Tarixi yurd yerlərimiz / “Qarabağın qapısı” – Cəbrayıl

Azərbaycanımızın ən gözəl, füsunkar guşələrindən biri olan Cəbrayıl Araz çayı üzərindəki qədim Xudafərin körpüləri üzərindən keçən ticarət yollarının üstündə yerləşmişdir. Aran və Dağlıq Qarabağa, Azərbaycanın başqa vilayətlərinə aparan yollar da buradan başlayırdı. Buna görə də qədim səyyahlar buranı haqlı olaraq “Qarabağın qapısı” adlandırmışdılar.

Qədim ticarət yollarının üzərində yerləşməklə bərabər Cəbrayılın zəngin və bərəkətli torpaqlara, saf və təmiz iqlimə malik olması tarixən bu bölgənin inkişafına, elmin, təhsilin tərəqqi etməsinə müsbət təsir göstərmişdir. Təsadüfi deyilidr ki, Çar Rusiyası dönəmində Cəbrayıl uzun onillər boyu mahal mərkəzi kimi fəaliyyət göstərmişdir. Cəbrayıl mənim doğulduğum torpaqdır. Bu qədim diyarın dağına-daşına mərdlik, təbiətinə səxavət, düzlərinə ürəyigenişlik hopduğunu yaxşı bilir, bundan hədsiz qürur duyuram. Tanrı Cəbrayıldan həiqətən heç bir şey əsirgəməmişdir. Bir vaxtlar saf iqliminə görə onu Soçiyə bənzədirdilər, buradakı bənzərsiz gözəlliyi ilə məşhur olan Sirik dağlarındakı meşələrdə hətta ümumittifaq səviyyəli pansionat və sanatoriyalar tikməyə başlamışdılar. Lakin Cəbrayıla şan-şöhrət gətirən onun təkcə qeyri-adi təbii gözəllikləri olmayıb. Onun uzaq keçmişimizə şahidlik edən çox sayda maddi-mədəniyyət abidələri var. Düşünürəm ki, buranın ən böyük sərvəti, əlbəttə, mərd, zəhmətsevər adamları, görkəmli ziyalıları, elm, mədəniyyət xadimləridir.
Cəbrayıldan kiçik yaşlarımdan çıxaraq Bakıya köçsəm də, hələ uşaqlıq illərimdən ata-baba yurdum, onun tarixi, adət-ənələri, dəyərli ziyalıları barədə çox eşitmiş, bu sahədə əlimə düşən kitabları bir an belə usanmadan oxumuşam. Nə gizlədim, xeyli vaxt idi ki, Cəbrayılla bağlı məhrəm fikir və düşüncələrim mənə təsir göstərir, fikirlərimi oxucularla bölüşməyi təlqin edirdi. Bu arzu ilə də məmləkətimizin bu bənzərsiz bölgəsinin tarixi, hazırda bəxtlərinə acı köçkün taleyi yazılmış həmyerlilərimin necə böyük intizarla Qələbə sorağında olması, dövlətimizin bu ailələlərin sosial-iqtisadi problemlərinin həlli istiqamətdə apardığı gərgin və ardıcıl səylər göstərməsi və başqa müşahidə və düşüncələrim barədə söz açmaq istəyirəm.
Hər şeydən əvvəl, bir daha vurğulayım ki, Cəbrayıl həqiqətən çox qədim yerdir. Burada az qala hər bir daşın, hər bir təpənin, hər bir bulağın öz tarixi, öz adı var. Saysız-hesabsız toponimləri ilə məşhur olan bir diyardakı kənd, yer-yurd adlarının tarixinə varanda bəlli olur ki, bu yerlər ta qədim zamanlardan türk tayfalarının yaşayış məskənləri olmuşdur. Cəbrayıl haqqında tarixi qaynaqlarda kifayət qədər geniş və dolğun faktlara rast gəlmək olur. Maraqlıdır ki, bir sıra türk tayfalarının tarixi hərəkat zamanı əsas dayaq nöqtələrindən biri də Cəbrayıl olub. Bir çox qədim türk adları Cəbrayılın dağ, düzən, dərə, kənd, arx, və sair adlarına transformasiya olunub, dilimizin əbədi yaddaşına köçüb. Məsələn, Qır tayfası (Qıraxdın – rayonun əvvəlki adı olub), Tolos tayfası (Tulus kəndi), Qaz/qas (Qazanzəmi kəndi), Bəydili yer, arx adı və s.
