Kompüter dilçiliyi

Məsud Mahmudov. Kompüter dilçiliy. Bakı: «Elm və təhsil», 2013, 356 s.

Linqvistika elminin yeni sahələrindən biri də kompüter dilçiliyidir. Bu dilçiliyin özünəməxsus formalaşma və inkişaf xüsusiyyətləri mövcuddur. Onun sahələri və istiqamətləri də spesifik xarakter daşıyır. Bu istiqamət tətbiqi linqvistika istiqamətidir. Dilin funksional cəhətdən modelləşdirilməsi, dilin milli korpusu, kompüter leksikoqrafiyası və s. problemlər məhz bu elm çərçivəsində öyrənir.

Kompüter linqvistikasının xüsusi elmi istiqamətləri hələ 1960-cı ildən müəyyənləşdirilmişdir. Dilçilik elminin bu yeni sahəsinin adı milli dillərə, o cümlədən müasir Azərbaycan dilinə rus dilindən (kompöternaə linqvistika), ingilis dilindən (comrutational linquistics) birləşmə şəklində tərcümə və ya kalka edilmişdir. Bununla yanaşı, elmi ədəbiyyatda həmin anlayış-termini ifadə edən «kompüter dilçiliyi», «riyazi dilçilik», «struktur dilçilik», «hesablama dilçiliyi», «statistik dilçilik», «kibernetik dilçilik», «struktur-tətbiqi dilçilik», «mühəndis dilçiliyi», «korpus dilçiliyi», «kvantitatitiv linqvistika» və s. terminoloji birləşmələrdən də istifadə olunmaqdadır.

Dünya dilçiliyində yeni sahə olduğu üçün ABŞ kimi super ölkənin tematik toplularında, kvartallararası «Kompüter linqvistikası» jurnalı da nəşr olunur, 2 ildən bir COLİNG xətti ilə kompüter linqvistikasına dair beynəlxalq simpoziumlar, konfranslar keçirilir. Amma təəssüf hissi ilə qeyd etmək olar ki, bu komfransların milli respublikalarda keçirilməsi prosesinə hələ də başlanmamışdır. Bu sahədə olan ciddi problemlər hələ də öz həllini tapa bilməmişdir.

Filologiya elmləri doktoru, professor, görkəmli dilçi alim Məsud Mahmudov bu sahədə uzun illərdir ki, xeyli işlər görməkdədir. Ümumi dilçiliyin bu və ya digər sahələrini M. Mahmudov dərindən öyrənərək əsaslı elmi ümumiləşdirmələr aparır, bu günlərdə alimin «Kompüter dilçiliyi» (Bakı, «Elm və təhsil», 2013, 356 s.) monoqrafiyası çapdan çıxmışdır. Əsərə həm riyaziyyatçı, həm də dilçi alimlər müsbət rəy vermişlər.

Məsud Mahmudovun fikrincə, «kompüter dilçiliyi» terminoloji birləşməsi, bu ad-anlayışların hər birini məna baxımdan ehtiva edir və dilçiliyin riyaziyyat, statistika, kibernetika elmləri kompleksi ilə qovuşma nöqtəsində yaranan yeni sahəsini əhatə edir.

Kitabda kompüter linqvistikası tətbiqi dilçiliyin mühüm bir sahəsi kimi araşdırılır. «Kompüter dilçiliyini tətbiqi dilçiliyin başqa sahələrindən fərqləndirən əsas cəhət dil materialının kompüterlərdə işlənməsidir. Müstəqil bir elm sahəsi kimi formalaşan kompüter dilçiliyində bir çox yeni anlayış və terminlərdən istifadə olunur. Həmin termin və anlayışların əksəriyyəti süni intellekt sistemlərində və koqnitiv dilçilikdə işlənir» (s. 27).

Bu gün sözügedən dilçilik koqnitiv dilçiliklə sıx bağlı şəkildə öyrənilir. Koqnitiv dilçilikdə dünya modeli qurulur və onun kompüter analoqu yaradılır. Dünya modeli süni intellekt sistemlərində xüsusi blok sistemini formalaşdırır. Belə kompüter modellərinin linqvistik aspekti kompüter dilçiliyinin də obyekti hesab olunur.

