E-hökumətin “b” variantı; Nazirliklər niyə ləngiyir? – ARAŞDIRMA


Elektronlaşan Azərbaycan: bizə nə mane olur?

Məlum olduğu kimi, Azərbaycanda “Elektron Azərbaycan” dövlət proqramı çərçivəsində “elektron hökumət” layihəsi həyata keçirilir. AzNews.az “elektron hökumət”in qurulması prosesini, Elektron Hökumət Dövlət İnformasiya Sistemi (EHDİS) infrastrukturuna qoşulmada son vəziyyəti araşdırıb və çox maraqlı nüansları üzə çıxarıb.

Açıq şəbəkə

Elektron hökumət və ya e-hökumət ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni vətəndaş burada hər hansı nazirlik və komitədən tutmuş, istənilən mənzil-təsərrüfat idarəsinə elektron müraciət edə bilər. Artıq belə müraciətlərin mümkün olduğu www.e-gov.az “Elektron hökumət” portalı fəaliyyətdədir və yüksək səviyyədə olmasa da, artıq təxminən 40-a yaxın dövlət qurumu bu portalda qeydiyyatdan keçib.

Portalın sorağı xaricdən gəlir 

Portala daxil olmaların statistikası onun nüfuzunun artdığını göstərir. Belə ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” ölkə Prezidentinin Fərmanının icrası məqsədi ilə Nazirlər Kabineti tərəfindən 417 elektron xidmət növü müəyyən edilsə də, hazırda portalda cəmi 236 elektron xidmət mövcuddur. Portala ötən ay ərzində 25 094 nəfər, 2013-cü ilin 7 ayı ərzində isə 176495 nəfər daxil olub. Eyni zamanda daxilolmaların sayı 288 853, istifadə edilmiş xidmətlərin sayı isə 341 306, səhifələrə baxış sayı 986 813 olub.

Elektron xidmətlərdən istifadə coğrafiyası üzrə statistika da maraqlıdır. “Elektron hökumət” portalının fəaliyyəti yalnız ölkəmizdə, o cümlədən Xankəndində (iyul ayında 205 dəfə, 7 ay ərzində isə 1978 dəfə) deyil, həmçinin xaricdə də maraq doğurur.

Biz hansı mərhələdəyik?

Azərbaycan MDB məkanında “elektron hökumət” layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir. 1993-cü ildən başlayan prosesin hansı mərhələdə olduğuna diqqət yetirək. Öncəliklə, qeyd etməliyik ki, e-hökumət probleminin tədqiqatçıları dövlət idarəetmə orqanlarının veb-nümayəndəliklərinin inkişafını 5 mərhələyə ayırırlar. AzNews.az-ın araşdırması göstərdi ki, proses hamı üçün eyni vaxtda başlasa da, dövlət qurumlarının hamısı eyni mərhələdə deyil.

Məsələn, ilk mərhələ “baza saytı” yaradılmasından ibarətdir. Azərbaycanda bu mərhələ artıq çoxdan arxada qalıb.
Ölkəmizdə növbəti mərhələ də uğurla başa çatıb. Artıq dövlət idarəetmə orqanlarının hər birinin rəsmi saytı informasiya ilə doldurulub, onların strukturu mürəkkəbləşib, digər əlaqədar veb resurslara keçidlər qoyulub.

Elektron müraciətlərə münasibət onları birləşdirir…

Qarşılıqlı əlaqələrin inkişafını təmin edən üçüncü mərhələdə dövlət saytlarının istifadəçiləri ilə informasiya mübadiləsi reallaşır. Buradakı interaktiv elementlər istifadəçiyə imkan verir ki, şikayətini bildirsin, sorğularda iştirak etsin, sorğusuna cavab alsın.
AzNews.az-ın araşdırması göstərdi ki, sözügedən üçüncü mərhələdə hər hansı informasiya əldə etmək mümkün olsa da, qarşılıqlı münasibətlərdə axsama var. Başqa sözlə, istifadəçilərin elektron məktubuna cavab digər müraciət növləri kimi ya gecikir, ya da cavabsız qalır. Hətta bu mərhələdə www.e-gov.az portalında istifadəçi marağına nail olan bəzi qurumlarla portala inteqrasiyaya imkan tapmayanları birləşdirən problem məhz elektron müraciətlər bölməsidir. Səbəbi isə qurumların bu müraciətlərə münasibətindən qaynaqlanır. Bu barədə daha sonra.
Beləliklə, deyə bilərik ki, dövlət qurumlarının elektron xidmətin təşkilindəki problemləri məhz bu mərhələdən başlayır.

