Əmr şəklinin II şəxs cəm şəkilçiləri –ın4, ınız4. Məs: alın, qurun, qaldırınız, bildiriniz və s.

13) Nəsil, tayfa, familiya mənsubiyyəti bildirən –gil şəkilçisi. Məs: Əligil, anamgil, bibimgil və s.

14) Adlara (isim, sifət, say, əvəzlik) bitişərək xəbər düzəldən şəkilçilər: am2, ıq, ik, san2, sınız4, dır4, dırlar4. Məs: şagirdəm, ə’laçıyıq, sənsən, cavansınız, safdır, uşaqdırlar və s.

15) Familiya düzəldən –ov, yev şəkilçisi. Məs: Hüseynov, Əliyev və s.

Site Footer