Kitabda kompüter linqvistikasının koqnitiv aspektləri və istiqamətləri müəyyənləşdirilmişdir. Müəllif hipermətnlərin texnologiyası üzərində müəyyən iş aparmış, hipermətnlərin nəzəri və praktik əsaslarını təyin etmişdir. Ümumiyyətlə, bu əsərdə hipermətn sistemi çox güclü şəkildə tətdiq olunur, kompüter sistemində hipermətnlərin struktur-semantk və qrammatik əlamətləri çözülür. Azərbaycan hipermətnlərinin kompüterdə realizasiyası iyerarxik və şəbəkə şəklində gerçəkləşir. Hipermətn elementləri arasında münasibətlər aydınlaşdırılır.

Müəllif Azərbaycan dilçiliyinə sözün həqiqi mənasında bir sıra yeniliklər, təzə terminləp də gətirmişdir. Onlardan biri «hipermətn» terminidir. M.Mahmudov bu termin-anlayışı belə interpretpasiya edir: «Hipermətn mətnlərin xüsusi üsulla təşkilidir. İstifadəçi mətni və onun ayrı-ayrı fraqmentlərini müxtəlif əlaqə tiplərinə görə bağlaya bilər. Burada assosiatik münasibətlər də mühüm rol oynayır. Müxtəlif ardıcıllıqla internetdə yerləşdirilmiş mətnə istənilən vaxtda müraciət etmək, oradan istənilən mövzu ilə bağlı məlumat əldə etmək mümkündür» Hipremətn sistemi informasiya texnologiyaları sahəsində inqilab kimi səciyyələndirilə bilər» (s.39).

Kitabın mündəricatı əhatəlidir. Redaktorların yazdığı «Kompüter dilçiliyi» əsərinə ön söz və ya dilçilik müasir dəqiq elmlər orğitində» adlı yazıdan, 9 fəsildən, sonluqdan, zəngin ədəbiyyat siyahısından ibarətdir.

«Ön sözün müllifləri A.Axundov və İ.Tahirov yazırlar ki, inanırıq ki, «dil və nitqin dialektik vəhdətinin ünsürləri kmi mtn vahidlərinin sistem-struktur-semioloji mərhələ-səviyyələri və çoxşaxəli-səviyyələrarası modelləşdirilməsi sahəsində işləyib hazırladığı bütöv linqvistik konsepsiya»nın (A,Ələkbərov) müəllifi olaraq prof. Məsmud Mahmudov və onun davamçıları Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair «Dövlət Proqramı»nda fövqəladə əhəmiyyətli aktual sosial sifariş kimi nəzərdə tutulmuş, Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün internet texnologiyalarının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi-linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi işinə də öz töhfələrini verəcəklər» (s.11).

Əsərin I fəslində kompüter dilçiliyi dilçiliyin yeni bir sahəsi kimi təqdim olunur. Bu fəslin 5 yarımbölməsində ənənəvi dilçiliyə qeyri-ənənəvi baxışlara münasibət bildirilir, kompüter dilçiliyi anlayışının mahiyyəti açılır, həmin dilçiliyin sahələri göstərilir, mətn kompüter dilçiliyinin obyekti kimi götürülür və nəhayət kompüterlərdə mətnlərin formal işlənmə şəraiti aydınlaşdırılır.

Təqdir ediləsi bir hal müəllif tərəfindən kompüter dilçiliyinin bir sıra istiqamətləri müəyyənləşdirilməsidir: 1) təbii mətnin təhlili və sintezi çərçivəsində onun canlandırılması; 2) məlumat-axtarış sistemlərinin işlənib hazırlanması; 3) süjet quruluşunun modelləşdirilməsi.

II fəsil «Azərbaycan dilinin milli korpusu» adlanır. Bu fəsilin ayrı –ayrı bölmələrində müxtəlif lüğətlərə müraciət edən müəllif «korpus» terminin hansı mənaları daşıdığını göstərir, bu çoxmənalı sözün semantik tutumu və istifadə etdiyi anlayışların məna əlaqəsini müəyyənləşdirir və bəlli olur ki, «korpus» sözü sözügedən dilçilikdə fərqli anlamda istifadə edilir. Kompüter dilçiliyində korpus dedikdə, hər hansı bir konkret dildə mətnlərin elektron formada toplanmasına istiqamətlənmiş məlumat axtarışı sistemi başa düşülür (s.44). Müəllif ümumi məsələlərdən sonra milli dil korpusları haqqında bəhs edir, türk dillərinin, başqırd dilinin, rus dilinin milli korpuslarını şərh edir, bəzi mətn korpusları, nitq korpusları, həmçinin də dilimizin milli korpusunun yaradılmasının nəzərəri və praktik məsələlərini aydınlaşdırmağa çalışır. Dilimizin milli korpusunun strukturunu müəyyənləşdirir.

