Mənəvi mühitin sərhədsiz görümü

Alimlərin cavanı, cəhdin ünvanı…

Cəsarət və iddia… Cahidin mənəvi mühitinin işığından özünü diktə edən ilk görüntülər. özünə inamın güvənci… Gəncliyə xas işıqlı gözlər, nurlu sima, hündür boy, canlı ruh Cahidin qürur, əzəmət və mənəvi zənginliyini ilk baxışdan təqdim edir. Təbiətən nikbin olması problemin həllinin problemi qaldıran adamın mənəvi hazırlığından asılılıq mahiyyətini yaxşı bildiyindən, demək olar ki, onun üçün hər hansı bir çətinliyin sədd olacağı hiss edilmir. Mənəvi gücə arxalanmayan cəsarət, istedada güvənməyən iddia bir çox hallarda insanı inamsızlığın girdabına atır, mənəvi iflas vəziyyətinə salır. Əgər cəsarət və iddianın daimi müşayiətçisi zəhmət və istedad olmasa, ortalıqda Don Kixotluqdan başqa bir şey qalmaz. Amma Cahid İsmayıloğlunun gözlərindən gördüyüm ruhu yenilməzlik gücündədir. Bu hiss özünü tanımaq, özünü dərk etmək, özünü bilmək mahiyyətinə güvənir. Yaşın və vaxtın imkanı hüdudlarında cəmiyyətdən, həyatdan, onu əhatə edən insanların mənəvi mühitindən, xalqımızın və dünya xalqlarının mənəvi tarixindən nəyi götürmək mümkündürsə, onu da əzx edə bilib. Filologiya üzrə fəlsəfə doktorudur. Ancaq ən böyük rütbəsi bu ada sığışmayan Kaşğarişünas olmasıdır. Görkəmli türkoloq-alim Ramiz Əsgər “Divan”ı azərbaycancaya çevirdi. Bu, böyük mənəvi hadisə idi. Yollar daha da aydınlandı, nurlandı.

* * *

Cahid İsmayıloğlu. XI yüzilliyin tarixi onomastik leksikası (Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsəri əsasında). Bakı: «Elm» nəşriyyatı, 2008, – 231 s.

Cahid İsmayıloğlu yaşının otuzuncu ilini tamamlayır. Və onun timsalında elmin cavanlığını, elmin gəncliyini kifayət qədər görmək mümkündür. Yaxın 20-25 il bundan o tərəfə “On birinci yüzilliyi tarixi onomastik leksikası” (M.Kaşğarlının “Divanü-lüğat-it-türk” əsəri əsasında) kimi bir əsəri ortaya çıxarmaq üçün ömrün əllinci pilləsini də tez hesab edərdilər. Ancaq Cahid İsmayıloğlu özü demiş, “türkün ən qədim, ən sağlam, ən təmiz dil və mədəni mirası olması baxımından heç bir vaxt qiymətini itirməyəcək”, “türk dili və ədəbiyyatı ilə yanaşı, türk etnik tarixinin, coğrafiyasının, etnoqrafiyasının, folklorunun, mifologiyasının, bir sözlə, türk mədəniyyətinin ilk ensiklopediyası” haqqında tədqiqatlara böyük cəsarət və inamlı iddia ilə girişmiş, elə tarixi abidənin ruhundakı türk cəsarəti ilə seçdiyi istiqamətdə problemi həll etmişdir. Türk mənəvi aləminin dörd nəhəng sütunu – “Dədə Qorqud Kitabı”, “Manas”, “Kutadqu Bilik” və M.Kaşğarlının “Divan”ı. Eyni zamanda dünya mədəniyyətinin şah əsərləri, şahanə fikir inciləri sırasında ilk cərgədədir. Bu sütunların nə demək olduğunu bilənlər üçün Cahidin gördüyü işin nə demək olduğu da məlumdur.

“Dədə Qorqud Kitabı” kifayət qədər Azərbaycanda (qismən də digər türk və qeyri-türk ölkələrində) tədqiqata cəlb olunub. Düşünürəm ki, Cahidin sistemli və dərin özüllərə əsaslanan bu tədqiqatı da Kaşğarişünaslıq üçün yeni bir dalğanın tərpənişi, oyanışıdır. Kaşğari “Divanı”na həsr olunan tədqiqata ön sözdə professor Qəzənfər Kazımov münasibət bildirərkən yazır: “Divan”da ən mühüm məsələlərdən biri Azərbaycanla, Azərbaycan türkləri ilə bağlı fikirlərn araşdırılmasıdır. Bu cəhətə az fikir verilməyib. Məsələn, müəlllif qeyd edir ki, Mahmud Kaşğari beş oğuz şəhərinin adını çəkir: Sepren, Sitkün, Suğnak, Karnak, Karacuk. Bunlardan Seprenin Şabran olduğu müəyyənləşdirilir. Şabran Azərbaycan şəhəridir, o biri şəhərləri də axtarmaq lazım idi”. Yeri gəlmişkən, buradaca yada salmaq istərdim: V.Yanın Çingiz xan yürüşlərinə həsr olunmuş romanda Çingiz xanın yurdunun Sığnaq olduğu göstərilir. Altayları və Orta Asiyanı yaxşı bilən yazıçı yerin adını (Sığnaq) təsadüfi seçə bilməzdi. Maraqlı məram tədqiqatçının müəyyənləşdirdiyi yerlərin Azərbaycanla bağlılığıdır.