Tam inteqrasiya

“Transaksiyaların inkişafı” adlanan növbəti mərhələdə vergilərin, qeydiyyat və lisenziya rüsumlarının, cərimələrin ödənilməsi, sosial vəsaitlərin alınması kimi əməliyyatlar reallaşdırılır.
Və nəhayət, sonuncu mərhələ tam inteqrasiyadır. Həmin mərhələdə hökumət portalının köməyilə bütün hökumət xidmətlərinin birləşmiş informasiya bazasına və tam e-xidmətlər kompleksinə vahid çıxış nöqtəsi yaradılır. “Vahid pəncərə” prinsipi üzrə fasiləsiz işləyən birləşmiş hökumət portalı vətəndaşların informasiya və xidmətlərə çıxışını təmin edir.

Elektron xidməti kimlər göstərməlidir?

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən
ailə, qadın, uşaq problemləri, arxitektura və tikinti, dini qurumlarla iş, dövlət qulluğu, əmək və məşğulluq, əmlak münasibətləri, gömrük işi, hüquqi xidmətlər, hüquq mühafizə, idman və bədən tərbiyəsi, kənd təsərrüfatı, kommunal xidmətlər, konsulluq xidmətləri, qaçqınlar və məcburi köçkünlərlə iş, maliyyə, qiymətli kağızlar, audit, mədəniyyət, turizm, müdafiə, nəqliyyat, rabitə və informasiya texnologiyaları, səhiyyə, sənaye, ticarət, sosial müdafiə, sosial təminat, standartlaşdırma və metrologiya, statistika, təbii resurslar və ekologiya, təhsil və elm, torpaq və xəritəçəkmə, vergilər, vətəndaşlıq, miqrasiya sahəsində ən yüksək səviyyədə elektron xidmət təşkil olunmalıdır. Siyahı üzrə qurumların bir neçəsi öz xidmətləri ilə ön sıralardadır. Bir qisminin isə portalda izi-tozu da yoxdur.

Elektron hökumət: xidmət və keyfiyyət

Elektron xidmətlərin təşkilinə görə ilk onluqda yer alan nazirliklərin keyfiyyət göstəriciləri də tamamilə fərqlənir. Onların bir neçəsinə nəzər salmaqla, bunu aydın görmək mümkündür.

Ən yaxşılar

www.e-gov.az-da istifadəçilərin ən çox müraciət etdiyi xidmətlər üzrə onluğa Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi başçılıq edir. Nazirliyin istifadəyə verdiyi “Telefon nömrəsi üzrə axtarış” xidmətinə iyul ayı ərzində 140 mindən artıq istifadəçi müraciət edib. Hazırda nazirlik tərəfindən 24 elektron xidmət göstərilir və bu xidmətlərə təkcə iyul ayı ərzində 54 min 207 dəfə müraciət edilib.

Xidmətlərinə göstərilən marağa görə Dövlət Sosial Müdafiə Fondu (7 xidmət) 12 177 müraciətlə ikinci yeri tutur. İstifadəçilər ən çox pensiya kapitalı, məcburi dövlət sosial sığotasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı, həmçinin pensiyaçı tərəfindən məlumatların əldə edilməsi, pensiya kalkulyatoru barədə maraqlanıblar.

Vergilər Nazirliyi də e-hökumətə sürətlə qoşulanlardandır. Artıq qurumun 57 elektron xidmət növündən 49-u tam fəaliyyət göstərir. Portalda 10 elektron xidmət göstərən Vergilər Nazirliyi 1564 müraciətlə üçüncü yerdə qərarlaşıb.
AzNews.az-a qurumun mətbuat xidmətindən bildirilib ki, tezliklə 7 xidmət də vətəndaşların istifadəsinə veriləcək.

Texniki problemlər?