«Kompüter lüğətçiliyi» -bu sanbalı kitabın III fəslini təşkil edir. Belə bir lüğətçilik, əlbəttə, leksikoqrafiyanın inkişafında, sözsüz, yeni mərhələ yaradır. Kompüter lüğətçiliyi anlayışını aydın və məntiqi şərh verən M.Mahmudov kompüterin köməyi ilə tərtib olunmuş lüğətlərin üstünlüyündən, internet məkanında yerləşdirilmiş elektron lüğətlərin əhəmiyyətli cəhətlərindən söz açır. «Gələcəkdə bu tipli lüğətlərin daha da təkmilləşdirilməsi və genişləndirilməsi imkanları da böyükdür. Kompüter lüğətlərinin daha bir üstün cəhəti onların canlı orqanizm kimi daim inkişafda və ətraf mühitlə, cəmiyyətlə təmasda olmasıdır. Bu tipli lüğətlərin gələcəkdə elə yeni cəhətləri, imkanları ola bilər ki, elmin indiki durumunda, cəmiyyətin indiki inkişaf səvıiyyəsində biz hələ onları heç təsəvürümüzə gətirə bilmirik (s. 68).

Kompüter lüğətləri müxtəlif elmi mərkəzlər tərəfindən müxtəlif məqsədlərlə tərtib olunur. M.Mahmudov bunu – yəni bu tipli lüğətlərin informasiya texnologiyaları sistemindəki vəziyyətini nəzərə alaraq ümumi şəkildə aşağıdakı təsnifatı vermişdir:- maşın tərcüməsi və süni intellekt sistemlərində istifadə olunanlar;- terminoloji bankların bazasını təşkil edən lüğətlər və tərçüməçilərə kömək məqsədilə yaradılmış «Poliqlot» tipli lüğətlər; müxtəlif biblioqrafik və ensiklopedik məlumatları əhatə edən elektron kartotekalar; kağız (kitab) variantında çoxdan mövcud olan və geniş istifadə dairəsinə malik lüğətlərin elektron variantları (s. 69).

Müəllif bununla yanaşı kitabda kompüter lüğətlərini adi lüğətlərdən fərqləndirir: Sözügedən lüğətə müraciət və ondan müəyyən sorğular əsasında məlumatların alınması proseduru daha sadə və sürətlidir; eyni zamanda bir neçə lüğətə müraciət edib, sözün mənasının qısa zamanda dəqiqləşdirilməsi və ümumi nəticənin çıxarılması mümkündür. Adi lüğətlərdə bu işin yerinə yetirilməsi üçün xeyli vaxt və zəhmət tələb olunardı; bu lüğətlərin hər birində hər hansı bir dili ön plana çəkmək və başqa lüğətlərdə müqayisə aparmaq imkanı var və s.

Ümumiyyətlə, kokmpüter lüğətlərinin üstün cəhətlərini oxucuların, mütəxəssislərin də nəzərinə çatdırmaq yerinə düşər:- həcmin qeyri-məhdudluğu; həcmin çox olmasına baxmayaraq zəruri informasiyanın axtarış sürətinin çox böyük olması; istinadlar vasitəsilə digər lüğətlərdən əlavə məlumatların əldə edilə bilməsi imkanı; lüğətdəki məlumatların yeniliyi və müasir həyatla bağlılığı, yeni söz və ifadələrin dəqiq izahıın olması; lüğət məqalələri daim təzələndiyi və tamamlandığı üçün köhnəlməməsi və uzunömürlülüyü; irihəcmli olmasına baxmayaraq, eyni zamanda yığcamlıbı (s. 68).