Cəbrayılın ərazisindəki çox sayda və böyük tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri vardır. Onlardan bir neçəsinin adlarını çəkməyi özümə borc bilirəm: – Xudafərin körpüləri (XIII əsr), Xubyarlı və Şıxlar kəndlərindəki dairəvi türbələr (XVI əsr), rayon mərkəzindəki Sultan Allahverdi hamamı (XVII əsr) və sair. Cəbrayılın rəmzi isə, əlbəttə, Xudafərin körpüləri sayılır. Bu möhtəşəm tarixi mədəniyyyət abidəsi Cəbrayılın Qumlaq kəndi yaxınlığında Araz çayı üzərində hələ 8 əsr əvvəl ucaldılaraq Azərbaycanın quzey və güneydəki əyalətlərini bir-birilə birləşdirib. Tarixçilər yazır ki, Şah İsmayıl Xətai 1399-cu ilin sonuna yaxın özünə yaxın şamlı, qacar, əfşar, ustaclı, təkkəli və başqa türkdilli tayfalardan topladığı 7 minlik qoşunu ilə Xudafərin körpülərindən keçərək indiki Cəbrayıl ərazisinə daxil olmuş, məhz buradan vahid Səfəvi dövləti yaratmaq məqsədi ilə Şirvana yürüş etmişdir. Maraqlıdır ki, Cəbrayıl ərazisində Səfəvilər sülaləsinin banisi ilə bağlı olan bir sıra tarixi yerlər mövcuddur.
Mənim doğulduğum Soltanlı kəndi Xudafərin körpülərinin bir neçə kilometrliyində yerləşir. Yeri gəlmişkən bu kənd Azərbaycan elminə iki akademik, 150-ə yaxın elmlər doktoru və namizədi bəxş edib. Bakıda hər dəfə bahar gələndə ata yurdu üçün lap çox darıxırdım. Mənə elə gəlirdi ki, hər bahar Təbrizdən, Ərdəbildən uçub gələn qaranquşlar Xudafərin tərəfdən əyilib Arazdan su içir, sonra Milə, Muğana, Şirvana qanad açaraq uçur, beləcə yazın gəlişini bütün Azərbaycana çatdırırdılar…
Yadımdadır, Cəbrayılın işğalından bir neçə il əvvəl Soltanlıya getmişdim. Onda mən hələ məktəbli idim. Böyüklərim məni Xudafərin körpülərinə apardılar. İlk dəfə Araz üstündən patrondaş kimi asılan biri salamat, o biri isə uçub daığlmaqda olan, mükəmməl memarlıq nümunəsi olan bu tarixi abidəni görəndə çox həyəcanlandım. O illərdə Arazın bu tayında rus əsgərləri, o tayında isə İran sərbazları keşik çəkirdilər. Tarixin istehzasına bax ki, yadellilər tikanlı məftillərlə bir-birindən ayrı salınmış iki qardaşı bir-birindən “qoruyurdular”.
Amma tarixin öz gərdişi, dəmir məntiqi var. Dünyanın ən ədalətsiz saziş və müqavilələrinin də bir sonu olur. Bəli, bir neçə il keçəcəkdi, 1989-ci ilin sonlarında, 1990-cı illərin əvvəllərində Vətən oğulları milli azadlıq mücadiləsinə qalxaraq əvvəlcə Naxçıvnda, sonra bütün Şimali Azərbaycanda keçmiş SSRİ və İran dövlətləri arasında Arazboyu uzanan sərhəd xətlərini qırıb atacaqdılar. Amma 1993-cü ilin 23 avqustunda Cəbrayılın, Füzulinin, bir neçə aydan sonra Qubadlı və Zəngilanın süqutu ilə çağdaş tariximizin ağır səhifələri başlandı. İndi nə Soltanlıya, nə də Zəngilana gedə bilirik. Qatarlar Horadizən o tərəfə işləmir. Axı, bu yerlər 17 il əvvəl mənfur düşmənin caynağına keçib. Doğma torpağın nisgili sanki qurğuşun kimi sinəmi, ruhumu əzir. Bəzən Cəbrayılın qiymətli tarixi abidələrinin düşmənin dağıtdığı barədə məlumatları eşidəndə bütün dünya gözlərim qarşısında qaralır, erməni vandallaırndan qisas almaq hissləri məni rahat buraxmır. Lakin bütün cəbrayıllılar kimi, mən də bu ağır dərdə mütləq çarə tapılacağına inanıram və düşmən üzərində Böyük Qələbəmizə az qaldığı ümidi ilə yaşayıram.