Ədliyyə Nazirliyi e-hökumət portalında 7 xidmət növü ilə təmsil olunub. 1407 müraciətlə Ədliyyə Nazirliyi ilk onluğun 4-cüsüdür. İki xidməti – Nikah qeydiyyatı üçün elektron müraciət” və “Azərbaycan adları haqqında məlumat” bölmələri istifadəçi marağına səbəb ola bilər.

Lakin burada da texniki problemlərə rast gəlinir. Məsələn, adların mənalarını öyrənməkdən savayı, onu PDF variantında vətəndaşın poçt ünvanına göndərmək xidməti təklif olunur, amma yerinə yetirilmir.

Xidmət, yoxsa görüntü?

İstifadəçilərin elektron xidmətinə çox böyük ehtiyac hiss etdiyi, bu məqsədlə də ən çox axtardığı, yəqin elə buna görə də, e-hökumət portalında ilk onluqda qərar tutan DİN-in elektron fəaliyyəti yox səviyyəsindədir. Nazirliyin rəsmi saytındakı “elektron xidmətlər” bölümündə 24 növdə xidmət görünür. Bu xidmətlərdən istifadəyə ilk cəhd zamanı məlum olur ki, əslində hər hansı elektron xidmətdən söhbət gedə bilməz. Məsələn, “Ümumvətəndaş pasportunun dəyişdirilməsi” bölümünə daxil olursan. Orada “Xidmətin inzibati reqlamenti”ndən başqa bir şey yoxdur. Bütün xidmətlərdə vəziyyət eynidir. Başqa sözlə, DİN-in elektron xidməti reqlament və ya hər hansı ərizə formasının yüklənməsindən ibarətdir. Nazirliyin saytında interaktiv sual-cavab bölümü isə hələ hazır deyil.

www.e-gov.az portalına gəlincə, qurumun burada 2- “Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar” və “PİN-ə görə fərdi məlumatların axtarışı” xidmətləri yerləşdirilib.

Adından da göründüyü kimi, hər iki xidmət məlumatlanma xarakteri daşıyır və onlardan da yalnız biri elektron xidmət sayılır. Elektron xidmət vətəndaşı məlumatlandırmaqla yanaşı, həm də ona harasa getmədən müraciət etmə imkanı verməlidir. DİN isə nəinki e-hökumət portalında, hətta öz saytında da vətəndaşa bu imkanı vermir.

“Azərsu”ASC e-gov.az –da 2 xidmət – su borcunun öyrənmək və ödəmə imkanı təklif etsə də, hələlik onlardan yalnız birini reallaşdıra bilib. Belə ki, buradan borcu öyrənmək mümkün olsa da, hələlik ödəmə üçün mövcud olan xidmət aktivləşdirilməyib.

“Təhlükəsizlik kodu” Gömrük Komitəsini hansı “təhlükədən” qoruyur?

Dövlət Gömrük Komitəsinin rəsmi saytında 14 elektron xidmət növü fəaliyyətdə olsa da, www.e-gov.az saytında bunlardan yalnız 4-ü öz əksini tapıb. Elektron müraciət isə az qala mümkünsüzdür. Əvvəla “Müraciət edin” bölməsində giriş kodu əldə etmək üçün saatlarla gözləməli olursan. Nəhayət, 6 rəqəmli kod elektron ünvanına daxil olur. Bu dəfə də 6 rəqəmli kodun 6-cı simvolunu xanaya əlavə edə bilmirsən. Bir sözlə “təhlükəsizlik kodu” maneəsini aşıb nəinki rəy, hətta sual da yazmaq mümkün deyil. Problemlə əlaqədar cavabyazma@customs.gov.az ünvanından isə cavab gəlmir…
Bir sözlə, istifadəçilərin ən çox müraciət etdiyi ilk 10 qurumun siyahısındaca problemlə qarşılaşdıq. 10-luq belədirsə…

Vətəndaş sədrə də yaza bilər…

İlk onluqdakılardan keçirik son “altılığ”a. “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər” siyahısında adı olsa da, www.e-gov.az–da heç bir xidməti olmayan 6 qurum var.

www.e-gov.az portalına qoşulmayanlardan biri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında 5 növ elektron xidmət üzrə sənədlərin siyahısı təqdim olunub və qeyd edilib ki, tələb olunan sənədlər Press@scwra.gov.az elektron ünvanına göndərilməlidir.
Rəsmi internet səhifəsindəki “elektron müraciətlər” bölməsindən istifadə edib Komitəyə göndərilən sorğular da qəbul olunur. Amma cavab vermək əziyyətinə qatlanmırlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli AzNews.az-ın sorğusunun cavablandırılmamsını belə izah edib: “Biz hardan bilək ki, siz kimsiniz”?