Kitab müəllifi Azərbaycan dilinin elektron lüğətlərinin indiyə kimi təhlildən kənarda qaldığını da nəzərə alaraq həmin lüğətlər haqqında da ayrıca məlumat verir. O, elektron ensiklopediyaların kompüter lüğətləri şəbəkəsində mühüm komponentlərdən biri kimi səciyyələndirir. Assosiativ lüğətlərin mahiyyətini açır: Assosiativ tərcümələr göstərir ki sözün semantik strukturunu ancaq assosiatik münasibətlər fonunda tam şəkildə açmaq mümkündür. Belə təcrübələrlə lüğətlərdə indiyə qədər təsbit olunmayan leksik-semantik variantların tapılması, sözlərin milli-mədəni xüsusiyyətlərinin müəyyənləşdirilməsi mümkündür.

Azərbaycanda kompüter lüğətçiliyinin tarixinə toxunan müəllif ötən yüzilliyin 70-ci illərindən respublikamızda qəzet dilinin tezlik lüğətinin «BESM-2» elektron hesablama maşınlarının köməyi ilə tərtib olunmasını işini xatırladır. Bizim kompüter lüğətçiliyi məsələsinə gələndə iki yanaşmanın olduğunu nəzərə çatdırır. Birinci yanaşmada kompüter vasitəsilə tərtib olunan müxtəlif statistik lüğətlər, ikinci yanaşmada isə internet məkanında təmsil olunan lüğətlərin əhatə olunduğunu, nəzərdə tutulduğunu bildirir. Bəlli olur ki, respublikamızda indiyə kimi kompüterin köməyilə ilə xeyli sayda lüğətlər tərtib edilmişdir. Onların bəzilərinin adını çəkmək yerinə düşər: Azərbaycan qəzet dilinin tezlik lüğəti, Bakı, 2004; 2010; «Kitabi-Dədə Qorqud» dastanlarının statistik təhlili. Bakı, 1997; 1999; Məhəmməd Füzulinin nəzm əsərlərinin əlifba-tezlik sözlüyü. Bakı, 2004; Azərbaycan dilinin əks-əlifba lüğəti. Bakı, 2004 və s.

Bu tipli lüğətlərin tərtibi və nəşrində M.Mahmudovun, K.Vəliyevanın, Valeri Pinesin, Ə.Fətullayevin və başqalarının əməyini xüsusi ilə qeyd etmək lazımdır.

Bundan savayı, maşın tərcüməsi ilə əlaqədar tezlik lüğətləri bazasında təcrübi azərbaycanca-rusca avtomatik lüğət də təhlil etdiyimiz bu kitabın müəllifi professor Məsud Mamudov tərəfindən hazırlanmış və onun əsasında avtomatik linqvistik təhlil aparmaqla kifayət qədər maşın tərcüməsi nümunələri də əldə edilmişdir.

M.Mahmudovun dilçiliyin bu yeni sahəsi üçün gördüyü işlərdən biri də kompüterlərin köməyilə tərtib olunmuş həmin lüğətlərin linqvistik xüsusiyyətləri barədə apardığı səmərəli elmi araşdırmalardır. Bununla belə, M.Mahmudov elektron məkana daxil olan, yəni internetdə yerləşdirilmiş elektron lüğətlər haqqında da dəyərldi məlumatlar verir. 1. «Dilmanç» Azərbaycanda ilk maşın tərcüməsi sistemidir. Azərbaycanca-ingiliscə, ingilscə-azərbaycanca və türkcə-azərbaycanca «Dilmanç» tərcümə sahəsində artıq tanınır. Bu sistemdə böyük mətnlər də tərcümə olunur. «Dilmanç»ın yaranması ilə Azərbaycan dilinin formal qrammatikası yaradılmış və onun əsasında ilkin dildə formal morfoloji, sintaktik və semantik təhlil, tərcümə olunmuş dildə cümlənin sintezi alqoritmləri işlənib hazırlanmışdır. Leksik baza 250000-dən artıq ümumişlək söz-forma və söz birləşməsindən ibarətdir. Sonrakı məlumat «Poliqlot Azərbaycan lüğətləri» haqqındadır. Bu lüğətlər sistemi istifadəçilərin dərin rəğbətini qazanaraq kütləviləşmişdir. Proqram respublikamızda İKT-nin inkişaf etdirilməsi layihəsi çərçvəsində hazırlanmışdır. 8 lüğətin bu proqram əsasında hazırlandığı M.Mahmudov tərəfindən göstərilmişdir. Maraqlıdır ki, «Azərbaycan dilinin oqfoqrafiya lüğəti» elektron variant şəklində də hazırlanmışdır.

