Nəsimi adına Dilçilik İnstitutunda gənclər günü qeyd edildi

Nəsimi adına Dilçilik İnstitutunda gənclər gününə həsr olunmuş “Gəncliyə salam” mövzusunda ədəbi-bədii tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev gənclərlə bağlı belə bir əlamətdar günün tarixi-mənəvi dəyərindən bəhs edərək gənclərlə Dilçilik İnstitutunun keçmişi, bir vaxtlar bu elm ocağında çalışmış görkəmli alimlər haqqında xatirələrini bölüşüb. O, elmdə ənənə və varislik xəttinin qorunmasının vacibliyini bildirmiş, İnstitutun gənc əməkdaşlarını məşğul olduqları tədqiqat sahələrində fəallığa, keçmişin ənənənələri üzərində dilçiliyimizin müasir inkişafına töhfə verməyə çağırmışdır.

İnstitutun Türk dilləri şöbəsinin böyük elmi işçisi, dosent Təranə Şükürova “Sələflər və xələflər” mövzusunda məruzə etmişdir. O, Azərbaycanda gənclər gününün tarixi barədə toplantı iştirakçılarına məlumat vermiş, 2 fevral gününün 1996-cı ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sərəncamı ilə “Gənclər günü” kimi rəsmiləşdirildiyini diqqətə çatdırmışdır. O, qeyd etdi ki, bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının parlaq nümunəsidir. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd edilir. T.Şükürova Azərbaycan dövlətinin bu gün həyata keçirdiyi gənclər siyasətinə toxunmuş, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda çalışan gənc alimlər adından minnətdarlığını bildirmişdir.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva isə çıxışında bildirib ki, bütün dövrlərdə gəncliyə diqqət və qayğı vacibdir. O, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda da mövcud imkanlar daxilində daim gənc alimlərə dəstək olmağa çalışdıqlarını və bu xəttin gələcəkdə də davam etdiriləcəyini söyləyib.

Elmdə sələflər və xələf münasibətlərinin qorunmasının vacibliyini nümayiş etdirən tədbirdə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev Azərbaycan dilçiliyində imzaları ilə tanınan yubilyarlar – professor Oruc Müsayevi və dosent Gülşən Axundovanı, eləcə də ümumi işlər üzrə direktor müavini Kamil Vahabovu yubileyləri münasibətilə təbrik etmişdir. Onlara gül dəstələri təqdim olunmuşdur.

İnstitutun qocaman əməkdaşlarından professor Oruc Musayev və Gənc Alimlər Şurasının sədri dosent Sevinc Məmmədova çıxış edərək gənclər günü münasibətilə hər kəsi təbrik edərək, arzularını bildirmişlər.

Tədbirdə poeziya nümunələri də dinlənilmişdir. Tədbirə dəvət olunmuş Yazıçılar Birliyinin üzvü gənc şairə Feyziyyə öz şerləri ilə ürəkləri duyğulandırmışdır. Daha sonra Dilçilik İnstitutunda çalışan gənclərdən Yadigar Cəfərlinin, Cahid İsmayıloğlunun poetik nümunələri, Təranə Şükürlünün “Bir yol gedir Zəngilana” şeri qəlbləri riqqətə gətirmişdir.

Sonda tədbirin təşkili və keçirilməsində fəal iştiraklarına görə gənclərin bir qrupuna təşəkkürnamələr təqdim olunmuşdur.

dilcilik.org

Join the discussion

“Kredo” qəzeti