Bu sətirləri yaza-yaza yenə uzaq uşaqlıq illərim, cəbrayıllı günlərim təsəvvürümdə canlanır. Xəyalım məni Araz kənarındakı kəndlərdən başıqarlı Ziyarət dağına, uzun dağ yamacları boyunca uzanan Sirik meşələrinə aparır. Cəbrayıl şəhərində bir vaxtlar hüsnünə heyranlıqla baxdığım yaşı 500 ildən çox olan azman çinarı necə unuda bilərəm? Bu, nəhəng, qollu-budaqlı ağacın dibindən çıxan kəhrizdən nəsil-nəsil insanlar su içiblər. Çinar uca və əzəmətli olduğu üçün sakinlər ona”Xan Çinar” deyirdilər.
Cəbbrayılın kəhrizləri, bu kəhrizlərin göz yaşı kimi dumduru, dadlı suyu bir başqa aləm idi. Respublikamızda 104 kəhrizi, 99 bulağı yeganə rayon idi. Əhali kəhrizlərin suyundan həm içməli su kimi istifadə edir, həm də bağ-bağatı, bostan-tərəvəzi sulayırdı. Kəhrizlərin bərpası ilə məşğul olan kənkanlar rayonda məxsusi hörmətə sahib idilər. Elə ziyalılar vardı ki, bütün kəhrizlərin hər birinin adını, yerini, kim tərəfindən nə vaxt tikildiyini, hətta sonralar kimlər tərəfindən bərpa edildiyinin əzbər bilirdi.
Tarixən Cəbrayıl mühitində elm, təhsil aparıcı amillərdən olmuşdur. Bu şəraitdə formalaşmış tanınmış cəbrayıllı alimlər Şərq və Avropa ölkələrində elmlərə daha dərindən yiyələnərək Azərbaycanın ictimai-siyasi həyatında mühüm mövqe tutmuşlar. Onların adları bu gün də iftixarla çəkilir: tanınmış dövlət xadimləri Həsən Həsənov və Teymur Quliyev uzun illər Azərbaycanda rəhbər partiya və dövlət işlərində çalışmışlar. Keçmiş SSRi Pedaqoji Elmlər Akademiyasının akademiki, uzun illər maarif naziri vəzifəsində çalışmış Mehdi Mehdizadənin adı Azərbaycanın pedaqoji ictimaiyyətinə yaxşı tanışdır. Onun respublikamızda təhsilin inkişafındakı danılmaz xidmətləri böyük qədirbilənliklə xatırlanır. Cəbrayıl Azərbaycan elminə fizika-riyaziyyat elmləri doktoru, akademik Əşrəf Hüseynov kimi dünya şöhrətli alim bəxş etmişdir. AMEA-nın müxbir üzvü Arif Həsənov isə uzun illər respublikamızda seysmoloji araşdırmalar sahəsində nüfuzlu tədqiqatçı kimi tanınırdı. Professorlar Tofiq Hacıyev, Astan Şahverdiyev, Qəzənfər Kazımov, Telman Hüseynov, Allahverdi Verdizadə və onlarla başqaları ölkəmizdə elm və təhsilin inkişafı üçün bu gün də dəyərli töhfələr verirlər. Cəbrayıl öz alimləri ilə bərabər istedadlı şair və yazıçıları ilə Azərbaycanın hər yerində tanınır. Sərdar Əsəd, Sabir Əhmədli, Sabir Süleymanov, Fazil Güney, Əlirza Xələfli, İsmayıl İmanzadə, Sahib Abdullayev və başqalarının əsərləri oxucular tərəfindən sevilə-sevilə oxunur.