Kitabın IV fəslində mətnlərin formal təhlili sistemləri ilə milli korpusların əlaqəsi məsəsələsinə toxunan müəllif Azərbaycan dilinin milli korpusunu linqvistik baxımdan morfonoloji və semantik bloklara ayırmış, maşın lüğətlərinin rolunu göstərmiş, avtomatik linqvistik təhlilin sintezlə bağlı bir sıra problemlərini üzə çıxarmış, mətnlərin avtomatik işlənməsi sistemləri ilə bağlı yarımavtomatik tərcümə məsələlərinin araşdırılmasının çox vacib olduğunu diqqətə çatdırmışdır. Eləcə də əsər müəllifi türk dillərinin materialları əsasında maşın tərcüməsinin aktual problemlərinə, mətnlərin kompüterlərdə müxtəlif məqsədlərlə işlənməsi məsələlərinə, leksik, morfoloji, sintaktik-semantik səviyyələrdə türk mətnlərinin işlənməsinə dair xeyli sayda tədqiqatlara öz tənqidi münasibətini bildirərək, leksik-morfoloji səviyyədə söz-formaların tərcüməsinin ümumi sxemini çızmışdır. Bu sxemdə söz-forma, söz-formanın təhlili, avtomatik lüğət və qrammatik müvafiqlik sistemi ilə müqayisə, söz-formanın tərcümə olunacaq dildə sintezi, tərcümə olunmuş söz-forma məsələləri öz əksini tapa bilmişdir.

Bloklar üzrə mətnin formal təhlili təcrübəsi geniş yayılmışdır. Bunu nəzərə alan müəllif kitabın V fəslini «Mətnin formal təhlili sisteminin leksik bloku» adlandırmışdır. Belə ki, bu tədqiqatda leksik blok mətnlərin formal təhlili sisteminin aparıcı komponenti kimi nəzərdən keçirilir. Leksik blokun təşkilində bir çox mühüm amillər nəzərə alınaraq, maşına daxil edilmiş lüğətlərdə avtomatik təhlil, sintez və tərcümə alqoritmlərin nisbəti; göstərilən alqoritmlərin tərtibi, fəaliyyəti, optimallığı lüğətlə müəyyənləşir; müxtəlif növlü maşın lüğətlərinin tipologiyası və s. üzə çıxarılır.

Bu fəsildə statistik lüğətçilik, tezlik lüğətləri, həmin lüğətlərin növləri, əhəmiyyəti və tətbiqi, eləcə də dilimizin tezlik lüğətləri, bu lüğətlərin statistikası və s. haqqıdakı elmi məlumatlar dəyəri ilə seçilir. Müəllif əsərdə Azərbaycan dilinin tezlik lüğətinin statistik quruluşunu əks etdirən cədvəl də vermişdir. Tezlik, əlifba-tezlik sözlüyündən fraqmentlər də cədvəlləşdirilmişdir ki, bu da əyaniliyi bir daha artırmışdır. «Azərbaycan qəzet dilinin tezlik lüğəti»nin, Azərbaycan dilinin əks lüğətinin, Azərbaycan dilinin avtomatik lüğətinin, «Kitabi-Dədə Qorrqud» dastanlarının linqvostatistik təhlili»nin, «Məhəmməd Füzulinin nəzm əsərlərinin əlifba-tezlik sözüyü»nün dəyərindən danışan müəllif bu sahədə görülən işləri səviyyə baxımından təhlil edir, tərtibçilərin əməyinə yüksək qiymət verir. «Kitabi-Dədə Qorqud»un statistik təhlili sahəsində uğurlu tədqiqatlar dil tarixinə kompüterlərin tətbiqinə stimul yaratmış oldu. Hazırda M.Füzulinin dilinin kompüterlərlə tədqiqi ilə bağlı mühüm işlər başa çatdırılmaq üzrədir.

Əsərin VI fəsli «Mətnin formal təhlili sisteminin morfoloji bloku» adlanır. Bu fəslin ayrı-ayrı yarımbölmələrində mətnin formal təhlili sistemində morfoloji blokun yeri, formal linqvistik təhlil sistemi, maşın qrammatikası anlayışı, türk dillərində nitq hissələrinin təsnifi, nitq hissələrinin formal əlamətlərə görə bölgüsü, morfoloji blokun funksiyası, formal təhlil anlayışı, sözdəyişdirici şəkilçilərin morfoloji blokda yerləşdirilməsi, morfoloji blokda nitq hissələrinin, ayrı-ayrı qrammatik kateqoriyaların kodlaşdırılması, morfoloji təhlilin başlıca istiqamətləri və mərhələləri, Azərbaycan mətnlərinin formal morfoloji təhlil alqoritmi və s. məsələlərə də aydınlıq gətirilmişdir.

