“Müasir gənclik və elm” mövzusunda tədbir keçirilmişdir – Fotolar

Bakı, 19 sentyabr (AzərTAc). Sentyabrın 19-da Azərbaycanda Atatürk Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə “Müasir gənclik və elm” mövzusunda tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə “Cahid İsmayıloğlu-30” kitabının təqdimatı olmuşdur.
Tədbirdə TUMİB-in sədri Çingiz Bayramov ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, bu sahədə əldə olunmuş nailiyyətlərdən və müasir dövrümüzdə gənclərin elmi fəaliyyətlərindən söhbət açmışdır.
Bildirilmişdir ki, Azərbaycan dövləti daim gənclərə diqqət və qayğı ilə yanaşmışdır. O, Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın dövlətçilik tariximizdə gənclər siyasəti sahəsində qəbul edilmiş çox mühüm bir sənəd olduğunu diqqətə çatdırmışdır.
“Cahid İsmayıloğlu-30” kitabının əhəmiyyətindən danışan Ç.Bayramov müasir dövrümüzdə Azərbaycan gənclərinin müxtəlif sahələrdə qazandığı nailiyyətlərindən danışmışdır. Vurğulanmışdır ki, kitabda gənc alimin elmi-publisistük, ədəbi-bədii, ictimai fəaliyyətini əks etdirən yazılar toplanmışdır. Bu, müəllifin ikinci irihəcmli kitabıdır. O, gənc qələm sahibinin elmi fəaliyyətlərindən, müxtəlif sahələrdə qazandığı uğurlarından da söhbət açmışdır.
Qeyd edilmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına daxil olmuş Cahid İsmayıloğlu aspirant olduğu müddətdə “Mahmud Kaşğarlının “Divanü lüğat-it-türk” əsərində onomastik leksika” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. İndiyədək onun onlarla elmi, publisistik məqalələri, tezisləri çap olunmuşdur. Sonralar o, informasiya-kommunikasiya texnologiyaları biznesi sahəsində çalışmış və hazırda bu sahədə peşəkar mütəxəssis kimi fəaliyyət göstərir.
Sonda Ç.Bayramov gənc yazarı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulamışdır.
Tədbirdə çıxış edənlər Cahid İsmayıloğlunu təbrik edərək kitabının əhəmiyyətindən, nəşrin müasir dövrümüz üçün aktuallığından söhbət açmışlar.

  
Cahid.info
Join the discussion

“Kredo” qəzeti