Maraqlıdır, bu arqumentdən sonra Orxan Əlinin “Rəsmi saytımızda vətəndaş hətta sədrə də yaza bilər” fikri gülməli görünür. Axı, yazdığı oxunmayacaqsa, vətəndaş niyə yazsın?
Dövlət Komitəsinin www.e-gov.az-a nə vaxt qoşulacağına gəlincə, bunu onların özləri də bilmir.
İstifadəçinin onların xidmətindən nə vaxt yararlanacağı isə bəlli deyil.

Avadanlıqlar alınıb, ancaq…

Diasporla İş üzrə Dövlət Komitəsi də vətəndaşın məktubunu oxuyub bir kənara atır. Elektron Hökumət Dövlət İnformasiya Sistemi (EHDİS) infrastrukturuna qoşulmaq üçün isə tədbirlər görülür. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşad Miraləm AzNews.az-a açıqlamasında bu məqsədlə tələb olunan avadanlıqların alındığını deyib. Qoşulmanın nə vaxt reallaşacağı isə bəlli deyil.

Bizdə elə xidmətlər var ki…

Mədəniyyət və Turizm nazirliyinin Analitik Təhlil və Proqram Təminatı şöbəsinin müdiri Qabil Abbasov AzNews.az-a açıqlamasında bildirib ki, Nazirliyin rəsmi internet səhifəsində elektron xidmətlərin təşkili ən yüksək səviyyədə təmin olunub: “Hətta elə kriteriyalar var ki, Nazirlik qeyri-adi üstünlüyə malik xidmətləri ilə fərqlənir. Bizdə ayrı-ayrı elektron xidmətlər üzrə statistika da açıqdır. Hansı xidmətdən nə qədər istifadəçinin yararlandığı açıq görünür. Artıq çoxdandır ki, lisenziyaları onlayn qaydada veririk. Kağız ilə ərizə qəbul etmirik. Bizdə bu cür aktiv iş prosesi yaradılıb”.

Nazirlik rəsmisinin sözlərinə görə, elektron müraciətlərin cavablandırılması da eyni qaydada məsuliyyətlə aparılır: “Müraciətlər müvafiq şöbələrdə cavablandırılır. Mövzusundan asılı olaraq, müraciətlərin cavablandırılması 7, 10 gün, hətta bir aya qədər uzana bilər. Lakin hər bir müraciət mütləq cavablandırılır”.

Q.Abbasov “elektron hökumət” portalına qoşulmanın ləngiməsi səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, bunun əsas səbəbi maliyyə ilə bağlıdır: “Nazirliyin rəsmi internet səhifəsində yaradılan elektron xidmətlərin maliyyəsi hələ ayrılmayıb. www.e-gov.az-a köçürülməni də daxili imkanlar hesabına reallaşdırmaq çətindir. Bir çox nazirliklərdə bəzi xidmətlər əvvəlcədən vardı. Ancaq biz bu prosesə sıfırdan başlamışıq. Ona görə də vəsait olmadan prosesi başa çatdıra bilmirik”.
Şöbə müdirinin fikrincə, ləngimə səbəblərində biri də elektron xidmətlərin reqlamentinin Ədliyyə Nazirliyində təsdiqi ilə bağlıdır.

Buna baxmayaraq, elektron xidmətlər portalına qoşulmaq üçün e-imza və xüsusi şifrə əldə olunub, müvafiq serverlərin və şəbəkə avadanlıqlarının alınması təmin edilib. Serverlər və şəbəkə elektron xidmətlər portalına qoşulub. Mövcud xidmətlərin portala qoşulması ilə bağlı məlumatlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinə təqdim edilib.

