“Azərbaycanda azad internet mühiti var” – Cahid İsmayıloğlu

Azərbaycan Televiziyasında yayımlanan “Sabaha doğru” tok şousunda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) şöbə müdiri Bəxtiyar Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, İKT üzrə ekspert Cahid İsmayıloğlu, yazışı-kulturoloq Aydın Xan Əbilov və Milli QHT Forumunun icraçı direktoru Günel İbrahimin iştirakı ilə internet təhlükəsizliyi, sosial şəbəkələrdə təhqir halları, informasiya təhlükəsizliyinin siyasi, pedaqoji, texniki aspektləri müzakirə olunub.

Azxeber.com-un məlumatına görə, İKT üzrə ekspert Cahid İsmayıloğlu informasiya təhlükəsizliyi məsələsini həm dünya, həm də ölkəmiz üçün həyati məsələ olduğunu vurğuladı. “Biz hal-hazırda informasiya cəmiyyətində yaşayırıq və informasiya təhlükəsizliyi bu cəhətdən həm dünya, həm də ölkəmiz üçün həyati bir məsələdir. Çünki təhlükə dünyada da, ölkəmizdə də hər zaman mövcuddur. Ümumiyyətlə informasiya təhlükəsizliyinin iki mühüm istiqaməti var: zərərli informasiyalardan qorunma və mühüm, əhəmiyyətli informasiyaların qorunması. Biz bugün informasiya müharibəsi şəraitində yaşayırıq və ölkəmizə qarşı internetdə istənilən qədər zərərli informasiyalar yayılır. İkinci bir tərəfdən isə Qarabağ probleminin, Xocalı soyqırımının, mədəniyyətimizin təbliği ilə bağlı internetdə çox böyük bir kontent kütləmiz var. Biz bunun vasitəsi ilə mübarizə aparırıq və bu informasiyaların qorunması bizim üçün həyati məsələdi. Bunun üçün hal-hazırda ölkəmizdə güclü internet infrastrukturu yaradılır, çünki bu məsələlər paralel şəkildə həyata keçirilməlidir”.

Tamaşaçının internetdə təhqir hallarının baş verməsinin səbəblərini və bunların araşdırılması mümkün olacaqmı sualını cavablandıran Cahid İsmayıloğlu qeyd etdi ki, sosial şəbəkələrdən istifadənin geniş yayılması, azad internet mühitinin mövcud olduğu şəraitdə bu cür halların baş verməsi təbiidir. “Amma ki, bu işləri məqsədli şəkildə həyata keçirənlər var. Müəyyən siyasi qüvvələr öz siyasi mübarizələrini qara piar üzərində qurub-aparırlar, siyasi fəaliyyətsizliklərini bu üsullarla həyata keçirirlər. İnternetdə təhqir halları əsasən bu aspektdə meydana gəlir. Ümumiyyətlə isə əhali arasında bu cür təhqir faktları yoxdur, çünki bizim mintalitetimiz də buna imkan vermir. Bütün bunlara baxmayaraq Azərbaycanda azad internet mühiti var. Tamaşaçının sualını birazda dəqiq cavablandırsam onu deyərəm ki, internetdə aparılan hər bir əməliyyatlar mərhələ-mərhələ texniki olaraq serverlərdə qeydiyyata alınır. Heç kəs etdiyi əmələ görə məsuliyyətdən azad deyil”.

İnformasiya təhlükəsizliyinin pedaqoji aspektlərindən danışan ekspert bu məsələnin bütün valideynləri narahat etdiyini söylədi. İnternetdə uşaqlar üçün çoxsaylı zərərli informasiyaların olduğunu vurğulayan Cahid İsmayıloğlu bundan çıxış yolunun olduğunu və internet provayderlərə etdiyi təklifi dilə gətirdi. “Dünyada var olan bir təcrübəni mən yerli provayderlərə təklif etmək istəyirəm. Hər bir provayder istifadəçilərinə “uşaq paketi” adlı bir xidmət təklif etməlidir. O paketdən istifadə edən internet ünvanında zərərli saytlar birdəfəlik qadağan edilməlidir”.

Ekspert yekun olaraq bu fikirləri səsləndirdi: “Biz hal-hazırda informasiya müharibəsi şəraitində yaşayırıq. Hər bir Azərbaycan vətəndaşı, əsasəndə gənclər bu müharibədə bir əsgər rolunu oynayır. Biz çalışmalıyıq ki, bütün ağrılı məsələlərimizdə – Xocalı soyqırımı, Qarabağ problemi ilə bağlı internetin imkanlarından maksimum istifadə edərək təbliğat mexanizmində iştirak edək. Əminəm ki, bu halda biz dövlət olaraq daha da güclənəcəyik, vətəndaş olaraq dövlətimizin işində daha çox iştirak edəcəyik, kömək göstərəcəyik. Bu istiqamətdə internetin müsbət cəhətlərini yaddan çıxarmamalıyıq”.

AzXeber.com

 

Site Footer