Cəbrayılda ta qədim dövrlərdən şifahi xalq ədəbiyyatına, aşıq sənətinə böyük məhəbbət olub. Bura ilk aşiq diyarlarından sayılır. Azərbaycanın ən qədim və ünlü aşıqlarından olan Aşıq Qurbani bu diyarın övladıdır. O, Cəbrayıl ərazisindəki əzəmətli Diri dağının, müqəddəs Mazan nənə ocağının, Xudafərin körpülərinin, Qız qalasının (Keşikçi qalası da deyirlər) həndəvərində dolaşmış, indi dillər əzbəri olan öz gözəl qoşmalarını, gəraylı və təcnislərini yaratmışdır. Sonrakı qərinələrdə Aşıq Qurbani sənətinin onlarla istedadlı ardıcılları yetişmişdir. Aşıq Lələ, Aşıq Mahmud, Aşıq Pəri, Mücrüm Kərim, Aşıq Humay, Aşıq Abdulla və başqaları bu torpağın gözəlliklərini, mərd, qeyrətli kişilərini, ismətli qız və gəlinlərini özünəməxsus bir ilhamla vəsf və tərənnüm etmişlər. Tarixən xalqımızın milli-mənəvəi dəyərlərinin, qədim adət-ənənələrinin, yüksək əxlaqi dəyərlərinin iman və güvənc yeri olub Cəbrayıl! Burada bütün bayram və el şənliklərini, eləcə də Novruz bayramını elliklə teatrlaşdırılmış səhnə və mərasimlərlə qeyd edərdilər. Novruz bayramı günlərində çillə çıxarmaq, qulaq falına getmək, tonqal üstündən tullanmaq, qohum-qonşunu gəzib bayramlaşmaq, başqa adətlər həvəslə icra olunardı. Rayonun ərazisində çoxlu müqəddəs ocaqlar, ziyarətgahlar vardır. Bunlardan ən şərafətlilərindən biri də Hacı Qaraman ziyarətgahıdır. Hacı Qaraman və onun müridləri Çar Rusiyasının istilasından əvvəlki dönəmlərdə Çələbilər kəndindəki mədrəsədə uşaq əv yeniyetmələrə mükəmməl dini, irfani təhsil veriblər. Bu məktəb az qala bütün Azərbaycanda məşhur idi. Məktəbin çoxsaylı tanınmış məzunlarından biri də Qazax mahalından şair Molla Vəli Vidadi olmuşdur. Şair sonralar da bu təhsil ocağında qalıb bir müddət müəllimlik etmişdir. Deyilənlərə görə, böyük şairin qəbri də Hacı Qaraman qəbiristanlığında imiş. Acı təəssüf ki, 1937-ci ildə Cəbrayılın o vaxt 40 evlik Çələbilər kəndinin mömin insanları əsassız və sübutsuz həbs edilərək doğma yurdlarından dərbədər edildilər. Xalqın güvənc yeri olan ziyarətgahlara baş çəkmək qadağan olundu. Milli və əxlaqi dəyərlərə keçilməz sədlər qoyuldu. Lakin ən sərt qadağalar belə xalqımızın qəlbindən inamı silib yox edə bilmədi. Bütün bunlar xalqımızın bir millət olaraq ayaqda qalmasına kömək etmişdir. 1941-1945-ci illər Böyük Vətən müharibəsi illərində Azərbaycanın bütün başqa bölgələri kimi, Cəbrayıl əhalisi də faşizm üzərində qələbənin əldə edilməsi üçün həm ön, həm də arxa cəbhələrdə misilsiz şücaətlər göstərmişdir. Müharibənin adlı-sanlı qəhrəmanlarından olan Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov Cəbrayıldakı M. Qorki adına məktəbi bitirmişdi. Faşistlərlə ağır döyüşlərin birində qeyri-adi şücaətlər göstərərək qəhrəmancasına həlak olanda Cəmil Əhmədovun cəmi 20 yaşı vardı. Cəbrayılda işğaldan əvvəl onun ev muzeyi vardı. Muzeyin qarşısında qəhrəmanın bürüncdən büstü qoyulmuşdu.
Müharibədən sonrakı illərdə əhali min bir məhrumiyyətlərə baxmayaraq rayonun dirçəlməsi üçün fədakarlıqla çalışmışdır. Lakin Cəbrayıl torpağının sürətli iqtisadi inkişafı və mədəni intibahı ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf etmişdir. 1970-ci illərdə rayonun iqtisadiyyatının əsas istiqamətləri müəyyənləşdirilərək qısa zaman ərzində burada üzümçülük, taxılçılıq və heyvandarlığın intensiv inkişafı sahəsində nəzərəçarpan uğurlara nail olunmuşdur. Rayon əhalisinin maddi güzəranı, mədəni-məişət şəraitləri yaxşılaşmışdır. Lakin Mixail Qorbaçovun üzdəniraq yenidənqurma siyasəti və Kremlin erməni separatçılarını dəstəkləməsi Azərbaycanda, o cümlədən Qarabağın bir parçası olan Cəbrayılda əhalinin Sovet imperiyasının ədalətsiz siyasətinə qarşı kəskin etiraz aksiyalarının başlanmasına rəvac verdi. Azərbaycan xalqı torpaqlarımızın bütövlüyü uğrunda qətiyyətli mücadiləyə qalxsa da, o dövrdə respublikada iqtidarda olan Ə. Vəzirov, sonra isə A. Mütəllibov rejimi Moskvanın diqtəsi ilə xalqın milli mənafelərinə zidd olan xəyanət yolunu seçdilər. Bunun nəticəsində Azərbaycan qədim və əzəli torpaqları olan Qarabağda yaşayış məntəqələrimiz bir-birinin ardınca iştila olunmağa başlandı. Əvvəlcə Kəlbəcər, dalınca Laçın, Ağdam rayonları süqut etdi. Yüz minlərlə soydaşımız doğma torpağında məcburi köçkün həyatı yaşamağa məhkum oldular.