Məlumat üçün bildirim ki, İsmayıllı rayonunun Buynuz kəndindən yuxarı, Baba dağa söykənən böyük vadi – qədim yaşayış məskəni Sığnaq adlanır. Bu da onu göstərir ki, professor Q.Kazımov “axtarmaq lazım idi” tələbində haqlıdır. Əlbəttə, bütün bunlar göstərir ki, Cahid Kaşğari “Divanı”ndan Azərbaycana özülləri sarsılmayan bir körpü salıb. Cahidin özü və gələcək tədqiqatçılar Azərbaycan tarixinin dərinliklərinə elə bu körpüdən keçməklə gedə biləcəklər.

Gənc alimin elmi, publisistik, ədəbi, bədii, ictimai fəaliyyətini əks etdirən “Cahid İsmayıloğlu – 30” kitabı onun bugünkü mənəvi mühitini görmək və duymaq, onun özünün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək baxımından da çox xarakterikdir. Kitabın hazırlanması və müəyyənləşmiş adla təqdimində müasir təfəkkürün modern yanaşma tərzi açıq-aşkar duyulur. Kitabın adı və müəllifin özü 30-cu yaşda birləşir. Sanki o, “bu, mənəm, artıq gəlmişəm (gəlirəm yox)”, – deyir. Bununla da elmi-ədəbi mübarizə istiqamətində bir türk savaşçısı cəsarətində və duyumunda olduğunu iddiası ilə təsdiq edir. Yuxarıda qeyd etdiyimiz kimi, bu iddianın istedada güvəncli olduğu da həm çox dəyərli tədqiqat əsərində, həm də “Cahid İsmayıloğlu – 30” kitabında təsdiqlənir. Kitab bir neçə bölümdən ibarətdir. Tədqiqatlar bölümündə dil situasiyası ilə bağlı tipoloji araşdırmalar, müasir türk dillərində söz, cümlə problemləri, Kaşğarlı “Divan”ı ilə bağlı xaricdə nəşr olunmuş məqalələr və s. yer alıb. Elmi-publisistik məqalələr bölümündə ədəbi türkcəmizin Tofiq Hacıyev konsepsiyası, esse dili, etnik tariximizə və dilimizə yeni baxış və s. müxtəlif elmi istiqamətli yazılar, yaxud müasir dil tədqiqatları, dəyərli fikir nümunələri haqqında yazdıqları göstərir ki, o, mənəvi mühitimizin ən müxtəlif problemləri istiqamətində daha geniş tədqiqatlar apara bilər. Eləcə də müsahibələrindəki cəsarət, fikir axını onun hazırlıqlı bir gənc olduğunu da təsdiqləyir.

Cahid hələ tələbəikən elmi yaradıcılığa, tədqiqata başlayıb. Nəzərə alsaq ki, həmin yaş Dobralyubov, Belinski, Evarist Qalua… mərhələsidir və kifayət qədər hazırlıqlı, istedadlı gənc bu yaşda da özünü əbədiyyət kitabına yaza bilər. “Müasir poeziya kitablarının (mətnlərinin) redaktor təhlili” tədqiqat işi ilk sətirlərdəncə cəsarət ünvanını tanıdır: “Lirik poeziya insan duyğularının, insanın qəlb çırpıntılarının yüksək ifadə vasitəsidir; gündəlik həyatda insanın qəlbindən keçən fikir və düşüncələrin, iztirab və kədərin, sevinc və nəşənin hər bir şəxsə nəsib olmayan ifadə tərzidir. Ümumilikdə isə son dərəcə mürəkkəb aləmin poetik bir dillə müasirlərə və gələcək nəslə nəqlidir”. Bu fikri sadəcə Cahidin nəzəri tədqiqata, fəlsəfi ümumiləşdirməyə ilk gəncliyindən meyillənmə nümunəsi kimi verdim. Əsas məqsədim odur ki, bugünkü redaktə işinin bərbad vəziyyəti hələ on il bundan əvvəldən o tərəfə, tələbəykən onu maraqlandırıb. Arxiv tipli materiallar əsasında çox dəyərli bir tədqiqat işi yazıb. Xalq şairi Bəxtiyar Vahabzadənin əlyazmaları ilə nəşri arasındakı fərqlərin mahiyyətini üzə çıxarıb, əsərin oxucuya çatma ərəfəsində dəyərli və dəyərsiz redaktənin nəyə qadir olduğunu göstərib. Amma bunun özü də təsadüfi olmayıb. Bəlkə də bu müqayisələr, araşdırmalar, cəsarətli hökmlər elə Kaşğari “Divanı”na gedən böyük yolun ilk cığırları olub.