Məlumat Hesablama Mərkəzi ilə birgə müvafiq işlər aparılıb və portala qoşulma təmin edilib. Həmçinin, müvafiq sistemlər (lisenziyaların verilməsi) arasında informasiya mübadiləsinin səmərəli təşkili məqsədi ilə fərdi identifikasiya kodu tətbiq edilib.

Elektron ünvanını da tapa bilmədik

Rəsmi saytında elektron xidmətlər bölməsi olsa da, öz xidmətlərini e-gov.az saytına köçürməyən qurumlardan biri də Xarici İşlər Nazirliyidir. Araşdırmalarımız göstərdi ki, Nazirlik ölkəmizdə şəffaflığın təmin olunmasının zərurətə çevrildiyi qurumlardan biridir. Belə ki, Nazirliyin vətəndaşlarla münasibətlərində ciddi problemlər var. Konsulluqların xidmət sahəsinə daxil olan pasport, ölkəyə qayıdış, viza, notariat hərəkətlər, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, immiqrasiya məsələlərinin həlli zamanı rüşvət amilinin həlledici olduğu bildirilir. Hətta dövlət rüsumunun ödənişi də əvvəlcədən müəyyən olunan siyahı üzrə deyil, diplomatik nümayəndəliklərin özəl qiymətləri ilə aparılır. Yəni, vətəndaşın hər hansı xidmət müqabilində ödəyəcəyi məbləği konsulluq əməkdaşları təyin edir.

Bu məsələdə Xarici İşlər Nazirliyinin rəsmi saytında istənilən konsulluq məsələsi üçün nəzərdə tutulan dövlət rüsumu barədə məlumatlar da vətəndaşlara kömək etmir. Vətəndaşlar mütləq diplomatik korpuslara gəlməli olur. Üstəlik, saytda qeyd olunan rəsmi rüsum məbləğini deyil, konsulluq əməkdaşlarının tələb etdiyi məbləği ödəyirlər. Beləliklə də, elektron müraciətlə əldə olunması mümkün olan sənədlərin verilməsi ciddi problemə çevrilir. Maraqlıdır ki, problemlə bağlı sorğu ünvanlamaq üçün qurumun elektron ünvanını belə tapa bilmədik. Təəssüf ki, Nazirliyə ünvanladığımız şifahi müraciətlər də cavabsız qaldı.

Mülki Aviasiya Akademiyasının “Elektron hökumət”ə qoşulmağa pulu yoxdur

Qəbul olunmuş qaydalara görə, qurum 4 növ elektron xidmət – Hava nəqliyyatı ilə sərnişin və yük daşımalarının həyata keçirilməsi üçün xüsusi razılığın (lisenziya) verilməsi, uçuşların yerinə yetirilməsi üçün icazələrin verilməsi, hava nəqliyyatında sərnişin daşımalarının satışı və bronlaşdırılması üzrə fəaliyyət göstərən agentliklərə sertifikatların verilməsi və Nazirlər Kabinetinin “İxrac nəzarəti haqqında” 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarına əsasən ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazələrin verilməsi üzrə elektron xidmət göstərməlidir.

Adminstrasiyanın rəsmi internet saytında bu xidmətlərdən 3-ü üzrə elektron xidmət təşkil edilib. Lakin həmin xidmətlərdən heç biri indiyədək www.e-gov.az -a köçürülməyib.

Bunun səbəbi ilə bağlı Aznews.az-ın elektron sorğusuna Mülki Aviasiya Administrasiyasının hüquq şöbəsinin məsləhətçisi Emin Babayev şifahi cavab verərək bildirib ki, qurumun rəsmi saytında 3 növ elektron xidmət göstərilir: “Onlardan biri ödənişlidir. Həmin xidmətdən istifadə edərək alınan lisenziyanın qiyməti ödənilməlidir. Digər 2 xidmət isə pulsuzdur”.

Bu xidmətlərin e-hökumət portalına qoşulmasının gecikməsi isə serverlə bağlıdır: “Mülki Aviasiya Administrasiyasının www.e-gov.az portalına qoşulması üçün server alınmalıdır. Bunun üçün dəfələrlə Nazirlər Kabinetinə müraciət olunsa da, heç bir nəticə yoxdur. Server kifayət qədər bahalıdır. Odur ki, maliyyə Nazirliyi vəsait ayırmalıdır ki, server alınsın və Mülki Aviasiya Akademiyası da öz xidmətlərini e-gov.az portalına köçürsün”.