1992-ci ildə xalqın daşıb-kükrəyən etirazlarından sonra siyasi səhnəyə gəlmiş Xalq Cəbhəsi-Müsavat cütlüyü də xalqa arxalanmadılar, regionda cərəyan edən tarixi hadisələri düzgün qiymətləndirə bilməyərək siyasi səbatsızlıq və prinsipsizlik nümayiş etdirdilər. Düşmən bu tarixi fürsətdən hiyləgərcəsinə yararlanaraq Azərbaycanın tarixi torpaqlarının bir qismini, o cümlədən Cəbrayıl rayonunu 1993-cü il avqustun ayının 23-də ələ keçirdi.
O dövrdən Cəbrayılın 59 mindən çox əhalisi məcburi köçkün kimi respublikamızın müxtəlif şəhər və qəsəbələrində məskunlaşıb. Onların 19 min nəfəri hazırda Biləsuvardakı cəbrayıllı məcburi köçkünlər üçün müvəqqəti yaşayış məskənləri kimi inşa edilmiş 11 qəsəbədə yaşayırlar. Bu qəsbələrin tikintisinə hələ 2002-ci ildən başlanmışdır. Həmin ilin mayında ulu öndər Heydər Əliyev Dövlət Neft Fondunun vəsaitlərindən ilk dəfə olaraq məhz məcburi köçkün ailələri üçün müvəqqəti yaşayış qəsəbələrinin Biləsuvar və Füzuli rayonlarının ərazilərində inşa edilməsi barədə fərman imzalamışdır. Prezident İlham Əliyevin göstərişi ilə 2003-2008-ci illərdə respublika ərazisindəki bütün çadır düşərgələri ləğv edilərək köçkün ailələri yeni mənzillərlə təmin edilmişlər.
Cəbrayıl Rayon İcra Hakimiyətinin başçısı Mahmud Quliyev ilə qəsəbələrin birində görüşüb söhbət etdiyim zaman o bildirdi ki,”Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına” uyğun olaraq hazırda burada xeyli sayda müxtəlif təyinatlı oöyektlər tikilmişdir. Onun sözlərinə görə, Proqramın icrasına başlanandan bəri rayon üzrə cəmi 1088 nəfər, o cümlədən 2010-cu ilin 6 ayında 38 nəfər daimi işlə təmin olunmuş, hər bir köçkün ailəsinə verilmiş həyətyanı pay torpaqlarında 5 mindən çox əmək qabiliyyətli əhali mövsümi kənd təsərrüfatı işlərinə cəlb olunmuşdur. Qəsəbədə görüşüb tanış olduğum köçkünlər deyirdilər ki, Prezident İlham Əliyevin fəaliyyətindən tam razıdırlar. Hər kəs başa düşür ki, dövlət başçımızın uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin iqtisadi, hərbi qüdrəti, beynəlxalq nüfuzu çox güclənib. Adamlarda torpaqlaırmızın istər sülh, istərsə də hərb yolu ilə mütləq azad ediləcəyinə inam da artmışdır. Cəbrayılın mərd oğulları Birinci Qarabağ savaşında torpaqlarımızın müdafiəsi zamanı onlarla şəhid vermişlər. Onlardan üçü – Şikar Aslanov, Kazım Məmmədov, Mətləb Quliyev Azərbaycanın Milli Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşlər. Tələbə şəhid Fuad Əsədovun, 11 yaşından 15 yaşına qədər cəbhədə əsgərlərimizə kömək edən, 1993-cü ilin 15 avqustunda Cəbrayıl uğrunda ağır döyüşlərdə qəhrəmancasına həlak olan məktəbli partizan Samir Əliyevin (“Tiqana” ləqəbi ilə məşhurdur) və başqa igidlərin adları hamımız üçün əzizdir.
Cəbrayıllı gənclər bu gün Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızın azad edilməsi naminə hər an canlarından belə keçməyə hazırdırlar. İndi cəbrayıllı ailələrin yeganə arzusu doğma yurd yerlərinə qayıdaraq yenidən qurub yaratmaqdır. Bu arzunun çin olacağına qəlbən inanır və o xoşbəxt anları səbirsizilklə gözləyirik.

Cahid İSMAYILOĞLU, filologiya üzrə fəlsəfə doktoru

“Xalq qəzeti”, 29 Sentyabr 2010, Çərşənbə

URL:  www.xalqqazeti.com

Site Footer