* * *

Cahidin bir üstünlüyü də var. O, həm də müasir dünya ilə fikir, düşüncə, tarix və ərazi rəqiblərimizə (həm də düşmənlərimizə) qarşı meydan aça bilir. Və onun məntiqində təsdiqlənir ki, bu mübarizə heç də Qarabağ savaşının səngər döyüşündən az əhəmiyyətli deyil. Ümumiyyətlə, Cahid İsmayıloğlunun təbiətində sağlam ziyalılıq əsaslarına güvənən bir inqilabçılıq var. Yaxın keçmişimizlə bugünkü orta və yaşlı nəslin yaxşı xatırladığı sovet dövrünün bəlalarının kökü onun qapalılığı ilə bağlı idi. Sərhəd qapalılığı, informasiya qapalılığı, tədqiqat məhdudiyyəti, tarixə ideoloji yanaşma… və s. bütün bunlar şəffaflığın qarşısını kəsirdi. Bu gün Azərbaycan dövləti korrupsiyaya qarşı mübarizə aparır. Bu, eyni zamanda terrorla birgə dünyanın problemidir. Bu mübarizədə əsas vasitələrdən biri də elektron hökumətdir. C.İsmayıloğlu bu problemə münasibətini belə bir üçbucaqda göstərir: “Elektron hökumət – elektron Azərbaycan – şəffaf dövlət”. Müasir təfəkkür tədqiqatçısı, gənc alim Cahid İsmayıloğlunun düşüncəsində elektron hökumət nədir? “Əvvəllər e-hökumətə belə bir tərif verilirdi. “Elektron hökumət” hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir”. Sürətli inkişaf hal-hazırda bu tərifin e-hökumətə nə qədər məhdud gəldiyini sübut edir. İndi bu haqda sadəcə, bu fikri demək kifayətdir ki, e-hökumətin nələrə qadir olduğunu sübut edək – elektron hökumətin qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsini təmin edəcək”.

Müəllif mövcud informasiya, kommunikasiya texnologiyaları, infrastrukturu ilə bağlı maraqlı təkliflər verir, konkret iradlar bildirməkdən çəkinmir. Ümumiyyətlə, Cahidin bu sahədə ixtisaslaşması da göstərir ki, o, bu istiqamətdə də tədqiqatlarını davam etdirə bilər və şübhəsiz, böyük uğurlar da qazana bilər. Ancaq mənə qalsaydı, Cahidi dil tarixçisi və Kaşğarişünas kimi görürəm. Cahidin ruhunda həyata poetik obrazlı münasibət də canlıdır və demək olar ki, ardıcıl olaraq özünü göstərir. Poeziya həyatın özüdür. Əlbəttə, mütləq şərtiliklərlə. Və poeziyanın özü də ən böyük problem olaraq insanı həyata bağlamaq, onun inamını qorumaq məqsədi daşıyır. Cahidin “Zaman aldadır məni” və digər şeirləri həyata, cəmiyyətə poetik gözlə baxımının nəticəsidir. Hələ on beş il əvvəl onun bir orta məktəb şagirdi olaraq qələmə aldığı “Qatar Qara düzdə dayanır” hekayəsini oxumuşdum. Bir yeniyetmənin, gəncin nəsr dili kifayət qədər güclü-mənəvi özülə, istedadına güvəncli idi. Həmin hekayəni “Kredo”nun ilk saylarından birində dərc etdim. Bəli, o, bizim ilk (15 il əvvəl) gənc müəlliflərdən biri olub. Kitabda onun hekayələrindən də örnəklər verilib.

Cəsarət və iddia… Gəncliyi xarakterizə edən əsas keyfiyyətlər… Bəlkə də, insan təbiətini qabarıq göstərən bu əlamətlər, (keyfiyyətlər) zənnimcə, əlamət və keyfiyyət mahiyyətləri burada bir-birinə qovuşur – müəyyən mənəvi (həm də maddi) özülə sahib olmasa ötəridir, keçəridir. İstedad və zəhmət, ardıcıl və sistemli çalışqanlıq, məqsədə, mərama (hədəfə) doğru dönmədən irəliləmək, yaxınlaşmaq… cəsarət və iddianı şərtləndirdiyi kimi, həm də reallaşdırır. …Əsaslı cəsarət və iddia. Bu, Cahid İsmayıloğlunun müasir mənəvi mühitə hüdudsuz görümünün gücünü şərtləndirir və elə otuz yaşlı gəncin özünün obrazıdır.

Əli Rza XƏLƏFLİ
05.09.2013
“Kredo” qəzeti.

Site Footer