Azərbaycan dili sözdüzəldici şəkilçilərinin morfoloji blokda yerləşdirilməsini əks etdirən cədvəllər müəllifin ciddi tədqiqatçı olmasından soraq verir.

«Kompüter dilçiliyi» kitabının VII fəslində söhbət mətnin formal təhlili sisteminin morfonoloji blokundan gedir. Burada morfonoloji blokun funksiyası, söz kökü və sözdüzəldici, sözdüzəldici şəkilçilər hüdudunda morfonoloji dəyişmələrin səbəbləri əsaslandırılır və belə bir nəticəyə gəlinir ki, şübhəsiz, morfonoloji dəyişmələr müəllifin sadaladığı məsələlərlə yekunlaşmır və daha geniş fono-morfoloji hadisələr kompleksini əhatə edir. Formal təhlil sistemində isə morfonoloji blokda bu qəbildən olan sistemlərdə gedən proseslərlə bağlı, təhlil və sintez alqoritmlərinin işində nəzərə alınması zəruri hesab olunan morfonoloji dəyişmələr tətqiq edilmişdir (s. 250).

Tədqiqatda ardıcıllıq prinsipini nəzərə alan müəllif əsərinin VIII fəslini mətnlərin formal təhlili sisteminin sintaktik bloku probleminə həsr etmişdir. Əvvəlcə sintaktik blokun funksiysını müəyyənləşdirən tədqiqatçı, sonra aralıq-keçid dili (vasitəçi dil), sintaktik təsadüflər və ümumiləşdirmə, sintaktik modellər, universal qrammatikalar nəzəriyyəsi, təhlil sitstemlərində transformasion qrammatikaların tətbiqi, N.Xomskinin linqvistik fərziyyələrinin mahiyyəti və praktik istifadə dairəsi, bərpaedici mühəndis dilçiliyi modelləri, sintaktik blokun əsas komponentləri, xəbər və mübtədanın formal əlamətləri, əlaqələrin formal təsviri və s. haqqında maraqlı elmi informasiyalar vermişdir.

Kitabın IX – sonuncu fəslində mətnlərin formal təhlili sisteminin semantik bloku tədqiqat obyekti seçilmişdir. Məsələnin ümumi gedişatını nəzərə çatdıran tədqiqatçı sintaktik əlaqədə çoxmənalılığın və omonimliyin formal əlamətə görə, şəkilçi birləşmələri, maşın şəkilçiləri vasitəsi ilə aradan qaldırılmasının yollarını göstərir, leksik-semantik və morfo-semantik səviyyələrdə inventarlaşdırma, morfoloji səviyyədə əsas və şəkilçilərin omonimliyi, morfoloji səviyyədə aradan qaldırıla bilməyən omonimlik məsələlərini də araşdırmış, Azərbaycan kompüter dilçiliyinə, sözün əisl mənasında, müəyyən yeniliklər gətirmişdir.

Əsərin «Sonluq» hissəsində müxtəlif elmlərin qovuşuğunda yaranıb meydana çıxan «Kompüter dilçiliyi»nin, mətninlərin formal təhlili problemlərinin gələcək tədqiqat prinsipləri, həmçinin də perspektivləri göstərilir.

Qeyd etmək lazımdır ki, belə çətin və mürəkkəb dilçilik əsərinin dili və üslubu çox sadədir. Mütəxəssislərin, oxucuların anlayacağı bir dildədir. Əsərdə lazımi ədəbiyyatdan, internet səhifələrindən də istifadə onu daha da təkmil və sistemli bir tədqiqat işi kimi yadda saxlamağa imkan verir.

Dilçiliyin yeni sahəsini əks etdirən bu kitab gələcək tədqiqatlar üçün də yol açır, araşdırılma yönlərini müəyyənləşdirir.

Cahid İsmayıloğlu
Filologiya üzrə fəlsəfə doktoru

Site Footer