Sosial şəbəkədə prezident seçkisi təşviqatı

Mütəxəssislər bunun qarşısının alınmasını mümkünsüz hesab edir

Bu dəfəki prezident seçkilərində namizədlərin təşviqatı prosesi texnologiyaların inkişafı nəticəsində sadə keçməyəcəyi gözlənilir. Namizədlər təşviqatlarını kütləvi informasiya vasitələrindən başqa sosial şəbəkələrlə də aparacaqlar. Artıq bununla bağlı təkliflər də var.

Gənc fəal Bəxtiyar Hacıyev prezidentliyə namizədlərin təşviqat kampaniyasını sosial şəbəkədə öz səhifəsində aparılması ilə bağlı layihə təklif edib. Layihəyə əsasən prezidentliyə namizədlərin təşqivat kampaniyası ödənişli əsaslarla, amma ənənəvi mediadan fərqli bir mexanizm əsasında aparılacaq. Belə bir layihədən qərb ölkələrində, o cümlədən, Amerikada geniş istifadə olunduğunu deyən gənc fəal bu metodun daha praktik olduğu qənaətindədir: “Sosial şəbəkədə siz hədəfə qrupunuzu müəyyən edə bilirsiniz. Orada edilən reklamda siz dərhal görə bilirsiniz ki, gənclərin, yaşlıların reaksiyası necədir və siz ona uyğun olaraq növbəti çarxınızı uyğunlaşdıra bilirsiniz”.

Bəxtiyar Hacıyev Mərkəzi Seçki Komitəsindən mənfi cavab alacağı təqdirdə ödənişli əsaslarla olsa belə bu təbliğatı öz səhifəsində aparmayacağını deyir. Amma həmin namizədin sosial şəbəkədəki şəxsi səhifəsində təşviqatını aparmasına kömək edəcəyini də istisna etmir.

Hazırda qızğın siyasi mübarizələrin əsas poliqonu olan sosial şəbəkələrdə hətta qanunla qadağan olunduğu halda belə prezidentliyə namizədlərin təşviqatının aparılmasının qarşısını almağın internet texnologiyaları üzrə mütəxəssis Cahid İsmayıloğlu qeyri-mümkün hesab edir. Belə ki, 100 minlərlə izləyicisi olan səhifələrin operativ və daha ucuz şəkildə bu təbliğatı aparmasına hər hansı bir maneə yoxdur.

TİKT üzrə mütəxəssis Cahid İsmayıloğlu belə düşünür: “Sosial şəbəkələrdə bu seçki dövründə hətta deyərdim ki, təbliğatın qadağan olunduğu dövrdə belə bu təbliğatın aparlmasının şahidi olmuşam və olacam da. Bu qarşısı alınmaz prosesdir. Təhqirin qarşısını almaq üçün qanun hazırlanıb, amma onun qarşısını almaq üçün qanun yoxdur və bu texniki cəhətdən də demək olar ki, mümkün deyil”.

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyyası isə hər hansı mövqe bildirməkdən imtina etdi. Dəfələrlə müraciətimizə baxmayaraq, komitə bu məsələni şərh etmək istəmədi.

ANS TV

Site Footer