ARDNŞ-in adi siyahıdan çıxarılıb – inanılmaz bəhanə…

Dövlət Neft Şirkəti üzərinə düşən yeganə xidməti – elektron müraciəti nə rəsmi internet səhifəsində, nə də www.e-gov.az portalında təşkil edə bilməyib. Qurumun elektron ünvanına ismarış yollamaq cəhdi də uğursuz olur. Məsələn, burada yerləşdirilən müraciət forması və mövzu uyğun olmadığından bizim müraciətimiz qəbul olunmadı.

Lakin Şirkətin İnformasiya Təhlükəsizliyi şöbəsinin müdiri Emil Məmmədov elektron ünvana müraciət daxil olduğunu iddia edir.
E.Məmmədov www.e-gov.az portalında olmamalarını isə siyahıdan çıxarılmaları ilə izah edib: “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində dedilər ki, bizim elektron müraciətin portala yerləşdirilməsinə ehtiyac yoxdur. Əslində təqdim edilən elektron müraciətin təşkili hər bir qurumun borcudur. Bunu elektron xidmət kimi portala daxil etmək lazım deyil”.

Elektronlaşan Azərbaycan – bizə nə lazımdır?

AzNews.az problemlərin qaynaqlandığı əsas məsələləri araşdırdı və məlum oldu ki, əslində məsələ vəsait deyil. “Könlü balıq əti istəyən təkədən pendir tutar” burada tam yerinə düşər. İstər pul məsələsi, istərsə də, “bizi siyahıdan çıxarıblar” kimi fikirlər bəhanədən başqa bir şey deyil. Məsələn, AzNews.az öyrənib ki, Ədliyyə Nazirliyi, Torpaq və Xəritəçəkmə Komitəsi e-hökumətə pulsuz qoşulmağı bacarıb. Əsas odur ki, problemi görəsən və onu həll etmək üçün iş görəsən.

İKT üzrə ekspert Cahid İsmayıloğlunun fikrincə, bu sahədə ölkəmizin əsas problemi bəzi məmurların məqsədli şəkildə elektron xidmətlərə keçidə maraq göstərməməsi, hətta bu prosesə əngəl törətməsi, bilərəkdən və ya bilməyərəkdən prosesi gecikdirməsidir: “Düşünürəm ki, elektron Azərbaycan qurulması prosesində bu düşüncəli məmurlardan qurtulmaq ilkin şərtdir. İdarəetmədə gənc nəsildən maksimum yararlanmaq lazımdır. Fakt ondan ibarətdir ki, yeni nəsil texnologiyaları ilə işləməyi bacarmayan məmurlar bu sahədə yetərsiz olmaqla yanaşı, prosesə də mane olur. Əhali arasında elektron xidmətlər barədə maarifləndirmə zəif aparılır, kadr hazırlığı yetərsizdir, xaricdə təhsil alan tələbələrin bu sahədə ixtisaslaşması yox həddindədir. Fəaliyyətdə olan məhdud sayda kadrlar, həm başqa sahələrdən bu peşəyə gəlmiş, həm də öz iradəsi ilə bu sahəni öyrənmiş, bu peşəyə yiyələnmiş kadrlardır: “Bizim üzərimizə sadəcə inkişaf etmiş ölkələrdə formalaşmış təcrübədən qaynaqlanaraq inkişaf etmək düşür. “Elektron Azərbaycan” qurmaq, işlətmək, tətbiq və inkişaf etdirmək üçün qarşımızda sadəcə bir neçə məsələ var. Biz siyasi iradə nümayiş etdirməli, İKT infrastrukturunu yaratmalı, bu sahədə maariflənməliyik. Bizdən tələb olunanlardan biri də kadr hazırlığıdır ki, ona da artıq başlamışıq. Və nəhayət, istehsalat. Bu işlər ardıcıl, bəzən paralel şəkildə həyata keçirildikdə nəticə əldə etmək mümkün olacaq, heç bir itkiyə (vaxt, maliyyə) yol verilməyəcək”.

Ruhiyyə Daşsalahlı
AzNews.az

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
11 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

11
0
Would love your thoughts, please comment.x
()
x